Məhkəmə qərarları › İş №1(043)-51/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-51/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-51/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Mətin Həsən oğlunun, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Allahverdiyev Rasim Şəmil oğlunun iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azəbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, istifadəyə yararlı, “Makarov” və “Steçkin” konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən 4 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı “Makarov” konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli yivli odlu silah hesab edilən “Makarov” konstruksialı PM modelli tapança əldə etməklə üzərində saxlamaqla daşımış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında 02 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 103 ünvanında yerləşən Gəncə Texnologiya Universitetinin qarşısında “Mercedes” markalı, “**-BM-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq Gəncə şəhər, Heydər Əliyev propekti 265 ünvanında yerləşən Kəpəz Rayon Polis İdarəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, istifadəyə yararlı, “Makarov və Steçkin” konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən 4 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı “Makarov” konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və əynində olan şalvarın bel hissəsində kəmərə taxılmış vəziyyətdə 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli yivli odlu silah hesab edilən “Makarov” konstruksiyalı PM modelli tapança aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, qeyd olunan ünvanda anası və bir azayaşlı uşağı ilə birlikdə yaşayır. Səyyar şəkildə metal qəbulu işi ilə məşğul olub ailəsini saxlayır. Təxminən 1 il əvvəl Gəncə şəhəri Natəvan qəsəbəsi ilə piyada hərəkət edən zaman “Comərd Qəssab” türbəsinin yaxınlığındakı məişət tullantılarının içərsindən bir ədəd bükülü parça tapmışdır. O, həmin parçanı açan zaman içərisində üzərində nömrəsi silinmiş tapança və üzərində 1 ədəd darağı və darağın içərisində 4 ədəd patron olduğunu görmüş və həmin tapançanı orada olan daşın altına qoyaraq orada gizlətmişdir. Daha sonra mütəmadi olaraq həmin tapançanın həmin daşın altında olub-olmamasını yoxlamışdır. 31 dekabr 2021-ci il tarixdə axşam saatlarında həmin tapançanı bayram günü havaya güllə atmaq niyyəti ilə götürmüşdür. Lakin həmin gün insanların çox olduğunu görüb, tapançadan istifadə etməmiş və tapançanı aparıb təkrar yerinə qoymuşdur. 01 yanvar 2022-ci il tarixdə təkrar həmin zibil yerindən tapançanı götürmüş və üzərində gəzdirmişdir. 02 yanvar 2022-ci il tarixdə saat 12:15 radələrində Gəncə şəhəri “Dubay bazarı” adlanan yerdə tanımadığı taksi fəaliyyəti ilə məşğul olan bir avtomobilə əyləşmiş və Gəncə şəhəri Azərbaycan Texnologiya Universitetinin qarşısında “Xanımın dükanı” adlanan yerin yaxınlığına getmişdir. O həmin yerə, yəni Gəncə şəhər Azərbaycan Texnologiya Universitetinin qarşısında “Xanımın dükanı” adlanan yerin yaxınlığında taksidən düşmək istəyən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Kəpəz Rayon Polis İdarəsinə gətirmişlər. Kəpəz Rayon Polis İdarəsində olan zaman o hüquqlarının müdifəsi üçün vəkil ilə təmin olunmuşdur. Həmin vaxt ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən həmin tapança, 1 ədəd tapança darağı və 4 ədəd patron aşkar olunmuşdur. Aşkar olunmuş həmin əşyalar qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmin silahdan heç vaxt istifadə etməmiş, silahı əldə etdikdən sonra hər hansısa bir formada atəş açmamış, silahın nömrəsinin kim tərəfindən və hansı məqsədlə silinməsi barədə məlumatı olmamış, silahın üzərində hər hansı bir əlavə dəyişiklik etməmiş, onun qanunsuz olaraq 1 ədəd “Makarov” konstruksiyalı PM modelli tapança əldə edərək üzərində saxlayıb daşıyaraq gəzdirməsindən heç kəsin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. Sözgedən cinayət əməlindən başqa digər hər hansısa bir cinayət əməli törətməmiş və belə bir məqsədi olmamış, barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla bağlı hər hansı bir vəsatəti və ya şikayəti olmamış, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşman olmuş, özünün müdafiəsi ilə əlaqədar hər hansı bir dəlil və ya sübutu olmamışdır. Hazırda əməlindən peşmandır.Məhkəmədən ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir azyaşlı uşaq və xəstə anasının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, protokollar, maddi sübut, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Cinayət Atarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 02 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Gəncə şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin Gəncə şəhəri ərazisində üzərində odlu silah daşıması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o, Kəpəz Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Kəpəz RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, Texnologiya Universitetinin yaxınlığında olduğunu müəyyən edərək həmin əraziyə gedərək sonuncunu Texnologiya Universitetinin yaxınlığında “Mercedes” markalı, “**-BM-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə dəvət etmişdirlər. Kəpəz RPİ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy və sarı rəngli gödəkcənin sağ cibindən, içərisindən siqaretlər olan 1 ədəd “Prima” markalı siqaret qutusu, qara rəngli cins şalvarın sağ yan cibindən, içərisində 4 ədəd patron olan daraq, əynində olan qara rəngli cins şalvarın bel hissəsində kəmərə taxılmış vəziyyətdə nömrəsi silinmiş 1 ədəd “Makarov” tipli tapança aşkar olunmuşdur. Daha sonra götürülmüş 1 ədəd “Makarov” tipli tapança, 1 ədəd sandıqça və 4 ədəd patronlar zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş tapança və patronlar özünə məxsusdur, təxminən 1 il əvvəl Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən “Comərd Qəssab” türbəsinin yaxınlığında məişət tullantılarının içərisindən tapmış və üzərində gəzdirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Cinayət Atarış Şöbəsinin digər əməkdaşları Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə” haqqında 02 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Cinayət Atarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə saat 12:30-da Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən Texnologiya Universitetinin qarşısında “Mercedes” markalı, “**-BM-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən, içərisində 4 ədəd patron olan sandıqca, əynində bel hissəsində kəmərə taxılmış vəziyyətdə nömrəsi pozulmuş 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 07 yanvar 2022-ci -ci il tarixli 22/1R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli «Makarov» konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlardan 02 ədədi keçmiş SSRİ dövlətində, 02 ədədi isə Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, “Makarov” (PM) və “Steçkin” (APS) Konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli «Makarov» konstruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. “Maddi sübut hesab edilməsi haqqında” 09 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 9 mm kalibrli «Makarov» konstruksiyalı tapança, 01 ədəd həmin silahın darağı, 4 ədəd ştat patronları maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş odlu silah və onun komplekt hissəsi olan darağın əldə edilmə mənbəyinin müəyyən olunması məqsədilə Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş 26 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, ondan aşkar olunmuş odlu silahla hər-hansı cinayət hadisəsi törədib-törətməməsi, odlu silahı nə vaxt, kimdən harada və hansı şəraitdə əldə etməsi istiqamətində aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, odlu silahın və onun komplekt hissəsi olan darağın əldə edilmə mənbəyi müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanser və Gəncə şəhər psixonevroloji dispanserin arayşlarından görünür ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda durmur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, nömrəsi silinmiş, 9x18 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən, «Makarov» konstruksiyalı 01 ədəd tapançanı və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan, «Makarov» konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd içərisində 4 ədəd patron olan darağı qanunsuz əldə edib saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, nömrəsi silinmiş, 9x18 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən, «Makarov» konstruksiyalı 01 ədəd tapançanı və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan «Makarov» konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd içərisində 4 ədəd patron olan darağı qanunsuz olaraq əldə edib özündə saxlamaqla 02 yanvar 2022-ci il tarixdə saat 12:30-da Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən Texnologiya Universitetinin qarşısına qədər üzərində qanunsuz gəzdirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Cinayət Atarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə saat 12:30-da Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən Texnologiya Universitetinin qarşısında “Mercedes” markalı, “**-BM-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq Gəncə şəhəri Kəpəz Rayon İdarəsinin inzibati binasına gətirilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən, içərisində 4 ədəd patron olan sandıqca, əynində bel hissəsində kəmərə taxılmış vəziyyətdə nömrəsi 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-i maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan bir başa qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini və təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini o cümlədən onun himayəsində 1 (bir) azyaşlı uşağın olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Əliyeva Çinarə Məsim qızı arasında 17.05.2016-cı il tarixdə Gəncə şəhər ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində 1117 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından olan 20.05.2016-cı il təvəllüdlü Əliyev Nurlan Röyal oğlu atası Təqsirləndirilən şəxs himayəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan tutma protokolundan və şübhəli şəxs qismində tutmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 yanvar 2022-ci il tarixli, 4(043)-1/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsində göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətdiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İbtidai həbs müddəti çəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəzanın başlanğıcı 02 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 9 mm kalibrli «Makarov» konstruksiyalı tapança, 01 ədəd həmin silahın darağı və 4 ədəd patron müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Allahverdiyev Rasim Şəmil oğlu tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Allahverdiyev Rasim Şəmil oğluna ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 9 mm kalibrli «Makarov» konstruksiyalı tapança, 01 ədəd həmin silahın darağı və 4 ədəd patron müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi Allahverdiyev Rasim Şəmil oğluna ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (yüz səksən) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar