Məhkəmə qərarları › İş №1(043)-4/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-4/2022

07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-4/2022 07.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 07 fevral 2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1982-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Daşkəsən rayonu, Daşkəsən şəhəri, Alunitdağ qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda ünvan 2intaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti 281 ünvanında yerləşən “Böyük Ucuzluq” mağazasının saxlanc yerinin kilidini açıb qanunusuz olaraq içəri daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxus 1 ədəd 600 manat dəyərində “X5 8” markalı mobil telefonu, həmin mobil telefonun içərisində olan 1 ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrəni, 1 ədəd 20 manat dəyərində süni dəri üzlüklü pul qabını, 20 manat nağd pulu, AZE seriyalı 13578767 nömrəli şəxsiyyət vəsiqəsini, Zərərçəkmiş şəxs3 məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsini, Zərərçəkmiş şəxs1 Şəmsi qızına məxsus 1 ədəd 30 manat dəyərində “Zara” markalı orjinal olmayan, süni dəri üzlüklü əl çantasını, 1 ədəd 250 manat dəyərində “Samsung J2 Prime” markalı mobil telefonu, həmin mobil telefonun içərisində olan 1 ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrəni, 7 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 645 manat dəyərində, Zərərçəkmiş şəxs1 292 manat dəyərində olmaqla ümumilikdə vahid niyyətlə 937 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin sentyabr ayınadək günəmuzd olaraq müxtəlif obyektlərdə xadimə kimi işləmiş, daha sonra işi olmadığına görə maddi vəziyyəti ağır olmuşdur. 10.09.2020-ci il tarixdə qızı Selcanın ad günü olduğuna görə ona hədiyyə almaq qərarına gəlmiş, bu məqsədlə Gəncə şəhəri, H.Əliyev prospekti 281 ünvanında yerləşən “Böyük Ucuzluq” mağazasına getmiş, həmin mağazanın birinci mərtəbəsində paltarlara baxaraq qızı üçün 1 ədəd şalvar bəyənmişdir. Həmin şalvarın qiyməti ilə maraqlandıqda pulunun çatmadığını və həmin şalvarı ala bilməyəcəyini müəyyən etmişdir. Bundan sonra o, mağazanı tərk etmək üçün çıxış hissəsinə-saxlanc yerinə yaxınlaşdıqda müştərilərin həmin yerə əşyalarını qoyduğunu müəyyən etmişdir. Saxlanc yerindən birinin qapısını açaraq içərisində olan əşyaları götürüb sataraq qərarına gəlmişdir.Saxlanc yerlərindən birinin qapısının açıq olduğunu görüb qapını açdıqda orada bir ədəd qadın çantasının və 1 ədəd pul qabının olmasını müəyyən edərək dərhal onları götürüb mağazadan çölə çıxmışdır. Mağazadan bir qədər aralandıqdan sonra əvvəlcə götürdüyü qadın çantasının içərisinə baxdıqda orada 1 ədəd “Samsung J2 Prime” markalı mobil telefonun, 7 manat nağd pulun və 2 ədəd şəxsiyyət vəsiqələrinin olduğunu, pul qabının içərisinə baxdıqda isə orada 1 ədəd “X5 8” markalı mobil telefonun və 20 manat nağd pulun olduğunu müəyyən etmişdir. Bundan sonra yaxınlıqda yerləşən yolun kənarındakı zibil qutusunun yanına gedərək əvvəlcə mobil telefonların üzərindəki nömrələri çıxarmış, telefonları və pulu özü ilə götürmüş, 1 ədəd qadın çantasına, 2 ədəd şəxsiyyət vəsiqəsinə, 1 ədəd pul qabına və mobil nömrələrə isə ehtiyac duymadığı üçün onları həmin zibil qutusuna ataraq oradan uzaqlaşıb Mərkəzi Univermağa getmişdir. Telefonların hər ikisini eyni yerə satması şübhə yaradacağından onları ayrı-ayrı yerlərə satmağa qərar vermişdir. Bu məqsədlə əvvəlcə “Samsung J2 Prime” markalı mobil telefonu 55 manata satmışdır. Bundan sonra yolun sol tərəfinə keçərək həmin yerdə yerləşən “Turkan Telekom” telefon mağazasına getmiş və “X5 8” markalı, qara rəngli mobil telefonu 200 manata satmışdır. Zərərçəkmiş şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin çantanı oğurladıqdan sonra çantanın içərisində olduğunu müəyyən etmişdir. Həmin şəxsiyyət vəsiqələrini çanta ilə birlikdə xatırlamadığı yerə atmışdır. Əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. 10.09.2020-ci il tarixdə saat 15 radələrində eltisi Zərərçəkmiş şəxs2 ilə alış-veriş etmək üçün Gəncə şəhəri, H.Əliyev prospekti 281 ünvanında yerləşən “Böyük Ucuzluq” paltar mağazasına getmişlər. Onlar mağazaya daxil olduqdan sonra o, giriş hissəsinin sol tərəfində yerləşən 51 nömrəli saxlanc yerinə içərisindəki əşyaları ilə birlikdə əl çantasını, Şəfəq isə içərisində əşyaları olan 1 ədəd pul qabını qoymuş və o, saxlanc yerinin qapısını kilidləyərək açarı özü ilə götürmüşdür. Bundan sonra alış-veriş etmək üçün hər ikisi mağazanın 2-ci mərtəbəsinə qalxmış və təxminən 30-40 dəqiqə alış-veriş edib yekunlaşdıqdan sonra mağazanın 1-ci mərtəbəsinə düşmüşlər. 1-ci mərtbəyə düşdükdən sonra aldığı əşyaların pulunu ödəmək üçün Şəfəq kassaya doğru, o isə çantanı və Şəfəqin pul qabını götürmək üçün saxlanc yerinə doğru getmişdir. O, açarla saxlanc yerinin qapısını açdıqda oranın boş olduğunu və əşyalarının yerində olmadığını müəyyən etmiş, bundan sonra mağazanın işçilərinə bu barədə məlumat vermiş, mağazanın işçiləri digər saxlanc yerlərinə əşyalarını qoymuş müştəriləri dəvət etmiş və bir-bir bütün saxlanc yerlərinə baxsalar da, özlərinə məxsus əşyaları tapa bilməmişlər. Həmin vaxt onun 30 manat dəyərində “Zara” markalı, süni dəri üzlüklü, orjinal olmayan əl çantası, həmin çantanın içərsindəki, 1 ədəd 250 manat dəyərində “Samsung J2 Prime” markalı mobil telefonu, həmin mobil telefonun içərəsində olan 1 ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrəsi, 7 manat nağd pulu, ona məxsus və oğlu Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqələri və Şəfəqə məxsus 1 ədəd pul qabı, həmin pul qabının içərsində olan 1 ədəd “X6 8” markalı mobil telefonu, ********** saylı mobil nömrəsi, 20 manat nağd pulu oğurlanmışdır. Bundan sonra Şəfəqlə ikisi də, həmin yerin yaxınlığında yerləşən Kəpəz Rayon Polis İdarəsinə gedib ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişlər və polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşməni aparmışdırlar. Sonradan məlum olmuşdur ki, onların əmlaklarını Pərvanə adlı qadın oğurlamışdır. Ona dəyən zərərin ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 10.09.2020-ci il tarixdə saat 15 radələrində onun qonşuluğunda yaşayan eltisi Zərərçəkmiş şəxs1 ilə alış-veriş etmək üçün Gəncə şəhəri, H.Əliyev prospekti 281 ünvanında yerləşən “Böyük Ucuzluq” paltar mağazasına getmişlər. Onlar mağazaya daxil olduqdan sonra giriş hissəsinin sol tərəfində yerləşən 51 nömrəli saxlanc yerinə Səminə içərisindəki əşyaları ilə birlikdə əl çantasını, o isə içərisində əşyaları olan 1 ədəd pul qabını qoymuş və Səminə saxlanc yerinin qapısını kilidləyərək açarı özü ilə götürmüşdür. Bundan sonra alış-veriş etmək üçün hər ikisi mağazanın 2-ci mərtəbəsinə qalxmışlar və təxminən 30-40 dəqiqə alış-veriş edib yekunlaşdıqdan sonra mağazanın 1-ci mərtəbəsinə düşmüşlər. 1-ci mərtbəyə düşdükdən sonra aldıqları əşyaların pulunu ödəmək üçün o, kassaya doğru, Səminə isə əşyaları götürmək üçün saxlanc yerinə doğru getmişlər. Səminə açarla saxlanc yerinin qapısını açdıqda oranın boş olduğunu və əşyalarının yerində olmadığını müəyyən etmişdir. Bundan sonra onlar mağazanın işçilərinə bu barədə məlumat vermişlər. Mağazanın işçiləri digər saxlanc yerlərinə əşyalarını qoymuş müştəriləri dəvət etmişlər və bir-bir bütün saxlanc yerlərinə baxsalar da, özlərinə məsus əşyaları tapa bilməmişlər və anlamışlar ki, onlar alış-veriş edərkən naməlum şəxs əşyalarını qoyduqları 51 nömrəli saxlanc yerinin kilidini açaraq ona məxsus 1 ədəd 20 manat dəyərində süni dəri üzlüklü pul qabını, həmin pul qabının içərisində olan, 1 ədəd 600 manat dəyərində “X5 8” markalı, mobil telefonu, həmin mobil telefonun içərisində olan 1 ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrəni, 20 manat nağd pulu və Səminəyə məxsus 1 ədəd əl çantasını, həmin çantanın içərsindəki 1 ədəd “Samsung J2 Prime” markalı mobil telefonu, həmin mobil telefonunun içərəsində olan 1 ədəd “**********” saylı mobil nömrəni, 7 manat nağd pulunu, Səminəyə və oğlu Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqələrini oğurlamışdır. Bundan sonra Səminə ilə ikisi də, həmin yerin yaxınlığında yerləşən Kəpəz rayon Polis İdarəsinə gedib ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişlər və bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşməni aparmışlar. Sonradan onlara məlum olmuşdur ki, onların əmlaklarını oğurlayan şəxs Pərvanə adlı qadın olmuşdur. Polislər tərəfindən mobil telefonu ona qaytarılsa da digər əmlakı qaytarılmadığı üçün təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 09.09.2020-ci il tarixdə anası Zərərçəkmiş şəxs1 ilə şəhərə gedərkən özünə məxsus şəxsiyyət vəsiqəsini cibində yer olmadığı üçün anasının çantasına qoymuşdur. Həmin gün onlar şəhərdə işini yekunlaşdırdıqdan sonra evlərinə qayıtmış və şəxsiyyət vəsiqəsi də, anasının çantasında qalmışdır. 10.09.2020-ci il tarixdə o, evdə olarkən saat 15 radələrində anası Zərərçəkmiş şəxs1 əmisi arvadı Zərərçəkmiş şəxs2 ilə Gəncə şəhəri, H.Əliyev prospekti 281 ünvanında yerləşən “Böyük Ucuzluq” mağazasından alış-veriş etmək üçün şəhərə getmişlər. Anası Səminə evdən çıxarkən özünə məxsus “Zara” markalı əl çantasını da, götürmüşdür. Həmin vaxt onun şəxsiyyət vəsiqəsi anasının çantasında olmuşdur. Həmin gün təxminən saat 17 radələrində anasıgil evə qayıtdıqda ona məlum olmuşdur ki, anasının çantası və əmisi arvadı Zərərçəkmiş şəxs2 pul qabı “Böyük Ucuzluq” mağazasının saxlanc yerindən oğurlanmışdır.Həmin vaxt onun şəxsiyyət vəsiqəsi anasının çantasında olduğu üçün onun şəxsiyyət vəsiqəsi də oğurlanmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olmadığnı bildirərək bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2015-ci ildən Şəmkir rayonu, C.Bayramov adına Qaracəmilli kənd 2 nömrəli tam orta məktəbdə coğrafiya fənni üzrə müəllim işləyir. Ölkə ərazisində yayılan koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin sentyabr ayından etibarən onlar dərsləri onlayn şəkildə keçmək məcburiyyətində qalmış, həmin ərəfədə istifadəsində olan mobil telefon onlayn dərslərin keçirilməsi üçün parametrləri dəstəkləmədiyindən yeni mobil telefon almaq məcburiyyətində qalmışdır. Buna görə də, təxminən 23 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində tanışı İlkinin işlədiyi Gəncə şəhəri, Nizami prospekti 215A ünvanında yerləşən “Türkan Telekom” mağazasına gedərək ona mövcud vəziyyəti bildirib telefon istəmiş, İlkin ona 1 ədəd “X5 8” markalı, qara rəngli mobil telefonu təklif etmiş, o, həmin telefona baxıb bəyəndikdən sonra onlar 290 manat qarşılığında razılığa gəlmiş və o, İlkinə ödəniş etdikdən sonra həmin mobil telefona ondan almışdır. Bundan sonra həmin mobil telefonda öz adına olan **********, **********, **********, ********** saylı və qardaşı Vüsal Rzayevin adına olan ********** saylı mobil nömrələri istifadə etmişdir. Sonradan ona məlum olmuşdur ki, aldığı mobil telefon oğurluq telefon olmuşdur. Təqsirləndirilən şəxsi tanımır və onu görməmişdir. Telefonu İlkin adlı tanışından 290 manata almış və sonradan ona məlum olanda ki, oğurluq telefondur, o həmin telefonu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən Gəncə şəhəri, Nizami prospektində yerləşən mərkəzi univermaqdakı telefon mağazasında işlənmiş telefon alıb-sataraq qazanc əldə edir. 10.09.2020-ci il tarixdə saat təxminən 17 radələrində mağazada olarkən 1 nəfər balaca boy, arıq, sarışın qadın mağazaya yaxınlaşaraq pula ehtiyacı olduğunu, buna görə də, özünə məxsus “Samsung J2 Prime” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, həmin şəxsə telefona baxıb yoxladıqdan sonra alıb-ala bilməyəcəyini bildirmiş, həmin qadın isə cavabında telefonun üzərində olduğunu bildirərək ona 1 ədəd “Samsung J2 Prime” markalı, sarı rəngli mobil telefonu təqdim etmişdir. O, həmin telefona baxıb yoxlamış və işlək olduğunu gördükdən sonra onu 55 manat qarşılığında almışdır.O, qadından şəxsiyyətini təsdiq edəcək sənəd tələb etmiş, qadın isə özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş və o, müəyyən etmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq kağızın arxasına telefonun markasını, aldığı tarixi, telefonun İMEİ kodunu, Pərvanənin telefon nömrəsini qeyd etmiş və Pərvanə həmin qeydlərin aşağı hissəsindən telefonu öz razılığı ilə satmasına dair imza etmişdir. O, həmin kağızı özünə götürdükdən sonra həmin şəxsdən telefonu götürərək 55 manat ödəniş etmiş və Pərvanə pulu götürərək çıxıb getmişdir. Bundan sonra o, həmin telefonu mağazada vitrinə qoyaraq satışa çıxarmış, təxminən 2-3 gün sonra, yəni 13.09.2020-ci il tarixdə 1 nəfər təxminən 30-35 yaşlarında kişi ona yaxınlaşaraq mobil telefon almaq istədiyini bildirmişdir. O, həmin şəxsə vitrində olan müxtəlif markalı mobil telefonları təqdim etmiş, həmin şəxs isə vitrində olan Təqsirləndirilən şəxs aldığı 1 ədəd “Samsung J2 Prime” markalı, sarı rəngli mobil telefonu bəyənərək həmin mobil telefonu almaq istədiyini bildirmiş, bundan sonra həmin şəxslə 75 manat qarşılığında razılaşmış və həmin şəxs 75 manat ödəniş etdikdən sonra telefonu götürərək çıxıb getmişdir. O, həmin telefonun oğurluq olmasını bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailəsilə birlikdə yaşayır. 2017-ci ildən etibarən Gəncə şəhəri, Atatürk prospekti 215A ünvanında yerləşən “Türkan Telekom” mağazasında satıcı işləyir. Gündəlik olaraq işlənmiş telefon alıb-sataraq qazanc əldə edir. 10.09.2020-ci il tarixdə saat təxminən 17 radələrində mağazada olarkən 1 nəfər balaca boy, arıq, sarışın qadın mağazaya yaxınlaşaraq pula ehtiyacı olduğunu, buna görə də, özünə məxsus “X5 8” markalı mobil telefonu satmaq istədiyini bildirmiş, o, həmin şəxsə telefona baxıb yoxladıqdan sonra alıb-ala bilməyəcəyimi bildirmişdir. Həmin qadın telefonun üzərində olduğunu bildirərək ona 1 ədəd “X5 8” markalı qara rəngli mobil telefonu təqdim etmiş o, həmin telefona baxıb yoxlamış və işlək olduğunu gördükdən sonra onu 200 manat qarşılığında ala biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşdıqdan sonra o, həmin qadından şəxsiyyətini təsdiq edəcək sənəd tələb etmiş, həmin şəxs özünə məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsini təqdim etmiş və o, həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq kağızın arxasına telefonun markasını, aldığı qiyməti, tarixi, telefonun **********99301 saylı İMEİ kodunu, Pərvanənin adını və telefon nömrəsini qeyd etmiş və Pərvanə həmin qeydlərin aşağı hissəsindən telefonu öz razılığı ilə satmasına dair imza etmişdir. O, həmin kağızı özünə götürdükdən sonra həmin şəxsə 200 manat ödəniş edərək telefonu götürmüş, Pərvanə isə pulu götürərək çıxıb getmişdir. Bundan sonra o, həmin telefonu mağazada vitrinə qoyaraq satışa çıxarmış, təxminən 10-15 gün sonra tanışı Şahid3 onun yanına gəlmiş və ondan mobil telefon almaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs aldığı 1 ədəd “X5 8” markalı, qara rəngli mobil telefonu İntiqama təklif etmiş, İntiqam həmin telefona baxıb bəyəndikdən sonra onlar 290 manat qarşılığında razılığa gəlmişlər və o, həmin mobil telefonu İntiqama satmışdır. Belə ki, üzərində Təqsirləndirilən şəxs AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, arxa hissəsində isə ondan aldığı telefonun markası, aldığı qiyməti, tarixi, telefonun **********99301 saylı İMEİ kodu, Pərvanənin adı, telefon nömrəsi, həmin qeydlərin aşağı hissəsindən telefonu öz razılığı ilə satmasına dair imzanı özündə əks etdirən kağız onda olmuş və onu istintaqa təqdim etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi hadisəyədək tanımamış, onunla hər hansı bir ədavəti, düşmənçiliyi, borcu olmamışdır. O, həmin telefonun oğurluq olmasını bilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər və ya sonrasında ona hər hansı bir əşya satmamış, hər hansı bir alış verişi olmamışdır. Təqsirləndirilən şəxs mağazaya tək gəlmiş, pulu götürüb çıxdıqdan sonra da, mağazanın çölündə hər hansı bir şəxslə görüşməsini görməmiş, ona mobil telefonu satacağını əvvəlcədən bilməmiş, bu barədə ona hər hansı bir vəd verməmiş və bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.02.2021-ci il tarixli 9/827 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, oğurluq hadisəsi zamanı oğurlanan əşyaların qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir.Belə ki, 1 ədəd “Samsung J2 Prime” markalı mobil telefon 80 manat, 1 ədəd “**********” saylı mobil nömrə 4 manat, 1 ədəd süni dəri üzlüklü “Zara” markalı orjinal olmayan qadın çantası 10 manat, 1 ədəd “**********” saylı mobil nömrə 4 manat, 1 ədəd “X5 8” markalı mobil telefonun isə 2020-ci ilin sentyabr ayında olan orta bazar qiyməti təxminən 280 manat müəyyən edilmiş, 1 ədəd süni dəri üzlüklü qadın pul qabı haqqında ətraflı məlumat olmadığından qiymətləndirilməsinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 27.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş üzrə Şahid2 istintaqa təqdim etdiyi bir tərəfində Təqsirləndirilən şəxs AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, digər “Redmi No 8..., 200.., **********99301..., Pərvanə **********..., öz razılığımla satıram imza...10.09.20...” yazıları qeyd olunmuşdur. İş üzrə Şahid1 istintaqa təqdim etdiyi bir tərəfində Təqsirləndirilən şəxs AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür , digər tərəfində “10.09.2020..., imza.., mobil **********..., İMEİ **********77389...., İMEİ **********77387...Model Samsung J2 Praym....” yazıları qeyd olunmuşdur. 08.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 1(043)-84/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. 05.06.2021-ci il tarixli axtarışda olan şəxsin tapılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.06.2021-ci il tarixdə saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 1(043)-84/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 1(043)-84/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. 16.10.2021-ci il tarixli axtarışda olan şəxsin tapılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.10.2021-ci il tarixdə saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bununla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə ittiham edan edilmişdir ona görə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin əmlaklarını oğurlayarkən onların şəxsiyyət vəsiqələrini də talamışdır. Məhkmə işin hallarını təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsi təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsinin dispozisiyasının mənasına görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət yalnız bir başa qəsdlə törədilə bilər. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə şəxs o halda cinayət məsuliyyətinə cəlb oluna bilər ki, o, cinayətin predmetinin qanuni sahibindən onun iradəsinin ziddinə olaraq qanunsuz götürülməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını (əməlin ictimai təhlükəli nəticələrini) qabaqcadan görsün və bunları arzu etsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti 281 ünvanında yerləşən “Böyük Ucuzluq” mağazasının saxlanc yerinin kilidini açıb qanunusuz olaraq içəri daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxus 1 ədəd 600 manat dəyərində “X5 8” markalı mobil telefonu, həmin mobil telefonun içərisində olan 1 ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrəni, 1 ədəd 20 manat dəyərində süni dəri üzlüklü pul qabını, 20 manat nağd pulu, AZE seriyalı 13578767 nömrəli şəxsiyyət vəsiqəsini, Zərərçəkmiş şəxs3 məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsini, Zərərçəkmiş şəxs1 Şəmsi qızına məxsus 1 ədəd 30 manat dəyərində “Zara” markalı orjinal olmayan, süni dəri üzlüklü əl çantasını, 1 ədəd 250 manat dəyərində “Samsung J2 Prime” markalı mobil telefonu, həmin mobil telefonun içərisində olan 1 ədəd 5 manat dəyərində “**********” saylı mobil nömrəni, 7 manat nağd pulu gizli olaraq talamışdır. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslər onlara məxsus şəxsiyyət vəsilələrinin digər əmlakları ilə birlikdə çantalarında olduğunu göstərmişdir. Halbuki ittiham aktında Təqsirləndirilən şəxs niyyətinin məhz yuxarıda qeyd olunan sənədlərin oğurlanmasına yönəlməsini təsdiq edən hər hansı bir sübuta istinad edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə məxsus çantanı və pul qabını gizli yolla götürsə də, iş materiallarından göründüyü kimi şəxsiyyət vəsiqələri həmin pul qabının və çantanın içərisində olduğundan, Təqsirləndirilən şəxs qeyd olunan rəsmi sənədləri oğurlamaq niyyətində olması, həmin sənədlərin götürülməsinin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yəni onun əməlində Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması (subyektiv cəhətin olması) barədə hər hansı fikir yalnız mülahizə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna dair şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən, onun həmin maddə ilə təqsirli bilinməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə həmin maddə ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sistem olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını ilk dəfə az ağır cinayət törətməsini onun islah olunmasına dəlalət edən hal hesab edib cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 04 ay 29 gün həbsdə olduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd «X5 8» markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, cinayətin törədildiyi yerin video görüntüsünü əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirsiz elan edilsin və ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 (dörd) ay 29 (iyirmi doqquz) günün bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bəarabər hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 02 (gün) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar