Məhkəmə qərarları › İş №1(043)-46/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-46/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-46/2021 12.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi X3, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri İcra Hakimiyyətinin MKTİB-nin Lİft şöbəsində mexanik işləyən, məhkum olunmamış, ünvan 8-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 21:20 radələrində sürücülük hüququ əsasında idarə etdiyi “VAZ 21061 minik” markalı “**-EB-***” qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Atabəylər prospekti ilə üzü Samux rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin tələblərə əməl etməyərək Gəncə şəhəri, Atabəylər prospekti 183 ünvanının bərabərliyində idarə etməni itirərək ehtiyatsızlıqdan yolun hərəkət hissəsində qazılmış quyuya düşməsi nəticəsində avtomobilin ön sağ oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs baş beyinin yumşaq qişasına, beyin toxuması, beyin mədəciklərinə və beyinciyə qansızma, baş beyinin əzilməsi, sol təpə-ənsə sümüklərinin kəllə əsasına keçən basılmış qəlpəli sınığı, başın yumşaq toxumalarına, sol alın-təpə-ənsə nahiyələrində qansızmalar, onurğa sütunu, V döş fəqərəsinin sınığı, döş qəfəsinin sol tərəfində İİİ-Xİİ qabırğaların, döş qəfəsinin sağ tərəfində İİ-Vİ qabırğaların məmə xətti üzrə sınması, sağ ağciyərin iki tərəfdən cırılması, sağ tərəfli hemotoraks, hər iki göz ətrafı nahiyələrinin qançırları, kürək, sağ diz, döş qəfəsi nahiyələrinin sıyrıqları ilə müşayiət olunan birlikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə, açıq küt kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma və kəllə sümüklərinin sınması nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməsi ilk növbədə onun öz ifadəsi ilə sübut olunur. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin Lift şöbəsində mexanik vəzifəsində işləyir. “BC” kateqoriyalı “AB” seriyalı “297918” nömrəli sürücülük vəsiqəsi və həmin sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ 21061 minik” markalı “**-EB-***” dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil dayısı X2 adına olsa da, öz pulu ilə həmin avtomobili almış və avtomobil faktiki olaraq öz sahibliyindədir və özünə məxsusdur. Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanıyır və dost olmuşlar. Onlar adətən boş vaxtlarında görüşüb söhbət etmişlər. xx xxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində işlərini yekunlaşdırdıqdan sonra yaşadığı evə gedib şam yeməyi yedikdən sonra Fuadla görüşməyə qərar vermişdir. Təxminən saat 20 radələrində Fuada zəng etmiş və Fuad ona Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən “Səadət” şadlıq sarayının yaxınlığında olduğunu bildirmişdir. Bundan sonra o, özünə məxsus “VAZ 21061 minik” markalı “**-EB-***” dövlət qeydiyyat nişanlı avtomobillə Fuadın olduğu yerə, yəni Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən “Səadət” şadlıq sarayının yaxınlığına getmişdir. Həmin yerdə Fuadla görüşüb bir qədər söhbət etdikdən sonra onlar Samux rayonunda yaşayan ortaq dostları Rahibin yanına gedib onunla da, görüşməyə qərar vermişlər. Bundan sonra Fuad ona məxsus “VAZ 21061” markalı “**-EB-***” dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağında, o isə sükan arxasında əyləşdikdən sonra o, avtomobili işə salaraq Samux rayonuna getmək üçün hərəkət etmişdir. Həmin yerdən çıxaraq Ş.İ.Xətai prospekti ilə üzü Dəyirman dairəsi istiqamətinə, oradan isə sağa dönüb düzünə hərəkətini davam etdirib Atabəylər prospketinə çatmış, həmin prospektə çatdıqdan sonra üzü Samux rayonu istiqamətinə hərəkətini davam etdirmişdir. Həmin vaxt yolun hərəkət hissəsi ilə sağ səkidən təxminən 2- 3 metr aralıda 50 km/saat sürətlə hərəkət etmiş və özünü bir qədər yorğun hiss etmişdir. Təxminən saat 21:20 radələrində o, “Şahzadə” adlı şadlıq sarayının qarşına çatmasına az qalmış yolun sol kənarında yerləşən obyektin açıq olub-olmadığına baxmaq üçün sola baxmış, o, obyektin bağlı olduğunu görüb yenidən önünə baxdıqda təxminən 20 metr məsafədən yolun sağ və sol hissəsində beton boru və ətrafı qırmızı rəngli torlarla əhatə olunmuş quyunu görmüşdür. Quyunu görərkən özünü itirmiş və əyləci basmağa macal tapmamış, buna görə də, avtomobilin hərəkətini dayandıra bilməmiş, avtomobil getdiyi sürətlə torlarlı dağıdaraq quyunun içərisinə düşmüşdür. Avtomobil quyunun içərisinə düşdükdə o, zərbənin təsirindən ilkin olaraq huşunu itirsə də, daha sonra yavaş-yavaş özünə gəlmiş və avtomobilin quyunun içərisində sağ yanı üstə olduğunu, Fuadın huşsuz vəziyyətdə yaralı olduğunu görüb ətrafdakıları köməyə çağırmışdır. Bir qədər sonra hadisə yerinə gələn Fövqəlada Hallar Nazirliyinin əməkdaşları onu quyudan çıxarmış, həkimlər isə onu dərhal Gəncə şəhər X5 aparmışlar. Orada həkimlər ilkin tibbi yardım göstərərək sərxoşluq müayinəsindən keçirmişlər. Bir qədər sonra o, öyrənmişdir ki, dostu Zərərçəkmiş şəxs da, quyudan çıxarılaraq Gəncə Beynəlxalq xəstəxanasına gətirilmiş, lakin həyatını xilas etmək mümkün olmamış və xəstəxanada vəfat etmişdir.Hadisənin baş verməsinə səbəb onun yorğun olması, həmçinin quyunun yanına çatmasına az qalmış önünə deyil də, sola baxması olmuşdır. Hadisədən bir gün əvvəl o gec yatmış, həmçinin hadisə günü işləyib yorulmuşdur. O, əvvəl də, Samux rayonuna gedərkən Şahzadə şadlıq sarayının qarşısında kanalizasiya quyusunu görmüş, lakin hadisə günü quyunun orada olmasını unutmuşdur. O, başını önünə çevirib qarşısına baxdıqda artıq quyu ilə ara məsafəsi təxminən 20 metr məsafə qalmış, həmin vaxt avtomobili təxminən 50 km/saat sürətlə idarə etmişdir. Həmin hadisə zamanı idarə etdiyi avtomobilin ön sağ oturacağında sərnişin qismində mərhum dostu Zərərçəkmiş şəxs olmuş, başqa heç kəs olmamış, avtomobilində yük olmamış, baqaj hissəsi boş olmuşdur. Həmin hadisə vaxtı avtomobilinin texniki vəziyyəti saz olmuşdur. Mərhum Fuad onunla yaxın dostu olmuşdur.Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Mərhum Zərərçəkmiş şəxs onun oğludur. Zərərçəkmiş şəxs gündəlik olaraq qazancını dönər ətini obyektlərə sataraq əldə etmişdir. Adətən səhər saat 08 radələrində evdən çıxmış və axşam radələrində evə qayıtmışdır. xx xxx 2020-ci il tarixdə Fuad yenə adəti üzrə səhər saat 08 radələrində evdən çıxaraq işə getmişdir. O, təxminən saat 16 radələrində Fuada zəng edib nə vaxt gələcəyini soruşduqda, Fuad ona işinin olduğunu gələndə xəbər edəcəyini demişdir. Həmin gün gecə o, yaşadığı evdə olarkən təxminən saat 23 radələrində oğlu Rəşad ona zəng edərək Fuadın dostu Elmirlə birlikdə avtomobillə qəzaya düşdüklərini bildirmişdir. Bundan sonra o, dərhal Gəncə şəhər Beynəlxalq xəstəxanasına getsə də, həkimlər Fuadın həyatını xilas edə bilməmişdir. Bundan sonra oğlu Zərərçəkmiş şəxs meyitini Gəncə şəhər məhkəmə-tibb ekspertizasının morquna apararaq orada daxili müayinə etmişlər, sonra meyit onlara təhvil verilmiş və onlar mərhum oğlunu dini qaydalara uyğun olaraq dəfn etmişlər. Təqsirləndirilən şəxs çoxdan tanımaqla oğlu Fuadla təqsirləndirilən şəxs dostu olmuşdur.Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi notarial qaydada ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2019-cu ilin fevral ayından Gəncə şəhəri, Atabəylər prospekti 179 ünvanında, “Şahzadə” şadlıq sarayının yaxınlığında yerləşən “Əli” çörək sexində xəmirkeş işləyir. Hər gün axşam saat 18 radələrində işə gedib növbəti gün səhər saat 09 radələrində isə işdən çıxır. O, həmin çörək sexində işlədiyi dönəmdə sexin yaxınlığında, “Şahzadə” şadlıq sarayının qarşısında Atabəylər prospektinin üzü Samux rayonu istiqamətində yolun hərəkət hissəsində kanalizasiya quyusu olmuşdur. Həmin quyunun ətrafı qırmızı rəngli kapron tarlorlarla və dəmir dirəklərlə mühafizə edilmiş, sağ və sol tərəfində isə beton borular olmuş, sağ tərəfdə isə fəhlə nişanı kimi tanıdığı xəbərdarlıq nişanı qoyulmuşdur. Avtomobillər Atabəylər prospektinin üzü Samux rayonu istiqamətinə hərəkət edərkən həmin quyunun yaxınlığına çatdıqda sola dönüb qarşı yola çıxaraq düzünə hərəkətlərini davam etdirmişdirlər. xx xxx 2020-ci il tarixdə yenə adəti üzrə saat 18 radələrində işə getmiş, havanın isti olması ilə əlaqədar işlərini qaydasına saldıqdan sonra saat 21:20 radələrində sexin qarşısına çıxaraq hava almışdır. O, sexin qarşısında hava alərkən bir ədəd “VAZ 2106” markalı sarı rəngli avtomobil Atabəylər prospekti ilə üzü Samux rayonu istiqamətində düzünə hərəkət edərək “Şahzadə” şadlıq sarayının qarşısında yolun hərəkət istiqamətində qazılmış quya çatdıqda sola dönə bilməyərək gəldiyi sürətlə də, quyuya düşmüşdür. Bu zaman o, dərhal qaçaraq həmin quyunun yanına getmiş və quyunun içərisinə baxdıqda avtomobilin sağ yan üstə quyuda olduğunu görmüşdür. Bu vaxt avtomobilin sürücüsünün əvvəllər tanıdığı Elmir olduğunu müəyyən etmişdir. Elmir yaralı vəziyyətdə avtomobilin qapısını bir təhər açaraq “kömək edin...” deyə qışqıraraq avtomobildə dostu Fuadın da, olduğunu, Fuadın huşsuz vəziyyətdə, vəziyyətinin isə ağır olduğunu bildirmişdir. Bu zaman o, dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, bir qədər sonra hadisə yerinə polislər, FHN əməkdaşları gəlmişlər. Onlar Elmiri və Fuadı quyudan çıxarmış və ambulansla xəstəxanaya aparmışlar. Onlar quyudan çıxarılarkən Elmirin huşu yerində olsa da, Fuad huşsuz vəziyyətdə olmuşdur. Daha sonra quyudan Elmirin idarə etdiyi “VAZ 2106” markalı avtomobil də, çıxarılaraq oradan aparılmışdır. Bundan sonra polis əməkdaşları hadisə yerini qaydasına salaraq hərəkətin yenidən davam etməsini təmin etmişlər. Bir qədər sonra o, öyrənmişdir ki, Fuad aldığı xəsarətlərdən xəstəxanda vəfat etmiş, Elmir isə xəstəxanada müalicəsini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 2005-ci ildən Azərbaucan Respublikası DİO-da, 2011-ci ildən hal-hazıra qədər isə Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPB-nin YPX baş inspektoru vəzifəsində işləyir. ƏYPB-nin YPX baş inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, oradakı bütün mexanizm və incəliklərə diqqət yetirib qorumaqdır. xx xxx 2020-ci il tarixdə saat 21:30 radələrində Gəncə şəhər Atabəylər prospekti 183 ünvanında yerləşən “Şahzadə” şadlıq sarayının qarşısında avtomobilin yolun hərəkət hissəsində qazılmış quyuya düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat aldıqdan sonra ekipaj yoldaşı ƏYPB-nin YPX inspektoru Şahid1 ilə birlikdə Gəncə şəhər Atabəylər prospekti 183 ünvanında yerləşən “Şahzadə” şadlıq sarayının qarşısına getmişlər. Hadisə yerinə getdikdə “VAZ 21061 minik” markalı avtomobilin quyuya düşməsini, avtomobildə sürücü ilə bərabər bir nəfər sərnişinin qaldığını müəyyən edərək dərhal hadisə yerinin muhafizəsini təmin etmişlər. Bundan sonra hadisə yerinə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əmkdaşlarının köməkliyi ilə quyudakı avtomobildən sərnişin Zərərçəkmiş şəxs və sürücü Təqsirləndirilən şəxs çıxarlaraq hadisə yerində olan ambulanslarla dərhal xəstəxanaya aparılmışlar. Bu hadisələrin cərəyan etməsi ilə bərabər hadisə yeri müayinə edilmiş və müayinə zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21:20 radələrində idarə etdiyi “VAZ 21061 minik” markalı “**-EB-***” qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Atabəylər prospekti ilə üzü Samux rayonu istiqamətində hərəkətdə olarkən Gəncə şəhəri, Atabəylər prospekti 183 ünvanının bərabərliyində idarə etməni itirərək avtomobilin ön sağ oturacağında sərinişin qismində əyləşmiş Zərərçəkmiş şəxs ilə birlikdə yolun hərəkət hissəsində qazılmış quyuya düşmüş və nəticədə avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs və özü müxtəlif dərəcəli bədən xəsarəti almışdırlar. Bundan sonra “VAZ 21061 minik” markalı “**-EB-***” qeydiyyat nömrə nişanlı avtomobil quyudan çıxarılmış, daha sonra onların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək ucadan oxunmuş və o, hər hansısa bir etirazının olmadığını bildirərək protokolu imzalamışdır. Hadisə yerinin müayinəsi yekunlaşdırıldıqdansonar o, “VAZ 21061 minik” markalı “**-EB-***” qeydiyyat nömrə nişanlı avtomobilin DYPŞ-nin cərimə meydançasına aparılmasını təmin etmiş, ekipaj yoldaşı ƏYPB-nin YPX inspektoru Şahid1 isə Gəncə şəhər Narkoloji dispanserinin həkimini sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirmək üçün xəstəxanaya aparmışdır. Bir qədər sonra ona məlum olmuşdur ki, həmin avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid3 göstərdiklərini təsdiq etdi. İş materiallarına: 70-74 saylı vərəqlərdə əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş sxem və foto şəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Atabəylər prospekti 183 ünvanının bərabərliyində baş vermişdir. Hadisə baş verən yol asfalt örtüklü, hamar, düz olmaqla hadisə baş verən zaman quru vəziyyətdə olmuşdur. Yolun ümumi eni 16 metrdir. Yolda qarşı-qarşı nəqliyyat axınını ayırmaq üçün uzununa qoşa xətt vardır. Hadisə axşam saat 21:20 radələrində baş verməklə hava qaranlıq olmuş, yolun hərəkət hissəsi şəhər elektrik işığı ilə işıqlandırılmışdır. Gəncə şəhəri, Atabəylər prospekti 183 ünvanının bərabərliyində yolun üzü Samux rayonu istiqamətinə olan hissəsində diametri 6 metr olan quyu qazılmışdır. Quyu sağ səkidən və sol qoşa xəttən 1 metr aralıda yerləşmişdir. Quyunun ətrafı qırmızı rəngli kapron tarlorlarla və dəmir dirəklərlə mühafizə edilmiş, sürücünün hərəkət istiqamətində sağ tərəfdə quyunun yanında 1.23 xəbərdarlıq nişanı, sağ və sol tərəfində isə beton borular qoyulmuşdur. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobil saz vəziyyətdə olmuş, avtomobildə 1 nəfər sərnişin olmuş, əlavə yük olmamış, baqaj hissəsi boş olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərinin əks etdirən “xxxx” MMC-nin Gəncə şəhəri, Atabəylər prospektində yerləşən filialının müşahidə kamerasında qeydə alınmış görüntüyə baxış zamanı müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 21:15 radələrində Gəncə şəhəri, Atabəylər prospekti 183 ünvanının bərabərliyində qazılmış quyunun ətrafı torlarla əhatə olunmuş, quyunun sağ və sol tərəflərində isə beton borular yerləşdirilmişdir. Müxtəlif markalı avtomobillər yolun hərəkət hissəsi ilə hərəkət edib quyunun yerləşdiyi yerə yaxınlaşdıqda onun sol tərəfi ilə hərəkətlərini davam etdirirlər. Saat 21:16 radələrində “VAZ 2106” markalı “**-EB-***” dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, Atabəylər prospekti ilə üzü Samux rayonu istiqamətinə hərəkət edərək Gəncə şəhəri, Atabəylər prospekti 183 ünvanının bərabərliyində yerləşən quyuya doğru hərəkət edir və quyuya çatana yaxın hərəkət istiqaməti dəyişdirmir və quyunun ətrafındakı torları dağıdaraq quyunun içərisinə düşür. Bundan sonra quyunun ətrafına insanlar toplaşır. 91-96 saylı vərəqlərdə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 38 ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi-baş beyinin yumşaq qişasına, beyin toxuması, beyin mədəciklərinə və beyinciyə qansızma; baş beyinin əzilməsi; sol təpə-ənsə sümüklərinin kəllə əsasına keçən basılmış qəlpəli sınığı; başın yumşaq toxumalarına sol alın-təpə-ənsə nahiyələrində qansızmalar; onurğa sütunu V dö fəqərəsinin sınığı; söş qəfəsinin sol tərəfində İİİ-Xİİ qabırğaların, döş qəfəsinin sağ tərəfində İİ-Vİ qabırğaların məmə xətti üzrə sınması, sağ ağciyərin iki tərəfdən cırılması, sağ tərəfli hemotoraks. Hər iki göz nahiyələriin qançırları, kürək, sağ diz, döş qəfəsi nahiyələrinin sıyrıqları. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Eləcə də mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb açıq küt kəllə-beyin travması nəticəsində, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansıma və kəllə sümüklərinin sınması olmuş, sonuncunun bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə avtomobilin quyuya düşməsi nəticəsində əmələ gələ bilər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı 0,9% (promilli) qatılığında etil spirti aşkar edilmiş, etil spirtinin bu miqdarı qəbul edilmiş müvafiq cədvələ əsasən yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğun gəlir. 117-119 saylı vərəqlərdə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 965 saylı ekspert rəyindən görünür ki,Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol körpücük, sol İİ-Vİİ qabırğaların, sol qalça və oturacaq sümüklərinin sıyrıqları, travmatik şok İİ dərəcə - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. 122-125 saylı vərəqlərdə əlavə olunmuş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 8/1157 nömrəli rəyindən görünür ki, “VAZ 2106” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 23-24 saylı vərəqlərdə əlavə olunmuş Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış xx xxx 2020-ci il tarixli 1059/2020 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”nda görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ayıq olmuşdur. 120 saylı vərəqdə əlavə olunmuş BDYPİ-nin Gəncə RQİ və TBŞ-yə verilmiş sorğuya cavabda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə AB seriyaslı 297918 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və etibarlıq müddəti xx.xx.2020-ci il tarixə qədərdir. Vətəndaş Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. “VAZ 21061 minik” markalı “**-EB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən vətəndaş X2 adına qeydiyyatdadır. Həmin avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər eibarnamə əsasında Təqsirləndirilən şəxs tərəfindən idarə edilir. 86-87 vərəqlərdə əlavə olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə verilmiş sorğuya xx.xx.2020-ci il tarixli 20/394 nömrəli cavabdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:00 müşahidə müddətində hava tutqun buludlu, görünüş 50 km, havanın temperaturu 19,60C, minimum temperatur 19,60C, maksiumum temperatur 200C, külək şərq-cənub-şərq istiqamətli olub, maksiumumsürəto 24 m/san (10 bal) olmuşdur. 10 ballıq külək güclü fırtınadır. Saat 16:10-da göy guruldamış, ildırım çaxmış, saat 16:15-dən 16:20-dək, saat 17:05-dən 17:08-dək leysan yağış yağmış, yağıntının miqdarı 0,0 mm olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 22:00 müşahidə müddətində hava dəyişkən buludlu, görünüş 20 km, havanın temperaturu 14,70C, minimum temperatur 14,50C, maksiumum temperatur 19,60C, külək şimal-qərb istiqamətli olub, maksimum sürəti 9/msan (5 bal) olmuşdur. Qeyd olunan tarixdə yağıntı qeydə alınmamışdır. 101 saylı vərəqdə əlavə olunmuş zərər çəkmiş şəxsin hüquqi varisi X7 istintaqa ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs mərhum oğlu Zərərçəkmiş şəxsla dost olmuş və Təqsirləndirilən şəxs törətdiyi yol nəqliyyat hadisəsi nəticəsinə görə peşman olduğunu bildirərək onlardan üzr istəmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. 112 saylı vərəqdə əlavə olunmuş X8 istintaqa ərizə ilə müraciət edərək bildirmişdir ki, “VAZ 21061 minik” markalı “**-EB-***” dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsində avtomobilin sahibi kimi o, göstərilsə də, həmin avtomobil bacısı oğlu Təqsirləndirilən şəxs şəxsi vəsaiti hesabına alınmış, avtomobil alındıqdan sonra daimi olaraq onun istifadəsində olmuş və avtomobilin faktiki sahibi Təqsirləndirilən şəxsdur. Buna görə də, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona heç bir fiziki, maddi və ya mənəvi ziyan dəyməmiş, sözügedən cinayət hadisəsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. 194-195 vərəqlərdə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. 192-193 saylı vərəqlərdə əlavə olunmuş Gəncə şəhər Kəpəz RİHB-nın Şıxzamanlı qəsəbəsi İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 947 saylı arayışdan və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşayır, ailə tərkibi: arvadı, bir oğlu və bir qızı olmaqla iki azyaşlı övladı var. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs həmin qanunun tələblərinə əməl etməyərək, Gəncə şəhəri, Atabəylər prospekti 183 ünvanının bərabərliyində idarə etməni itirərək ehtiyatsızlıqdan yolun hərəkət hissəsində qazılmış quyuya düşməsi nəticəsində avtomobilin ön sağ oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə, açıq küt kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma və kəllə sümüklərinin sınması nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsi, təqsirini etiraf etməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Bundan başqa, cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə ona bundan da yüngül cəza növünün təyin olunmasına, yaxud onun şərti məhkum olunmasına imkan vermir. Lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yuxarıda sadaladığı cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin təqsirləndirilənin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası nisbətən orta həddə təyin edilməlidir. Məhkəmə cəzanın həddi ilə bağlı qərarını əsaslandırarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbini də nəzərə alır. Belə ki, həmin maddəyə əsasən, Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hal olduqda, yəni təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyən zərəri azaldarsa, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edərsə, əgər onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında daha ciddi cəzanın son həddi altı il azadlıqdan məhrum etmə cəzasıdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəzanın müddətini nisbətən orta həddə təyin etməyi qərara alır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən tutularaq ekspertizanı keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, xx xxxxxx 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkilin göstərdiyi 14 saatlıq hüquqi yardıma görə 84 (səksən dörd) manat vəsait vəkilə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197,198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Gəncə şəhər Prоbаsiyа şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 84 (səksən dörd) manatməbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar