Məhkəmə qərarları › İş №1(043)-52/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-52/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-52/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Şəmkir rayon “xxxx” MMCdə mühafizəçi işləyən, məhkum olunmamış, ünvan 1 mənzil 39 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 13-cü küçədə fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə xx.xx.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 13-cü küçədə yerləşən fərdi yaşayış evini tərk edib həmin qəsəbənin 30-cu küçəsinə gedərək orada tanışları Şahid3 və Şahid4 ilə 25 dəqiqə müddətdə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 13-cü küçədə ailə üzvləri ilə birlikdə yaşayır və 3 ildir ki, Şəmkir rayonunda, “xxxx” MMC-də mühafizəçi işləyir. Əvvəllər ünvan 1 mənzil 39-da yaşamış, lakin 2016-cı ildən Gəncə şəhəri, Məhsəti qəsəbəsinə köçmüş və həmin qəsəbənin 13-cü küçəsində anası və atası ilə birlikdə yaşayır. 2020-ci ilin noyabr ayının təxminən 11-12-də bədən hərarəti normadan çox olduğu üçün Gəncə şəhər 6 saylı poliklinikaya gedib “Covid-19” virusu ilə bağlı test vermiş və həmin poliklinikada şəxsi anket məlumatlarını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında isə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “İTS.GOV.AZ”-dan analiz nəticəsinin pozitiv çıxması, yəni “COVİD-19” virusuna yoluxması ilə bağlı mesaj gəlmişdir. Həmin mesajın mətnində yaşayış yerini tərk etməməyi, əgər karantin rejimini pozsa inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyi barədə xəbərdarlıq əks olunmuşdur. Həmin mesajı alarkən evdə imiş və mesajda qeyd edilən tələblərə əməl edərək evdə qalmış, yəni iş yerinə bu barədə məlumat verərək işə getməmişdir. Həmin gün Gəncə şəhər Gigiyena və X1 adlı həkim ona zəng edərək səhhətini soruşmuş, o isə həmin həkimə hərarətinin 38 dərəcə olmasını bildirmişdir. Ertəsi gün Almaz həkim yenə onun mobil telefonuna zəng edərək səhhətini maraqlanmışdır. Həmin gün Gəncə şəhər 5 saylı poliklinikanın baş həkimi Asim həkim onun mobil telefonuna zəng edərək səhhətini soruşmuş və hansı dərmanlardan istifadə etdiyini maraqlanmışıdır. O isə immunitet gücləndirən dərmanlardan istifadə etdiyini bildirmişdir. Adları qeyd edilən hər iki həkim ona evdən çıxmamağını bərk-bərk tapşırmışlar. O isə evdə qalıb mülaicə alırmış. Hətta evlərinə tibbi personal gələrək evi dezinfeksiya da etmişlər. xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində yaşadığı evdə darıxdığı üçün Gəncə şəhəri, Məhrəsə bağında onunla qonşuluqda yaşamış dostu Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Rəhman ilə danışmış və Rəhmanın evdə olduğunu öyrənib yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 13-cü küçədə yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxıb piyada Rəhmanın yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 30-cu küçədə yerləşən fərdi yaşayış evinin qarşısına getmişdir. Həmin vaxt orada Rəhman evinin barısı üçün bünövrə qazırmış. O, Rəhmana yaxınlaşıb salamlaşmış və söhbət etməyə başlamışdır. Təxminən 20 dəqiqə sonra digər dostu, həmin küçədə yaşayan Şahid4 da oraya gəlmiş və onlar birlikdə danışıb söhbət etməyə davam etmişlər. Bundan 5 dəqiqə sonra yaşadığı ərazinin polis sahə rəisi Nəsib müəllim onun mobil telefonuna zəng edərək yaşadığı evi tərk etməsinin səbəbini soruşmuş və olduğu yerdə qalmasını tələb etmişdir. O isə dostlarının yanından bir qədər aralaşıb Məhsəti qəsəbəsi, 27-ci küçəyə doğru piyada getmişdir. Həmin vaxt orada polis əməkdaşları ona yaxınlaşıb sosial məsafəni qorumaqla onunla profilaktiki söhbət etmiş və onu evinə geri göndərmişlər. Bundan sonra sağalanadək evdən bir daha çıxmamışdır. Bundan başqa, o, yaşadığı evi tərk edərkən koronavirus xəstəliyindən sağalmadığını bilirmiş, sağalmağı barədə mesaj almamış və hər hansı bir həkim ona sağaldığını bildirməmişdir. O, yaşadığı evi tərk edərkən tibbi maskadan istifadə etmiş, dostları ilə birlikdə cəmi 25-30 dəqiqə vaxt keçirmişdir. xx.xx.2020-ci il tarixdə isə mobil telefonuna “İTS.GOV.AZ”-dan yenə mesaj gəlmiş və həmin mesajda qeyd edilən virusla bağlı özünütəcrid müddətinin bitdiyi qeyd edilmişdir. Bundan sonra o, işinə geri dönmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 30-cu küçədə ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Əvvəllər Gəncə şəhəri, Məhrəsə bağında nənəsigilin evlərində yaşayırdı. Təqsirləndirilən şəxs uşaqlıq yaşlarından Məhrəsə bağından tanıyır. Belə ki, Əziz əvvəllər Məhrəsə bağında yaşayırdı, bundan başqa, Şahid4 da onun dostudur. Elçini uzun müddətdir ki, tanıyır. Hal-hazırda Şahid4 Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 28-ci küçədə yaşayır. Hazırda yaşadığı 30-cu küçədə olan evində təmir işləri gedir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində yaşadığı evin arxa tərəfindəki boş sahədə hasar üçün bünövrə düzəltdirmiş, həmin vaxt dostu Elçin də onun yanına gəlib kömək etmişdir. Bir qədər sonra dostları Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək harada olduğunu soruşmuş, o isə öz evində Elçinlə birlikdə iş gördüyünü bildirmişdir. Həmin vaxt Əziz, yaşadığı Məhsəti qəsəbəsi, 13-cü küçədəki evlərində olduğunu və bir qədər sonra onların yanına gələcəyini demişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs onların yanına, yəni Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 30-cu küçədə yerləşən evinin arxa tərəfinə gəlmiş və birlikdə söhbət etməyə başlamışlar. Təxminən 20-25 dəqiqə sonra Əzizin mobil telefonuna zəng gəlmiş və Əziz onlara heç bir söz demədən oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs onların yanına gələn vaxt nə o, nə də Elçində tibbi maska olmamışdır. Belə ki, onlar evin həyətyanı sahəsində çalışırmış. Təqsirləndirilən şəxs isə həmin vaxt tibbi maskadan istifadə edirmiş. Həmin vaxt Təqsirləndirilən şəxs həyətyanı sahəyə tökülmüş qumun düz yanında dayanmış, Elçin oradan qum daşıyırmış. O özü isə bir az kənarda sement qarışdırırmış. Daha sonra onların olduğu yerə polis əməkdaşları gəlmiş və videoçəkilişlə profilaktiki söhbət etməyə başlamışlar. Söhbət zamanı o, Təqsirləndirilən şəxs “Covid -19” virusunun daşıyıcısı olmasını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da ifadəsində eyni xüsusatları göstərərək Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, daxili işlər orqanlarında 2007-ci ildən, tutduğu vəzifədə isə xx.xx.2020-ci ildən xidmət edir. Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin rəisidir. Polis sahə rəisinin funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə halhazırda ölkədə yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə rəhbəri olduğu bölmənin əməkdaşları tərəfindən nəzarət həyata keçirilir. Bununla bağlı daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və s. üsullardan istifadə edilir. xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsinin polis sahə rəisi Şahid2 “Covid-19” virusunun daşıyıcısı Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib digər şəxslərlə ünsiyyətdə olaraq onları virusa yoluxdurma təhlükəsi yaratması ilə bağlı əlaqəsində olan inanılmış şəxsdən məlumat alıb yəni Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və telefon danışığı zamanı Əzizdən harada olmasını soruşduqda Əziz, dostları Rəhman və Elçin adlı şəxslərlə birlikdə Məhsəti qəsəbəsi, 30-cu küçədə olduğunu bildirmişdir. Bundan sonra o, Şahid2 ilə qeyd edilən ünvana gedilərək videoçəkiliş aparmaqla orada aşkar etdikləri “Covid-19” virus daşıyıcısı Təqsirləndirilən şəxs ilə sosial məsafə gözləməklə profilaktiki söhbət edərək Əzizin yaşadığı evə getməsini təmin etmişlər. Bundan sonra orada tibbi maskadan istifadə etmədən Təqsirləndirilən şəxs ilə təmasda olmuş Rəhman və Elçin adlı şəxslərlə də videoçəkiliş aparmaqla sosial məsafəni qoruyub profilaktiki söhbət etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdən kənarda, yəni Məhsəti qəsəbəsi, 30-cu küçədə aşkar etdikləri vaxt Təqsirləndirilən şəxs tibbi maska taxıbmış, lakin maska Əzizin yalnız ağız hissəsini örtür, burnu isə açıqda qalırmış. Cinayət prosesi iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi məhkəmə iclasında elan və tədqiq edilmişdir. Şahid5 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər 5 nömrəli poliklinikanın baş həkimi vəzifəsində çalışır. Həmin klinikanın 2 nəfər sahə həkimi var. Koronovirus pandemiyası yayıldıqdan sonra xəstələrin sayı artdığı üçün sahə həkimləri ilə bərabər onun özü də ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Həmin xəstəliyin inkubasiya dövrü 14 gündür. Əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və onlar klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikanın sakini, ünvan 1 mənzil 39-da qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 13-cü küçədə yaşayan Təqsirləndirilən şəxs koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. Bundan sonra həmin şəxsin adı poliklinikanın ilkin müraciət edənlərin qeydiyyatı jurnalına və əmək qabiliyyəti olmamaq vərəqələrinin qeydiyyatı kitabına qeyd olunmuş və Təqsirləndirilən şəxs adına ambulator xəstənin tibbi kartası açılmışdır. Daha sonra o, ifadəsində göstərmişdir ki, istifadəsində olan mobil nömrə ilə Əzizin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edib telefon əlaqəsi saxlayaraq xəstəyə arbitrol həblərinin, azitramisin dərman vasitələrini qəbul etməsi tövsiyə etmiş, eyni zamanda 14 gün ərzində yaşayış yerini tərk etməməli olması barədə xəbərdarlıq etmişdir. Eyni qaydada 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni xx.xx.2020-ci il tarixdə Əzizin səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün Əzizi 14 günlük karantin qeydiyyatından çıxartmışlar. Bundan əlavə o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Covid-19” virusu aşkar edilmiş, xx.xx.2020-ci il tarixdə bu barədə Əzizin özünə məlumat verilmişdir.14 günlük müalicə müddətini də nəzərə almaqla xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilmişdir. İlk 14 gün xəstəliyin xəstəliyin inkubasiya dövrüdür. Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Ona görə ki, həmin müddət ərzində xəstəliyin yayılması labüddür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 4248 saylı məktubdan görünür ki, ünvan 1 mənzil 39-da qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “COVİD-19” virusuna yoluxmasına görə Gigiyena və Epidemioloji Mərkəzində qeydiyyata götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Gəncə şəhər 5 saylı poliklinikasının baş həkimi Şahid5 iştirakı ilə həmin poliklinikada “İlkin müraciət edənlərin qeydiyyatı jurnalı”na, “Əmək qabiliyyəti olmamaq vərəqələrinin qeydiyyatı kitabı”na və “Ambulator xəstənin tibbi kartası”na baxış keçirilmişdir. “İlkin müraciət edənlərin qeydiyyatı jurnalı”na baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə həmin jurnalın 99-cu vərəqəsində 684-cü sırada qeydiyyata alınmışdır. “Əmək qabiliyyəti olmamaq vərəqələrinin qeydiyyatı kitabı”na baxış zamanı isə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə həmin kitabda 857ci sırada qeydiyyata alındığı və həmin sırada onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 13 gün müddətinə işdən azad edilməsi müəyyən edilmişdir. “Ambulator xəstənin tibbi kartası”na baxış zamanı müəyyən edilmişdir ki, həmin karta xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına açılmış və kartanın 2-ci vərəqində xəstəliyim simptomlarına əsasən, Təqsirləndirilən şəxs “COVİD-19” diaqnozunun qoyulduğu qeyd edilmişdir. Bundan başqa, həmin kartada xəstə Təqsirləndirilən şəxsla aparılmış telefon əlaqələri barədə qeydlər öz əksini tapmışdır. Həmin kartadan məlum olur ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə telefon əlaqəsi saxlanılaraq ona ev şəraitində müalicə olunması, evdən çölə çıxmaması tövsiyə edilmişdir. Baxış zamanı Şahid5 2020-ci ilin noyabr ayının 29-u qeyri iş gününə, yəni həftənin bazar gününə təsadüf etdiyi üçün xəstə Təqsirləndirilən şəxs işdən azad olma gününün xx.xx.2020-ci il tarixədək hesablandığını, bununla belə, qeyd edilən müddətin xəstəliyin sağalma müddəti ilə, yəni sonuncu günü xx.xx.2020-ci il tarixə təsadüf edən 14 günlük müddətlə əlaqəsinin olmadığını, başqa sözlə, xəstə Təqsirləndirilən şəxs koronavirus xəstəliyindən xx.xx.2020-ci il tarixdə sağaldığını bildirmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan və DVD diskə qeyd edilmiş videogörüntülərdən məlum olur ki, Şahid2 təqdim etdiyi 1 ədəd DVD disk götürülmüş və Təqsirləndirilən şəxs iştirakı ilə həmin diskdəki videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində iki ədəd fayl mövcuddur. Birinci faylı 2 dəqiqə 53 saniyədən ibarət videogörüntüdür. Həmin görüntüdə bir nəfər polis əməkdaşı ağız nahiyəsində qara rəngli maska olan bir nəfər şəxslə küçədə dayanıb söhbət edir. Ağız nahiyəsində maska olan şəxs polis əməkdaşına özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 13-cü küçədə yaşadığını, 2020-ci ilin noyabr ayının 16-dan “Covid-19” virusunun daşıyıcısı olmasını, hal-hazırda həmin virusdan sağalmadığını, polis əməkdaşının ondan nə üçün yaşadığı evi tərk etməsi sualına isə həkimin ona sağaldığını bildirməsinə görə və evdə darıxdığı üçün yaşadığı evi tərk etməsini bildirir. Görüntüdə Təqsirləndirilən şəxs kimi özünü təqdim edən həmin şəxs ilk dəfə idi ki, yaşadığı evi tərk edib Məhsəti qəsəbəsi, 30cu küçəyə gedib dostları ilə görüşdüyünü bildirir. Bundan sonra, polis əməkdaşı tərəfindən həmin şəxsə yaşadığı evə tərk etməməsi barədə xəbərdarlıq edir. DVD diskin içərisindəki ikinci fayl isə 01 dəqiqə 42 saniyəlik videogörüntüdür. Həmin görüntüdə iki nəfər şəxs var, hansı ki, onlardan biri özünü Şahid3 kimi təqdim edir, Şahid4 adlı digər şəxs isə görüntüdən yayınır. Həmin şəxslərin heç biri tibbi maskadan istifadə etmir. Şahid3 kimi özünü təqdim edən qırmızı geyimdəki şəxs Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun xalasıoğlu olmasını bildirir. O, polis əməkdaşının ona verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs “Covid-19” virusunun daşıyıcısı olmasını bilmədiyini, hal-hazırda bundan xəbərdar olduğunu bildirir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs birinci görüntüdə olan şəxsin onun özü olmasını, polis əməkdaşının onunla profilaktiki söhbət etdiyini, ikinci görüntüdəki şəxslərin isə dostları Şahid3 və Şahid4 olmalarını bildirmişdir. O, həmçinin, heç bir həkimin ona zəng edib sağaldığını bildirmədiyini, ümumiyyətlə qeyd edilən tarixdə yaşadığı evi tərk edərkən koronavirus xəstəliyindən sağalmadığını, bu barədə mesaj almadığını və sadəcə olaraq evdə darıxdığından evi tərk etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung Galaxy” markalı, A50 model mobil telefona və həmin telefonun mesajlar bölməsinə onun özünün də iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon qara rəngli, “Samsung Galaxy A 50” markalı mobil telefondur. Həmin mobil telefonun mesajların bölməsində xx xxxxxx 2020-ci il tarixdə “İTS.GOV.AZ” –dan göndərilmiş “Hormetli EZİZ NECEFOV. Sizin xx.xx.2020-ci il tarixinde COVİD-19 ile bagli verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz ve aile uzvleriniz yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasinin İnzibati Xetalar ve Cinayet mecellelerinde nezerde tutulan mesuliyyete celb olunacaqsiniz.” məzmunda, xx.xx.2020-ci il tarixdə isə “Hormetli EZİZ NECEFOV. Siz ve sizinle eyni evde yashayan shexslerin COVİD-19 ile bagli evde ozunutecrid muddeti bitmishdir” məzmununda mesajlar mövcuddur. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “COVİD- 19” virusu ilə bağlı test verdiyini və xx.xx.2020-ci il tarixdə həmin virusun daşıyıcısı olmasından xəbərdar olduğunu bildirmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İbtidai istintaq zamanı “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X3 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından 4 vərəqə çap edilərək yaranmış istintaq zərurəti ilə əlaqədar olaraq ********* saylı cinayət işinin materiallarına əlavə etdim. Həmin sənədlərdən görünür ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD-19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları, videogörüntülər və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar