Məhkəmə qərarları › İş №1(043)-53/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-53/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-53/2022 17.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxxxx 1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, Gəncə şəhəri, E.Budaqov küçəsi ev 9-da qeydiyyatda olmaqla Gəncə şəhəri, S.A.Kəsəmənli küçəsi ev 10-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 445 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, Kəpəz Rayon Polis Bölməsinin əməkdaşlarının 29 aprel 2021-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı qəsəbə adlanan ərazidə saxlanılaraq ünvan 1 ünvanında yerləşən Kəpəz Kəpəz Rayon Polis Bölməsinə gətirilmiş, onun üzərinə Kəpəz Rayon Polis Bölməsidə şəxsi axtarış keçirilən zaman əynində olan qış polverinin arxa alt hissəsində şəffaf sellofanda ümumi təmiz çəkisi 445 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulumuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə qurudulmuş marixuananı uzun müddətdir ki, istifadə edir. 29 aprel 2021-ci il tarixdə saat 19 radələrində əvvəllər yaşadığı Gəncə şəhər Cavadxan qəsəbəsində evinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Kəpəz Rayon Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlarla birlikdə Kəpəz Rayon Polis Bölməsinə getmişdir. Polis bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ondan müdafiəçi tutmaq üçün maddi imkanının olub-olmaması soruşulmuş, maddi imkanı olmadığı üçün dövlət tərəfindən müdafiəçi ilə təmin edilmişdir. Daha sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd telefon sarj aləti, bir ədəd “ZHD” markalı çin istehsalı mobil telefon, 02 ədəd ev açarı, şalvarın sol yan cibindən bir manat pul əskinazı, “Rothmans” markalı siqaret və bir ədəd gün eynəyi, şalvarın arxa sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və tibbi maska, əynində olan qara rəngli koftanın arxa iç tərəfindən isə bir ədəd sarı yapşdırıcı letlə bağlanmış vəziyyətdə sellofan aşkar edilərək götürülmüşdür. Sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş sarı letntlə bağlanmış vəziyyətdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və təxminən 1 il əvvəl Daşkəsən rayonu Əmirvar kəndi ərazisindən özü üçün yığıb qurutduğunu, istifadə etmək məqsədi ilə yaşadığı evə apardığını, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanadan bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini söyləmişdir. Üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 450 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkar edilib götürülmüş marixuananı tutulduğu gün yerini dəyişmək məqsədilə yaşadığı evdən götürüb aparıb evdən kənar bir yerdə gizlətmək istəmiş, lakin buna nail ola bilməmişdir.Hazırda əməlindən peşmandır. Məhkəmədən səmimi ifadəsini nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsində sahə rəisi vəzifəsində işləyir. Gəncə şəhəri, E.Budaqov küçəsi ev 9-da qeydiyyatda olmaqla Gəncə şəhəri S.A.Kəsəmənli küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 29 aprel 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPB-də gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Asəf adlı şəhər sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və hazırda Qırmızı qəsəbə ərazisindədir. Daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə olunandan sonra həmin gün əməliyyat qrupu yaradılmış və bölmənin əməliyyat müvəkkili Şahid1 və digər polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Qırmızı qəsəbə ərazisində adı, soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxs saxlanılaraq Kəpəz RPB-nə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri elan olunmuş, dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli koftanın arxa iç tərəfindən bir ədəd sarı yapışdırıcı lentlə bağlanmış vəziyyətdə sellofan aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, təxminən 1 il əvvəl Daşkəsən rayonu, Əmirvar kəndi ərazisindən özü üçün yığıb qurutduğunu və istifadə etmək məqsədi ilə yaşadığı evə apardığını, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanadan heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini və yerini dəyişmək üçün evdən götürüb aparıb gizlətmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,450 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq götürülmüş və üzəri möhürlə möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda heç bir əməliyyat məlumat olmamışdır. Yalnız onlarda Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananın istifadəçisi olması barədə əməliyyat məlumatları olmuşdur. Şahid1 məhkəmə iclasında tədqiq olunmuş ifadəsindən görünür ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhəri, E.Budaqov küçəsi ev 9-da qeydiyyatda olmaqla Gəncə şəhəri S.A.Kəsəmənli küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 29 aprel 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPB-də gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Asəf adlı şəhər sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, hal hazırda Qırmızı qəsəbə ərazisindədir. Daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə olunandan sonra həmin günü əməliyyat qrupu yaradılmış və o, RPB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 və digər polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Qırmızı qəsəbə ərazisində adı, soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxs saxlanılaraq Kəpəz RPB-nə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri elan olunmuş, dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli koftanın arxa iç tərəfindən bir ədəd sarı yapışdırıcı lentlə bağlanmış vəziyyətdə sellofan aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, təxminən 1 il əvvəl Daşkəsən rayonu, Əmirvar kəndi ərazisindən özü üçün yığıb qurutduğunu və istifadə etmək məqsədi ilə yaşadığı evə apardığını, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanadan bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,450 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq götürülmüş və üzəri 120 saylı möhürlə möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda heç bir əməliyyat məlumat olmamışdır. Yalnız onlarda Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananın istifadəçisi olması barədə əməliyyat məlumatları olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş; “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şəxsi axtarış keçirilməsi haqqında” 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı o, Kəpəz Rayon Polis Bölməsində şəxsi axtarış keçirilən zaman əynində olan qış polverinin arxa alt hissəsində şəffaf sellofanda ümumi təmiz çəkisi 445 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulumuş marixuana iş üçün əhəmiyyət kəsb edilərək maddi sübut hesab edilmişdir. “Şübhəli şəxsi tutma” haqqında 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 may 2021-ci il tarixli, 1467 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi” haqqında 01 may 2021-ci il tarixli, 1473 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlandığı Gəncə şəhər Baş Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında 01 noyabr 2021-ci il tarixli, 1657 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişməməsinin qarşısını almaq məqsədilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 30 aprel 2021-ci il tarixli, 16/403 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd torbada narkotik maddəyə bənzər kütlə” sözləri və imzalar olan ağ rəngli polietilen torbada, üzəri yapışqanlı lentlə sarınmış digər şəffaf rəngli polietilen torbada təmiz çəkisi 445 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş marixuana “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2021-ci il tarixli, 1241 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Elşad oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının 13 noyabr 2021-ci il tarixli 687 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmiş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi mülicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. “Sübutların qiymətləndirilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, 30.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş videoçəkilişin 1 ədəd DVD diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tannınaraq cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 444,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınsın, narkotik vasitə qurudulmuş marixuana təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09.11.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 445 qram çəkidə narkotik vasitə olan marixuananı əldə etməklə və üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs X6 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 445 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, Kəpəz Rayon Polis Bölməsinin əməkdaşlarının 29 aprel 2021-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı qəsəbə adlanan ərazidə saxlanılaraq ünvan 1 ünvanında yerləşən Kəpəz Kəpəz Rayon Polis Bölməsinə gətirilmiş, onun üzərinə Kəpəz Rayon Polis Bölməsidə şəxsi axtarış keçirilən zaman əynində olan qış polverinin arxa alt hissəsində şəffaf sellofanda ümumi təmiz çəkisi 445 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulumuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də aşkar olunan narkotik vasitənin çəkisini (yəni külli miqdara yaxın olmasını) nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdən 01 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti azadıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həmin tarixdən həbs qətimkan tədbiri seçilmiş və 04 may 2022-ci il il tarixdə Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmasına görə narkoloji kabinetdə qeydiyyata alınması ilə bağlı ekspert məsələlərinə münasibətdə qeyd edir ki, “Narkotik vasitələrinin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlık xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli qərarının 3-cü bəndinə əsasən onun barəsində narkomanyadan məcburi müalicə təyin edilməlidir. Belə olan halda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2– ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Lakin iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin anbarına məsul saxlanca verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 444,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdə sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə baxışı özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işinin materilallarına əlavə edilib saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz manat qırx qəpik) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdən 01 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti 01 (bir) il, 01 (bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin anbarına məsul saxlanca verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 444,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdə sonra məhv edilsin həmçinin təqsirləndirilən şəxsin üzərinə baxışı özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materilallarına əlavə edilib saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz manat qırx qəpik) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (yüz səksən) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar