Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-53/2021 09.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 157.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs vəsatətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 157.2 və 228.4-cü maddələri ilə ittiham irəli sürülərək cinayət işi məhkəməyə verilmişdir. İbtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs 02 aprel 2020-ci il tarixdən 03 aprel 2020-ci il tarixə keçən gecə saat 01 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs onunla təkrar ər-arvad münasibətində olmalarına dair təklifindən imtina etdiyinə görə sərxoş halda Zərərçəkmiş şəxs yaşadığı, sonuncunun nənəsi Tamara Verdiyevaya məxsus olan, ünvan 1 ünvanda yerləşən evə gələrək zor tətbiq etmə hədəsi ilə mənzil sahibinin iradəsinə zidd olaraq evin giriş qapısının şüşələrini sındıraraq Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan yaşayış evinə daxil olmuş, evin yataq otağında Zərərçəkmiş şəxs ilə barışmağı əsas gətirib qorxutmaq üçün plastik qabda gətirdiyi, kimyəvi tərkibinə görə tezalışan neft məhsulu olan benzini sonuncunun üzərinə tökərək, hədənin icra ediləcəyi üçün real əsaslar yaradıb əlində olan alışqanla sonuncuya od vurub yandırmaqla, habelə hər hansı ovçular cəmiyyətinin üzvü olmadığı halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı ov bıçağı olan və soyuq silah hesab edilən bir ədəd bıçağı əldə edib üzərində gəzdirərək qeyd edilən ünvanda digər əlində nümayiş etdirib Zərərçəkmiş şəxs öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Həmin cinayət işinə məhkəmədə baxılan zaman, məhkəmə istintaqının sonunda zərərçəkmiş şəxs vəsatət verərək təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin, yəni, qəsdən adam öldürmə cinayətinin tərkibinin olduğunu bildirmiş və ona Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs vəsatəti bununla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs hadisə zamanı əlində olan neft məhsulu benzini zərərçəkmiş şəxsin üzərinə tökərək ona od vurmaq üçün çıxardığı alışqanı yandırmaq istəyən zaman orada olan zərərçəkmiş şəxsin anası və uşaqları tərəfindən ona qarşı edilən təzyiqlər əsasında alışqanın baş hissəsi qırılmış və o, öz iradəsindən asılı olmayan səbəbə görə öz cinayətkar qəsdini həyata keçirə bilməmişdir. Bundan sonra təqsirləndirilən şəxs özü ilə gətirdiyi və soyuq silah hesab edilən bıçağı çıxarıb zərərçəkmiş şəxsə hücum etmiş, lakin zərərçəkmiş şəxsin anasının və uşaqlarının fəal müdaxiləsi nəticəsində növbəti dəfə zərərçəkmiş şəxsi öldürmək ilə bağlı öz qəsdini həyata keçirə bilməmişdir. Qeyd olunan xüsusatlar ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin və orada olan digər şəxslərin ifadələri ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs də öz ifadəsində zərərçəkmiş şəxsi öldürmək istədiyini bildirmiş, lakin iradəsindən asılı olmayan səbəbdən öldürə bilmədiyini etiraf etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirərək belə hesab edir ki, vəsatət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə vəsatətin əsaslılığına sübutlar və əməlin tövsifi, yəni, maddi hüquqi əsaslar baxımından qəti qiymət vermir. Çünki bu halda məhkəmə cinayət işinin məhkəmə baxışı üzrə yekun qərarının predmetinə aid olan məsələlərə müdaxilə etmiş olar, bununla isə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və Azərbaycan Respublikası CPM-in 21-ci maddələrində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipini, eyni zamanda CPM-də məhkəmənin əməlin tövsifinə münasibət bildirmə səlahiyyətlərini, belə münasibətin bildirilməsi vaxtını və müşavirə sirrini nəzərdə tutan 32, 33, 345 və 346-cı maddələrin tələblərini pozmuş olardı. Ona görə də, məhkəmə gəldiyi qərarı maddi hüquqi əsaslarla bağlı məhkəmə istintaqı nəticəsində yaranmış şübhələr ilə izah edir. İstər ibtidai, istərsə də məhkəmə istintaqı belə şübhələrə kifayət qədər əsas verir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadədə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuş, 2000-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi ailə həyatı qurmuş və birgə nikahdan 2001-ci il təvəllüdlü Şahid4, 2004-cü il təvəllüdlü X2 və 2010-cu il təvəllüdlü Şahid5 adlı övladları doğulmuşdur. Vəfa ilə əvvəllər aralarında münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən Vəfa boşanmaq üçün rəsmi qaydada məhkəməyə müraciət etmiş və 2014-cü ildə onların nikahına məhkəmə qaydasında xitam verilmişdir. Onlar boşandıqdan sonra məhkəmənin qərarı ilə uşaqları Vəfanın himayəsində qalmışdır. Bundan sonra o, barışıb bir yerdə Vəfa ilə yaşamaq üçün cəhdlər etmiş və sonuncu ilə əvvəlki qaydada mehriban yaşamaq istədiyini bildirmişdir. Vəfa isə onun içki aludəçisi olduğunu bəhanə gətirərək barışmaq istəmədiyini, nə vaxt içkini atarsa barışacağını demişdir. O, bir neçə dəfə Vəfa ilə danışan zaman sonuncunu öldürməklə qorxutmuşdur ki, bəlkə Vəfa qorxub onunla barışa, lakin xeyri olmamışdır. Hadisədən bir gün əvvəl dostları ilə söhbət edərkən bir tanışı ona demişdir ki, adını xatırlamadığı bir həkim var, koronavirusa yoluxub, onun saxladığı da yoluxub. O da həkimin saxladığının kim olduğunu soruşmuş, tanışı da Mübarizin qızı Vəfa olduğunu demişdir. Həmin tanışı Vəfanın onun keçmiş həyat yoldaşı olduğunu bilməmişdir. O, hadisə günü Vəfaya zəng edib içkini atacağını deyib barışmaqlarını xahiş etmiş, Vəfa isə qəti olaraq onunla barışmayacağını bildirmişdir. Həmin gün, yəni 02.04.2020-ci il tarixdə, saat 22 radələrində o, Vəfanın sözündən təsirlənmiş və əsəbiləşib gedib yaşadığı evdə təkcə xatırlamadığı miqdarda spirtli içki olan araq içmişdir. O, spirtli içkini çox içdiyi üçün sərxoş olmuşdur. Qərara gəlmişdir ki, gedib Vəfanı qorxutsun ki, bəlkə sonuncu onunla barışdı. Buna görə o, evdən çıxanda özü ilə 5 litrlik boş su qabını və idarə etdiyi Kamaz markalı 20-703 dövlət nömrə nişanlı maşından pəncərəsinə qoyduğu bıçağı özü ilə götürüb dəqiq yadında qalmayan yanacaq doldurma məntəqəsinə gedib oradan benzin almiş, tanımadığı taksi ilə Vəfanın yaşadığı ünvan 2 ünvanına getmişdir. Həmin vaxt özü ilə götürdüyü bıçağı kürək hissəsində şalvarının kəmər hissəsinə qoymuşdur. Vəfa ilə boşandığı üçün həmin evə Vəfanın icazəsi olmadan onun daxil olmağa hüququ yoxdur, yalnız Vəfa icazə verdiyi vaxt o, həmin evə daxil bilər. O, qapı bağlı olduğu üçün yan tərəfdə olan evin darvazasının üzərindən keçib həmin həyətdən Vəfanın yaşadığı evin həyətinə keçmiş və evin ikinci mərtəbəsinə qalxmışdır. Evin giriş qapısı bağlı olduğu üçün təpiklə qapıya vuran kimi qapı açılmış və qapının üzərində olan şüşə sınaraq yerə tökülmüşdür. O, əlində olan su qabındakı benzinlə birgə evin içərisinə daxil olub Vəfanın yatdığı yataq otağına girmişdir. Bu zaman Vəfa səs-küyə oyanıb yataqdan qalxaraq ona tərəf gələndə o, Vəfanın ona dediyi sözlərə görə sonuncunu qorxutmaq üçün əlində olan su qabındakı benzinin hamısını Vəfanın üzərinə töküb cibindən alışqanı çıxartmışdır ki, Vəfanı qorxutsun ki, sonuncu əvvəlki kimi onunla birlikdə yaşasın. O, alışqanı çıxardıb Vəfanı qorxutmaq istəyən zaman qızı Lalə və qaynanası Xalidə ona tərəf gəlib mane olmuşlar. Qaynanasıgil elə başa düşmüşlər ki, o, alışqanla Vəfanı yandıracaq və bu səbəbdən də həmin şəxslər onun əlindəki alışqanı almaq istəyəndə alışqanın üst hissəsi sınmışdır. Həmin vaxt Vəfa qışqıraraq səs-küy salmağa başlamışdır. O, səs-küyə camaatın toplaşa biləcəyindən ehtiyat etmiş və artıq Vəfanı qorxutduğu üçün otaqdan çıxmışdır. Həmin vaxt şalvarının kəmər hissəsinə qoyduğu bıçaq yerə düşmüşdür. O, evdən çıxıb həyətə gələrək darvazanı arxa hissədən açıb küçəyə çıxaraq yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Əzizlə 2000-ci ilin fevral ayında rəsmi ailə həyatı qurmuş və birgə nikahlarından hal-hazırda böyük qızı xx.xx.2001-ci il təvəllüdlü Şahid4, ikinci qızı xx.xx.2004-cü il təvəllüdlü Şahid3 və oğlu xx.xx.2010-cu il təvəllüdlü Şahid5 doğulmuşdur. Onun Təqsirləndirilən şəxsla əvvəllər aralarında münasibətləri yaxşı olsa da, sonradan Təqsirləndirilən şəxs tüfeyli həyat sürməyə başladığından, spirti içkilər və narkotik vasitələr istifadə etdiyindən Əziz ilə yola getməməyə başlamış, Əziz dəfələrlə sərxoş vəziyyətdə evə gəlib mübahisələr yaradıb, onu öldürməklə hədələmiş və döymüşdür. Lakin o, bu barədə heç kimə heçnə deməmişdir. Ona görə də qərara gəlmişdir ki, Əzizlə boşansın. Əzizlə boşanmaq üçün rəsmi qaydada məhkəməyə müraciət etmiş və 2014-cü ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Əzizlə boşandıqdan sonra məhkəmənin qərarı ilə uşaqları ilə birlikdə valideynlərinin yanında yaşamağa başlamışdır. Əziz onunla boşandıqdan sonra daha da içki içməyə və qumar oynamağa meyllənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əsassız olaraq onu əxlaqsızlıqda ittiham etmiş, onu izləmiş, dəfələrlə ona hədə-qorxu gələrək onu öldürəcəyi ilə hədələmişdir. 03.04.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində o, övladları Lalə, Ayşə və Amin, həmçinin anası Şahid2 və atası Şahid1 yaşadıqları evdə yatırmışlar. Həmin vaxt o, övladları və anası evin ikinci mərtəbəsində yatmış, atası isə evin birinci mərtəbəsində yatmışdır. Həmin vaxt o evin 2-ci mərtəbəsinin giriş qapısının şüşəsinin sındırılması səsini eşitmiş və həmin səsə yuxudan oyanmışdır. Oyandıqda Əzizin onun yatdığı otağa daxil olduğunu, bir əlində plastik qabda benzin bir əlində isə alışqan olduğunu görmüşdür. O, tez yatdığı çarpayısından ayağa qalxmışdır. Bu vaxt Əziz ona yaxınlaşıb nalayiq söyüşlər söyərək əlindəki plastik qabda olan benzini onun üzərinə tökmüş və onu yandırıb öldürəcəyini demişdir. Həmin vaxt benzinin təsirindən onun gözləri acışmağa başlamışdır. O, özünü itirib qışqırmağa başlamış və qaçıb çarpayının altında gizlənmək istəmişdir. Əziz isə digər əlində olan alışqanla onu yandırmağa cəhd etmişdir. Əziz alışqanı ona tərəf uzadıb bir neçə dəfə yandırmağa cəhd etmiş, lakin alışqan yanmamışdır. Onun qışqırığına yuxudan qalxan uşaqları və anası Əzizə mane olmağa çalışmışlar. Qızı Lalə isə Əzizin əlində olan alışqanı Əzizin əlindən alıb sındırmışdır ki, Əziz onu yandıra bilməsin. Bu vaxt Əziz əli ilə onu çarpayının altından çıxarmağa başlamış və yenə də övladları və anası ona mane olmuşlar. Həmin vaxt o, Əzizin əlində bıçaq görmüş və Əziz həmin bıçağı əlində ona tərəf istiqamətdə tutaraq bir neçə dəfə onu vurmağa çalışmışdır. Əziz onu çarpayının altından çıxardan kimi o Əzizin əlindən çıxıb qaçmaq istədikdə Əziz əli ilə saçından tutub onu geriyə çəkmiş və əlində olan bıçaqla onu vurmaq istəmişdir. Lakin yenə də uşaqları və anası Əzizə mane olduqları üçün o, Əzizin əlindən çıxıb evin birinci mərtəbəsinə qaçmışdır. Əziz onun üzərinə benzin tökdüyü üçün gözləri acışmış və çətin görürmüş. Buna görə də o evin hamam otağına keçmişdir ki, gizlənsin və gözlərini yusun. Daha sonra nə baş verdiyini bilməsə də sonradan bilmişdir ki, Əziz onu öldürə bilmədiyi üçün evdən qaçıb getmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid2 26 may 2020-ci il tarixdə aparılan dindirmə zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır və 2000-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuşdurlar. Nikahlarından hal-hazırda 22.06.2001-ci il təvəllüdlü Şahid4, xx.xx.2004-cü il təvəllüdlü Şahid3 və xx.xx.2010-cu il təvəllüdlü Şahid5 adlı övladları doğulmuşdur. Vəfa ilə Təqsirləndirilən şəxs əvvəllər aralarında münasibətləri yaxşı olsa da sonradan Təqsirləndirilən şəxs tüfeyli həyat yaşamağa başladığı üçün aralarında mübahisələr baş verməyə başlamış və buna görə də Təqsirləndirilən şəxs qızı Vəfanı dəfələrlə döyməyə və evdə münaqişə yaratmağa başlamışdır. Buna görə də qızı Vəfa Əzizlə boşanmaq üçün rəsmi qaydada məhkəməyə müraciət etmiş və 2014-cü ildə ondan boşanmışdır. Təqsirləndirilən şəxs dəfələrlə Vəfaya hədə-qorxu gələrək Vəfanı öldürməklə hədələmişdir, bir neçə dəfə onların yaşadıqları evə gəlib dava-dalaş salmışdır. Sonuncu dəfə isə 03.04.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində o, qızı Vəfa, nəvələri Lalə, Ayşə və Amin, həmçinin həyat yoldaşı Şahid1 yaşadıqları evdə yatırmşlar. Həmin vaxt o, qızı və nəvələri evin ikinci mərtəbəsində yatmış, həyat yoldaşı Mübariz isə evin birinci mərtəbəsində yatmışdır. O, yatmazdan əvvəl yuxu gətirici dərman atdığı üçün ağır yatır. Gecə səs-küy eşidib çətinliklə yuxudan oyanmış və görmüşdür ki, yatdıqları otaqda Əziz qızı Vəfanı yerdə çarpayının altından dartıb çıxarmağa çalışır. Nəvəsi Lalə isə Əzizə mane olmağa çalışır. O, həmin vaxt kiçik nəvəsi Aminə demişdir ki, gedib babasını çağırsın. Bundan sonra isə Əzizin əlində olan bıçaqla Vəfanı vurmaq istədiyini görüb, Lalə və Ayşə ilə birlikdə Əzizin qollarını tutmuşlar. Əziz əlindəki bıçaqla bir neçə dəfə Vəfaya zərbə vurmaq istəsə də onun qollarını tutduqları üçün Vəfanı vura bilməmişdir. Bundan sonra həyat yoldaşı Mübariz əlində taxta parçası ilə gəlib birlikdə Əzizi evdən qovmuş və Əziz çıxıb getmişdir. Daha sonra Əziz geri qayıdıb həyətdə nalayiq ifadələr işlətməyə, söyüş söyməyə başlamışdır. Nəvəsi Şahid4 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonradan bilmişdir ki, Əziz qızı Vəfanın üzərinə benzin töküb onu yandırmaq istəmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs isə atasıdır. Əvvəllər anası Vəfa ilə atası Əzizin əvvəllər aralarında münasibətləri yaxşı olsa da sonradan atası ilə anası aralarında mübahisələr baş verməyə başlamış və buna görə də atası Əziz anası Vəfanı dəfələrlə döyməyə və evdə münaqişə yaratmağa başlamışdır. Buna görə də onlar 2014-cü ildə boşanmışlar. Bundan sonra atası Əziz dəfələrlə anası Vəfaya hədə-qorxu gələrək öldürməklə hədələmişdir. 03.04.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində o, anası Vəfa, bacısı Ayşə və qardaşı Amin, nənəsi Xalidə və babası Şahid1 yaşadıqları evdə yatırmışlar. Həmin vaxt onlar evin ikinci mərtəbəsində, babası Mübariz isə evin birinci mərtəbəsində yatırdı. Həmin vaxt o səs-küy eşidib yuxuda oyanmış və görmüşdür ki, yatdıqları otaqda Əziz anası Vəfanın üzərinə plastik qabda olan benzini tökür və əlində olan alışqanla anasını yandırmağa çalışır. Əziz həyəcanlı olduğundan əlləri əsdiyi və anası müqavimət göstərdiyi üçün əlindəki alışqanı bir neçə dəfə çaxsa da alışqan yanmamışdır. Həmin vaxt atası ancaq anasının ünvanına söyüş söyürmüş. Atası anasına onunla barışmasını, yoxsa onu öldürəcəyini deməmişdir. Bu zaman o, cəld atası Əzizə yaxınlaşmış və Əzizin əlində olan alışqanı almaq istəyərkən alışqanın üst hissəsindən tutub əymiş və alışqanın üst hissəsi sınıb yerə düşmüdür. Həmin vaxt əvvəlcə bacısı Ayşə, daha sonra nənəsi yuxudan oyanmış və Əzizin üstünə gəlmişdir. Nənəsi Xalidə qardaşı Aminə bildirmişdir ki, gedib babası Mübarizi çağırsın. Atası Əziz bıçaq çıxararaq bir neçə dəfə anasını vurmağa çalışmış, o, bacısı Ayşə və nənəsi Xalidə ilə Əzizin qollarını tutub ona mane olduqları üçün bıçaq anasına dəyməmişdir. Anası Vəfanın gözünə benzin düşdüyü üçün gözünü tam aça bilmirdi. Bu zaman oraya babası Mübariz də gəlmişdir və Əzizə evdən çıxıb getməsini bildirmişdir. Həmin vaxt anası da tez qaçıb birinci mərtəbəyə düşmüşdür. Bundan sonra o, 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Anası ilə atasıyola getmədikləri üçün aralarında mübahisələri olurdu. Ona görə də 2014-cü ildə boşanmışlar. Ancaq anası ilə atasının mübahisələri davam edirdi. Atası Əziz dəfələrlə anası Vəfaya hədə-qorxu gələrək onu öldürməklə hədələmiş, bir neçə dəfə də anası ilə dava-dalaş salmışdır. 03.04.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində o, anası Vəfa, bacısı Lalə və qardaşı Amin, nənəsi Xalidə və babası Mübariz yaşadığı evdə yatırmışlar. Həmin vaxt onlar evin ikinci mərtəbəsində, babası Mübariz isə evin birinci mərtəbəsində yatırmışlar. Gecə o səs-küy eşidib yuxudan oyanmış və görmüşdür ki, yatdıqları otaqda Əziz anası Vəfanın üzərinə plastik qabda olan benzini tökür və əlində olan alışqanla anasını yandırmağa çalışır. Atası bir neçə dəfə alışqanı çaxsa da alışqan yanmamışdır. Bu zaman bacısı Lalə tez atası Əzizə yaxınlaşmış və onun əlində olan alışqanı əlindən dartıb almağa çalışmışdır. Bu zaman alışqanın baş tərəfi qırılmışdır. Həmin vaxt qışqırıq səsinə nənəsi Xalidə də yuxudan oyanmış və Əzizin üstünə getmişdir. Nənəsi qardaşı Aminə bildirmişdir ki, gedib babası Mübarizi yuxarı çağırsın. Sonra o, atası Əzizin əlində bıçaq görmüş və qorxduğu üçün atası Əzizə yalvarmışdır ki, anası Vəfaya heç nə eləməsin. Lakin Əziz həmin bıçaqla anasının üstünə gedərək onu vurmağa cəhd etmişdir. Bu zaman o, nənəsi Xalidə və bacısı Lalə atasının qollarını tutub onun anasını bıçaqla vurmasına mane olmuşlar. Atası var gücü ilə bıçağı vurmağa çalışmışdır, əgər onlar atasının qolundan tutmasa idilər o, anasını bıçaqla vuracaqdı. Anası Vəfanın üzəri benzinli olduğu üçün gözünü tam aça bilmirdi. Bu zaman oraya babası Mübariz də gəlmiş və Əzizi evdən qovmuşdur. Əziz babasını gördükdən sonra qaçıb getmişdir. Həmin vaxt anası Vəfa tez qaçıb birinci mərtəbəyə düşmüş, bacısı isə telefonla zəng edib polis çağırmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Valideynləri boşandıqları üçün ayrı yaşayırlar. 03.04.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində o, anası Vəfa, bacısı Lalə və Ayşə, nənəsi Xalidə və babası Mübariz yaşadıqları evdə yatırmışlar. Həmin vaxt onlar evin ikinci mrtəbəsində, babası Mübariz isə evin birinci mərtəbəsində yatmışdır. Həmin vaxt o səs-küy eşidib yuxudan oyanmış və görmüşdür ki, yatdıqları otaqda Əziz anası Vəfanın üzərinə plastik qabda olan benzini tökür və əlində olan alışqanla anasını yandırmağa çalışır. Bu zaman nənəsi Xalidə də yuxudan oyanmış ona demişdir ki, gedib babası Mübarizi çağırsın. O, tez evin birinci mərtəbəsinə düşüb babası Mübarizə demişdir ki, atası Əziz gəlibdir və evdə anası Vəfanı öldürmək istəyir. Ona görə babası Mübariz tez evin ikinci mərtəbəsinə çıxmış və Əzizi evdən qovmuşdur. Sonra bacısı Lalə zəng edib polis çağırmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə onun keçmiş kürəkənidir. Vəfa ilə Əziz 2000-ci ildə rəsmi ailə həyatı qurmuşlar. Lakin Vəfa ilə Əzizin əvvəllər aralarında münasibətləri yaxşı olsa da sonradan Əziz tüfeyli həyat yaşamağa başladığı üçün aralarında mübahisələr baş verməyə başlamış və buna görə də Əziz Vəfanı dəfələrlə döyməyə və evdə münaqişə yaratmağa başlamışdır. Buna görə də Vəfa Əzizlə 2014-cü ildə boşanmışdır. Bundan sonra Əziz dəfələrlə Vəfaya hədə-qorxu gələrək öldürməklə hədələmiş, bir neçə dəfə də dava-dalaş salmışdır. Sonuncu dəfə isə 03.04.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində o, evin birinci mərtəbəsində, qızı Vəfa, nəvələri Ayşə, Lalə, Amin və yoldaşı Xalidə isə evin ikinci mərtəbəsində yatırmışlar. Həmin vaxt o, evdə səs küy-eşitmiş və yuxudan oyanmışdır. Bu zaman nəvəsi Amin onun yanına gələrək bildirmişdir ki, atası Əziz evə gəlibdir və anasını öldürmək istəyir. O, tez əlinə taxta parçası alaraq evin ikinci mərtəbəsinə qalxmış və orada Əzizi sərxoş vəziyyətdə görmüşdür. Əziz onu görüb evdən qaçıb getmişdir. O, evin yataq otağına diqqət edəndə görmüşdür ki, yataq otağında yer benzin tökülmüş vəziyyətdədir və yerdə plastik qab da vardır. Ona sonradan məlum olmuşdur ki, Əziz özü ilə plastik qabda gətirdiyi benzini Vəfanın üzərinə tökərək Vəfanı alışqanla yandırmaq istəmiş, daha sonra isə onu bıçaqla vurmaq istəmişdir. Lakin həyat yoldaşı Xalidə və nəvələri Əzizə mane olduqları üçün Əziz Vəfanı öldürə bilməmişdir. Baş vermiş hadisə ilə bağlı nəvəsi Lalə polisə zəng edib məlumat verdiyi üçün həmin yerə polis əməkdaşları da gəlmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət məsuliyyəti müəyyən edir. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətinin törədilməsi zamanı təqsirkarın qəsdi başqa şəxsi həyatdan qəsdən məhrumetməyə və ya onun sağlamlığına ağır zərər vurmaya yönəlmir. Təqsirkar zərərçəkmiş şəxsi öldürəcəyini və ya sağlamlığına ağır zərər vuracağını müxtəlif üsullarla onun diqqətinə çatdırır. Bu zaman hədənin icra ediləcəyi üçün real əsasların olması kifayətdir. Başqa sözlə desək, təqsirkarın zərər çəkmiş şəxsi öldürmək və ya sağlamlığına ağır zərər vurmaq üçün real imkanları olsa da, o, bu imkanlardan istifadə etməyə ümumiyyətlə cəhd etmir. Qəsdən adam öldürməyə cəhd zamanı isə təqsirkar zərərçəkmiş şəxsi həyatdan məhrum etmək üçün real addımlar atır, lakin, öz iradəsindən asılı olmayan səbəblərdən həmin əməlləri başa çatdıra bilmir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli qərarının 1- ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin Qərarın 2-ci bəndində izah edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin, ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi hazırkı cinayət işi üzrə sübutlar qismində məhkəməyə hadisə yerinə baxış keçirilməsi haqqında protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi, məhkəmə-ballistik ekspertizasının rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini təqdim etmişdir. Hazırkı cinayət işinə məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs və şahidlər həm məhkəmə iclasında, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərinə benzin tökdüyünü, bundan sonra isə alışqanı çıxararaq bir neçə dəfə alışqanı çaxdığını, lakin alışqanın yanmadığını, Şahid4 alışqanı tutub qırması nəticəsində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi yandıra bilmədiyini, bundan sonra isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi bir neçə dəfə bıçaqla vurmaq istədiyini və bıçaqla zərbə endirsə də, zərərçəkmiş şəxsin geri çəkilməsi və şahidlər Şahid4, Şahid2 və Şahid3 təqsirləndirilən şəxsin qollarını tutmasına görə zərərçəkmiş şəxsi bıçaqla vura bilmədiyini göstərmişlər. Eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, o, hadisədən bir gün əvvəl keçmiş arvadı olan zərərçəkmiş şəxsin hansısa həkimlə qeyri-rəsmi münasibətinin olmasını eşitmiş və bundan təsirlənərək hadisə günü spirtli içki qəbul edərək zərərçəkmiş şəxsin yaşadığı evə getmiş və bu hadisəni törətmişdir. Bu isə təqsirləndirilən şəxsin qısqanclıq motivi ilə hərəkət etməsi barədə əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Zərərçəkmiş şəxsin və şahidlər Şahid4, Şahid3 və Şahid2 İbrahim qızının təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi əvvəlcə yandırmağa, daha sonra isə bıçaqla vurmağa yönəlmiş real hərəkətlər etməsi barədə ifadələrinə və zərərçəkmiş şəxsin dəfələrlə təqsirləndirilən şəxsin onu öldürməyə cəhd etməsini və istintaqın düzgün aparılmadığını bildirərək etiraz etməsinə baxmayaraq, ibtidai istintaq zamanı heç bir əsaslandırma aparılmadan zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələr faktiki olaraq sübut növü kimi qəbul edilməmiş, yalnız təqsirləndirilən şəxsin ifadəsi əsas götürülərək onun zərərçəkmiş şəxslə barışmaq məqsədilə sonuncunu qorxutmaq üçün onu öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələdiyi barədə ittiham irəli sürülmüşdür. Bu zaman zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin nəyə əsasən mötəbər sübut kimi qəbul edilmədiyi barədə heç bir əsaslandırma aparılmamışdır. Qeyd olunanlar baxımından məhkəmə təqsirlilik barədə məsələyə qabaqcadan hüquqi qiymət vermədən hesab edir ki, məhkəmə baxışında təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin - qəsdən adam öldürmə cinayətinin əlamətlərinin mövcud olması barədə əsaslı şübhələr vardır. Buna görə də, zərərçəkmiş şəxs tərəfindən verilmiş vəsatət təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 318.2-1-ci maddəsinin tələblərinə əsasən məhkəmə həbsdə saxlanılan Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxaraq belə nəticəyə gəlir ki, onun həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 09 sentyabr 2021-ci il tarixədək müəyyən edilməlidir. Məhkəmə şərh olunalara əsasən və Azərbaycan Respublikası CPM-in 318.2 və 321-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Zərərçəkmiş şəxs vəsatəti təmin edilsin. Cinayət işinə baxılmasına xitam verilsin və həmin cinayət işi Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, 09 sentyabr 2021-ci il tarixədək müəyyən edilsin. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-53/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-53/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver