Məhkəmə qərarları › İş №1(043)-39/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-39/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-39/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxx 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Gəncə şəhəri, Nizami küçəsi, ev 186-da qeydiyyatda olan, Gəncə şəhəri, Mirzəcanzadə küçəsi, ev 24-də yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 12 radələrində tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq evin həyətinə daxil olub, oradakı stolun üzərindən 1 ədəd 150 manat dəyərində olan "Xiaomi Redmi A4” markalı mobil telefonu gizli yolla talayaraq ümumilikdə zərəçəkmiş şəxsə 150 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq xx.xx.2020-ci il tarixdə saat 02 radələrində tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının üzərindən keçmə yolu ilə qanunsuz olaraq evin həyətinə daxil olub, evin yataq otağındakı 1 ədəd 800 manat dəyərində olan “Samsung” markalı televizoru gizli yolla talayaraq ümumilikdə zərəçəkmiş şəxsə 800 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq xx.xx.2020-ci il tarixdə saat 15 radələrində tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq evin həyətinə daxil olub, giriş qapısının sağ hissəsində yerləşən otaqdan 1 ədəd 450 manat dəyərində olan ”LG" markalı televizoru gizli yolla talayaraq ümumilikdə zərəçəkmiş şəxsə 450 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, şahid ifadəsini,istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid qismində dindirilmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki xx.xx.2020-ci il tarixdə səhər saatlarında əvvəldən qiyabi olaraq tanıdığı Ceyhun adlı şəxsin evinin çöl qapısının açıq olduğunu görüb evin həyətinə baxarkən ustaların işlədiyini və onların diqqətlərinin işə yönəldiyini görüb evin həyətində stolun üzərində olan 3 ədəd telefondan "Xiaomi" markalı telefonu götürərək Gəncə şəhər mərkəzi univermağın qarşısında tanımadığı bir nəfər şəxsə 50 manat pula sataraq ehtiyacları üçün xərcləmişdir.Bundan təxminən 1 ay sonra xx.xx.2020-ci il tarixdə o, yaşadığı küçədən 2-3 küçə kənarda yerləşən Nəriman Nərimanov prospekti 14-cü döngədə olan evin çöl qapısından evin həyətinə daxil olmuş, evin həyətinə daxil olan zaman evin içəri qapısının açıq olduğunu görərək evin zirzəmisinə daxil olaraq oradan 1 ədəd Samsung markalı televizoru oğurlayaraq əvvəldən tanıdığı Məmməd adlı şəxsə pula ehdiyacı olduğu üçün özünə məxsus olduğunu bildirərək 150 manata satmışdır. Bundan başqa xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Ə.Cəmil küçəsində yerləşən evin həyətinə daxil olan zaman giriş qapısından sağ tərəfdə yerləşən otaqda, stolun üzərində LG markalı, 82 sm ölçülü televizor olduğunu görüb, həmin televizoru götürüb 60 manata satmışdır. Hazırda törətdiyi əməldan peşiman olduğunu göstərdi Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında yaşadığı ünvan 1 ünvanında müəyyən təmir-tikinti işləri aparmış, evdə gedən təmir işləri ilə bağlı qapı açıq olmuşdur. xx.xx.2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman özünə məxsus Xiaomi Rcdmi A4 markalı telefonu və digər şəxslərin telefonları da evin həyətindəki stolun üstündə olmuşdur. Telefonunu götürmək istəyən zaman telefonun stolun üstündə olmadığını görüb təəcüblənmişdir. Telefonu axtarıb tapmamış, qapının açıq olduğunu və telefonun oğurlandığını zənn edərək qonşuluqda yaşayan Orxan adlı şəxsdən şübhələndiyi üçün polisə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona vurmuş olduğu zərəri ödəmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını göstərərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmşdir ki, ünvan 3 ünvanda yaşayır. xx.xx.2020-ci il tarixdə saat 08 radələrində işi ilə bağlı olaraq evdən tələsik çıxarkən evin qapısını bağlamağı unutmuşdur. İşi ilə əlaqədar 2 gün sonra xx.xx.2020-ci il tarixdə evə qayıdarkən televizorun yerində olmadığını görmüşdür. Televizoru LG markalı olmaqla 450 manat dəyərində olmuşdur. Televizorun oğurlandığını zənn edərək polisə oğurluq barədə məlumat vermişdir. Polisdə araşdırma zamanı müəyyən olunmuşdur onun evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənildiyindən, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 4 ünvanda yaşayır, işi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhərinə gələrkən evinin giriş qapısının aşağı hissəsinin dəmirinin açıq olduğunu görmüşdür. Evə daxil olan zaman evin birinci mərtəbəsində olan 1 ədəd 800 manat dəyərində olan Samsung markalı, 82 sm ekran ölçülü televizorun yerində olmadığını müəyyən etmişdir. O, dərhal DİN-in 102 zəng xidməti mətrkəzinə məlumat vermişdir. Polisdə araşdırma zamanı müəyyən olunmuşdur ki, onun evindən televizoru oğurlayan şəxs Təqsirləndirilən şəxs olmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənildiyindən, təqsirləndirilən şəxsdən şikayət və tələbi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bir nəfər şəxs onların yaşadığı küçədə televizor satdığını və televizorun özünə məsus olmaqla xəstəsi olduğu üçün satdığını bildirmişdir. Həmin televizoru onun arvadı 115 manata almışdır. xx.xx.2020-ci il tarixdə tanımadığı polis əməkdaşları onların yaşadığı evə gələrək oğurluq televizor aldıqlarını bildirdikdə o, televizorun oğurluq olduğunu bilib həmin televizoru polis əməkdaşlarına təhvil vermişdir. Televizoru alarkən həmin televizorun oğurluq olmasından məlumatları olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Orxanı yaşadığı küçədən qonşuluqdan təxminən 2-3 ildir ki, tanıyır, lakin Orxanla onun heç bir yaxın münasibəti olmamış, təxminən 15-20 gün əvvəl Orxan onu yaşadığı küçədə görmüş, ona avtomobilinin olmadığını, televizorunu satmaq istədiyini demiş, o, isə atasının yanın gedəcəyini deyib Orxanla gedə bilməyəcəyini, lakin qısa müddətdə hara gedərsə oraya apara biləcəyini Orxana deyərək Orxanı yaşadıqları küçənin başında bir qədər gözləmiş, Orxan yaşadığı evə gedib evdən əlində televizorla onun yanına gəlmiş, ona məxsus olan Vaz 2107 markalı, **-DC-*** dövlət qeydiyyat nömrə nişanla avtomobillə o, Orxanı Nərimanov prospektinə kimi aparmış, Orxan orada avtomobildən düşmüş, ona taksi ilə gedəcəyini demiş, bundan təxminən 2-3 saat sonra Orxan ona zəng edərək televizoru istədiyi qiymətə sata bilmədiyini ona demiş, o, isə Orxana nəqd şəkildə televizora 100 manat verə biləcəyini demiş, bir qədər sonra Orxan ona zəng edərək televizoru yaşadıqları evin qabağında olan çəpərə, ağacın altına qoyduğunu demiş, o, bundan 10-15 dəqiqə sonra yaşadığı evə getmiş, televizoru qapıdan götürmüş. Orxanı evə çağırmış, yaşadığı evin qapısının qabağında 100 manat pulu Orxana vermiş, televizoru özünə aldığını bildirmiş, bundan təxminən 2 gün sonra ona Nizami RPİ-dən zəng gəlmiş, televizor alıb-almadığı ondan soruşulmuş, o, da həmin şəxslərə televizor aldığını deyib televizoru aparıb təhvil vermişdir. O, həmin televizorun oğurluq olduğunu bilməmiş, o, həmin televizoru Orxandan götürməmiş, Orxan televizoru yaşadığı evin qarşısında yerləşən ağacın dibinə o, evdə olmadığı üçün qoyub getmiş, o, da televizoru oradan götürmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş zadlığın məhdudlaşdırılması cəzası 7 ay 17 gün müddətində azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v.65) Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(044)-14/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.67-73) Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 7(044)-63/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(044)-14/2019 nömrəli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 01 il 03 ay 05 günü, 7 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. (i.v.74-78) Azərbaycan Respublikası xxxx MMC-in xx xxxxxxxx 2020-ci il tarixli 368 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Xiaomi Redmi A4 16 GB markalı telefonun təxmini nəzəri qiyməti 207 manat müəyyən edilmişdir. (i.v.19-22) Azərbaycan Respublikası xxxxnın xx xxxxxx 2020-ci il tarixli 539 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Samsung markalı, 82 sm ekran ölçülü televizorun qiyməti 150 manat, 1 ədəd LG markalı, 82 Sm ekran ölçülü televizorun isə qiyməti 190 manat təşkil edir. (i.v.167-171) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(043)-93/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 16 gün müddətinə, yəni xx xxxxxx 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v.153-154) Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini Cinayət Məcəlləsinin 59.1.13 maddsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəl törətdiyi eyni xarakterli cinayətə görə təyin olunmuş cəza ilə islah olunmayaraq yenidən eyni xarakterli cinayət törətməsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, barəsində CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə,Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı, xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 150 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan alınaraq «xxxx»MMC-in hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan bir ədəd Samsung markalı televizorun və bir ədəd LG markalı televizorun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin edilmiş cəzasının başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq «Müstəqil Məhkəmə Ekspertizası»MMC-in «xxxx» ASC Gənclik Mall filialı, kod 201025, VÖEN **********, SWİFT kod AllBAZ2X, M/hAZ37NABZ********************, VÖEN **********, hesab AZ53AİİB**********043315142 nömrəli hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar