Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-43/2022 17.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 17 iyun 2022ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, xx.xx.1980-ci ildə Ermənistan Respublikasının Meqri rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(043)-24/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə həbs qətimkan tədbiri seçilməklə, hazırda Ədliyyə Nazirliyi PX-in 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 23 küçədə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb evin qapısını sındırmaqla qanunsuz daxil olaraq evin yataq otağındakı dolabdan 560 manat pulu, 1 ədəd Türkiyə Respublikası istehsalı olan 595 əyyarlı zəncirvari formalı 10 qram çəkidə 70 manat dəyərində olan bilərziyi və 1 ədəd Türkiyə Respublikası istehsalı olan 585 əyyarlı yarpaq formalı 15 qram çəkidə 1050 manat dəyərində boyunbağını, ümumilikdə Zərərçəkmiş şəxs2 2310 manat məbləğində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 23 fevral 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Uşinski küçəsi, 5 saylı binanın qarşısında yerləşən qarajın qıfılını sındırmaqla qanunsuz daxil olaraq oradan mis tərkibli, 4x6 ölçülü 10000 metrlik 60000 manat dəyərində elektirik naqilini gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 21 mart 2021-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 24-cü küçədə yerləşən fərdi yaşayış evinə evin yataq otağının pəncərəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq evin qonaq otağından 01 ədəd Çin Xalq Respublikası istehsalı, “Samsung” markalı “7 SERİES İV730 CLASS” modelli, 266 sm ekran ölçülü televizoru, ümumilikdə Zərərçəkmiş şəxs4nın 200 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 20 avqust 2021-ci il tarixdə gecə saat 02 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsi 20-ci küçədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin hasarından aşaraq evin həyətinə qanunsuz daxil olmaqla oradan 1 ədəd Çin Xalq Respublikası istehsalı olan, “Termet” markalı 24-lük kombi istilik aparatını və 54 seksiya isitmə bateriyasını, ümumilikdə Zərərçəkmiş şəxs1 2000 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, şahid ifadəsini,istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və şahid qismində dindirilmiş şəxlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o sözügedən oğurluqları etməmişdir. Hadisə baş verən zaman Bakı şəhərində olmuşdur. Belə ki, oğurluq etdiyi üçün inzibati qaydada tutulmuşdur. İnzibati qaydada cəzasını çəkib çıxdıqdan sonra polis əməkdaşları onu polis idarəsinə gətirmişlər və onu orada döyərək sözügedən əməlləri onun törətdiyini söyləmişlər. Daha sonra müstəntiq onu aparmış hadisə yerlərində şəkilləri çəkilmişdir. Onun sözügedən oğurluq hadisələrinin heç biri ilə əlaqəsi yoxdur. Təqsirsiz olduğunu göstərərək barəsində bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evində yaşayır. xx.xx.2002-ci il tarixdə səhər saat 08 radələrində yaşadığı evi tərk edərək işə getmişdir. Qızı isə Goranboy rayonunda nənəsigildə olmuşdur. O, axşam saat 21 radələrində yaşadığı evə qayıtmışdır. O, qapını açmaq istəyən zaman qapının arxadan bağlandığını görmüşdür. Buna görə də qonşudan pilləkən alaraq divara söykənmiş və evin hasarının üzərinə çıxmışdır. Evin çardağından evin içərisinə tullanmışdır. Evin giriş qapısı arxadan qıfıllanmış, evin içəri otağının qapısının qırılmasını görmüşdür. Evin yarımtikili otağında divara pilləkən söykənilmiş halda olmuş, otağa girən zaman paltarların dağınıq olmasını görmüşdür. O, paltar şkafının içərisində pulları və qızıl-zinət əşyalarını saxladığı dolaba baxmışdır. O, pulları sellofan torbanın içərisində saxlamışdır. Qızıl-zinət əşyaları da sellofan torbada pulun yanında olmuşdur. Ona məxsus 560 manat pul, 1 ədəd 700 manat dəyərində 585 əuyarlı təxminən 10 qram çəkidə türk qızılından hazırlanmış zəncirvari formalı bilərziyi, 1 ədəd 1050 manat dəyərində 585 əyarlı təxminən 15 qram çəkidə türk qızılından hazırlanmış yarpaq formalı boyunbağının oğurlandığını görmüşdür. O dərhal oğurluq olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxsi tanımamışdır və görməmişdir. Evindən oğurluq hadisəsi olandan sonra işləmək üçün Türkiyə Respublikasına getmişdir. Anası ilə tez-tez əlaqə saxlamış, anası ona demişdir ki, polislər oğurluq edən şəxsi tutub, evi göstərərkən oğurluq edən şəxs evə necə daxil olduğunu olduğu kimi polis əməkdaşlarına göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirərək bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır, lakin Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 20-ci küçədə fərdi yaşayış evi vardır. Hərdən bir həmin fərdi yaşayış evinə baş çəkir. xx.xx.2021-ci il tarixdə həmin fərdi yaşayış evinin həyətində olan ağacları sulamaq üçün getmiş və evin darvazasını açarla açmaq istəyərkən darvazanı açmaq mümkün olmamışdır. O atası İlqarla əlaqə saxlayaraq ona səhv açar verib vermədiyini soruşduqda atası ona bildirmişdir ki, həmin açar evin darvazasının açarıdır. Atası İlqar ona evə getmədiyini bildirmişdir. Bundan sonra həyətə çıxmış və mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. Mətbəxə daxil olduqda kombi aparatının yerində olmadığını görmüşdür. Oğurluqla bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. Sonradan onun evindən oğurlanmış kombi aparatının üz qapağı istintaq zamanı təqdim olunduqda məlum olmuşdur ki, onun evindən oğurluq edən şəxs Mayıl adlı şəxs olmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Uşinski küçəsində yerləşən 50 saylı binanın 14 nömrəli mənzilində yaşayır. Təmir-tikinti işləri ilə məşğul olduğuna görə özünə məxsus alətləri yaşadığı mənzildə saxlaya bilmədiyi üçün dəmir materialdan olan qaraj almışdır. Həmin qarajı yaşadığı binanın qarşısında olan boş sahəyə yerləşdirmişdir. Həmin vaxtdan bu günə qədər yaşadığı evdə olan artıq əşyaları və təmir işlərində istifadə olunan alətləri həmin qaraja yığmışdır. Qarajında 10000 metr uzunluğunda 4x6 mm-lik elektirik naqili olmuşdur. Qarajın qapısını daim qıfılla bağlamışdır. xx.xx.2021-ci il tarixdə yaşadığı evdə təmir işləri ilə məşğul olarkən həyat yoldaşı yaxınlıqda olan marketə getmək üçün evdən çıxmışdır. Polisdə aparılan araşdırma zamanı qarajından oğurlanmış naqilin kəsik hissəsi tanınma üçün ona təqdim olunmuş və həmin naqil kəsiyinin onun qarajından oğurlanmış naqil olduğu müəyyən olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, ona məxsus oğurlanmış naqilin kəsik hissəsi Mayıl adlı şəxs tərəfindən istintaqa təqdim olunmuşdur. Ona dəymiş zərərin ödənilmədiyini göstərərək şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində özünə məxsus fərdi yaşayış evində yaşayır. 20 mart 2021-ci il tarixdə günortadan sonra onun yaxın qohumu rəhmətə getdiyi üçün ailəlikcə hüzr yerinə getmişlər. 22 mart 2021-ci il tarixdə yas yerindən evlərinə qayıdanda görmüşdür ki, evin zal hissəsindən 2900 manata aldığı televizor oğurlanmışdır. Baxış keçirdikdə müəyyən etmişdir ki, evin arxa tərəf hasarından çıxılmaqla yataq otağının pəncərəsindən evə daxil olunmuşdur. Onlar evə baxış keçirərkən evdən başqa hər hansı bir əşyanın oğurlanmadığı müəyyən olunmuşdur. Bununla bağlı Gəncə şəhər BPİ-nə şikayət etmişdir. Ona dəymiş zərərin ödənilmədiyini göstərərk şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsində yaşayır. 2018-ci il tarixdəndən Gəncə şəhəri, “Musayevin” qarajının yaxınlığında yerləşən metal qəbulu sexində anbardar işləyir. Təqsirləndirilən şəxs işlədiyi metal qəbulu sexinə metal verərkən görmüşdür. Belə ki , Təqsirləndirilən şəxs iki dəfə onlara metal satmışdır. Birinci dəfə alüminium qarşıqda 500 manat dəyərində mis satmış, ikinci dəfə isə 2021-ci ilin fevral ayında 320 kiloqram mis satmışdır. Hər dəfə metalı aldıqda onun şəxsiyyt vəsiqəsinə baxış keçirilmiş və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi metal qəbulu kitabında qeyd edilmişdir. Həmin malların oğurluq olması haqqında məlumatları olmamışdır. Sonradan polis əməkdaşları gələrkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs satdığı 320 kq mis oğurluq olmuşdur. Polislər gələndə artıq Təqsirləndirilən şəxs satdığı həmin mis metal Bakıya əritməyə göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qızıdır. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. Belə ki, qızına məxus evdən 2020-ci il tarixində pul və qızıl-zinət əşyaları oğurlanmışdır. Bununla əlaqədar polisə müraciət etmişdirlər. Daha sonra hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs oğurluğu necə etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs həmin vaxt saqqalı olmuşdur. Belə ki, o, hasardan aşıb evin həyətinə daxil olduğunu və təpiklə qapını sındıraraq evə daxil olduğunu bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiəçisi- Müdafiəçi vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Belə ki, 2021-ci il oktyabr ayının 11-də axşam saat 9-10 radələrində polis əməkdaşları onların qapısını döymüşdür. Həmin ərəfədə Mayıl yataqda yatmışdır. Polis əməkdaşları içəri daxil olduqdan sonra Mayılı özləri ilə birgə polis idarəsinə aparmışlar. Onların evindən kabel, kombi və.s aşkar olunmamışdır. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri BPİ-nin 2-ci polis şöbəsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. Belə ki, son zaman xidmət həyata keçirdiklər ərazidə metal, inşaat və.s mallarının oğurlanması ilə bağlı məlumat daxil olmuşdur. Bununla əlaqədar metal qəbul edib alan yerlərə gedib həmin metalları satan şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini götüməklərini bildirmişlər. Musayevin qarajı adlanan yerdə metal satan bir şəxs Təqsirləndirilən şəxs onların diqqətini cəlb etmişdir. Daha sonra onun evinə getmişlər. Mayıl bu zaman onlara etdiyi oğurluqları etiraf emişdir. Evdə olan kombinin üz qabını, kabel kəsiyini onlara təqdim etmişdir. Daha sonra hadisə yerinə baxışla əlaqədar olaraq Təqsirləndirilən şəxs nəyi hardan və necə oğurladığını göstərmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri BPİ-nin 2-ci polis şöbəsində baş əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Belə ki, xidmət etdiyi ərazidən kabel oğurluğu ilə bağlı məlumat daxil olmuşdur.Bununla bağlı metal qəbul edən yerlərə şəxsiyyət vəsiqəsi olmadan metal qəbul etməmələrini bildirmişlər. Daha sonra Musayevin qarajı adlanan yerdə 300 kq mis alındığı məlum olmuşdur. Həmin misin Təqsirləndirilən şəxs satdığı məlum olmuşdur. Təqsirləndirilən şəxs evinə getmişlər o, həyətdə dəmirlərin altında gizlətdiyi kabel kəsiyini və kombi qapağını onlara təqdim etmişdir. Daha sonra televizor, qızıl-zinət oğurladığını da onlara etiraf etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 ay 27 gün azadlıqdan məhrumetmə və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 224 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarı ilə cəzası 01 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 01 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 9/8327 nömrəli rəyindən görünür ki, 2 adda qızıl-zinət əşyalarının 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1750,0 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 9/8326 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən ticarət məntəqələrindən, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, anoloji malların markasına, modelinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 metr mis tərkibli, 4x6 ölçülü kabelin orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2,50 manat 1000 metri 2500,0 (100000 metr x 2,5 manat) manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 98329 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən ticarət məntəqələrindən, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, anoloji malların markasına, modelinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 ədəd Çin Xalq Respublikası istehsalı, “Samsung” markalı “7 SERİES İU 730 CLASS” modelli, 266 sm ekran ölçülü televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1400,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 9/8359 nömrəli rəyindən görünür ki, Çin Xalq Respublikası istesalı olan «Termet» markalı 24-lük kombi istilik aparatı və 54 seksiya isitmə batareyasıının orta istismar müddəti və orta istimar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 88200,0 manat müəyyən edilir. Metal qəbulu kitabına baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən mis və alüminium satılmış və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinə baxış keçirilmiş baxış zamanı metal qəbulu kitabında olan şəxsiyyət vəsiqəsinin seriya nömrəsi şəxsiyyət vəsiqəsində olan seriya nömrəsi ilə eyni olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki işgəncəyə və təzyiqə məruz qalması barədə qeyd etdiyi məlumat əsasında cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Gəncə şəhəri BPİ-in MSY-in tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsnin qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı xəsarəti olmamışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(043)-24/2020 saylı hökmündən görünü ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(043)-217/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 06 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(043)-236 /2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni 19 fevral 2022-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-36/2022 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(043)- 43/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, habelə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekpert rəyləri, baxış protokolu, maddi sübut və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli «ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməsinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəl törətdiyi eyni xarakterli cinayətə görə təyin olunmuş cəza ilə islah olunmayaraq yenidən eyni xarakterli cinayət törətməsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiqini qanuni əsaslı və ədalətli sayır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə etilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş Zərərçəkmiş şəxs1 məxsus «Termet» markalı kombi aparatının üz qapağı və Zərərçəkmiş şəxs3 məxsus olan 4x6 ölçülü, 50 sm-lik kabel sahiblərinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin edilmiş cəzasının əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş Zərərçəkmiş şəxs1 məxsus «Termet» markalı kombi aparatının üz qapağı və Zərərçəkmiş şəxs3 məxsus olan 4x6 ölçülü, 500 sm-lik kabel sahiblərinə qaytarılsın. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 14422595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 21000005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************88501 nömrəli hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-43/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-43/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver