Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-5/2022 31.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1979-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını 08 iyul 2021-ci il tarixdə cəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, 1-ci Mikrorayon, ev 1, mənzil 26-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 dekabr 2020-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanda yerləşən “Oba” ərzaq mağazasında alış-veriş edən Zərərçəkmiş şəxs digər əl yükü olan arabasının içərisindən sonuncuya məxsus 1 ədəd 10 manat dəyərində pul qabını içərisindəki 1250 manat, 1870 manat dəyərində olan 1100 ABŞ dolları nağd pulu, 1 ədəd 10 manat 40 qəpik dəyərində qaz sayğacı üçün nəzərdə tutulmuş smart ödəniş kartını və rəsmi sənəd olan AA seriyalı ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsini çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 3140 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 326.2-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-cü maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını 08 iyul 2021-ci il tarixdə cəkib qurtarmışdır. 20 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində siqaret almaq üçün ünvan 2 ünvanda yerləşən “Oba” marketə getmişdir. O, ərzaqlar olan rəflərin yanında olan zaman bir nəfər qadın və yanında azyaşlı uşaq olduğunu görmüşdür. O, həmin qadının bazarlıq etdiyini və özünə məxsus əl çantasını isə ərzaq yığmaq üçün nəzərdə tutulmuş səbət arabasına qoyaraq vitrindən alacağı əşyaları seçdiyini görüb həmin əl çantasını oğurlamaq qərarına gəlmişdir. Həmin qadın ondan şübhələnməsin deyə o, əvvəlcə həmin qadının yanından bir neçə dəfə mağazadakı rəflərə baxa-baxa keçib alıcı görüntüsü yaratmışdır ki, qadının əl arabasından diqqəti yayınan anda həmin əl çantasını gizlin olaraq götürə bilsin. Bir qədər sonra adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs ərzaq almaq üçün digər ərzaq bölməsinə keçmiş, Zərərçəkmiş şəxs həmin yerə keçəndə o, dərhal onun əl arabasına doğru yaxınlaşıb orada heç kəsin olmadığını və onu heç kəsin görmədiyinə əmin olaraq dərhal əl arabasından çantanı götürüb əynindəki qış gödəkcəsinin içərisində gizlədərək dərhal marketdən çıxıb getmişdir. Bir qədər uzaqlaşdıqdan sonra həmin çantanın içərisinə baxanda nəğd şəkildə 1100 ABŞ dolları, 1250 manat nəğd pul, həmçinin şəxsiyyət vəsiqəsi və digər kart olduğunu görmüşdür. O, həmin pulları götürüb cibinə qoymuş, digər əşyalara isə ehtiyacı olmadığından çantanı içərisində qalan əşyalarla birlikdə Gəncə şəhəri 32 saylı orta məktəbin yaxınlığında yerə tullayaraq dərhal oradan uzaqlaşmış və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxsə məxsus şəxsiyyət vəsiqəsinin çantanı oğurladıqdan sonra çantanın içərisində olduğunu müəyyən etmişdir. Onun şəxsiyyət vəsiqəsini oğurlamaq niyyəti ümumiyyətlə olmamışdır. Həmin şəxsiyyət vəsiqələrini çanta ilə birlikdə xatırlamadığı yerə atmışdır. Hadisədən sonra zərərçəkmişə vurulan ziyanın əksər hissəsini ödəmiş, yalnız 1000 manatı qalmışdır. Hazırda evli olmaqla himayəsində 1 azyaşlı uşağı vardır. Əməlindən peşman olmaqla məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstədi ki, 20 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində az yaşlı oğlu Mübarizlə birlikdə ünvan 3 ünvanda yerləşən “Oba” marketə bazarlıq etməyə getmişdir. O, vitrində olan ərzaqlara baxan zaman oğlu Mübariz oynamaq üçün telefonunu ondan istəmişdir. Həmin vaxt onun əlində mobil telefonu və pul qabı olmuşdur. Oğlu ondan telefon istəyən zaman o, vitrindən ərzaq götürürmüş və telefonunu oğluna vermək istəməmişdir. O, oğlunun ağladığını görüb telefonunu və pul qabını saxlamaq üçün oğlu Mübarizə vermiş, və vitrindən ona lazım olan ərzağı götürmüşdür. Mübariz ondan telefonu və pul qabını aldıqdan sonra pul qabını ərzaq yığmaq üçün götürdüyü səbətə qoymuşdur. Bundan sonra o, digər tərəfdəki vitrinə keçmişdir ki, oradan da ona lazım olan ərzaqları alsın, lakin qəfildən görmüşdür ki, azyaşlı oğluna verdiyi pul qabı oğlunda yoxdur. O, Mübarizdən pul qabının harada olmasını soruşanda sonuncu bildirmişdir ki, pul qabını səbətə qoyubdur. O, isə səbətin içərisinə baxanda səbətin içərisində pul qabının olmadığını görmüşdür. Bundan sonra o, bu barədə yaxınlaşıb kassada işləyən adını xatırlamadığı şəxsə bildirmiş, kassada işləyən şəxs marketin video görüntüsünə baxmış və video görüntüdən məlum olmuşdur ki, o digər tərəfdə olan vitrinə baxmağa gedəndə Təqsirləndirilən şəxs gəlib onun pul qabını səbətdən götürüb çıxıb getmişdir. Hadisə zamanı onun 10 manat dəyərində bir ədəd pul qabı, 2019-cu ildə aldığı şəxsiyyət vəsiqəsi, qaz sayğacının kartı, 1100 ABŞ dolları və 1250 manat nəğd pulu oğurlanmışdır. Hadisə nəticəsində hər hansı bir əmlakı zədələnməmiş və ya məhv olmamışdır. Eləcə də hadisə nəticəsində onun xarici pasportu oğurlanmamışdır. Həmin hadisə onun xəbəri olmadan gizlin olaraq törətdilmişdir. Hazırda ona dəyən zərər təqsirləndirilən şəxs tərəfindən tam ödənilmədiyindən ondan şikayətçidir. “Baxış keçirilməsi haqqında” 20 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında yerləşən “Oba” ərzaq mağazasında baş vermiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 17 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. “Video diskə baxış keçirilməsi barədə” 17 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən cinayət hadisəsinin ünvan 4 ünvanında yerləşən “Oba” ərzaq mağazasının müşahidə kamerasında qeydə alınmış görüntüləri özündə əks etdirən bir ədəd “DVD” disk istintaqa təqdim edilmiş, həmin “DVD” diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20.12.2020-ci il tarixdə saat 17 radələrində “Oba” marketdə ərzaqlar qoyulmuş rəflərə baxır, həmçinin zərər çəkmiş Zərərçəkmiş şəxs da, ərzaqlar düzülmüş rəfləri baxır, sonra Zərərçəkmiş şəxs ərzaq qoymaq üçün nəzərdə tutulmuş səbət arabasının yanından digər ərzaq bölməsinə keçir və arabanın yanında heçkim olmur. Əzimov X2 Əsgərovanın ərzaq qoyduğu səbətə yaxınlaşıb səbətin içərisində olan pul qabını götürüb əynində olan gödəkçəsinin içərisinə qoyur və marketdən çıxıb gedir. Azərbaycan Respublikası DİN-in X3 Sisteminin şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış portalından müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 12.04.2019-cu il tarixdə Asan-Gəncə tərəfindən AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytı “www.cbar.az” saytından çıxarılmış AZN məzənnələrindən görünür ki, 20 dekabr 2020-ci il tarixdə 1 ABŞ dolları 1,70 AZN dəyərində olmuşdur. Belə olan halda 20 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus oğurladığı 1100 ABŞ dolları 1870 manat məbləğində qiymətləndirilir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Gəncə RQİ və TBŞ-nə Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın və ya nəqliyyat vasitəsinin olub-olmaması barədə verilmiş sorğulara cavabda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak və ya nəqliyyat vasitəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 09 mart 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işinə əlavə edilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən cinayət hadisəsinin ünvan 4 ünvanında yerləşən “Oba” ərzaq mağazasının müşahidə kamerasında qeydə alınmış görüntüləri özündə əks etdirən bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əzimov X1 rayon məhkəməsinin 19.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07.09.2020-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə 05 ay 23 gün müddətinə vaxtında əvvəl şərti azad olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 7(106/) 02/2021 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqəd rayon məhkəməsinin 19.02.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsinə barədə Salyan Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 7(057)-437/2020 saylı qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini, ədliyyə müşaviri Elmar Camalov tərəfindən verilmiş apelyasiya protesti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 7(057)-437/2020 saylı qərarı apelyasiya protestində əsasən ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 19.02.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 23 gün hissəsinin əvvəli məhkum Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni 15 yanvar 2021-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli hökmü ilə müəyyən edilmiş qaydada, yəni ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 02 avqust 2021-ci il tarixli, 3340 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 05 (beş) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 08.07.2021-ci il tarixdə başa çatdığından o, həmin tarixdə həbsdən azad edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bununla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını oğurlayarkən onun şəxsiyyət vəsiqəsini də talamışdır. Məhkmə işin hallarını təhlil edib hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsi təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin dispozisiyasının mənasına görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət yalnız bir başa qəsdlə törədilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə şəxs o halda cinayət məsuliyyətinə cəlb oluna bilər ki, o, cinayətin predmetinin qanuni sahibindən onun iradəsinin ziddinə olaraq qanunsuz götürülməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını (əməlin ictimai təhlükəli nəticələrini) qabaqcadan görsün və bunları arzu etsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 dekabr 2020-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanda yerləşən “Oba” ərzaq mağazasında alış-veriş edən Zərərçəkmiş şəxs digər əl yükü olan arabasının içərisindən sonuncuya məxsus 1 ədəd 10 manat dəyərində pul qabını içərisindəki 1250 manat, 1870 manat dəyərində olan 1100 ABŞ dolları nağd pulu, 1 ədəd 10 manat 40 qəpik dəyərində qaz sayğacı üçün nəzərdə tutulmuş smart ödəniş kartını və rəsmi sənəd olan AA seriyalı ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsini çıxarmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs ona məxsus şəxsiyyət vəsiqəsinin digər əmlakları ilə birlikdə çantada olduğunu göstərmişdir. Halbuki ittiham aktında Təqsirləndirilən şəxs niyyətinin məhz yuxarıda qeyd olunan sənədin oğurlanmasına yönəlməsini təsdiq edən hər hansı bir sübuta istinad edilməmişdir. İşin hallarından da görünür ki, təqsirləndirilən şəxsin məqsədi zərərçəkmişə məxsus qiymətli əşyanı ələ keçirmək olmuşdur. Ümumiyyətlə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus pul qabını götürən zaman orada rəsmi sənəd olan şəxsiyyət vəsiqəsinin olacağını əvvəlcədən bilə bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus pul qabını gizli yolla götürsə də, iş materiallarından göründüyü kimi şəxsiyyət vəsiqəsi pul qabının içərisində olduğundan, Təqsirləndirilən şəxs qeyd olunan rəsmi sənədi oğurlamaq niyyətində olması, həmin sənədin götürülməsinin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yəni onun əməlində Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması (subyektiv cəhətin olması) barədə hər hansı fikir yalnız mülahizə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna dair şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən, onun həmin maddə ilə təqsirli bilinməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə həmin maddə ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-cü maddəsi ilə törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətlərin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3 və 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sistem olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal olan cinayətlərin residivinin olmasını nəzərə alaraq barəsində təqsirliyi bilindiyi CM-in 177.2.5-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin yarısından az olmayan həddə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cəzasının başlanğıcı Təqsirləndirilən şəxs hazırki iş üzrə axtarışda olarkən tutulduğu vaxtdan, yəni 15 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Lakin məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət mühakimə icraatı zamanı ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki məhkəmə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Posessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin və o, həmin əmələ görə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə dövlət büdcəsinin hesabına Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pulun ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. İş üzrə Zərərçəkmiş şəxs cinayət nəticəsində ona vurulmuş zərərin əvəzini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-5/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-5/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver