Məhkəmə qərarları › İş №1(043)-48/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-48/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-48/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Qanuni nümayəndə, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 26 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs icarəsində olan ünvan 2 ünvanında yerləşən ət dükanının giriş qapısından içəri, oradan da, içərində heç kəsin olmamasından istifadə edərək kənar şəxslərin daxil olmaq hüququ olmayan vitrinin arxa hissəsinə qanunsuz daxil olub, oradakı masanın üzərində olan 1 ədəd 600 manat dəyərində “Xiaomi Mİ6” markalı mobil telefonu, 1 ədəd 5 manat dəyərində həmin mobil telefonun qoburunu, mobil telefonun içərisində olan hər biri 5 manat dəyərində olmaqla ümumilikdə 10 manat dəyərində ********** saylı və ********** saylı mobil nömrələri və vitrinin arxa hissəsindəki piştaxtanın üzərində olan “A4” kağız qutusunun qapağını açıb qanunsuz daxil olaraq oradan 1500 manat nağd pulu gizli olaraq talayıb, ümumilikdə zərərçəkmiş şəxsə 2115 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Yevlax rayonunda nənəsi ilə birlikdə yaşayır. X2 təxminən 10 ildir ki, vəfat etmişdir. X1 isə Bakı şəhərində dəqiq bilmədiyi ünvanda yaşayır. 26.09.2021-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində piyada gedərkən yolun sol tərəfində qarşısına ət dükanı çıxmışdır. Ət dükanında heç kəsin olmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə dərhal ət dükanına daxil olmuş və orada masanın üzərində qara rəngli “Xiaomi” markalı mobil telefonun dükanın içərisində olan masanın üzərindəki stəkana söykənili vəziyyətdə olduğunu görüb dərhal həmin mobil telefonu götürmüşdür. Bundan sonra əlavə nəsə oğurlaya biləcəyi əşyanın olub-olmamasını müəyyən etmək üçün dükana boylandıqda vitrinin arxasında kağız qutu görmüşdür. Həmin kağız qutu diqqətini cəlb etdiyi üçün vitrinin arxasına keçərək kağız qutunun qapağını qaldırıb içərisinə baxdıqda orada nağd şəkildə pulların olduğunu görüb dərhal həmin pulu da götürüb cibinə qoymuşdur. Bundan sonra dərhal mağazdan çölə çıxmış və qaçaraq oradan uzaqlaşıb nənəsi ilə birlikdə həmin vaxt kirayədə yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsindəki evə qayıtmışdır. Yolda mobil telefonunun arxasını açaraq içərisində olan iki ədəd sim nömrəni yerə atmışdır. Evə çatdıqda cibində olan oğurladığı pulu saymış və 200 manat pulun olduğunu müəyyən etmişdir. Onun oğurladığı pulun miqdarı 1500 manat deyil, 200 manat olmuşdur. Daha sonra avtobusla Bakı şəhərinə gedərək orada özünə yeyib-içmək alaraq həmin pulun hamısını xərcləmişdir. Pulları xərcləsə də, oğurladığı 1 ədəd “Xiaomi Mİ6” markalı mobil telefonu istifadə etmək üçün özündə saxlamışdır və sonra polisə təqdim etmişdir. O, oğurluğu törətmək üçün hər hansı bir şəxslə razılaşmamış, bu barədə heç kəsə bir söz deməmişdir. O, oğurladığı pul ilə özünə ərzaq məhsulları, geyim əşyaları almışdır. Törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxslə barışmışdır. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, təxminən 5 ildir ki, ünvan 2 ünvanını icarəyə götürərək orada ət dükanı işlədir. Gündəlik olaraq tələbata uyğun olaraq mal və qoyun sifariş verib onların ətini alaraq pərakəndə şəkildə satışını həyata keçirir. Ümumi olaraq pulunu dükanda vitrinin arxa hissəsinə qoyduğu kağız qutunun içərisində saxlayır. 26.09.2021-ci il tarixdə saat 14 radələrinədək o, alver edərək, həm də nisyə satdığı malların alıcıları tərəfindən verilmiş pul məbləğlərini yenə həmin qutuya qoymuş və həmin qutuda 1, 5, 10 və 50 manatlıq əskinaskarla ümumilikdə 1500 manat pul olmuşdur. Çünki, hadisədən təxminən bir saat əvvəl qutuda olan pulları saymış və 1500 manat olduğunu görmüşdür. Bundan sonra müştəri olmadığına görə özünə məxsus “Xiaomi Mİ6” markalı mobil telefonla kinoya baxmışdır. Bir qədər kinoya baxdıqda sonra telefonu masanın üzərində qoyaraq obyektin arxa otağında yerləşən tualetə getmişdir. Təxminən 2 dəqiqə sonra tualetdən qayıtdıb otağa daxil olduqda masanın üzərində telefonunun olmadığını görmüşdür. Bundan sonra dərhal pulu qoyduğu qutunun yanına gedib oraya baxdıqda 1500 manat pulunun da, yerində olmadığını görmüşdir. Həmin an o, tualetdə olarkən naməlum şəxsin dükana daxil olaraq telefonunu və pullarını oğurladığını başa düşmüşdür. Dərhal ətraf mağazadakı şəxslərlə də, maraqlansa da, bir nəticə əldə edə bilməmiş, bundan sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonradan oğurluğu etmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs onun ət dükanına açıq qapıdan içəri daxil olmuşdur. Oğurlanmış əşyaların olduğu yerə kənar şəxslərin daxil olmaq hüququ olmamışdır. Belə ki, müştərilər üçün yer sadəcə vitrinin önü nəzərdə tutulmuşdur. Həmin yerdən ət sifariş edərək alıb gedirlər. Mobil telefonu qoyduğu yerə, o cümlədən pulu qoyduğu qutunun yerləşdiyi yerə isə müştərilərin keçməsinə icazə yoxdur. Təqsirləndirilən şəxs həmin yerlərə onun xəbəri və icazəsi olmadan daxil olmuşdur. Həmin hadisə nəticəsində onun 1500 manat nağd pulu, 1 ədəd 600 manat dəyərində “Xiaomi Mİ6” markalı mobil telefonu, 1ədəd 5 manat dəyərində mobil telefonun qoburu və həmin mobil telefonunun içərisində olan hər biri 5 manat dəyərində olmaqla ümumilikdə 10 manat dəyərində ********** saylı və ********** saylı mobil nömrələri oğurlanmışdır. Onun telefonu və üzərində qaburu geri qaytarılsa da, sim kartlar və pulları geri qaytarılmamışdır. Halhazırda təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı ödəməsə də ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” 26 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus əşyaların oğurlandığı ünvan 5 ünvanında yerləşən ət dükanına baxış keçirilmiş, zərər çəkmiş şəxs ona məxsus pulun və mobil telefonun oğurlandığı yeri göstərmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Yetkinlik yaşına çatmayan şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Qanuni nümayəndə yetkinlik yaşına çatmamış şübhəli şəxs Təqsirləndirilən şəxs oğllunun qanuni nümayəndəsi qismində qanuni nümayəndəsi qismində təyin edilmişdir. “Üzləşrmə keçirilməsi haqqında” 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ona məxsus ünvan 5 ünvanında yerləşən ət dükanından “Xiaomi Mİ6” markalı telefon və 1500 manat pulunun oğurlandığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. “İfadənin yerində yoxlanılması haqqında” 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zamanı o, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 noyabr 2021-ci il tarixli, 9/7445 nömrəli rəyinə əsasən, 1 ədəd “Xiaomi Mİ6” markalı mobil telefon 120 manat, 1 ədəd “Xiaomi Mİ6” markalı mobil telefona aid olan üzlük 5 manat, 1 ədəd ********** saylı GSM nömrə 4 manat, 1 ədəd ********** saylı GSM nömrə isə 2021-ci ilin sentyabr ayında olan orta bazar qiyməti təxminən 4 manat müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 18 fevral 2022-ci il tarixli qərardan və 21.02.2022-ci il tarixli qəbzdən görünür ki, talamanın predmeti olmuş 1 ədəd “Xiaomi Mİ6” markalı mobil telefon və onun qoburu iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materialları ilə tanış etmədən sonra həmin əşyalar zərər çəkmiş şəxsə qaytarılmışdır. Gəncə şəhəri Psixonevroloji Dispanserdən alınmış 02 noyabr 2021-ci il tarixli, 5072 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 22.02.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 6 ünvanında yerləşən ət dükanının içərisində vitrinin ön hissəsi müştərilər üçün sərbəst şəkildə girib-çıxıla biləcək yer olsa da, həmin vitrinin arxa tərəfi müştərilərin, həmçinin digər kənar şəxslərin girişi üçün nəzərdə tutulmamışdır. Həmin hissədə, yəni vitrinin arxa tərəfi yalnız Zərərçəkmiş şəxs aid olmaqla onun saxlanc yeri olmuşdur. Zərərçəkmiş şəxs özünə məxsus “Xiaomi Mİ6” markalı mobil telefonu kənar şəxslərin keçməyə icazəsinin olmadığı vitrinin arxa tərəfində yerləşən masanın üzərinə qoymuşdur. Oğurlanmış pul vəsaitləri isə vitrinin arxa hissəsində A4 kağızının qutusunun içərisində olmuşdur. Təqsirləndirilən şəxs vətəndaşların azad giribçıxa biləcəyi ət dükanının ticarət zalına daxil olsa da, mobil telefonun və yerləşdiyi vitrinin arxa tərəfindəki hissəyə qanunsuz daxil olmuş, qanunsuz daxil olduğu həmin yerdən mobil telefonu heç kimin görmədiyi bir vəziyyətdə gizli olaraq talamış, daha sonra vitrinin arxa tərəfində olan A4 kağız qutusunun qapağını qanunsuz olaraq açaraq oradan 1500 manat pul vəsaitini talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində zərər çəkmiş şəxsin işlətdiyi ət dükanından 1500 manat deyil, 200 manat pul oğurladığını bildirsə də, onun bu ifadəsi zərər çəkmiş şəxsin ifadələri ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarından görünür ki, zərər çəkmiş şəxs həm DİN-in 102 xidmətinə şifahi qaydada məlumat verərkən, həm cinayət barədə ərizə ilə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərkən, həm də ibtidai istintaq və məhkəmə istintaq zamanı ifadələrində bir mənalı olaraq hadisə vaxt onun fəaliyyət göstərdiyi ət dükanından 1500 manat məbləğində pul vəsaitinin oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, cinayət hadisəsi günorta saat 14 radələrində baş vermişdir. Həmin gün kifayət qədər ət satmış, bundan əlavə əvvəl nisyə satdığı malların alıcılarından bir neçəsi həmin gün gəlib borclarını ödəmişlər. Hadisədən bir saat əvvəl kağız qutudakı pulları saydıqda orada 1, 5, 10 və 50 manatlıq əskinaslarla ümumilikdə 1500 manat pul olduğunu görmüşdür. Göründüyü kimi, zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlar daha ağlabatan görünür. Odur ki, məhkəmə hesab edir ki, oğurlanmış pul vəsatinin məbləği ilə bağlı zərər çəkmiş şəxsin ifadəsi daha inandırıcı və mötəbərdir. Bundan başqa, məhkəmə oğurlanmış telefonun dəyəri barədə ekspert rəyi ilə zərərçəkmiş şəxsin vurulmuş ziyanın miqdarı ilə bağlı ifadəsini müqayisə edərək hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsində olan qiymət əsas götürülməlidir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun yetkinlik yaşına çatmaması, o cümlədən cəzasını yüngülləşdirən digər halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, maddi sübut kimi tanınmış bir ədəd mobil telefon və onun qoburunun zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığına görə məhkəmə araşdırması zamanı onun hüquqlarını müdafiə etməsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçinin işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir.. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.09.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, həbs yerində saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Yevlax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Yevlax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd “Xiaomi Mİ6” markalı mobil telefon və onun qoburunun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar