Məhkəmə qərarları › İş №1(043)-45/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-45/2022

04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-45/2022 04.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 04.04.2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, himayəsində 1 azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs oğlu məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,899 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 sentyabr 2021-ci il tarixdə, saat 19:45də Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Buta” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilmiş, həmin ünvanda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,899 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadəsini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 11 sentyabr 2021-ci il tarixdə saat 19:45-də Gəncə şəhəri Zülfü Hacıyev küçəsində yerləşən «Buta Market»-nin yaxınlığında saxlanılıb 11.09.2021 -ci il tarixdə saat 20-05-də Gəncə şəhər Kəpəz rayon polis idarəsinə gətirilmiş üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli parça idman şalvarının cibindən 13 manat nəğd pul, gəzdirdiyi selofan bükülüsündə narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin narkotik vasitəni 10 sentyabr 2021-ci il tarixdə zibil qabının yanından tapmışdır.Narkotik vasitəni özü istifadə etməsi üçün üzərində gəzdirmişdir. Hərəkətindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 11 sentyabr 2021-ci il tarixdə saat 19:45-də radələrində ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır.Daha sonra həmin məlumat əsasında Kəpəz RPİ-nin-nin CAŞ-ın əməkdaşı olan Şahid2 ilə birlikdə saat 19:45 radələrində Gəncə şəhər Z.Hacıyev küçəsində yerləşən “Buta” marketin yaxınlığında Təqsirləndirilən şəxs olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Kəpəz RPİ-nə dəvət etmişdirlər. Kəpəz RPİ-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça idman şalvarın sol yan cibindən 13 manat nəğd pul, həmin şalvarın sağ yan cibindən 1 ədəd şəffaf siqaret sellofon bükülüsü aşkar edilmişdir. Həmin bükülüyə baxanda içərisində qəhvəyi rəngli kristal halında narkotik vasitə olan heroinə oxşar kütlə müəyyən edilmişdir. Həmin 1 ədəd şəffaf siqaret sellofanına bükülmüş kütlə elektron tərəzidə çəkilmiş və narkotik vasitəyə oxşar kütlənin sellofan ilə birlikdə çəkisi 1 qram olmaqla qablaşdırılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni özü istifadə etməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan:- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 12.09.2021-ci il tarixli, 16/946 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə..” sözlər olan və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellafon bükümdə, təmiz çəkisi 0,899 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 05.11.2021-ci il tarixli, 1346 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi şəxsinin 19.01.2022-ci il tarixli, 02 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Paranoid Şizofreniya” xəstəliyi gedişində davamlı remissiya vəzyyətində olduğundan o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrin təsiri altına düşmür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 10.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında 11.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında 13.09.2021-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs 13.09.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 16.10.2021-ci il tarixli qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «polisin nəzarəti altına vermə»qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə şəhər Kəpəz rayon Evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs oğlu məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,899 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 sentyabr 2021-ci il tarixdə, saat 19:45də Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Buta” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilmiş, həmin ünvanda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,899 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağı olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.09.2021-ci il tarixdən 13.09.2021-ci il tarixədək tutulduğu 2 (iki) gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və ona məcburi müalicə təyin olunmalıdır. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarında saxlanca verilmiş tədqiqata sərf olunduqdan sonra təmiz çəkisi 0,849 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış zamanı video görüntünü əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyata alınsın və barəsində məcburi mülaicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə » qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlama anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,849 qram çəkidə olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış zamanı video görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 ( otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmün icrası Gəncə Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar