Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-55/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd 26612 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində, Tula zavodunda istehal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz və atəşə yararlı yivsiz odlu ov silahını əldə edib üzərində saxlayaraq daşımış, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 07 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Su İdarəsinin yaxınlığında saxlanılaraq rayon polis idarəsinə gətirilmiş, Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz rayon polis idarəsində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin altında belinə qoyaraq gizlətdiyi 01 ədəd 26612 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində, Tula zavodunda istehal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz və atəşə yararlı yivsiz odlu ov silahı (obrez) aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin yay aylarında Gəncə çayının sahilində torbaya bükülü vəziyyətdə yerdən bir ədəd tüfəng tapmış, həmin tüfəngi yaşadığı evə gətirərək evin damında gizlətmişdir. Rusiya Federasiyasına getməyi planlaşdırdığı üçün 07 fevral 2022-ci il tarixdə həmin tüfəngi yaşadığı ərazidə məişət tullantıları qabına tullamaq üçün yaşadığı evin damından götürüb üzərində gəzdirmişdir. Həmin gün saat təxminən 21 radələrində yaşadığı evin yaxınlığında Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində su idarəsinin yaxınlığından gedən vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onu polis idarəsinə dəvət etmişlər. Kəpəz rayon polis idarəsində iş otağında olarkən polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı belinə qoyduğu qundağı və lüləyi kəsilmiş qoşa lüləli tüfəng aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş tüfəngin patronları olmamış, həmin tüfəngi tapan vaxt da patronları olmamış, tapdığı kimi aparıb gizlətmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2011-ci ildən DİO-da, tutduğu vəzifədə isə 2019-cu ildən işləyir. 07 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat dərhal Kəpəz RPİ-nin rəhbərliyinə məruzə edilmiş və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilərək rayon polis idarəsinə gətirilməsi üçün yaşadığı evin ətrafına getmişlər. 07 fevral 2022-ci il tarixdə saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Su İdarəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına gətirmişlər. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəni qaldırdıqda arxa tərəfindən bel nahiyyəsindən bir ədəd kustar üsulla hazırlanmış lüləyi və qundağı kəsilmiş qoşa lüləli tüfəng aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin tüfəngi 2021-ci ilin yay aylarında Gəncə çayının kənarından tapdığını və həmin vaxtdan da yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş tüfəng ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 07 fevral 2022-ci il tarixdə saat təxminən 21:30 radələrində xidmətdə olan vaxt Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon polis idarəsinə gətirilmişdir. Ona təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan vaxt videoçəkiliş aparması bildirilmişdir. Təhqiqatçının xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bel nahiyəsindən bir ədəd lüləyi və qundağı kəsilmiş tüfəng aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin tüfəngi 2021-ci ilin yay aylarında Gəncə çayın kənarından tapdığını demişdir. Aşkar olunmuş tüfəng qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqında ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və onun əynində olan qara gödəkçənin arxa tərəfindən, yəni belindən bir ədəd kustar üsulla hazırlanmış odlu silaha bənzər lüləyi və qundağı kəsilmiş qoşalüləli tüfəng aşkar edilərək götürülmüşdür. Protokola əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı X4 şəhər Kəpəz RPİ-nin CAŞ-m əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs arxa tərəfdən şalvara keçirtdiyi və üzərini əynində olan qara rəngli gödəkcəsi ilə örtdüyü bir ədəd qoşa lülə, lüləsi və qundağı kəsilmiş silahı təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı 2021-ci ilin yay aylarında Gəncə çayı sahilindən torbaya bükülü vəziyyətdə tapmış, daha sonra yaşadığı evin damında saxlamış, 07.02.2022-ci il tarixdə isə həmin silahı özü ilə götürmüşdür. Bundan sonra həmin silah qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. Məhkəmə-ballistik ekspertizasının 08 fevral 2022-ci il tarixli 22/118R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 26612 nömrəli silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. “İfadənin yerində yoxlanılması haqqında” 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsnın ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat axtarış tədbirlri nəticəsində onun cinayətə meyilli şəxs olması üzərindən aşkar olunmuş lüləsi və qundağı kustar üzul ilə kəsilmiş tüfəng ona məxsusdur. Həmin tüfəngi Gəncə çayının kənarında zibillik ərazidən tapmışdır. Ramin Qasımının silahın satış məşğul olması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 01.03.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 01.03.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 10.09.2020-ci ildən “opioidlərdən asılılıq diaqnozu ilə ambulator, stasionar şəraitdə müalicə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Moskva şəhər Naqatinsk rayon məhkəməsinin 23.04.2012-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası 30 M 3 H, 158 M 2 H “A,V” bənd ilə təqsirli bilinərək 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 14.12.2012-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət işi və ya hökmün tanınmasına dair material olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk və onun üzərindən aşkar edilib qablaşdırılmış 1 ədəd 26612 nömrəli TOZ-B modelli odlu silah maddi sübut kimi tanınmışdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs odlu silah hesab edilən lüləsi və qundağı kustar üsulla kəsilmiş, öz təyinatını itirmiş 16 kalibrli ov tüfəngini qanunsuz olaraq əldə edərək saxlayıb daşıması məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 07.02.2022-ci il tarixdən 09.02.2022-ci il tarixədək tutulmuşdur. Odur ki, onun həbs yerində saxlanıldığı iki gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Gəncə şəhər BPİ-də saxlanılan 1 ədəd 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07.02.2022-ci il tarixdən 09.02.2022-ci il tarixədək tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Gəncə şəhər Baş Polis İdarəsinin anbarında saxlanılan 1 ədəd 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-55/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-55/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver