Məhkəmə qərarları › İş №1(043)-46/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-46/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-46/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə idarənin Rayon (şəhər) məhkəmələrində X2 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Goranboy rayonu, Xınalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Xınalı kəndində qeydiyyatda olamaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 25 avqust 2021-ci il tarixdə müvəqqəti olaraq kirayədə yaşadığı ünvan 2 ünvanında ev sahibi Zərərçəkmiş şəxs mətbəxdə olmasından istifadə edərək sonuncuya məxsus otağa girmək icazəsi olmadığı halda buna əməl etməyib Zərərçəkmiş şəxs şəxsi əşyalarını yığdığı otağa qanunsuz daxil olaraq oradakı saxlanc yeri hesab olunan kreslonun alt hissəsində sonuncunun saxladığı 4540 manat məbləğində pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin iyul ayından etibarən təxminən 3 ay Aygül adlı qadınla qeyri-rəsmi olaraq birlikdə yaşamışdır. Aygül Gəncə şəhəri «Pasyolka» adlanan yerdə Şəfiqə adlı qohumu ilə birlikdə qalmışdır. 25 avqust 2021-ci il tarixdə o, işdən çıxıb Aygülün yaşadığı evə getmiş, Aygül ondan çörək almaq üçün pul istədiyi üçün o, Aygülə pul vermiş və sonuncu evdən çıxıb marketə getmişdir. O, həmin vaxt evin digər otağında Şəfiqə adlı qadının oğlunun pulunu sayıb həmin otaqdakı kreslonun altına qoyduğunu görmüşdür. Daha sonra siqaret çəkmək məqsədilə eyvana çıxmaq üçün Şəfiqənin otağına keçmiş və həmin otaqda kreslonun altında olan pulu götürüb şalvarının belində gizlətmişdir. O, siqaret çəkdikdən sonra Aygülə işə gedəcəyni bildirib evdən çıxıb getmişdir. Evdən çıxdıqdan sonra əvvəlki həyat yoldaşı Vüsaləyə zəng edib görüşmək istədyini bildirmiş və Vüsalə ilə Gəncə şəhərində «köhnə Yevlax» avtovağzalı adlanan ərazidə görüşmüşlər. Həmin vaxt o, Vüsaləyə Aygülün yaşadığı evdən Şəfiqə adlı qadının 4500 manat pulunu oğurladığını bildirmişdir. Vüsalə də ondan paltar və ayaqqabı almaq istədiyi üçün o, Vüsalə ilə gedib sonuncuya paltar və ayaqqabı almışdır. Bundan sonra o, Bakı şəhərinə gedəcəyini Vüsaləyə bildirmiş, sonuncu isə ona Lamiyə adlı rəfiqəsini də Bakı şəhərinə aparmağı xahiş etmişdir. O, Göygöl rayonunda yaşadığı evə gedib yuyunduqdan sonra Gəncə şəhərinə qayıtmış və Lamiyəni də götürüb avtobusla Bakı şəhərinə yola düşmüşlər. Daha sonra Vüsalə ona zəng edib Aygüllə telefonda danışdığını, pul oğurladığını dediyini və Bakı şəhərinə getməyi, sabah isə Vüsalənin özünün də gələcəyini bildirmişdir. Onlar həmin günün səhəri, yəni 26 avqust 2021-ci il tarixdə Bakı şəhərinə çatmışlar. O, Lamiyə ilə birlikdə Bakı şəhəri Nizami rayon ərazisində yerləşən «Sərin gül» restoranının balansında olan «Astori» adlı otelə getmiş və orada otaq tutub qalmışlar. Həmin gün günorta saatlarında Vüsalə də zəng edib Bakı şəhərinə gəldiyini deyib qarşılamağı ona bildirdiyi üçün o, Lamiyə ilə birlikdə Vüsaləni qarşılayıb qaldıqları otelə aparmışlar. Oteldə təklikdə olan zaman Vüsaləyə saxlaması üçün 800 manat pul vermişdir. Daha sonra onlar birlikdə çay evinə getmiş, orada bir qədər spirtli içki qəbul etdikdən sonra kafeyə getmiş və axşam saatlarında yenidən otelə qayıtmışlar. Oteldə olduqları zaman Vüsalə ona, Lamiyənin oğurluğa meyili olmasını söyləyib pulunu saxlamaq üçün ona verməsini təklif etmişdir. O, Vüsalənin sözlərinə inanıb içərisində 3100 manat olan pul qabını da saxlaması üçün sonuncuya vermişdir. Bundan sonra o, Lamiyə ilə eyni otaqda, Vüsalə isə başqa otaqda qalmışdır. Sabah tezdən Lamiyə onu oyadaraq Vüsalənin oteldə olmadığını və qaçdığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəmiş və aralarında barışıq əldə olunmuşdur. Bundan başqa “44 günlük vətən müharibəsi”ndə iştirak etmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında tədqiq olunmuş ifadəsindən görünür ki, Şahid3 onun qaynının nəvəsidir. Təqsirləndirilən şəxs isə Şahid3 əridir. 2021-ci ilin avqust ayında Şahid3 qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxsla onun evinə gələrək, yaşamağa evləri olmadığı üçün evində qalmağı xahiş etmişlər. O, etiraz etməyərək sonuncularla evində qalaraq kirayə pulu verməmələri və bunun müqabilində ona qulluq etmələri barədə razılaşmışlar. Yaşadığı mənzil 3 otaqdan ibarətdir. Özü ayrı otaqda qalaraq əşyalarını da həmin otaqda yerləşdirmişdir. Şahid3 ilə Təqsirləndirilən şəxs isə digər otaqda qalaraq şəxsi əşyalarını da öz otaqlarına yerləşdirmişlər. Gözündə problem olduğundan müalicə almaq üçün bir neçə illik təqaüdünü yığaraq 4570 manat toplamışdır. O, 2021-ci ilin avqust ayının ortalarında, gününü dəqiq bilmədiyi tarixdə həmin pulun üzərindən 30 manat götürüb X1 gözündən müayinə almağa getmiş, qalıq 4540 manat məbləğində pulunu isə öz otağındakı kreslonun altında saxlamışdır. 25 avqust 2021-ci il tarixdə, günorta saatlarında Şahid3 ilə yaşadığı evdə olan vaxt Təqsirləndirilən şəxs evə gəlmiş və onlar bir qədər oturub televizora baxdıqdan sonra Şahid3 çörək almaq üçün marketə getmişdir. O, mətbəxdə nahar hazırlamaq üçün mətbəxə keçəndə Bəşir otaqda oturub televizora baxmış, bir qədər keçdikdən sonra Şahid3 evə gəlmişdir. Təqsirləndirilən şəxs işə gedəcəyini bildirib onunla sağollaşmış və evdən çıxıb getmişdir. 26 avqust 2021-ci il tarixdə gözünün müalicəsi ilə bağlı xəstəxanaya getməli olduğu üçün 25 avqust 2021-ci il tarixdə, saat 19:00 radələrində öz qaldığı otaqda olan kreslonun altında saxladığı pulunu götürmək istəyəndə orada saxladığı özünə məxsus 4540 manat məbləğində pulunun yerində olmadığını görmüşdür. Bundan sonra bu barədə oğlu Şahid2 məlumat vermiş, oğlu Asim onun evinə gəldikdən sonra baş verənləri ona danışmışdır. Baş vermiş oğurluq hadisəsi barədə hüquq mühafizə orqanlarına müraciət etməyin qaydasını bilmədiyi üçün oğlu Şahid2 ona məxsus 4540 manat məbləğində pulunun oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Onun mənzilindən 4540 manat məbləğində puldan başqa digər hər hansı bir əşya oğurlanmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş 4540 manat maddi ziyanı qismən 2200 manatını ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. Şahid3 isə əmisinin nəvəsidir. Təqsirləndirilən şəxs isə Şahid3 əridir. 2021-ci ilin avqust ayında Şahid3 qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxsla anasının yaşadığı evə gəlib orada yaşamağa başlamışlar. Şahid3 kirayə pulu verməyə imkanları olmadığını bildirib bunun müqabilində qoca anasına qulluq edəcəyinə söz vermiş, anası da Aygülün təklifi ilə razılaşmışdır. Anası Şəfiqənin qaldığı mənzil 3 otaqdan ibarətdir. Anası özü ayrı otaqda qalmış və özünə məxsus əşyaları da həmin otaqda olmuşdur. Şahid3 ilə Təqsirləndirilən şəxs isə ayrı otaqda qalmışlar və şəxsi əşyalarını da öz qaldıqları otağa yerləşdirmişlər. Anasının gözündə problem olduğu üçün Beynəlxalq Xəstəxanaya gözündən müalicə almaq üçün neçə illik təqaüdünü yığıb 4570 manat pul toplamışdır. 25 avqust 2021-ci il tarixdə, səhər saatlarında anasını Xəstəxanaya gözündən müayinəyə aparmış və sonra geri evə qaytarmışdır. Həmin vaxt Bəşir və Aygül də evdə olmuşlar. Anasının otağına keçib sonuncunun topladığı pulu anasının yanında sayaraq 4540 manat məbləğində olduğunu müəyyən edib pulu anasının otağındakı kreslonun altında gizlətmişdir. Bundan sonra o, çıxıb öz evinə getmiş, həmin gün axşam saatlarında Aygül zəng edib onu anasının evinə çağırmış və telefonda danışan vaxt anasının otağındakı 4540 manat məbləğində pulun oğurlandığını bildirmişdir. Bundan sonra o, anasının yaşadığı İ.Cəfərov küçəsi ev 7, mənzil 42 ünvana getmiş, anasının otağındakı kreslonun altında saxlanılan 4540 manat məbləğində pulun yerində olmadığını görmüşdür. O, əvvəlcə anasının pulunun Aygül tərəfindən oğurlandığını şübhələnsə də sonradan ona məlum olmuşdur ki, anasının pulunu Bəşir oğurlayıbdır. Bundan sonra anası hüquq mühafizə orqanlarına müraciət etməyin qaydasını bilmədiyi üçün o, anasına məxsus 4540 manat məbləğində pulunun oğurlanması barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və Kəpəz Rayon Polis İdarəsinə şikayət ərizəsi yazmışdır. Hazırda Təqsirləndirilən şəxs oğurladığı 4540 manat məbləğində pulu anası Zərərçəkmiş şəxs tam olaraq ödədiyindən ondan heç bir şikayətləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Goranboy rayonunun mərkəzində, ünvansız təzə məhlələrdə yaşayır. O, ailəsindən ayrılmış, himayəsində 2 azyaşlı uşağı var. Goran adlanan yerdə yerləşən «Pürrəngi» çay evində ofisiant işləyib övladlarını dolandırır. Özünü ona Vüsalə kimi təqdim edən Şahid1 2021-ci ilin təxminən may ayından tanıyır, sonuncu ilə Gəncə şəhəri ərazisində adını xatırlamadığı çay evlərinin birində tanış olmuşdur. Həmin vaxtdan da Vüsalə ilə münasibətləri yaranmışdır. Elnur kimi tanıdığı şəxsin Təqsirləndirilən şəxs olmasını o, əvvəllər bilməmiş, həmin şəxsin adının Elnur olduğunu bilmişdir. 2021-ci ilin avqust ayının sonlarına yaxın işləmək üçün Bakı şəhərinə getmək fikrində olduğu üçün 25 avqust 2021-ci il tarixdə, saat 17 radələrində tanışı Vüsalə kimi tanıdığı Şahid1 xahiş etmişdir ki, onunla birlikdə gedib alış-veriş mağazalarından onun üçün ayaqqabı alsınlar və Şahid1 da buna etiraz etməmişdir. O, Vüsalə ilə görüşmək üçün Gəncə şəhərində «Billur» şadlıq sarayının qarşısından şəhərdaxili 20 nömrəli marşrut üzrə hərəkət edən avtobusa minmiş, «köhnə Yevlax» avtovağzalının yaxınlığında isə Vüsalə avtobusa minmişdir. Vüsalə ilə birlikdə avtobusa bir nəfər hündür boy, orta bədən quruluşlu oğlan da minmişdir. O, Vüsalə ilə həmin oğlanın bir-birlərinə baxışlarından başa düşmüşdür ki, həmin şəxslər bir-birlərini tanıyırlar. Lakin həmin oğlana fikir verməyib Vüsalə ilə salamlaşmış, hal-əhval tutub söhbət etməyə başlamışdır. O, Vüsalə ilə şəhərin mərkəzində avtobusdan düşüb piyada «Depo» adlanan alış-veriş mağazasına gedəndə həmin oğlan da onların yanı ilə getmişdir. Həmin vaxt o, arxaları ilə gələn və Vüsalə ilə birlikdə avtobusa minən oğlanın kim olduğunu soruşanda sonuncu ona bildirmişdir ki, həmin oğlan dostudur və adı da Elnurdur. Bundan sonra onların üçü də birlikdə mağazaya daxil olmuşlar. Vüsalə mağazada özü üçün paltar, ayaqqabı almış və pulunu Elnur ödəmişdir. Eyni zamanda o, da özü üçün 7 manat dəyərində altı düz ayaqqabı bəyənmiş, aldığı ayaqqabının pulunu özü ödəmək istəyəndə Vüsalə qoymamış və həmin ayaqqabının da pulunu Elnur ödəmişdir. Bundan sonra onlar mağazadan çıxıb şəhərin mərkəzi istiqamətində getmişlər. Həmin vaxt o, bir-iki günə işləmək üçün Bakı şəhərinə gedəcəyini Vüsaləyə bildirəndə sonuncu ona bildirmişdir ki, «sən Bakını yaxşı tanımırsan, dostum Elnur da Bakı şəhərinə gedəcək və birlikdə gedərsiniz». Vüsalə ona Elnurun mobil telefon nömrəsini vermiş və əlaqə saxlayıb birlikdə Bakı şəhərinə getməyi bildirmişdir. Daha sonra o, Vüsalə və Elnurdan ayrılıb öz evinə getmişdir. Bundan sonra Elnur onunla əlaqə saxlayıb 25 avqust 2021-ci il tarixdə, saat 23 radələrində o, Elnurla avtovağzalda görüşmüş, Elnur taksi ilə Bakı şəhərinə getməyi xahiş etsə də, Elnurun təklifi ilə razılaşmamışdır. Bundan sonra Elnur ona Goranda işi olduğunu, gedib işlərini həll edib orada avtobusa minəcəyini bildirib onun yanındakı oturacaqda özü üçün yer saxlatmış və ondan ayrılıb getmişdir. O, Elnurun hərəktlərini görüb başa düşmüşdür ki, sonuncu sanki Gəncə şəhərindən çıxıb getməyə tələsir. O, avtobusda qalmış və vaxtı çatanda avtobus Bakı şəhəri istiqamətində yola düşmüşdür. Goran adlanan yerə çatanda Elnur o, olduğu avtobusu əl edib saxlatmış və avtobusa minib onun yanında əyləşmişdir. Onlar birlikdə avtobusla Bakı şəhərinə getmişlər. 26 avqust 2021-ci il tarixdə səhər tezdən Bakı şəhərinə çatmışlar. O, işləmək üçün Razin adlanan yerə getmək fikrində olsa da Elnur ondan xahiş etmişdir ki, özü də Bakı şəhərində tək olduğu üçün o, Elnurdan ayrılmasın və sonuncu ona iş tapacaqdır. Bundan sonra onlar ünvanını və adını bilmədiyi otelə getmişlər, otaq danışıb şəxsi əşyalarını yerləşdirmişlər. Otelin otağının pulunu Elnur ödəmişdir. Həmin gün günorta saatlarında Vüsalə də azyaşlı oğlu ilə birlikdə Bakı şəhərinə gəlmiş və Elnur Vüsaləni də onlar qaldığı otelə dəvət etmiş, Vüsalə üçün ayrı otaq sifariş etmiş və pulunu da Elnur özü ödəmişdir. Həmin gün axşam saatlarında onlar birlikdə çıxıb şəhəri gəzmiş, çay evinə getmiş, orada yeyib-içmiş və pulunu da Elnur özü ödəmişdir. O, Elnurun imkanlı olduğunu görüb nə işlə məşğul olduğunu Vüsalədən soruşanda sonuncu ona bildirmişdir ki, Elnur Göygöl rayonununda Topalhəsənli kəndindəki restoranlarda ofisiant işləyib pul qazanıbdır. Bundan sonra onlar otelə qayıtmışlar. Həmin gecəni Vüsalənin oğlu onun yanında bir otaqda qalmış, Elnur isə Vüsalənin otağına getmişdir. Təxminən 2-3 saat keçdikdən sonra Elnur Vüsalənin otağından çıxıb o, olduğu otağa gəlmiş, həmin gecəni onun qaldığı otaqda gecələmişdir. Səhər saat 10 radələrində o, yuxudan oyanıb Vüsaləni oyatmaq üçün sonuncunun otağına keçəndə Vüsalənin otağında olmadığını, sonuncunun şəxsi əşyalarını da götürüb oğlu ilə birlikdə oteldən çıxıb getdiyini görmüşdür. O, yenidən öz otağına qayıdıb Elnuru oyatmış və Vüsalənin oteldən çıxıb getdiyini bildirəndə Elnur cəld ayağa qalxıb Vüsalənin qaldığı otağa qaçmış və o, da sonuncunun arxasınca getmişdir. O, görmüşdür ki, Elnur yastığı qaldırıb altına baxmış və ona bildirmişdir ki, Vüsalə Elnura məxsus içərisində 2500 manat olan pul qabını da götürüb oteldən gedibdir. Bundan sonra Elnur otelin adminstratorunun yanına gedib müşahidə kameralarına baxdıqdan sonra gəlib ona bildirmişdir ki, Vüsalə taksi çağıtdırıb gecə saatlarında oteldən çıxıb gedibdir. Bundan sonra Elnur əsəbi halda oteldən çıxıb getmiş, o, da şəxsi əşyalarını yığıb oteli tərk etmişdir. Bundan sonra o, bir neçə müddət «Razin» adlanan yerdə dəqiq ünvanını və adını bilmədiyi çay evində işləmişdir. Sonradan ona məlum olmuşdur ki, Elnur kimi tanıdığı şəxsin əsl adı Bəşirdir, sonuncu Goranboy rayonundandır. Vüsalə kimi tanıdığı Şahid1 isə Elnurun keçmiş həyat yoldaşı olmuşdur. Elnur kimi tanıdığı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən 4540 manat məbləğində pul oğurlamasını bilməmiş, bu barədə məlumatı olmamışdır. Şahid3 məhkəmə iclasında tədqiq olunmuş ifadəsindən görünür ki, Goranboy rayonu, Göynüyən kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2021-ci ilin mart ayından keçmiş əri Tural Həsənovdan ayrılmışdır. Əri Turaldan ayrıldıqdan sonra Göygöl rayonu Topalhəsənli kəndində yerləşən “Bizim Məkan” restoranında qabyuyan kimi işləməyə başlamışdır. Həmin vaxt restoranda işləyən Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu ilə aralarında sevgi münasibətləri yaranmışdır. 2021-ci ilin avqust ayında atası Xaliqin və qohumu Şəfiqənin təklifi ilə sonuncuya baxıb qulluq etmək üçün Şəfiqəyə məxsus Gəncə şəhərində yerləşən evində Bəşirlə birlikdə qalmağa başlamışdır. Həmin evdə yaşamağın müqabilində Şəfiqəyə kirayə pulu ödəməmişdir. 25 avqust 2021-ci il tarixdə Şəfiqənin yaşadığı evdə olan vaxt sonuncunun qışqırıq səsini eşitmişdir. O, Şəfiqənin olduğu otağa getdikdə sonuncu evdən 4540 manat pulunun oğurlandığını demişdir. Bundan sonra onlar əvvəlcə evi axtarmış, daha sonra isə oğlu Şahid2 oraya çağırmışlar. Asim evə gəldikdən sonra DİN-in 102 xidmətinə zəng edib evdən anasına məxsus 4540 manat pulunun oğurlandığını bildirmişdir. Bundan sonra fikirləşmişlər ki, evdən pulu Bəşir oğurlamışdır. O, Bəşirə zəng edib pulu oğurlayıb oğurlamadığını soruşanda sonuncu ona heç bir söz demədən telefonu üzünə söndürmüşdür. Bundan bir-iki gün sonra Bəşir ona zəng edib Şəfiqənin evindən pulu oğurladığını demişdir. Həmçinin pulun bir hissəsini xərclədiyini, qalanını isə Vüsalə kimi tanıdığı Şahid1 ilə Bakı şəhərində qaldıqları oteldə olan zaman sonuncunun götürüb getdiyini bildimişdir. O, Bəşirin Zərərçəkmiş şəxs evindən 4540 manat pulu necə oğurlamasını görməmiş, belə ki Bəşir evdən pulu oğurlayıb gedən zaman o, mağazaya çörək almaq üçün getmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı evdə pulun olmasını görməmiş və ona da bu haqda heç bir söz deməmişdir. Şahid1 məhkəmə iclasında tədqiq olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 5 ildir ki, tanıyır. Sonuncu ilə 2016-cı ildə qeyri-rəsmi olaraq evlənmiş, ailə münasibətləri zamanı bir qız övladları dünyaya gəlmişdir. O, Təqsirləndirilən şəxsla birinci evli olduğu şəxsdən ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmuşdur. Birinci nikahından bir oğlan övladı dünyaya gəlmişdir. O, 2019-cu ildə Təqsirləndirilən şəxsla faktiki olaraq ayrıldıqlarından, qız övladları isə sonuncunun himayəsindədir. 25 avqust 2021-ci il tarixdə Gəncə şəhəri «Yevlax» avtovğzalı yaxınlığnda kirayədə yaşadığı ünvanın yanında Bəşir onun birinci nikahından olan oğlu Elvini görüb sonuncuya peçenya almış və 5 manat da pul vermişdir ki, internet kafeyə gedib oyun oynasın. Sonra oğlu da internet kafedə oyun oynamış, pulun 1 manatını xərcləyib yerdə qalan 4 manat və peçenyanı ona gətirmiş, o, pulu və peçenyanı kim verdiyini soruşanda Bəşirin verdiyini demişdir. Bundan sonra o, Bəşirin anasına zəng etmiş və telefonu Bəşirin ögey atası götürmüş, o, onun oğluna niyə pul verdiyini soruşanda həmin şəxs cavabında ürəyi yumuşaqlığından verdiyini bildirmişdir. O da Bəşirin ögey atasına Bəşirdən ayrıldığını və ondan uzaq durmaları lazım olduğunu demiş və Bəşirin nömrəsini istəsə də Bəşirin atası ona nömrə verməmişdir. Təxminən 5 dəqiqə keçdikdən sonra Bəşir ona zəng etmiş, o, Bəşirdən hansı məqsədlə oğluna pul verməyini soruşanda sonuncu cavabında problemə düşdüyünü deyib ondan kömək istəmişdir. O, hadisənin nə olduğunu Bəşirdən soruşanda sonuncu cavabında qeyri-rəsmi münasibətdə olduğu qadını döydüyünü demiş və qadının telefon nömrəsini ona verib xahiş etmişdir ki, o, Bəşirin dayısı arvadı kimi özünü təqdim edərək həmin qadınla danışıb barışıq ərizəsi verməyinə razı salsın. O, sonradan həmin qadına zəng etmiş, Aygül adlı həmin qadın Bəşir tərəfindən döyüldüyünə görə Kəpəz RPİ-nə ərizə verdiyini, Bəşirin kirayədə yaşadığı evdən pul oğurladığını və dərhal oğurlanan pulu qaytarmalı olduğunu demişdir. Sonra Bəşir ona zəng etmiş və onun yaşadığı evə gəlməsini xahiş etsə də o, cavabında icazə vermədiyini bildirmişdir. Sonradan ona oğurluq etdiyini və oğurluq olan evə getməyi təklif etmiş, o, isə qəbul etməmiş və özünü qorumağı təklif etmişdir. Bəşir daha sonra dəfələrlə ona zəng edib oğurluq etdiyi evə getməyi təklif etsə də o, həmin evə getmək istəmədiyini, nəyə görə oğurluq etdiyni və özünü qorumalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə təkrar ona zəng edib onlara gəlmək istədiyini bildirdikdə yenidən icazə vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl rayonuna nənəsinin yanına getdiyini, daha sonra isə hazırlaşıb Bakıya gedəcəyini ona demişdir. O, sonradan Lamiyə adlı tanışı ilə özünə paltar alıb evə gələn zaman Bəşirlə yolda rastlaşmış, sonuncu Bakıya getdiyini demişdir. Həmin vaxt Lamiyə bunu eşidib Bakıya getmək istədiyini və Bakıya aparmağı Bəşirdən xahiş etmişdir. Daha sonra Bəşirlə Lamiyə Bakı şəhərinə getmişlər. O, 26 avqust 2021-ci il tarixdə Lamiyəyə zəng edib hal-əhval tutmuş, sonuncudan iş tapa bilib-bilməməsini soruşanda Lamiyə cavabında iş tapa bilmədiyini, oteldə qaldığını ona danışmışdır. O, Lamiyədən Bakıya gələ biləcəyini soruşduqda sonuncu narahat olmayıb onu da Bakıya çağırmış və otelin də pulunun ödəndiyini, bir yerdə iş axtarmaqlarını bildirmişdir. O, azyaşlı oğlunu da götürüb Bakı şəhərinə getmiş, Bakı şəhərində onu Lamiyə ilə Bəşir qarşılamış, onlar birlikdə otelə getmişlər. Oteldə Lamiyə ilə Bəşir bir otaqda qalmış, o, həmin şəxslərin qaldıqları otaqda olan stolun üstündə yeyib içmək və müxtəlif spirtli içkilər olduğunu görmüşdür. O, Lamiyədən harada qala biləcəyini soruşduqda sonuncu Bəşirin iki otaq tutduğunu, digər otaqda isə onun qalacağını demişdir. O, qalmağa razlaşmasa da gecə saatları olduğuna görə məcbur qalıb orada qalmış, səhərə yaxın saat 05 radələrində isə oteldən çıxıb Gəncə şəhərinə qayıtmışdır. O, oteldə qalan vaxt axşam saatlarında Təqsirləndirilən şəxs cibində çoxlu pul olduğunu görsə də sonuncudan pul almamış və götürməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Hadisə yernə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus 4540 manat pulun oğurlandığı ünvan 6 ünvanında otaqdakı kreslonun alt hissəsini göstərmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 20 sentyabr 2021-ci il tarixli, 89 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Aslan oğlu həmin gün şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsinə dair” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiə olunmasından imtina edilərək Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbiri seçilməsi təklif edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 22.09.2021-ci il tarixli, 95 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə təqsirləndirilən şəxs qismində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhəri Baş Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin 05 oktyabr 2021-ci il tarixli, 4933 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs X9 Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanser 15 dekabr 2021-ci il tarixli, 5811 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 24 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 11.02.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbayca Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsinin tərkibi yaranmadığı üçün ona qeyd olunanan məcəllənin həmin maddəsi ilə ittiham elan edilməmişdir. Şahid1 barəsində Azərbayca Respublikası CM-nın 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilərək sonuncunun digər əməlinə hüquqi qiymət verilməsi üçün cinayət işinin istintaq materiallarından xüsusat üzrə material ayrılaraq ərazi aidiyyatı üzrə Bakı şəhər Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. AZ-İV 261244 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 mart 2019-cu il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Şahid1dır. Goranboy rayon İcra Hakimiyyəti Başçısının Xınalı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlamış olduğu ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. 0098085 nömrəli hərbi biletdən çıxarışın surətindən görünür ki, Aslanov X4, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətmiş olduğu cinayət əməlinə görə peşimançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, o cümlədən onun himayəsində 1 (bir) azyaşlı uşağın olmasını və 44 günlük “Vətən müharibəsində” iştirak etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirilən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasının orta həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, yaşadığı Goranboy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixədən 22 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının dörd günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixədən 22 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 1 (bir) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Goranboy rayonu, Xınalı kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Goranboy Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar