Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-46/2020 19.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Kəlbəcər rayonu, Çərəkdar kəndində qeydiyyatda olan, Samux rayonu, İnstitut qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə, saat 17:45-dən 19:50-dək olan müddət ərzində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Qızıl saray” adlanan restoranın yaxınlığındakı dayanacaqdan Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli, 2010-cu il istehsalı olan, **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı, 7000 manat dəyərində olan VAZ 21074 markalı avtomobili və həmin avtomobilin salon hissəsində Zərərçəkmiş şəxs2 məxsus gödəkçənin sağ-yan cibində olmuş 4000 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2019-cu il tarixdə, saat 20 radələrindən saat 21:45-dək olan müddət ərzində Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən “Soyuq bulaq” adlanan istirahət mərkəzinin yaxınlığındakı dayanacaqdan Zərərçəkmiş şəxs1 məxsus göy rəngli, 2005-ci il istehsalı olan, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı, 5000 manat dəyərində olan VAZ 21074 markalı avtomobili gizli olaraq talayıb oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin sonlarında, dəqiq xatırlamadığı tarixdə, axşam saatlarında Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Qızıl saray” adlanan şadlıq sarayının yanı ilə piyada keçərkən oradakı duracaqda avtomobilləri görüb maqintafon oğurlamaq fikrinə düşmüşdür. Orada olan VAZ 21074 markalı, ağ rəngli, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilə yaxınlaşıb özündə olan açarla avtomobilin qapısını açaraq salona əyləşmiş, avtomobilin içərisində olarkən isə kənardan iki nəfər tanımadığı şəxs gəldiyi üçün avtomobilin üzərində olan açarla mühərriki işə salıb avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Bundan sonra o, üzü “Dəmiryol vağzalı” istiqamətində getmiş, oradan isə İmamzadə kompleksinin yanı ilə Dəliməmmədli şəhərinə getmişdir. Yolda olarkən qeyri-rəsmi yaşadığı Şahid11 ona zəng edərək avtomobil apardığını bildiyini demiş və təcili olaraq avtomobili geri qaytarmasını istəmişdir. Tünzalə ona, həmçinin bildirmişdir ki, Kəpəz rayon polis idarəsindən Eliş ləqəbli polis əməkdaşı Məcidə zəng edərək avtomobil oğurluğu ilə bağlı Məcidi çağırır. Məcid isə bu barədə Tünzaləyə məlumat vermişdir. Tünzalə onunla telefonla danışarkən şərt qoymuşdur ki, əgər avtomobili qaytarmasa onunla birdəfəlik münasibəti kəsəcəkdir. O isə Tünzalənin şərtinə görə avtomobili Dəliməmmədli şəhərində, adını bilmədiyi küçədə yerləşən yarımtikili evin qarşısında qoyub taksi avtomobili ilə Gəncə şəhərinə qayıtmışdır. O, Gəncə şəhərinə qayıtdıqdan sonra Məcidlə birlikdə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə getmiş və orada bir qədər söhbətdən sonra sərbəst buraxılmışlar. Bundan başqa, o, 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə istirahət etmək üçün Göygöl rayonunda yaşayan tanışları ilə birlikdə Hacıkənd qəsəbəsinə getmiş, orada yeyib-içdikdən sonra geri qayıdarkən “Soyuq bulaq” adlanan istirahət mərkəzinin yaxınlığındakı duracaqda dayanmış göy rəngli, VAZ 21074 markalı avtomobili görüb həmin avtomobildən maqintafon oğurlamaq qərarına gəlmişdir. Həmin niyyətlə o, tanışlarından uzaqlaşaraq avtomobilə yaxınlaşmış və avtomobilin kilidi açıq olan arxa sol qapısını açaraq içəri tərəfdən qabaq sol qapını da açıb avtomobilə əyləşmiş və maqintafonu bir qədər kənarda sökmək üçün həmin vaxt avtomobilin üzərində olan açarla avtomobili işə salıb oradan uzaqlaşmışdır. Yolda arxasınca dövlət yol polis əməkdaşı patrul avtomobili ilə onu təqib etdiyi üçün o, avtomobili saxlamadan Gəncə şəhərinə, oradan isə Samux rayonuna getmişdir. Samux rayonunda olan gölün kənarında avtomobili dayandırıb gizlətmiş və üzərində olan qeydiyyat nişanlarını söküb gölə atmışdır. Bundan sonra isə artıq hər şeyin gec olduğunu düşünüb avtomobili özündə saxlamaq məqsədilə Gəncə şəhərinə qayıdaraq avtomobil boyası almış və sonradan həmin avtomobili ağ rəngə boyamışdır. Daha sonra o, avtomobili Mingəçevir şəhərinə aparıb orada əvvəlcədən tanıdığı avtomobil boyamaqla məşğul olan Zamiqə vermiş və avtomobilin onun özünə məxsus olmasını, cərimələri olduğu üçün rəngini yenidən boyamaq, ban nömrəsini isə dəyişmək lazım olmasını bildirmişdir. Bunun üçün o, Zamiqlə razılaşıb Zamiqə özünə məxsus olmuş və qəzaya düşmüş digər avtomobilin ban nömrəsini verib avtomobili Zamiqə təhvil vermiş, özü isə Gəncə şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hər iki oğurluğu tək etmiş, yanında heç kim olmamışdır. O, “Qızıl saray” adlanan şadlıq sarayının yaxınlığından oğurladığı VAZ 21074 markalı, ağ rəngli, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində hər hansı bir kənar əşya, gödəkcə, pul, eləcə də digər qiymətli əşya görməmiş, nə də hər hansı bir əşya və pul oğurlamamışdır. İlk başda o, həmin avtomobillərə maqintafon oğurlamaq niyyəti ilə daxil olmuş, sonradan isə arxasınca yol polis əməkdaşı düşdüyünə görə avtomobili dayandırmadan aparıb gizlətmişdir. Daha sonra iş işdən keçdiyi üçün həmin avtomobili geri qaytarmaq istəməmişdir. Digər avtomobili isə Tünzalə ona şərt qoyduğu üçün yolun kənarında atıb geri qayıtmışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş zərəri tam həcmdə ödədiyini bildirdi və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, VAZ 2107 markalı, ağ rəngli, **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Avtomobilin bazar dəyəri 7000 manat təşkil edir. xx.xx.2018-ci il tarixdə, saat 17:45 radələrində idarə etdiyi VAZ 2107 markalı, **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Qızıl saray”adlanan şadlıq evində keçirilmiş toy məclisində iştirak etmək üçün oraya getmiş və avtomobilini həmin şadlıq evinin yaxınlığında saxlayıb avtomobildən düşmüşdür. Həmin vaxt avtomobilinin qapılarını uzaqdan idarə edən dəstək vasitəsilə bağlasa da avtomobili işə gətirmək üçün olan açarlar avtomobilin içərisində kilidin üzərində qalmış və o, avtomobilinin qapılarını kilidləyib toy məclisinə getmişdir. Geri qayıtdıqda, yəni saat 19:50 radələrində avtomobilinin yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını aşkar edib dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. xx.xx.2018-ci il tarixdə Kəpəz RPİdən ona zəng edilərək avtomobilinin tapıldığını bildirmişlər və o, Goranboy rayonu, Dəliməmmədli şəhərinə gedib oradan avtomobilini polis əməkdaşlarından təhvil almışdır. Həmin avtomobilin içərisində iki ədəd özünə məxsus gödəkçəsi, bir ədəd idman üst geyimi, şəxsiyyət vəsiqəsi, xarici pasportu, sürücülük vəsiqəsi, rəsmi qaydada saxladığı ov silahına aid sənədlər, həmin avtomobilin texniki pasportu, üç ədəd bank kartı, eləcə də avtomobilin içərisində olmuş gödəkçənin sağ-yan cibində olmuş 4000 manat nağd pulu var idi. Avtomobili aşkar edildikdən sonra avtomobilinin içərisinə baxış keçirildikdə avomobili qaçırılarkən içərisində olmuş bütün sənədləri və geyimləri avtomobilin içərisində olsa da, gödəkcəsinin cibinə qoyduğu 4000 manat nağd pulu orada olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə, axşam saatlarında ailə üzvləri ilə birlikdə istirahət etmək üçün idarə etdiyi VAZ 2107 markalı, göy rəngli, 2005-ci il istehsalı olan avtomobili ilə Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən “Soyuq bulaq” adlanan istirahət mərkəzinə getmişdir. Həmin yerə çatdıqda saat 20:00 idi. Avtomobilini həmin istirahət mərkəzinin yaxınlığında olan avtodayancaqda saxlamış və avtomobilinin qapı və pəncərələrini kilidləyib istirahət etmək üçün getmişdir. Saat 21:45-də geri qayıtmaq üçün həmin avtodayanacağa gəldikdə isə avtomobilini tapa bilməmişdir. Ona görə də bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmişdir. O, həmin avtomobili bir il əvvəl 4200 manata almış, sonradan isə avtomobilinə 1200 manat xərc çəkmişdir. Hal-hazırda avtomobilinin dəyərini 5000 manat olaraq qiymətləndirir. Avtomobilinin içərisində hadisə vaxtı qiymətli əşya və pul olmasa da, avtomobilə aid sənədlər və sürücülük vəsiqəsi də olmuşdur. Hadisə vaxtı avtomobilinin mühərrikini işə salan açar kilidin üzərində olsa da, avtomobilin qapıları bağlı olmuşdur. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Ona məxsus avtomobil geri qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, VAZ 2107 markalı, ağ rəngli, **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 2018-ci ilin yay aylarında onun adına rəsmiləşdirilmiş, lakin həmin avtomobil dostu Zərərçəkmiş şəxs2 məxsusdur. xx.xx.2018-ci il tarixdə ona məlum olmuşdur ki, dostu Sabit idarə etdiyi VAZ 2107 markalı, **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Qızıl saray”adlanan şadlıq evinin yaxlınlığında saxlayıb toya getdikdən sonra naməlum şəxslər tərəfindən həmin avtomobil qaçırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2018-ci ilin son aylarında, dəqiq xatırlamadığı tarixdə Ceyhun zəng edərək Samux rayonunun Ağasıbəyli kəndində olduğunu, yol polis əməkdaşlarından qaçdığından avtomobilinin benzinin qurtardığını bildirib ondan benzin alıb gətirməsini xahiş etmişdir. Samux rayonunun Ağasıbəyli kəndində yerləşən ərzaq mağazasından, Müşfiq adlı tanışından nisyə qaydada 13 litr benzin alıb Ceyhunun olduğu yerə aparmışdır. Həmin vaxt Ceyhun ağ rəngli, “VAZ – 2107” markalı, dövlət qeydiyyat nişanının sonu 530 olan avtomobillə dayanıb onu gözləyirdi. Həmin avtomobili ilk dəfə gördüyündən kimə məxsus olduğunu maraqlandıqda Ceyhun avtomobilin tanışına məxsus olduğunu deyib həmin tanışı ilə görüşmək üçün Dəliməmmədli şəhərinə getməli olduğunu demişdir. Ceyhun ona da Dəliməmmədli şəhərinə getməyi təklif etdikdə o, razılıq verib gətirdiyi benzini avtomobilə tökmüşdür. Yolda Ceyhun zəng edən, qeyri-rəsmi yaşadığı Tünzalə adlı qadın və Məcid adlı tanışı ilə danışarkən “yaxşı eləmişəm, siz qarışmayın, özüm bilərəm” kimi sözlər demişdir. Nə baş verdiyini maraqlandıqda ona narahat olmamasını bildirmişdir. Dəliməmmədli şəhərinə çatdıqda Ceyhun tanımadığı bir küçədə avtomobili saxlamışdır. Ceyhun avtomobildən enərkən hara getdiyini soruşduqda Ceyhun ona maşını qaçırdığını, axtarıldığını demişdir. Oradan piyada Dəliməmmədli şəhərinin dairəsinə gedib taksi avtomobilinə əyləşib Gəncə şəhər İmamzadə Kompleksinin yanına qayıtmışlar. Yolda olarkən Ceyhun Tünzaləyə zəng edib oraya gəlmələrini istəmişdir. İmamzadə Kompleksinin yanına çatdıqda Tünzalə Məcid, Alış və Nürəddin ilə birgə oraya gəlmişdir. O, Ceyhunla birgə həmin avtomobilə əyləşdikdən sonra Türklər qəsəbəsi istiqamətində getməyə başlamışlar. Yolda olarkən Məcid və Tünzalə “Eliş” adlı polis əməkdaşının Ceyhunu axtardığını bildirmişdir. Türklər qəsəbəsinə çatdıqda Ceyhun avtomobili saxlamış, oraya gələn tanışı İsmayıl da “Eliş” ləqəbli polis əməkdaşının onları axtardığını bildirmişdir. Bu vaxt Məcid kameraya düşdüyünü deyərək ondan gödəkçəsini istədikdə gödəkçəni Məcidə verib özü tək yaşadığı evə getmişdir. Daha sonra baş verənlərdən xəbərdar deyildir. Bundan bir neçə gün sonra isə Ceyhun ona zəng edib “səndən soruşsalar ki, benzini kimə alıbsan, sənin nömrəni verəcəm bir nəfər tanış var ona, o, sənə zəng vuracaq, deyəcək ki, səndən soruşsalar ki, benzini kimə alıbsan, denən ki, benzini həmin tanışına alıbsan” deyib həmin tanışının adının da Aska olduğunu bildirmişdir. O isə əgər polislər ondan nəsə soruşsalar səhv edib benzini Ceyhuna aldığını deyəcəyini bildirmişdir. 2019-cu ilin iyun ayında Ceyhun ona zəng edib dostuna məxsus, “VAZ – 2107” markalı avtomobilin Hacıkənd qəsəbəsindən oğurlandığını, onun yaşadığı kənddən keçdiyini, polislərin həmin şəxsi axtardığını bildirib avtomobili qaçıranın Samux rayonundan olduğunu, bu barədə hər hansı məlumatı olubolmadığını soruşduqda o, məlumatı olmadığını bildirmişdir. Ceyhun bundan sonra da bir neçə dəfə zəng edib eyni tipli suallar verdikdə, o, yenə də belə bir məsələdən xəbərdar olmadığını demişdir. Təxminən 15 gün əvvəl Gəncə şəhərində tanışı Alışla rastlaşarkən Alış ona bir ay əvvəl qırmızı rəngli, “VAZ – 2107” markalı avtomobil satdığını demişdir. Həmin avtomobili haradan əldə etdiyini soruşduqda Alış ona maşının yığılma olduğunu, yarı hissəsini Təqsirləndirilən şəxs, yarı hissəsini isə İsmayılın verdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2018-ci ilin sonlarında, dəqiq tarixini xatırlamadığı gündə tanışı Cəlil Yusubov ona avtomobil ustası Xəzərin qohumunun “VAZ – 2107” markalı avtomobilinin şadlıq sarayının qarşısından oğurlandığını bildirmişdir. Oğurluq etməyindən şübhələndiyi üçün Ceyhuna zəng edib bu barədə soruşduqda Ceyhun bu işlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Həmin gün gecə 02 radələrində Ceyhunun qeyrirəsmi yaşadığı Tünzalə ona zəng edib ağlamağa başlayaraq Ceyhunun polis əməkdaşları tərəfindən saxlanıldığını bildirib ondan təcili olaraq “Sovxoz Nizami” adlanan yerə gəlməyini və onu Kəpəz RPİyə aparmasını xahiş etmişdir. O da təcili olaraq özünə məxsus “İnfiniti” markalı avtomobili ilə Tünzalənin dediyi yerə gedib Tünzalə ilə görüşmüşdür. Həmin vaxt Tünzalənin yanında bir nəfər tanımadığı oğlan da olmuşdur. Onların hər ikisi onun avtomobilinə əyləşmişlər. O, Ceyhunun hansı səbəbdən saxlanıldığını soruşduqda Tünzalə ona, Ceyhunun avtomobil oğurluğu ilə bağlı saxlanıldığını bildirmişdir. O, Tünzaləyə “bəs Ceyhun deyirdi mən oğurlamamışam” deyə sual verdikdə, Tünzalə, Ceyhunun avtomobil oğurlamadığını bildirmişdir. O isə Tünzaləyə narahat olmamasını, polis əməkdaşlarının Ceyhunu buraxacaqlarını bildirmişdir. Bundan sonra onlara Kəpəz RPİ-yə getmiş, lakin orada polis əməkdaşları onları içəri buraxmadıqları üçün o, Tünzaləni aparıb Gəncə şəhəri, Türklər qəsəbəsində düşürmüşdür. Daha sonra isə o, yaşadığı evə getmiş, nə baş verdiyindən isə xəbərsiz olmuşdur. İfadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin sonlarında, dəqiq xatırlamadığı tarixdə, axşam saatlarında tanışları Təqsirləndirilən şəxs, Elçin, “Sarış” ləqəbli Nürəddin və Ceyhunun yaşadığı Tünzalə adlı qadın Ceyhunun idarə etdiyi VAZ 21074 markalı, ağ rəngli, **-HV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri ərazisində gəzirdilər. Həmin vaxt avtomobili Təqsirləndirilən şəxs idarə edirdi. Onlar Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Qızıl saray” adlanan şadlıq sarayının yanına çatdıqda Ceyhun oradakı duracaqda olan avtomobilləri görüb idarə etdiyi avtomobili yolun kənarında dayandırmış və onlara bildirmişdir ki, həmin duracaqda olan avtomobillərdən maqintafon oğurlayacaq. Bundan sonra Ceyhun avtomobildən düşüb həmin istiqamətdə getmişdir. O da avtomobildən düşüb Ceyhun maqintafon oğurlayarkən ətrafa nəzarət etmək üçün Ceyhunun ardınca getmişdir. Orada Təqsirləndirilən şəxs özündə olan açarla VAZ 21074 markalı, ağ rəngli, qeydiyyat nişanını xatırlamadığı avtomobilin qapısını açıb həmin avtomobilə əyləşmişdir. Bir qədər sonra Ceyhunun içərisində olduğu həmin avtomobilin işıqları yanmış və Ceyhun həmin avtomobili idarə edib ona da heç bir söz demədən oradan üzü “Dəmiryol vağzalı” istiqamətində getmişdir. Bundan sonra o, Tünzaləgilin yanına qayıdıb olanları danışmış, Tünzalə isə mobil telefonla Ceyhuna zəng edərək problem yaranmaması üçün avtomobili geri qaytarmasını istəmişdir. Bir qədər keçmiş Gəncə şəhər Kəpəz RPİdən əməliyyat müvəkkili vəzifəsində çalışan Elşən Mehdiyev ona zəng edərək Ceyhunun harada olduğunu soruşmuş, o isə Ceyhunla birlikdə “Aznixi” adlanan ərazidə olduqlarını bildirmişdir. Bundan sonra o, Ceyhuna zəng edib polisdən onları axtardıqlarını demiş, Ceyhun isə İmamzadə Kompleksinin qarşısında onu gözləmələrini bildirmişdir. Onlar da həmin yerə gedib orada Ceyhunu gözləmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs taksi avtomobili ilə oraya qayıtmışdır. Həmin vaxt Ceyhun onlara bildimişdir ki, oğurladığı VAZ 21074 markalı avtomobili Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində yolun kənarında sahibsiz qoyub gəlmişdir. İfadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin payız aylarında, dəqiq xatırlamadığı tarixdə axşam saatlarında VAZ 2107 markalı avtomobili ilə Gəncə şəhərinə gəlmiş və Ceyhunla görüşmüşdür. Ceyhun onun avtomobilini idarə edirdi və onlar birlikdə gedib “Sovzox Nizami” adlanan ərazidən Məcidi götürmüşlər. Sonradan isə Sarış ləqəbli Nürəddini də özləri ilə götürmüşlər. Onlar çay içmək üçün üzü Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsinə doğru gedərkən yolun sağında yerləşən “Qızıl saray” adlanan şadlıq sarayının yanında Ceyhun avtomobili dayandırmış və onlara “gözləyin gəlirəm” deyə bildirib avtomobildən düşüb getmişdir. Məcid də avtomobili idarə edib onu Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Dəyirmanın dairəsi” adlanan dairənin yaxınlığına aparmışdır. Bir neçə dəqiqə sonra onlar yenidən “Qızıl saray” adlanan şadlıq sarayının yaxınlığında yerləşən küçələrdən birinə gedib orada dayanmışlar. Bundan sonra Ceyhun Məcidlə telefonla danışmış və Məcidi öz yanına çağırmışdır. Məcid də Ceyhunun yanına getmişdir. Həmin vaxt o, Ceyhunun maqnitafon oğurlamaq üçün oraya getdiyindən şübhələnmiş və Məcidə “əgər elə bir fikri varsa, mən onunla çay içməyə getməyəcəm, qayıdıb evimə gedəcəm.” deyə bildirmişdir. Beş-on dəqiqədən sonra Məcid qaçaraq onun avtomobilinə gəlmiş və avtomobilə əyləşib Ceyhunun VAZ 2107 markalı avtomobili oğurladığını bildirmişdir. O, həmin vaxt qorxduğu üçün qışqırmağa və ağlamağa başlamış, Məcid isə onu sakitləşdirməyə çalışmışdır. O, tez Ceyhuna zəng edib təhqir edərək avtomobili geri qaytarmasını tələb etmiş, Ceyhun isə artıq avtomobillə uzaqlaşdığını bildirmişdir. O, bir neçə dəfə təkidlə Ceyhundan avtomobili qaytarmasını tələb etdikdən sonra Ceyhun geri qayıdacağını bildirmişdir. Bir qədər sonra Ceyhun ona zəng edərək İmamzadə kompleksinin qarşısına gəlmələrini istəmişdir. Həmin vaxt Məcidə Gəncə şəhər Kəpəz RPİ-dən “Eliş” ləqəbli polis əməkdaşı zəng edərək harada olduğunu soruşmuş və Ceyhunla, eləcə də Məcidin özü ilə görüşmək istədiyini bildirmişdir. Ona görə də o, daha da qorxmağa başlamışdır. X2rşısına çatdıqdan bir qədər sonra Ceyhun, eləcə də Elçin taksi avtomobili ilə oraya gəlmişlər. Ceyhun və Elçin onların avtomobilinə əyləşmiş, birlikdə oradan uzaqlaşmışlar. Onlar ilk öncə Elçin aparıb Türklər qəsəbəsində düşürmüşlər. Orada Elçin və Məcid bir-biriləri ilə gödəkçələrini dəyişmişlər ki, Məcidi polis tanımasın. Ceyhun isə onu aparıb Alışın yanında düşürüb özü Məcidlə birlikdə Kəpəz RPİ-nin əməkdaşı kimi bildiyi “Eliş” ləqəbli şəxsin yanına getmişdir. Daha sonra isə Məcid və Ceyhun polis idarəsinə aparılmış, gecə saatlarında isə onlar sərbəst buraxılmışlar. Bundan başqa, 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə o, Ceyhun, Vüqar və İlham birlikdə sonuncuya məxsus VAZ 2107 markalı avtomobillə yeyib-içmək üçün birlikdə Hacıkənd qəsəbəsinə getmişlər. Orada yeyib-içdikdən sonra avtomobili onun özü idarə edərək birlikdə geri qayıtmışlar. Yolda, yəni Hacıkənd qəsəbəsində olarkən Ceyhun ondan avtomobili dayandırmasını istəmiş və avtomobil dayandıqda düşüb piyada yuxarı, yəni qayıtdıqları yolun əksinə qayıtmağa başlamışdır. Onlar isə orada dayanıb Ceyhunu gözləmişdir. Ceyhun onlardan uzaqlaşarkən hansı məqsədlə və haraya getdiyini deməmişdir. Buna baxmayaraq, o, Ceyhunun yenə hansısa oğurluq niyyəti ilə getdiyindən şübhələnmişdir. Ona görə də Vüqardan xahiş edib ki, gedib Ceyhunu tapsın və mane olsun. Vüqar da Ceyhunun ardınca getmiş, lakin bir qədər sonra geri qayıdıb deyinərək bildirmişdir ki, Ceyhun avtomobil oğurlayıb və onların yanından keçərək Gəncə şəhəri istiqamətində getmişdir. Həmin vaxt o, pis hala düşmüş və ağlamağa, qışqırmağa başlamışdır. Onlar həmin yerdən İlhamın avtomobili ilə Gəncə şəhərində yerləşən “Yaşıl Park” adlanan çayxanaya getmişlər. Yolda Ceyhunla danışarkən Ceyhun avtomobili yolun kənarında atıb onların yanına gələcəyini bildirmiş, daha sonra isə Ceyhun “Yaşıl Park” adlanan çayxanaya gəlmişdir. O, həmin çayxanada Ceyhunla dalaşmış və oradan təkcə Mingəçevir şəhərinə getmişdir. Bir neçə gün sonra Ceyhun ona zəng edərək Mingəçevir şəhərində olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O, Ceyhunla yaşadığı evin qarşısında görüşmüş, həmin vaxt isə Ceyhun İsmayılla birlikdə və VAZ 2107 markalı, ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişdir. O, həmin avtomobilin kimə məxsus olduğunu soruşduqda Ceyhun avtomobilin banka mənxsus olmasını və təmir etdirib satacağanı bildirmişdir. Ceyhun ondan avtomobili onun evinin həyətində saxlamağa icazə istəsə də o, buna razılıq verməmişdir. Ceyhun isə ondan tanışı Ruslanın mobil nömrəsini alıb Ruslanla telefonla danışmış və avtomobili sonuncunun yaşadığı evdə saxlamaq barədə razılaşmışdır. Onlar oradan həmin avtomobilə əyləşib Ruslanın Yevlax rayonunun inzibati ərazisində yerləşən evinə getmiş, Ceyhun isə avtomobili orada Ruslanın evinin həyətinə yerləşdirmişdir. Ceyhun, avtomobilin banka məxsus olmasını Ruslana da demişdir. Bundan sonra onlar birlikdə yaşadığı evə qayıtmışlar. O, həmin gün İsmayılı Gəncə şəhərinə yola salmış, Ceyhun isə onun evində gecələmişdir. Ertəsi gün səhər tezdən Ceyhun Gəncə şəhərinə qayıtmışdır. Bundan bir neçə gün sonra Ceyhun yenə Mingəçevir şəhərinə gəlmiş və onlar birlikdə Mingəçevir şəhərində avtomobil boyamaqla məşğul olan Zamiq adlı şəxsin çalışdığı sexə getmişlər. O, bir qədər aralıda dayanmış, Ceyhun isə Zamiqlə görüşüb sonuncuya pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Ceyhunun Mingəçevir şəhərinə gətirib boyatdırdığı avtomobil 2019-cu ilin yay aylarında Hacıkənd qəsəbəsindən oğurladığı həmin avtomobildir. Daha sonra Ruslan ona zəng edərək Ceyhunun onun evinin həyətində qoyduğu avtomobilin rənginin ağ olmadığını, göy rəngli olduğunu, sonradan ağ rəngə boyandığını bildirmişdir. İfadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay aylarında, dəqiq xatrılamadığı tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək harada olduğunu soruşmuş, o isə avtomtəmir sexində olduğunu bildirmişdir. Bir qədər sonra Ceyhun ağ rəngli, VAZ 2107 markalı, üzərində **-MZ-*** dövlət qeydiyyat nömrə nişanı olan avtomobillə onun çalışdığı sexə gəlib həmin avtomobili yenidən bütövlükdə ağ rəngə boyatmaq istədiyini bildirmişdir. O, avtomobilə baxdıqda həmin avtomobilin keyfiyyətsiz və qeyri-peşəkar şəkildə ağ rəngə boyandığını hiss etmişdir. Belə ki, o, avtomobil boyamaqla məşğul olduğu üçün həmin avtomobilin əllə və sprey formasında olan boya ilə rəngləndiyini düşünmüşdür. O, Ceyhundan həmin avtomobilin kimə məxsus olduğunu və nə üçün boyatdırmaq istədiyini soruşduqda Ceyhun həmin avtomobilin banka məxsus olduğunu bildirmiş və avtomobilin ban nömrəsini dəyişdirmək istəmişdir. Həmin vaxt Ceyhun özü ilə ban nömrəsi də gətirmişdi. O, Ceyhunla həmin avtomobilin ban nömrəsini dəyişməyə və avtomobili bütövlükdə yenidən ağ rəngə boyamağa 550 manata razılaşmış, Ceyhun isə ona əvvəlcədən 150 manat pul vermişdir. O, avtomobilin açarını və Ceyhunun özü ilə gətirdiyi ban nömrəsini götürüb avtomobilə əyləşmiş və yaşadığı ünvan 1 ünvanın sürmüşdür. Avtomobili yaşadığı evin həyətinə saldıqdan sonra ilk əvvəl ban nömrəsini dəyişmişdir. Belə ki, o, həmin avtomobilin ban nömrə yazılan dəmir hissəsini qaynaq avadanlığı ilə kəsib çıxarmış və Ceyhunun verdiyi ban nömrəsini həmin yerə qaynaqla bərkitmişdir. Bundan sonra isə yavaş-yavaş avtomobilin üzərində olan boyanı silməyə, yenidən boyamaq üçün hazır vəziyyətə gətirməyə başlamışdır. Artıq avtombilə boya almaq və boyamaq üçün pula ehtiyac yarandığından o, Ceyhunla əlaqə yaratmağa çalışmış, lakin bu, mümkün olmamışdır. Belə ki, Ceyhun avtomobilinin arxasınca gəlməmişdir. O da avtomobili boyamamış və həmin vaxtdan avtomobil onun yaşadığı evin həyətində qalmışdır. Avtomobilin üzərindən kəsib çıxardığı ban nömrəni isə zibilliyə tullamış və harada olduğunu bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə haqqında” xx xxxxxx 2018-ci il tarixli protokoldan və iltizamdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus VAZ 21074 markalı, **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin naməlum şəxs(lər) tərəfindən qaçırılması faktı ilə bağlı Gəncə şəhər Kəpəz RPİ-nin TB-də araşdırma aparılarkən xx.xx.2018-ci il tarixdə həmin avtomobil Goranboy rayonu, Dəliməmmədli şəhərində - Ağamalıoğlu kəndinə gedən yolun sol hissəsində inşa edilən yeni həyət evinin yanında sahibsiz vəziyyətdə tapılmışdır. Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə avtomobilə baxış keçirilərkən içərisindən Zərərçəkmiş şəxs2 məxsus bir sıra rəsmi sənədlər və bank kartları, eləcə də 2 ədəd gödəkçə aşkar edilərək avtomobillə birlikdə götürülmüş və saxlanılması üçün sahibinə təhvil verilmişdir. Bununla belə, avtomobilə baxış zamanı Zərərçəkmiş şəxs2 bildirməsinə görə avtomobildən aşkar edilmiş özünə məxsus çəhrayı rəngli gödəkçəsinin sağ yan cibində hadisə vaxtı 4000 manat pul da olmuş, lakin baxış zamanı həmin pul müəyyən edilməmişdir. Avtomobilə baxış və götürmə zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə videoçəkiliş aparmaqla ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, qeydə alınmış videogörüntü isə müvafiq DVD diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi və götürmə haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 21074 markalı avtomobilə hal şahidlərinin iştirakları ilə Şahid5 məxsus Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yerləşən 101 C saylı evin həyətində baxış keçirilmiş və avtomobil oradan götürülmüşdür. Avtomobilə baxış və götürmə zamanı həmin istintaq hərəkətinin iştirakçısı olmuş X7 avtomobilin ona Təqsirləndirilən şəxs tərəfindən boyanması və ban nömrəsinin dəyişdirilməsi məqsədilə verildiyini, ona görə də həmin avtomobilin ban nömrəsini dəyişdiyini, lakin avtomobili boyamadığını bildirərək qeyd edilən avtomobili istintaqa təqdim etmişdir. Baxış və götürmə zamanı çəkilmiş fotoşəkillər isə protokola əlavə edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. “Əşyaya baxış keçirilməsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə mütəxəssis qismində təyin edilmiş X6 və Zərərçəkmiş şəxs1 iştirakları ilə Zərərçəkmiş şəxs1 məxsus, üzərində **-MZ-*** dövlət qeydiyyat nömrə nişanı olan VAZ 21074 markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı mütəxəssis E.Quliyev bildirmişdir ki, avtomobilin ban nömrə yazılan hissəsində müəyyən işlər görülmüşdür. Belə ki, avtomobilin ban nömrə yazılan düzbucaqlı formada olan hissəsinin kənarlarında qaynaq izləri aşkar edildiyindən və həmin düzbucaqlı hissənin özü nisbətən nahamar vəziyyətdə olduğundan birmənalı olaraq demək olar ki, avtomobilin ban nömrəsi süni şəkildə dəyişdirilib. Baxış zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. AD seriyalı, 221085 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 21074 markalı avtomobilin ban nömrəsi XTA**********1346-dır. İstintaq zamanı götürülmüş, üzərində **-MZ-*** dövlət qeydiyyat nömrə nişanı olan VAZ 21074 markalı avtomobilin ban nömrəsi isə XTA210740BY029072-dir. Ona görə də, Zərərçəkmiş şəxs1 və mütəxəssisin iştirakları ilə avtomobilə baxış zamanı Zərərçəkmiş şəxs1 avtomobildə müəyyən detalları və əlamətləri göstərib bildirmişdir ki, həmin avtomobil həqiqətən də ona məxsus **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 21074 markalı avtomobildir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 25909 saylı rəyinə əsasən, 2010-cu il istehsalı olan VAZ 21074 markalı, ağ rəngli, **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin normal vəziyyətdə 2018-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada, təxminən 6500 manat, 2005-ci il istehsalı olan VAZ 21074 markalı, göy rəngli, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin normal vəziyyətdə 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti isə nəzəri qaydada, təxminən 5000 manat olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən tələbnamədən və məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Samux rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 02 il şərti sınaq müddəti ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə isə şərti məhkum etmə cəzası vaxtından əvvəl ləğv edilərək üzərindən məhkumluğu götürülmüşdür. Bundan başqa, o, Goranboy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixdə qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, o, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2ci maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 68-1.1-ci maddəsinə əsasən Goranboy rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının qalan 1 il 6 günü azadlıqdan məhrum etmənin bir günü, azadlığın məhdudlaşdırılmasının iki gününə hesablamaqla, 6 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və CM-in 67.1-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 2 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmiş, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddəsi ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza Goranboy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlğın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 6 gün müddəti ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 6 ay 10 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutmaqla, 1 il 20 gün müddət təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 5 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən dərhal azad edilmişdir. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, təqsirləndirilən şəxs onlara dəymiş zərəri tam ödəmişdir, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus avtomobildə olan gödəkcəsinin içərisindən 4000 manat pul vəsaitini oğurlamaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş ifadəsi, istintaq hərəkətinin protokolu, eləcə də cinayət işi materiallarına əlavə edilmiş digər sənədlərlə tam təkzib edilmişdir. Digər tərəfdən, məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsi də, onun ifadəsini təkzib edir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2),zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12, 59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə məhkumluqları onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddəsinin sanksiyasının yuxarı həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00dək və yaşadığı Samux rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Samux rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 5 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Samux rayon İcra və Probasiya Şöbəsində ilkin qeydiyyata götürülmüş və o, bugünkü tarixədək həmin cəzanın 5 ay 6 gününü çəkmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut qismində tanınmış ağ rəngli, 2010-cu il istehsalı olan **-KF-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomobilin və göy rəngli, 2005-ci il istehsalı olan **-EA-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza Gəncə Apelyasiya Məhkəməsinin 1(104)-57/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 1 il 5 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək və yaşadığı Samux rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ağ rəngli, 2010-cu il istehsalı olan **-KF-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomobilin və göy rəngli, 2005-ci il istehsalı olan **-EA-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-46/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-46/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver