Məhkəmə qərarları › İş №1(043)-52/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-52/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-52/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə 25 aprel 2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə, yəni təmiz çəkisi 0,251 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11.11.2021-ci il tarixdə, saat 17-18 radələrində Gəncə şəhəri, N.Gəncəvi prospekti 24 ünvanında idarə ediyi avtomobillə birlikdə saxlanılıb Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Azərbaycan Respublikasının DİNnin BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda sol ayağındakı corabın içərisində gizlətmiş olduğu 01 ədəd gümüşü rəngli kağız bükümdə olmaqla 0,251 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadəsini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən istifadə edir. 11.11.2021-ci il tarixdə, saat 17-18 radələrində idarə etdiyi “BMW" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, N.Gəncəvi prospekti 24 ünvanında dayanarkən həmin vaxt üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu, bunun üçün onlarla birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Nakotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etmədən qeyd edilən polis şöbəsinə getmişdir. Orada üzərinə baxış keçirilərkən corabın içərisinə gizlətdiyi narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitəni evinin yaxınlığında yerdən tapmışdır. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, DİNin BNMİ-in QBRŞ-in xüsusi mühim işlər üzrə baş əməliyyat mükəkkili şləyir. 11.11.2021-ci il tarixdə Gəncə şəhər sakini, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə BNMİ-nin QBRŞ-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə bağlı həmin tarixdə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərara müvafiq əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17 radələrində idarə etdiyi «BMW» markalı, **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Gəncə şəhəri, N.Gəncəvi prospekti 24 ünvanında müəyyən edilərək saxlanılmışdır.Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edərək şübhənin və saxlanılmasının mahiyyətini izah etmiş, eləcə də Təqsirləndirilən şəxs özləri ilə birlikdə təxirəsalınmaz şəkildə BNMİ-nin QBRŞ-nin inzibati binasına aparmışlar. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı ilə videoqeydiyyat aparılmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Əməliyyatqrupunun üzvləri kimi onlar da axtarışda iştirak etmişlər. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək bu barədə yazılı bildiriş təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmiş, müsbət halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs corabının içərisindən 01 ədəd gümüşü rəngli büküm çıxarıb təqdim etmişdir. Həmin kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 0,53 qram təşkil etmişdir. Sorgu zamanı Təqsirləndirilən şəxs həmin bükümü bir gün əvvəl yaşadığı evin yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, DİNin BNMİ-in QBRŞ-inin polis nəfəriişləyir. 11.11.2021-ci il tarixdə Gəncə şəhər sakini, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə BNMİ-nin QBRŞ-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə bağlı həmin tarixdə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərara müvafiq əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17 radələrində idarə etdiyi «BMW» markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Gəncə şəhəri, N.Gəncəvi prospekti 24 ünvanında müəyyən edilərək saxlanılmışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edərək üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs özləri ilə birlikdə BNMİ-nin QBRŞ-nin inzibati binasına aparmışlar. Orada təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs corabının içərisindən 01 ədəd gümüşü rəngli büküm çıxarıb təqdim etmişdir. Həmin kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 0,53 qram təşkil etmişdir. Sorgu zamanı Təqsirləndirilən şəxs həmin bükümü bir gün əvvəl yaşadığı evin yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Əmrah Fikrətoğlunun ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş şahid Əmrah Fikrətoğlu ibtidai istintaq zamanı digər şahidlərlə ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarnda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş 12.11.2021-ci il tarixli, 16/1200 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..." sözlər və imzalar olan kağız paketdəki, 01 ədəd gümüşü rəngli folqa kağız bükümdə təmiz çəkisi 0,251 qram olan maddə kutsar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 04.03.2022-ci il tarixli, 327 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub, narkomaniya xətəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 22.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 18.11.2021 -ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 18.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 1(043)-126/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan mərhumetmə cəzası saxlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında 11.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.11.2021-ci il tarixdə saat 17:50-də tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında 13.11.2021-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs 13.11.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında 13 aprel 2022-ci il tarixli 1(043)-52/2022 nömrəli qərardan görünür ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə, yəni təmiz çəkisi 0,251 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11.11.2021-ci il tarixdə, saat 17-18 radələrində Gəncə şəhəri, N.Gəncəvi prospekti 24 ünvanında idarə ediyi avtomobillə birlikdə saxlanılıb Gəncə şəhəri, Atatürk prospekti 41ünvanında yerləşən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda corabının içərisində gizlətmiş olduğu 01 ədəd gümüşü rəngli kağız bükümdə olmaqla 0,251 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, təqsirli bilindiyi maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasınıın tətbiqini qanuni əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01il 01ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 18.11.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olması və hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan Gəncə şəhəri Baş polis İdarəsində məsul saxlanca verilmiş və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,201 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 1 (bir ) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 18.11.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhəri Baş polis İdarəsində məsul saxlanca verilmiş 0,201 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar