Məhkəmə qərarları › İş №1(043)-42/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-42/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-42/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş, orta təhsilli, evli, məhkum olunmamış, Kəlbəcər rayonu, Şaplar kəndində qeydiyyatda olmaqla, Yevlax rayonu, Meyvəli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 2020-ci il avqust ayının ortalarında Türkiyə Respublikasının Qaziantep şəhərində yerləşən “X3-Mehmet Şan“ şirkətindən əldə etdiyi 5340 cüt kişi, 71180 cüt qadın və 2000 cüt uşaq üçün tərlik yükünü idarə etdiyi “MAN TGA” markalı 99UX932/99ZD932 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə xx xxxxxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə təyinatı üzrə rəsmiləşdirilməsi üçün Gəncə şəhərinə apararaq gömrük orqanına təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli, **********0143 saylı gömrük bəyannaməsi ilə həmin mallardan bir cütünün qiyməti 2,20 manat olmaqla, cəmi 4400 manat dəyərində 2000 cüt uşaq üçün tərlikləri bəyan etməyərək, həmçinin bir cütünün qiyməti 3,50 manat olmaqla, cəmi 59500 manat dəyərində 17000 cüt qadın üçün tərliklər yükünü düzgün bəyan etməyərək, ümumilikdə xeyli miqdar təşkil edən 63900 manat dəyərində malları Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə və düzgün bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi yük avtomobili ilə Türkiyə- Azərbaycan marşrutu üzrə yük daşımaları ilə məşğul olur. Həmçinin sahibkarlıq fəaliyyəti ilə də məşğuldur. 2020-ci ilin ortalarında Türkiyə Respublikasının Gaziantep şəhərində yerləşən və tərlik istehsalı ilə məşğul olan “X3-Mehmet Şan” şirkəti ilə Azərbaycan Respublikasına tərlik idxalı barədə razılaşmış və müxtəlif vaxtlarda həmin şirkətdən tərlik yüklərini Azərbaycan Respublikasına gətirmişdir. Həmin malları satdıqdan sonra şirkətə olan borcunu ödəmişdir. Bu müddət ərzində gömrüklə bağlı heç bir problemi olmamış, heç bir qanunsuz hərəkət etməmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə idarə etdiyi yük avtomobili ilə tərlik yüklərini Gaziantep şəhərindən Azərbaycan Respublikasına gətirmək üçün Türkiyəyə getmişdir. Getməmişdən əvvəl “X3-Mehmet Şan” şirkətinin müdiri Mehmet Şanla telefonla əlaqə saxlayaraq ondan 5340 cüt kişi üçün, 54180 cüt isə qadın üçün tərlik sifariş etmişdir. Gaziantep şəhərində olarkən Mehmet Şanla yemək zamanı o neçə vaxtdır iş gördüklərini əsas gətirərək sifariş etdiyi tərliklərdən əlavə 2000 cüt uşaq üçün və 17000 cüt qadın üçün tərlik hədiyyə etmək istədiyini bildirmişdir. Təklif edilən hədiyyəyə yox deyə bilməmiş və onunla razılaşmışdır. Daha sonra 350 ədəd çuvalda olan tərliklər idarə etdiyi yük avtomobilinə yığılmış və həmin yükə dair sənədləri şirkətdən almışdır. Sənədlərə baxan zaman hədiyyə olunan tərliklər barədə invoysda məlumatların qeyd olunmadığını görmüşdür. Bu barədə həmin şirkətin nümayəndəsinə məlumat verdikdə həmin tərliklər hədiyyə olduğu üçün sənədlərdə qeyd olunmadığı ona bildirilmişdir. Daha sonra yük avtomobilini idarə edərək Gürcüstandan tranzit keçməklə xx.xx.2020-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan ölkə ərazisinə daxil olmuşdur. Yük avtomobilini idarə edərək Gəncə şəhərində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətində saxlamışdır. Yükə dair sənədləri qardaşı Şahid5 vermişdir ki, broker şirkəti ilə danışsın və gətirdiyi yükə dair gömrük bəyannaməsini tərtib etdirsin. Qardaşına sənədləri verərkən invoysda və digər mal müşayiət sənədlərində göstərilməyən hədiyyə edilmiş tərliklər barədə heç bir məlumat verməmişdir. Bəyannamə tərtib edilib müvafiq ödənişlər ödənildikdən sonra avtomobildə olan tərlik yükü gömrük əməkdaşları tərəfindən açılaraq mallara gömrük baxışı keçirilmişdir. Bu zaman türk şirkəti tərəfindən hədiyyə olaraq verilmiş və gömrük bəyannaməsində göstərilməyən 2000 cüt uşaq və 17000 cüt qadın üçün tərlik aşkar olunmuşdur. Həmin malları pul müqabilində almadığı üçün onları gömrük bəyannaməsində göstərərək gömrük ödənişi ödəməyə ehtiyac olmadığını, həmçinin gömrük əməkdaşı yükə baxış keçirərəkən hədiyyə olunmuş mallara fikir verməyəcəyini və onları görməyəcəyini düşünmüşdür. Törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində cərimə növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadəsində bildirdi ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətində qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilində olan mallara baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin içərisində çuvallarda tərliklər yükü olduğu müəyyən edilmişdir. Daha sonra yüklər sayılarkən sənədlərdə göstərilməyən 2000 cüt uşaq və 17000 cüt qadın üçün tərlik yükü aşkar edilmişdir. Qardaşı Təqsirləndirilən şəxs məxsus yükdə olan bəyan edilməmiş mallardan onun məlumatı olmamışdır. Gömrük rəsmiləşdirilməsi üçün qardaşından aldığı etibarnamə əsasında həmin yüklərə dair gömrük orqanında müəyyən prosedur hərəkətləri etsə də, bəyan edilməmiş mallardan xəbərsiz olmuşdur. Mallar aşkar edildikdən sonra qardaşı bu məsələ ilə bağlı həqiqəti danışaraq demişdir ki, bəyan edilməməmiş malları gömrük ödənişlərini ödəməmək üçün bəyan etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi, Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində işləyir. Dövlət Gömrük Komitəsi, Əməliyyat-İstintaq Baş İdarəsinin, Əməliyyat İdarəsindən daxil olan məlumat əsasında ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Təqsirləndirilən şəxs ünvanına Türkiyə Respublikası Gaziantep şəhərində yerləşən “X3–Mehmet Şan” şirkəti tərəfindən “MAN TGA” markalı yük nəqliyyat vasitəsi ilə göndərilən xx.xx.2020-cİ il tarixli gömrük bəyannaməsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan edilən tərlik yükünə gömrük nəzarəti zamanı hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı bəyannamədə göstərilməyən 2000 cüt uşaq üçün və 17000 cüt qadın üçün tərlik yükü aşkar edilmişdir. Aşkar olunan mallarla bağlı protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat təqribən 10 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının yaxınlığında yerləşən marketə gedərkən sonradan adını bildiyi Elşad adlı gömrük işçisi yaxınlaşaraq gömrük nəzarəti altında Qərb Ərazi Baş Gömrük İdarəsinin İnzibati binasının həyətinə gətirilmiş “MAN” markalı yük nəqliyyat vasitəsində olan yükə baxış keçiriləcəyini və həmin baxışda iki nəfərin hal şahidi qismində şəxsin iştirak etməli olduğunu demişdir. Bu məsələdə hal şahidi olmağa razılıq vermişdir. Daha sonra gömrük əməkdaşı marketə gedən Elxan adlı şəxsə də yaxınlaşaraq onun da hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Beləliklə gömrük əməkdaşları və mal sahiblərinin iştirakları ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətində olan yük avtomobilində olan mallara baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin içərisində çuvallarda tərliklər yükü olduğu müəyyən edilmişdir. Daha sonra yüklər sayılarkən mal sahibinin gömrük orqanına təqdim etdiyi sənədlərdə göstərilməyən 2000 cüt uşaq üçün və 17000 cüt qadın üçün tərlik yükü aşkar edilmişdir. Aşkar edilən mallar barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə verərək eyni xüsusatları göstərmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, **********0143 saylı gömrük bəyannaməsindən görünür ki, Təqsirləndirilən şəxs “MAN TGA” markalı 99UX932/99ZD932 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Türkiyə Respublikasından 5340 cüt kişi üçün, 54180 cüt qadın üçün tərliklər gətirdiyini gömrük orqanına bəyan etmişdir. İş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsində tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması və yükə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, MAN TGA” markalı, 99UX932/99ZD932 qeydiyyat nömrəli yük nəqliyyat vasitəsində olan yükə hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş, baxış zamanı xx.xx.2020-ci il tarixli, **********0143 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 37 çuval - 5340 cüt kişi, 313 çuval – 54180 cüt qadın üçün tərlik kimi gömrük orqanına bəyan edilmiş, lakin yoxlama zamanı bəyannamədə göstərilənlərdən əlavə, bəyan edilməmiş 2000 cüt uşaq, 17000 cüt isə qadın üçün tərliklər yükü aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/3195 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 adda (hər birinin dəyəri 2,20 manat olan 2000 ədəd uşaq üçün, hər birinin dəyəri 3,50 manat olan 17000 ədəd qadın üçün) tərliklərin ümumilikdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 63900 manat müəyyən edilir. İş materiallarında olan “maddi sübutun tanınması və saxlanca qəbul edilməsi” haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə cinayətin predmeti olan 2000 ədəd uşaq üçün, 17000 ədəd qadın üçün tərlik yükü maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin saxlanc anbarında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-cİ il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan qaçaqmalçılıq cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyi, istintaq hərəkətinin protokolu və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxs X1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran CM-in 61-ci maddəsində nəzərdə tutulan halları isə müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həmdə məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Qeyd olunanları, eləcə də Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının aşağı həddə təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Bundan başqa, məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, ibtidai istintaq zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbi irəli sürərək, cinayət nəticəsində dövlətə vurulmuş 14297,29 manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş qaydada və həcmdə ödənilməli olan gömrük ödənişləri dövlət büdcəsi vəsaiti hesab edilir. Təqsirləndirilən şəxs gömrük sərhəddindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirdiyi orta bazar qiyməti 63900 manat olan tərlik yükü üçün ödənilməli olan gömrük ödənişləri ümumilikdə 14297,29 manat təşkil edir. Məhkəmə hesab edir ki, mülki iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirdiyi orta bazar qiyməti 63900 manat təşkil edən tərliklər yükü üçün üçün ödənilməli olan gömrük ödənişləri gömrük yığımları üzrə - 240,00 manat, idxal gömrük rüsumu üzrə - 5873,40 manat, ƏDV üzrə - 8148,49 manat, elektron gömrük xidmət haqqı üzrə - 30 manat, elektron gömrük xidmət üzrə ƏDV – 5,40 manat, ümumilikdə 14297,29 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, 14297,29 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, iş materiallarına əlavə edilmiş “X3” şirkəti tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə 99UX932/99ZD932 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycana göndərilən malların içərisində olan 17000 cüt qadın, 2000 cüt uşaq tərliyi firma tərəfindən yüklü miqdarda alqı-satqı olduğu üçün qarşılıqsız olaraq hədiyyə olunmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarının 26-cı bəndində göstərilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməllərin (məsələn, talama cinayətlərinin) törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul, qiymətli kağızlar və digər əmlak (dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) eyni zamanda qaçaqmalçılığın predmeti hesab edildikdə həmin əmlak CPM-nin 132.0.3 və 132.0.4-cü maddələrinə əsasən sahiblərinə, mülkiyyətçilərinə və hüquqi varislərinə qaytarılmalı, belə şəxslər müəyyən edilmədikdə isə dövlət nəfinə müsadirə edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin saxlanc anbarında saxlanılan 2000 ədəd uşaq, 17000 ədəd qadın üçün tərlik yükü hökm qanuni qüvvəyə mindikdən və müvafiq qaydada gömrük ödənişləri ödənildikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayətin predmetinin dəyəri olan 63900 manat pul vəsaitinin qırx faizi miqdarında, yəni 25560 (iyirmi beş min beş yüz altmış) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 14297,29 manat (on dörd min iki yüz doxsan yeddi manat iyirmi doqquz qəpik) pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. (Dövlət Xəzinadarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Qərb Ərazi Baş Gömrük İdarəsi, hesab AZ71CTRE********************, VÖEN **********) İş üzrə maddi sübut qismində tanınmış və Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin saxlanc anbarında saxlanılan 2000 ədəd uşaq, 17000 ədəd qadın üçün tərlik yükü hökm qanuni qüvvəyə mindikdən və müvafiq qaydada gömrük ödənişləri ödənildikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar