Məhkəmə qərarları › İş №1(043)-4/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-4/2020

07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-4/2020 07.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x5 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə x3 Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nikolay oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlunun iştirakları ilə, xx.xx.1998-ci ildə Xanlar rayonu, Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsində 3cü kurs tələbəsi, əvvəllər məhkum olunmamış, işləməyən, Kəlbəcər rayonu, Qamışlı kəndində qeydiyyatda olmaqla faktiki Göygöl şəhəri, İ.Məmmədov küçəsi ev 41-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş qeyrilərinin (barələrində bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid4, Şahid3 və Şahid2) təhriki ilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmağa cəhd etmişdir. Belə ki, o, 2016-cı ildə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən İİ ixtisas qrupu üzrə təşkil edilmiş ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanında iştirak edərək Gəncə Dövlət Universitetinin “Tarix-Coğrafiya” fakültəsinə daxil olmaqla, həmin fakültənin 2-ci kursunda oxuyarkən, tanışı Şahid4 2018-ci ilin iyul ayında sonuncunun hazırlıq müəllimi olmuş Şahid3 tanışı olan Şahid2 Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə İİ ixtisas qrupu üzrə 26 iyul 2018-ci il tarixdə keçiriləcək növbəti qəbul imtahanında abituriyent qismində iştirak edəcək oğlu Şahid1 imtahana kifayət qədər hazırlaşmaması ilə əlaqədar özünün həmin imtahanda iştirak etməsinə dair təklifləri ilə razılaşaraq sövdələşməklə, onların qabaqcadan əlbir olan bir qrup şəxs qismində təhrikləri əsasında özü cinayətdən xəbərsiz olan Şahid1 AZE 09948747 seriyalı şəxsiyyət vəsiqəsini və həmin Mərkəz tərəfindən sonuncunun adına təqdim edilən 225 nömrəli abituriyentin imtahana buraxılış vərəqəsini Şahid4 və Şahid3 vasitəsilə Şahid2 alıb 26 iyul 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Gəncə şəhəri 44 nömrəli bağça-məktəb-lisey kompleksində keçirilən qeyd edilən imtahana Şahid1 əvəzindən gedib, sonuncunun adına verilmiş imtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsini Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına təqdim edib onları özünün Şahid1 olmasına inandırmağa təkidlə çalışarkən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən onun Şahid1 olmadığı müəyyən olunaraq imtahan zalına buraxılmasının qarşısı alınmaqla, iş nömrəsi 292837 olan Şahid1 üçün həmin Mərkəz tərəfindən kodlaşdırılmış, imtahan vermək və müvəffəqiyyət balı topladığı halda ali və ya orta-ixtisas təhsil müəssisəsinə qəbul olmaq hüququ verən rəsmi sənəd olan cavab kartını sonuncunun adından məlumatları yazaraq saxtalaşdırmağa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək rəsmi sənəd olan cavab kartını istifadə etmək məqsədilə saxtalaşdırmağa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 29,320.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, hazırda Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsində 3-cü kurs tələbəsidir. 2018-ci ilin iyul ayının 02-də Şahid4 adlı və soyadlı şəxs mobil telefonuna zəng edərək ilkin olaraq Təqsirləndirilən şəxs olub-olmamağını soruşmuş, ona Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra Sərxan onunla görüşmək istədiyini demişdir. Ona görə də 20.07.2018-ci il tarixdə Şahid4lə Gəncə şəhəri, Xan bağı deyilən yerdə görüşmüş, Sərxan görüşə tək gəlmişdir. Görüş zamanı Sərxan ona savadlı olduğunu eşitdiyini deyərək, bir nəfər Şahid1 adında adam olduğunu, onun yerinə imtahana girib ali məktəbə keçid balını toplamaq lazım olduğunu demişdir. Sərxan Hidayətin kasıb ailənin uşağı olduğunu bildirmiş, aralarında bunun müqabilində pul verilməsi ilə bağlı söhbət olmamışdır. Sərxanın təklifi ilə razılaşaraq bir insan kimi köməklik etmək istəmişdir. Bundan sonra Sərxan imtahan günü imtahan keçirilən binanın qarşısında Şahid1 imtahana buraxılış vərəqəsini və eyni zamanda şəxsiyyət vəsiqəsini ona təqdim edəcəyini demişdir. 26.07.2018-ci il tarixdə səhər saat 09 radələrində imtahan keçirilən Gəncə şəhəri 44 saylı tam orta məktəbin qarşısına gəlmiş, orada Sərxanla görüşüb Şahid1 imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini ondan götürmüş və imtahan keçirilən inzibati binanın girişində duran nəzarətçiyə sənədləri təqdim etmişdir. Nəzarətçilər sənədlərə baxdıqdan sonra binanın içərisinə keçmiş, elə abituriyentin buraxılış vərəqəsini yoxlayan şəxslərə sənədləri təqdim edəndə onlar Şahid1 olmadığını müəyyən edib izahatını almışlar. İzahatında hər şeyi olduğu kimi danışmış, eyni zamanda ondan Hidayətin şəxsiyyət vəsiqəsini və buraxılış vərəqəsini götürmüşlər. Daha sonra onu buraxmışlar. Bundan sonra çölə çıxıb Sərxanı axtarsa da, tapa bilməmişdir. Daha sonra Sərxanın telefonlarına zəng vursa da, artıq sönülü olmuşdur. x4 ümumiyyətlə tanımır, onu heç görməmişdir. Onunla da heç vaxt hər hansı bir münasibətləri olmamışdır. Bütün danışıqları Şahid4 ilə aparmışdır. Sonradan Sərxanın da bu söhbəti Şahid3 adlı şəxslə, İbadətin isə Şahid1 anası Şahid2 ilə apardığını eşitmişdir. Törətdiyi cinayət əməlindən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərdi ki, oğlu Şahid1 Gəncə Regional kollecini 2016-cı ildə bitirmişdir. Belində xəstəliyi olduğuna görə hərbi xidmətə aparılmamışdır. 2017-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarından mümkün balı toplaya bilməmiş, hazırlıqlara gedərək 2018-ci ilin may ayında 2-ci qrup üzrə ali məktəblərə Gəncə şəhərində adını xatırlamadığı məktəbdə keçirilən imtahan verərək 189 bal toplamışdır. Lakin həmin vaxtı 189 balın keçid üçün yetərli olmayacağını düşünmüşlər. Belə ki, əvvəlki illərdə ali məktəblərə qəbul imtahanlarında keçid balı 200 bal olmuşdur. Buna görə də oğlu növbəti dəfə imtahanda iştirak etmək qərarına gəlmişdir. Oğlunun yenidən keçid balı toplaya bilməyəcəyindən qorxub onun əvəzinə imtahanda başqa şəxsin iştirak etməsi üçün x7 dərs deyən İbadət müəllimə yaxınlaşmış, İbadət müəllimlə 2018-ci ilin səhv etmirsə iyun-iyul aylarında kollecdə görüşmüşlər. İbadətə oğlunun xəstə olduğunu, onun ali məktəbə qəbul olunmasına köməklik etməsini, başqa şəxsin onun əvəzinə imtahana daxil olmasında köməklik etməsini xahiş etmişdir. İbadət müəllim isə köməklik etmək üçün çalışacağını və oğlunun əvəzinə başqa şəxsin imtahana daxil olmasını təşkil edəcəyini demiş və oğlu Hidayətin şəxsiyyət vəsiqəsini və abituriyentin imtahana buraxılış vərəqəsini istəmişdir. Oğlunun şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini imtahana az qalmış aparıb x7 Şahid3 vermişdir. Daha sonra 26.07.2018-ci ildə imtahan olmuş, ertəsi gün İbadət müəllim oğlu Hidayətin əvəzinə bir nəfəri imtahanda iştirak etmək üçün təşkil etdiyini, həmin şəxs imtahana daxil olarkən oğlu olmadığı müəyyən olunaraq qarşısı alındığını demişdir. Buna görə də söhbətləri alınmamışdır. İbadət müəllim oğlunun əvəzinə imtahanda kimin iştirak etdiyini deməmişdir. Oğlunu imtahanda əvəz edən şəxsi heç vaxt görməmiş, onunla bu və ya digər şəkildə heç bir ünsiyyəti olmamışdır. Sonradan ali məktəblərə qəbul üçün nəzərdə tutulmuş ballar aşağı salındığından oğlunun ilkin imtahan zamanı topladığı 189 bal universitetə qəbul olmaq üçün yetərli olmuş və oğlu Gəncə Dövlət Universitetinin turizm və otelçilik fakültəsinə qəbul olmuşdur. Sonradan da oğlunun əvəzinə imtahanda başqa şəxsin iştirak etməsi barədə xahişini İbadət müəllimin Şahid4lə apardığını, Sərxanın da Təqsirləndirilən şəxs bu barədə dediyini, Təqsirləndirilən şəxs də oğlunun əvəzinə imtahana daxil olmaq istəsə də, XDMX tərəfindən qarşısı alındığını, buna görə planları baş tutmadığını öyrənmişdir. Şahid4 və Təqsirləndirilən şəxs tanımır. Onlarla hər hansı bir ünsiyyəti olmamışdır. Oğlu Hidayətin də bu işdə heç bir iştirakı olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, uzun müddətdir x7 baytarlıq üzrə müəllim işləyir. Şahid1 şagirdi olmuşdur. 2018-ci ilin səhv etmirsə iyun-iyul aylarında Şahid1 anası Şahid2 yanına gələrək oğlunun ilk imtahandan yaxşı bal toplamadığını, imtahanlara yaxşı hazırlaşmadığına görə onun növbəti imtahandan da kəsiləcəyindən qorxduğunu, ailə vəziyyətlərinin ağır olduğunu deyərək ona görə də onun əvəzinə imtahana başqa bir şəxsin daxil olmasına köməklik etməyini xahiş etmişdir. Ona bir insan kimi kömək etmək qərarına gəlmiş, ona görə də daha əvvəl hazırlaşdırdığı Şahid4 Şahid1 əvəzinə imtahanda iştirak etməsi üçün savadlı bir oğlan tapmasını xahiş etmişdir. Sərxan da Təqsirləndirilən şəxs adlı şəxsi tapmışdır. Şahid2 Şahid1 şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini alıb Təqsirləndirilən şəxs çatdırması üçün Sərxana vermişdir. Sərxan da həmin sənədləri aparıb Təqsirləndirilən şəxs çatdırmışdır. Təqsirləndirilən şəxs də 26.07.2018-ci ildə imtahana Şahid1 əvəzinə gedib daxil olarkən XDMX-nin əməkdaşları onun Şahid1 olmadığını müəyyən edib imtahandan kənarlaşdırmışlar. Ona görə də planları baş tutmamışdır. Qeyd olunan xüsusatın baş verməsində x9, x6, Hüseynov Rasim Köçəri oğlu, x1 hər hansı bir iştirakı olmamışdır. Danışıqlar onunla Sərxan Novruzov və Şahid2 arasında baş vermişdir. Təqsirləndirilən şəxs ilə isə söhbəti Sərxan Novruzov aparmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2018-ci ilin təxminən iyun-iyul aylarında hazırlıq müəllimi olmuş Şahid3 onu yanına çağıraraq Şahid1 adında oğlan olduğunu, ona ali məktəbə qəbul olmasında köməklik etmək üçün Şahid3la aralarında hər hansı bir pul söhbəti olmamış, Şahid3 savadlı bir oğlan tapmağını xahiş etmişdir. Təbibi savadlı oğlan kimi tanıdığından ona zəng edib görüşmək istədiyini demiş, Təbib də onunla görüşməyə razılaşmış, ona görə də 20.07.2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Gəncə şəhəri, Xan bağı deyilən yerdə görüşərək Təbibə onun savadlı olduğunu eşitdiyini, ona görə bir nəfər Şahid1 adında adamın olduğunu onun yerinə imtahana girib ali məktəbə keçid balını toplamaq lazım olduğunu xahiş etmişdir. Təbib də təklifi ilə razılaşmış, bundan sonra imtahan günü imtahan keçirilən binanın qarşısında Şahid1 imtahana buraxılış vərəqəsini və eyni zamanda şəxsiyyət vəsiqəsini ona təqdim edəcəyini demişdir. Təbib də razılaşmışdır. 26.07.2018-ci il tarixdə səhər saat 09 radələrində imtahan keçirilən Gəncə şəhəri 44 saylı tam orta məktəbin qarşısına gəlmiş, orada Təbiblə görüşüb Şahid1 imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini ona vermişdir. Bundan sonra çıxıb getmiş, elə həmin gün axşam da Təbibin imtahan keçirilən inzibati binanın girişində duran nəzarətçiyə sənədləri təqdim edərkən nəzarətçilər sənədlərə baxdıqda onun Şahid1 olmadığımı görüb imtahana buraxmadıqlarını öyrənmişdir. Ona görə də planları baş tutmamışdır. Şahid1, Şahid2 tanımır. Bu barədə Şahid3la danışmışdır. Sonra da Təbiblə danışmışdır. Qeyd olunan xüsusatın baş verməsində x9, x6, x2, x1 hər hansı bir iştirakı olmamışdır. Danışıqlar onunla Şahid3 və Təqsirləndirilən şəxs arasında baş vermişdir. İbadət də eşitdiyinə görə bu söhbətləri Hidayətin anası Şahid2 ilə aparmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə Dövlət Universitetinin turizm və otelçilik fakültəsinin 1-ci kursunda qiyabi əsaslarla təhsil alır. Gəncə Regional kollecini 2016-cı ildə bitirmişdir. Bundan sonra belində xəstəliyi olduğuna görə hərbi xidmətə aparılmamışdır. 2017-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarından mümkün balı toplaya bilməmişdir. Hazırlıqlara gedərək 2018-ci ilin may ayında 2-ci qrup üzrə ali məktəblərə Gəncə şəhərində adını xatırlamadığı məktəbdə keçirilən imtahan verərək 189 bal toplamışdır. Lakin 189 bal ali məktəblərə qəbul üçün yetərli bal olmadığını görüb növbəti dəfə imtahanda iştirak etmək qərarına gəlmişdir. Lakin həmin vaxtı anası Şahid2 ona yenə mümkün balı toplaya bilməyəcəyindən qorxduğunu, eyni zamanda ali məktəbdə oxumağını görmək istədiyini, ona bir müəllimin əvəzinə imtahanda bir nəfər iştirak edib mümkün balı toplayacağı barədə söz verdiyini demiş, lakin anası Baharın hansı müəllimlə danışıqları apardığını, həmin söhbətdə nələr razılaşdırıldığını bilməmişdir. 26.07.2018-ci il tarixdə Gəncə şəhəri, 44 saylı orta məktəbdə keçirilən imtahanda əvəzinə başqa şəxs iştirak etmiş, lakin imtahana daxil olmaq istəyrkən XDMX-nin əməkdaşları tərəfindən bu hal müəyyən olunmuş və imtahana buraxılmamışdır. Həmin şəxsin adını soyadını bilməmişdir. Sadəcə bu barədə anasına vasitəçilik edən müəllim demişdir. İmtahanda əvəz edən şəxsi heç vaxt görməmişdir. Onunla bu və ya digər şəkildə heç bir ünsiyyəti olmamışdır. Sonradan ali məktəblərə qəbul üçün nəzərdə tutulmuş ballar aşağı salındığından ilkin imtahan zamanı topladığı 189 bal universitetə qəbul olmaq üçün yetərli olmuş və Gəncə Dövlət Universitetinin turizm və otelçilik fakültəsinə qəbul olmuşdur. Əvəzinə başqa şəxsin imtahana daxil olmasına razı olmamışdır. Lakin anasının arzusunu ürəyində qoymamaq üçün buna razılaşmışdır. Hüseynov Rasim Köçəri oğlu, Şahid4, Təqsirləndirilən şəxs tanımır. Onu imtahanda əvəz edən şəxsin Təqsirləndirilən şəxs ad və soyadlı şəxs olduğunu bilməmişdir. Bu barədə söhbəti anası Bahar aparmışdır. İş materiallarında olan 26.07.2018-ci il tarixli bakalavr pilləsinə tələbə qəbulu üzrə keçirilən test imtahanlarında XDMX-nin hərbi qulluqçuları tərəfindən görülən işlərin nəticələri barədə arayışdan görünür ki, abituriyent Şahid1 əvəzinə imtahana Təqsirləndirilən şəxs iştirak etməyə cəhd etmişdir. İş materiallarında olan abituriyentin buraxılış vərəqəsindən görünür ki, Şahid1 iş nömrəsi 292837-dir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 1 saylı Psixiatriya xəstəxanasından daxil olmuş 28.03.2019cu il tarixli 2018-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda durmur. İş materiallarında olan 11 aprel 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzindən daxil olmuş 01.04.2019-cu il tarixli 01/04-05/0917 saylı məktubdan görünür ki, “cavab kartı” rəsmi sənəd olmaqla müvəfəqiyyət balı toplandığı halda abituriyentin ali məktəbə qəbul olunmasına hüquq verir, ciddi hesabat sənədi olmaqla Ədliyyə Nazirliyinin normativ hüquqi aktlar siyahısına daxil edilmiş və hər il texniki tapşırıqla forması təsdiq olunur. “Cavab kartı” yalnız həmin il üzrə ali məktəbə qəbul olmaq istəyən abituriyent üçün kodlaşdırılır və ballar hesablanarkən yalnız “Cavab kartı”nda qaralanan cavablar nəzərə alınır, “cavab kartı”-nın zədələnməsi və yaxud korlanması şəxsin imtahan nəticələrinin ləğv olunması nəticəsində ali məktəbə qəbul olmaq hüququndan məhrum edir. “Cavab kartı” həm ali və orta ixtisas müəssisələrinə qəbul qaydalarının təsdiq edilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 39 nömrəli qərarında, həm Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Normativ hüquqi sənədlərin bazasında qeydiyyata alınmış hazırda qüvvədə olan Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti göstərilməklə “SİYAHİSİ” sənədində 36-cı sırada öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilir ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma- üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsində göstərilir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Bununla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs özünü Şahid1 kimi təqdim edərək sonuncunun şəxsiyyət vəsiqəsini və abituriyentin imtahana buraxılış vərəqəsini göstərərək cavab kartına Şahid1 əvəzinə doldurmaq üçün imtahan zalına daxil olmaq istəmiş və bununla da hüquq verən rəsmi sənəd hesab olunan cavab kartını saxtalaşdırmağa cəhd etmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün səmimi etirafedici ifadəsi, şahid ifadələri, işin digər materialları ilə tam sübuta yetirilir və ibtidai istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,320.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması və universitet tələbəsi olması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin universitet tələbəsi olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, təqsirini səmimi etiraf edir, törətdiyi əməldən peşmandır, hal-hazırda universitet tələbəsidir, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törədən, təqsirini səmimi etiraf edən, əməlindən peşman olan, müsbət xarakterizə olunan, universitet tələbəsi olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Məhkəmənin fikrincə, Təqsirləndirilən şəxs hazırda tələbə olmasına görə, onun barəsində tətbiq ediləcək cəzanın şərti olaraq seçilməsi, onun təhsilini davam etməsində də şərait yaradacaq. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-cimaddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı nolub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həmdə hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.1-cimaddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,320.1-ci maddəsi ilətəqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiqedilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,320.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəza sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. GöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cümaddələrinirəhbərtutaraqməhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,320.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən : Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar