Məhkəmə qərarları › İş №1(043)-40/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-40/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-40/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olmaqla yaşamış, Ağdaş rayon məhkəməsinin xx xxxx 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saat 05 radələrində Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 152 ünvanında yerləşən “Şərab evi” adlı mağazaya əlində olan dəmir alətdən istifadə edərək qapısını açıb qanunsuz daxil olaraq mağazadan 1 ədəd 4,6 manat dəyərində 0,75 litrlik Qəbələ markalı çaxırı, 1 ədəd 4,70 manat dəyərində 0,75 litrlik Çinar markalı çaxırı, 1 ədədinin dəyəri 3,7 manat olan 2 ədəd 7,4 manat dəyərində 0,75 litrlik Göygöl markalı çaxırları və 1 ədəd 250 manat dəyərində HP D40 markalı noutbuk komputeri, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 266,70 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Ağdaş rayonundan Gəncə şəhərinə gəlib axşam saatlarınadək Gəncə şəhərində olmuş və həmin gün Ağdaş rayonuna gedə bilmədiyi üçün Gəncə şəhəri ərazisində gəzmişdir. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə təxminən saat 05 radələrində Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən “Şərab evi” adlanan spirtli içkilər satılan mağazanın yanından keçərkən həmin mağazaya daxil olub oradan nəsə oğurlamaq qərarına gəlmiş və üzərində olan dəmir parçası ilə mağazanın giriş qapısının kilidini açmaqla mağazaya daxil olmuşdur. Mağazada kassanın yanında olan bir ədəd “HP” markalı noutbuk komputeri və vitrinə düzülmüş 4 ədəd “Göygöl”,”Qəbələ” və “Çinar” markalı çaxırları götürüb mağazadan çıxmışdır. Həmin gecə çaxırlardan 2 ədədini içmiş, qalan 2 ədəd “Qəbələ” və “Çinar” markalı çaxırları, bir ədəd noutbuku özü ilə götürmüşdür. Bir gün sonra günorta saatlarında Kəpəz rayon polis bölməsinin əməkdaşları onu Gəncə şəhəri ərazisində müəyyən edib polis bölməsinə gətirmişlər. 2 ədəd “Qəbələ” və “Çinar” markalı çaxırları və bir ədəd noutbuku polis bölməsində polis əməkdaşlarına təqdim etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxs ifadəsində bildirmişdir ki, Gəncə şəhəri N.Nərimanov prospekti 152 nömrəli ünvanda yerləşən “Şərab evi” adlanan spirtli içkilər satılan mağazanı icarəyə götürüb işlətmiş, həmin mağazada qardaşı Şahid da satıcı kimi işləsə də, mağazada olan əmlak ona məxsus olmuş, gündəlik olaraq həmin mağazanı saat 09 radələrində açıb gecə saat 24 radələrində bağlamışdır. xx xxxxxx 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixə keçən gecə saat 05 radələrində tanımadığı bir nəfər əllərinə əlcək taxmış şəxs onun icarəyə götürüb işlətdiyi Gəncə şəhəri N.Nərimanov prospekti 152 nömrəli ünvanda yerləşən “Şərab evi” adlanan spirtli içkilər satılan mağazasının giriş qapısının kilidinə dəmir alətlə təsir edib mağazaya qanunsuz daxil olmaqla oradan bir ədəd 300 manat dəyərində HP markalı qara rəngli noutbuk kompyuteri, hər biri 5 manat olan cəmi dəyəri 20 manat təşkil edən 2 ədəd “Göygöl”, 1 ədəd Qəbələ və 1 ədəd Çinar markalı 0,75 litrlik çaxırları gizli yolla oğurlanmışdır. O, oğurluq barədə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermiş və daha sonra Kəpəz rayon polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi ilə əlaqədar ona 320 manat maddi ziyan dəymiş, o, ilk öncə 4 ədəd Göygöl markalı çaxırların oğurlanmasını zənn etmiş, sonra çaxırların siyahısını nəzərdən keçirən zaman 2 ədəd Göygöl, 1 ədəd Çinar və 1 ədəd Qəbələ markalı çaxırların oğurlanması ona məlum olmuşdur. Kameranın yaddaşında baş vermiş nasazlıq səbəbindən videogörüntü silinmiş, buna görə də təqdim edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Gəncə şəhəri N.Nərimanov prospekti 152 nömrəli ünvanda yerləşən “Şərab evi” adlanan spirtli içkilər satılan mağazanı qardaşı X3 icarəyə götürüb işlətmişdir. Həmin mağazada o da satıcı kimi işləsə də, mağazada olan əmlak qardaşı Azərə məxsus olmuşdur. xx xxxxxx 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixə keçən gecə saat 05 radələrində tanımadığı bir nəfər şəxs onun işlədiyi “Şərab evi” spirtli içkilər satılan mağazasının giriş qapısının kilidini dəmir alətlə açaraq mağazaya qanunsuz daxil olmuş və oradan bir ədəd HP markalı qara rəngli noutbuk kompyuteri, 2 ədəd “Göygöl”, 1 ədəd Qəbələ və 1 ədəd Çinar markalı 0,75 litrlik çaxırları gizli yolla oğurlanmışdır. Oğurluq barədə xx xxxxxx 2020-ci il tarixdə qardaşı Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermiş, qardaşının vaxtı olmadığı üçün ilk öncə o, daha sonra isə qardaşı Azər Kəpəz rayon polis bölməsinə ərizə ilə müraciət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əşya və predmetlərin təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şərab evi mağazasından oğurladığı 1 ədəd 0,75 litrlik Qəbələ markalı çaxırı, 1 ədəd 0,75 litrlik Çinar markalı çaxırı və 1 ədəd HP markalı noutbuku təqdim etmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokollardan görünür ki, əşyaların tanınması istintaq hərəkətləri zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs 1 nömrə altında olan 1 HP markalı noutbuku göstərərək həmin noutbukun ona məxsus olmasını və Şərab evi mağazasından oğurlanmasını, həmin noutbuka heç bir zərər yetirilmədiyini, eyni zamanda 1 ədəd 0,75 litrlik Qəbələ markalı çaxırı, 1 ədəd 0,75 litrlik Çinar markalı çaxırı göstərərək həmin çaxırların ona məxsus olmasını və Şərab evi mağazasından oğurlanmasını, həmin çaxırlara heç bir zərər yetirilmədiyini və açılmadığını bildirmişdir. Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməliyyat tapşırığına xx xxxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, N.Nərimanov pr 152 ünvanında yerləşən Şərab evi mağazasından oğurlanmış 2 ədəd Göygöl markalı çaxırlar müəyyən edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs digər cinayətlərdə iştirakının olması və hadisənin şahidi olmuş şəxslərin müəyyən edilməsi istiqamətində hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 528 nömrəli rəyində göstərilmişdir ki, 2020-ci ilin avqust ayına 1 ədəd HP D40 markalı notbuk komputer 250 manat, 1 ədəd 0,75 litr tutumlu Göygöl markalı çaxır 3,7 manat, 1 ədəd 0,75 litr tutumlu Çinar markalı çaxır 4,70 manat, 1 ədəd 0,75 litr tutumlu Qəbələ markalı çaxır 4,6 manat dəyərindədir. “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd 0,75 litrlik Qəbələ markalı çaxır, 1 ədəd 0,75 litrlik Çinar markalı çaxır və 1 ədəd HP markalı noutbuk cinayət işi üzrə maddi sübut kimi kimi tanınmışdır. xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd 0,75 litrlik Qəbələ markalı çaxır, 1 ədəd 0,75 litrlik Çinar markalı çaxır və 1 ədəd HP markalı noutbuk zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs saxlanması üçün təhvil verilmişdir. Ağdaş rayon məhkəməsinin 1(014)-31/2020 saylı, xx xxxx 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 09 ay 16 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 18.4.4cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmamışdır. Ağdaş rayon Məhkəməsinin 1(014)-28/2021 saylı, xx xxxx 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Ağdaş rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 1 il 9 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 6 ay 3 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanaraq, cəmi 9 ay 2 gün, hazırki hökmlə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Şıxlı kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxx 2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarının 19-cu bəndində qeyd olunur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla cinayət əməlini törətmişdir. Belə ki, zərər çəkmiş şəxsin istifadəsində olan mağazanın kənar şəxslərin girişinin məhdudlaşdırılması üçün qapısı, pəncələri vardır. Cinayət hadisəsi gecə saatlarında baş verdiyindən mağazanın qapısı və pəncərəsi bağlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs mağazanın qapısına dəmir alətlə müdaxilə edərək qapını açıb mağazaya qanunsuz daxil olmuş və oradan zərər çəkmiş şəxsə məxsus dörd ədəd içkini və bir ədəd noutbuku oğurlamışdır. Belə vəziyyətdə həmin mağaza saxlanc yeri hesab edildiyindən, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq əməlini törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də Ağdaş rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə baxmayaraq, cəza çəkdiyi müddətdə yenidən oğurluq cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəza CM-nin 66.5ci maddəsinə əsasən Ağdaş rayon Məhkəməsinin 1(014)-28/2021 saylı, xx xxxx 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, onun həbs yerində saxlanıldığı iki gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan – 1 ədəd 0,75 litrlik Qəbələ markalı çaxır, 1 ədəd 0,75 litrlik Çinar markalı çaxır və 1 ədəd HP markalı noutbukun zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən həmin cəza Ağdaş rayon məhkəməsinin 1(014)-28/2021 saylı, xx xxxx 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübutlar - 1 ədəd 0,75 litrlik Qəbələ markalı çaxır, 1 ədəd 0,75 litrlik Çinar markalı çaxır və 1 ədəd HP markalı noutbukun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar