Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-39/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 senytabr 2020-ci il tarixli, 1(044)-111/2020 saylı hökmünə əsasən 1 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(0104)-60/2021 nömrəli qərarına əsasən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 04 senytabr 2020-ci il tarixli, 1(044)-111/2020 saylı hökmü dəyişdirilərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14.01.2022-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri Atabəylər prospektində yerləşən ictimai yer olan bərbərxanada nalayiq söyüşlər söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya zor tətbiq edərək yumruq zərbəsi ilə onun sifət və kürək nahiyələrinə qəsdən vuraraq ona sağ kürək-çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və həmin əməli törətməsi ilk növbədə onun öz ifadəsi ilə sübut olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman özünü qeyd olunan ittihamla təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, Samiri tanıyır. Samir yaşadığı evin yaxınlığında bərbərxanada işləyir və adətən boş olduqda Samirin yanına gəlib-getmişdir. Samirlər yaxın tanışlıq münasibətləri vardır. 14.01.2022-ci il tarixdə təxminən saat 14 radələrində təkbaşına Samirin işlətdiyi Atabəylər prospektində İmamzadə yolunun üstündə olan bərbərxanaya getmiş, həmin vaxt bərbərxanada bir nəfər tanımadığı müştəri olmuşdur. İçəri daxil olub Samirlə bir qədər söhbət etdikdən sonra Samirin yersiz zarafatına görə aralarında mübahisə yaranmış, onlar qarşılıqlı olaraq bir-birini söymüşdür. Bu zaman o, əsəblərini cilovlaya bilməyib Samiri bir neçə dəfə yumruqla vurub sonra yerə yıxmışdır. Həmin vaxt əsəbi tərzdə dalaşdığı üçün atdığı yumruqların Samirin hansı nahiyəsindən dəyməsini xatırlamır. Onların dava-dalaşını əvvəlcədən bərbərxanada olan müştəri və səs-küyə gəlmiş bir və ya iki nəfər başqa şəxs ayırmışdır. Daha sonra da əsəbi halda bərbərxanadan çıxıb getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır. Buna görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, təxminən 7 aydır ki, Gəncə şəhəri Atabəylər prospektində İmamzadə yolunun üstündə yerləşən bərbərxananı icarəyə götürüb saç ustası kimi fəaliyyət göstərir. 14.01.2022-ci il tarixdə təxminən saat 14 radələrində işlədiyi həmin bərbərxanada olan zaman həmin yerin yaxınlığında yaşayan və əvvəldən tanıdığı Təqsirləndirilən şəxs bərbərxanaya gəlmişdir. Həmin vaxt salonda bir nəfər tanımadığı şəxs müştəri qismində olmuşdur. Nicatla biraz söhbət etmiş, daha sonra zarafat edərkən aralarında mübahisə yaranmış, Nicat əsəbiləşərək yumruqla sifət və alın nahiyəsinə vurub, sonra da tutub yumruqla kürək nahiyəsinə vurub döyərək onu yerə yıxmışdır. Salondakı müştəri və çöldən səs-küyə gəlmiş tanımadığı başqa şəxslər onları aralaşdırmış, sonra da Nicat çıxıb getmişdir. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı tanımadığı şəxslər onları ayırmışlar. Hazırda Nicatla barışmışdır, Nicat tərəfindən ona heç bir maddi ziyan vurulmamışdır, Nicatdan heç bir şikayət və tələbi yoxdur. Sadələşdirilmiş icraat materiallarına 22-25 saylı vərəqlərdə əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 verilmiş 21 yanvar 2022-ci il tarixli, 50 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ kürək-çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, alın nahiyəsinin və döş qəfəsinin arxa səthinin qançırları, sağ qulaqyanı, sol əl nahiyələrinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın hissəsində göstərilən tarixə, yəni 14.01.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin 20 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinə əsasən 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilərək 01 il 05 ay 26 gün azadlığın məhdulaşdırılması cəzası saxlanılmışdır. 22 aprel 2021-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası artırılaraq 02 il 05 ay 26 gün saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)- 111/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 mart 2020-ci il tarixdən 28 mart 2020ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkumun üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-60/2021 saylı 22 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası artırılaraq 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası həddində müəyyən edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 mart 2020-ci il tarixdən 28 mart 2020ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, həbsdə saxlamanı bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Probasiya Şöbəsinin 07 aprel 2022-ci il tarixli 52/2021 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(014)-60/2021 saylı 22 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məkhum edilmiş, Təqsirləndirilən şəxs barəsində “8 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 7(043)-11/2022 nömrəli 17 yanvar 2022-ci l tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan hissəsi 01 il azaldılmışdır. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırda 07 ay 26 gün təşkil edir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Sadələşdirilmiş icraat materiallarına 31 saylı vərəqdə əlavə olunmuş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxsin barəsində qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai yer hesab edilən və zərərçəkmiş şəxsin bərbər kimi fəaliyyət göstərdiyi salonda sonuncu ilə dava-dalaş yaratmış, bu zaman ətrafdakı şəxslərin dincliyini pozaraq ictimai qaydaya, yəni ümumi qəbul edilmiş davranış normalarına məhəl qoymamış, zərərçəkmiş şəxsə fiziki zor tətbiq edərək onun sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsi ətrafdakı şəxslər ayırmışdır. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz saxlanılması əməlinə görə məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan yenidən hazırkı cinayəti törətmişdir. Hazırda təqsirləndirilən şəxsin cəzasının çəkilməmiş hissəsi 07 ay 26 gün təşkil edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrumetmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növləri olan cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasının yuxarı həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxsə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-111/2020 saylı hökmü ilə təyin edilmiş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası Gəncə Apellyasiya Məhkəməsinin 1(043)-60/2021 saylı, 22 aprel 2021-ci il tarixli qərarı ilə dəyişdirilərək ona təyin olunmuş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası artırılaraq 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası həddində müəyyən olunmuşdur. Hazırda təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 26 gün hissəsi çəkilməmiş qalmışdır. Buna görə də təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxsə Gəncə Apellyasiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 ay 26 gün hissəsi hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməli və cəzasının əvvəli 07 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 ay 26 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2022-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-39/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-39/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver