Məhkəmə qərarları › İş №1(043)-38/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-38/2021

23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-38/2021 23.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun, müdafiəçi- Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 23.08.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx xxxxxx 1972-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kəlbəcər rayonu Bəzirxana kəndində qeydiyyatda olan, Göygöl rayonu Xasabağı kəndində yaşayan, barəsində «başqa yerə getməmək» haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdə, saat 15 radələrində özünə məxsus «VAZ-21154» minik markalı, **-BC-*** qeydiyyat nömrə nişanlı avtomobili idarə edib, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Gəncə şəhəri V.Xuluflu küçəsi istiqamətində hərəkətdə olarkən həmin küçədə yerləşən “X4” adlı ərzaq mağazasının bərabərliyində nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidinin qarşısında dayanmış avtomobilin qarşı tərəfindən onun hərəkət zolağına çıxan piyadanın olmasına əmin olduqdan sonra hərəkətini davam etdirməli və həmin tələbləri yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etmədən həmin vaxt yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmaqla sonuncuya hər iki aşağı ətrafların, baldır sümüklərinin (qamış və incik sümükləri) qapalı, yerdəyişmiş sınıqlarından ibarət xəsarətlər yetirməklə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs oğlu ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs oğlu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında zərərçəkmiş şəxsin, şahid qismində dindirilmiş şəxsin ifadəsini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Sürücülük hüququ olmaqla özünə məxsus “VAZ 21154 minik” markalı, **-BC-*** qeydiyyat nömrə nişanlı avtomobillə 17 avqust 2020-ci il tarixdə saat 15:00 radələrində bacısı Şahid2 və qızı Şahid1 ilə Ş.İ.Xətai prospekti ilə düzünə üzü Gəncə şəhəri V.Xuluflu istiqamətində hərəkətdə olarkən “X3” bərabərliyindəki piyada keçidində piyada yola baxmadan yola çıxmış və onun idarə etdiyi avtomobilin ön sağ qanad hissəsinə dəymiş və yerə yıxılmışdır. O, idarə etdiyi avtomobili dərhal saxlamış və avtomobilində yük olduğu üçün avtomobildə əyləşməyə yer olmadığından Zərərçəkmiş şəxs bacısı Sara ilə birlikdə taksiyə əyləşdirib Gəncə şəhər Beynəlxalq xəstəxanasına yola salmışdır. O, da qızı Aytacla öz avtomobilinə əyləşərək xəstəxanaya yola düşmüşdür. Daha sonra xəstəxanada polis əməkdaşları ilə birlikdə yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmiş və polis əməkdaşları hadisə yerini müayinə etdikdən sonra o, sərxoşluğun müayinə olunması üçün Gəncə narkoloji dispanserə getmiş, orada onun sərxoş olmadığı müəyyən olunmuşdur.Zərərçəkən şəxsin müalicəsi ilə bağlı 10000 manata yaxın pul xərcləmiş, və müalicə müddəti ərzində tez-tez bazarlıq edib aparmışdır. Hazırda hərəkətindən peşman olmaqla bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 17.08.2020-ci il tarixdə yaşadığı evdən çıxaraq Gəncə şəhər X5 prospektində yerləşən “Gold Əminə” adlı hiper marketə getmək üçün evinin yanında 2 nömrəli avtobus nəqliyyat vasitəsindən istifadə edərək market yaxınlığında 17 avqust 2020ci il tarixdə saat 15:00 radələrində avtobusdan düşərək yolda olan piyada zolağına gəlmişdir. Piyada zolağına keçmiş və yolu sağdan-sola, yəni “Gold Əminə” hiper marketinə getmək üçün keçmək istəyərkən bir avtomobil ona yol vermiş, o da həmin avtomobilin qarşısından zolaqla addımlayarkən, adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ” 21154” markalı, **-BC-*** nömrə nişanlı avtomobili ilə ona yol verməmiş, ehtiyatsızlıq edib piyada xəttində avtomobilin ön hissəsi ilə onu vurub yerə yıxmışdır. Sonra sürücü avtomobili saxlamış və ona yaxınlaşmışlar. Həmçinin sürücü ilə bərabər hadisə yerinə tanımadığı şəxslər toplaşaraq ona köməklik edib maşına qoymuşlar. Bundan sonra Şükürün ailə üzvləri tərəfindən xəstəxanaya aparılmış, əvvəlcə ona X1 yardım göstərildikdən sonra həmin gün Gəncə MDM xəstəxanasına yerləşdirmişlər. Hal-hazırda da müalicəsi davam edir. Təqsirləndirilən şəxslə barışmadğını və ondan şikayətçi olduğunu bildirdi. Baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs sağlamlığa dəyən zərər görə 10200 manat maddi zərər, 5000 manat dəymiş mənəvi zərər, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 15230 (on beş min iki yüz otuz) manat pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə mülki iddianın təmin olunmasını və ona dəyən zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsin barəsində ciddi cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 17.08.2020-ci il tarixdə 15:00 radələrində qardaşı Şükürün qızı Aytacla Şükürün avtomobili ilə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə düzünə üzü Gəncə şəhəri V.Xuluflu küçəsi istiqamətində hərəkətdə olarkən “X3” bərabərliyindəki piyada keçidinə yaxınlaşdıqda ağ rəngli avtomobil yolda qəza işıqlarını yandırıb dayanmış, qardaşı həmin avtomobilin sol yan tərəfindən keçdikdə həmin dayanmış ağ rəngli avtomobilin qarşısından anidən adını sornadan bildiyi Zərərçəkmiş şəxs çıxaraq qardaşı Şükürün idarə etdiyi avtomobilin ön sağ hissəsinə çırpılmışdır. Qardaşı Şükür idarə etdiyi avtomobili dərhal saxlamış və həmin piyada qadın Zərərçəkmiş şəxs kömək etmək üçün düşmüşdür. Qardaşının avtomobilində yük olduğu üçün avtomobildə əyləşməyə yer olmadığından həmin piyadaçı qadını o, taksiyə əyləşdirib Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparmışlar. Qardaşı da öz avtomobili ilə xəstəxanaya gəlmiş, Gəncə şəhər Beynəlxalq xəstəxanasında xəsarət alan qadına ilkin tibbi yardım göstərildikdən sonra onlar Zərərçəkmiş şəxs Gəncə şəhər Mərkəzi klinik xəstəxanaya aparmışlar. Şahid1 məhkəmədə atasına qarşı ifadə verməkdən imtina etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, 17.08.2020-ci il tarixdə 15:00 radələrində atası Şükürün bibisi Sara ilə birlikdə atasının avtomobili ilə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə düzünə üzü Gəncə şəhəri V.Xuluflu küçəsi istiqamətində hərəkətdə olarkən “X3” bərabərliyindəki piyada keçidinə yaxınlaşdıqda ağ rəngli avtomobil yolda qəza işıqlarını yandırıb dayanmış, atası həmin avtomobilin sol yan tərəfindən keçdikdə həmin dayanmış ağ rəngli avtomobilin qarşısından anidən adını sornadan bildiyi Zərərçəkmiş şəxs çıxaraq atasının idarə etdiyi avtomobilin ön sağ hissəsinə çırpılmışdır. Atası idarə etdiyi avtomobili dərhal saxlamış və həmin piyada qadın Zərərçəkmiş şəxs kömək etmək üçün düşmüşlər. Onların avtomobilində yük olduğu üçün avtomobildə əyləşməyə yer olmadığından Aunur Mirişlini bibisi Sara nömrə nişanını xatırlamadığı taksiyə əyləşdirib Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparmışdır. Atası və o, öz avtomobilləri ilə xəstəxanaya getmişlər. Gəncə şəhər Beynəlxalq xəstəxanasında on ilkin tibbi yardım göstərildikdən sonra onlar Zərərçəkmiş şəxs Gəncə şəhər Mərkəzi klinik xəstəxanasına aparmışlar. Məhkəməyədək icraat zamanı keçirilmiş «Məhkəmə-Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsin (canlı şəxsin ekspertizası) haqqında 1304 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - hər iki aşağı ətrafların, baldır sümüklərinin (qamış və incik sümükləri) qapalı, yerdəyişmiş sınıqları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 17 avqust 2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. (səh 42-46) Məhkəməyədək icraat zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 14 oktabr 2020-ci il tarixdə 8/1743 nömrəli rəyindən görünür ki, VAZ-21154 markalı, 32- BC-867 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. səh 52- 55) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən verilmiş 09.11.2020-ci il tarixli, 313-4655-1220 nömrəli məktubundan görünür ki, 07.07.2009-cu il tarixdə Təqsirləndirilən şəxs AB-218854 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və hal-hazırda sürücülük hüququndan məhrum olunmamışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 17.08.2020-ci il tarixli, 1755/2020 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur.(i.v.səh 18) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 13.11.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olunmamışdır. (səh.70) 17.08.2020-ci il tarixli, yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə üzü Gəncə şəhəri V.Xuluflu küçəsi istiqamətində yerləşən “X4”-in qarşısında olan piyada zolağında baş vermişdir. (i.v.səh 7) Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, təqstrləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin müalicəsi üçün 7452,8 (yeddi min dörd yüz əlli iki manat 80 qəpik) manat ödənişlər edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, zərərçəkmiş şəxs aldığı xəsarətə görə müalicə xərclərinə 363,11 (üç yüz altmış üç manat 11 qəpik) manat ödəniş etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdə, saat 15 radələrində özünə məxsus «VAZ-21154» minik markalı, **-BC- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edib, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Gəncə şəhəri V.Xuluflu küçəsi istiqamətində hərəkətdə olarkən həmin küçədə yerləşən “X4”mağazasının bərabərliyində nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidinin qarşısında dayanmış avtomobilin qarşı tərəfindən onun hərəkət zolağına çıxan piyadanın olmasına əmin olduqdan sonra hərəkətini davam etdirməli və həmin tələbləri yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etmədən həmin vaxt yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmaqla sonuncuya hər iki aşağı ətrafların, baldır sümüklərinin (qamış və incik sümükləri) qapalı, yerdəyişmiş sınıqlarından ibarət xəsarətlər yetirməklə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına AZ AĞİR zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə yekun qərar çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 7 oktyabr 2004-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 10-cu bəndində izah edilir ki, «yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir». Məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ehtiyatsızlıqdan ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayəti törətməsini, ailəli olmasını, hərəkətindən səmimi peşiman olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, dəymiş ziyanın bir qisminin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.1, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulduğu üçün, cinayətin xarakteri, təqsirkarın şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla ona həmin cəza növü də təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi tətbiq edilməlidir Məhkəmə Təqsirləndirilən şəxs oğlunun barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikasının CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda məhkəmə zərərçəkmiş şəxsin tərqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna qarşı törədilmiş cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iddiasına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs mülki iddianı qəbul etməyərək zərərçəkmiş şəxsə dəyən zərərin əvəzini ödədiyini bildirmişdir. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki iddiaçı saglamlığına dəyən zərərlə bağlı 10200 manat maddi zərərin, 5000 manat mənəvi zərərin ödənilməsini tələb etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır və həmin tələb işin faktiki halları nəzərə alınmaqla qismən təmin edilməlidir. Təqsirləndirilən şəxs 100 manat məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə yol nəqliyyat hadisəsinin görüntüsünü əks etdirən və maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs 363,11 (üç yüz altmış üç manat 11 qəpik) manat maddi ziyan alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq büdcə təsnifatının kodu142319,büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS), Dövlət xəzinədarlığı agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar