Məhkəmə qərarları › İş №1(043)-56/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-56/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-56/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1995-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu İstisu qəsəbəsində qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə Bakı küçəsi bina 5, mənzil 116-da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01.01.2021-ci il tarixdə saat 14 radələrində Gəncə- Bakı şossesi yolunun 1-ci kilometrliyində yerləşən “xxxx” mağazasında yerləşən çörək bişirmə sexində kürəçi işləyən Şahid1 kömək edən zaman əlində olan kündənin hazır olubolmamasını müəyyən etmək üçün kündənin balaca və xəmirinin oturuşmadığını bildirərək əlində olan kündəni Şahid1 göstərmiş, bu zaman əvvəllər aralarında xəstəlik məlumatlarının yayılması və yalnış olaraq korona virusuna yoluxma diaqnozu qoyularaq xəstəxanaya yerləşdirilməsinə görə uzun müddət davam edən münaqişəli münasibətlər zəminində ədavətləri olmuş tibb bacısı işləyən və həmin vaxt mağazaya çörək almağa gəlmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona söz atmasını ehtimal edərək ona iradını bildirərkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, Təqsirləndirilən şəxs çörək sexinin satış pəncərəsindən Zərərçəkmiş şəxs saçından tutub özünə tərəf dartaraq yumruqla sonuncunun sol təpə nahiyəsinin və sağ əlin İİİ barmağının yumşaq toxumalarının əzilməsi, hematoması, qançırı, sağ əlin İİİ barmağının sıyrığı müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri və ekspert rəyi ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək, Zərərçəkmiş şəxs əli ilə vurmasını etiraf edərək göstərdi ki, bir müddət Gəncə şəhəri 1500 ailəlik qəsəbədə müvəqqəti yaşamasına baxmayaraq, hazırda Sumqayıt şəhərində yerləşən yataqxanada yaşayır, ərindən ayrılmış və himayəsində bir azyaşlı uşağına tək baxır. 01.01.2021-ci il tarixdə Kəpəz RPB-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs müraciəti ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs tanıyır və bu hadisədən əvvəl aralarında “karona xəstəsi olması” söhbətinə görə ədavət olmuşdur. Belə ki, 2020-ci ilin aprel ayında bacısının evdə qızdırması qalxdığı üçün onlar təcili tibbi yardım çağırmışlar. Bu zaman tibb işçiləri analiz götürən zaman bacısında “COVİD-19” virusunun aşkarlandığını bildirmişlər. Daha sonra onda “COVİD-19” virusunun olma ehtimalını demişlər. Bundan sonra o Şəmkir rayonunda karantin xəstəxanasında olan zaman Zərərçəkmiş şəxs tərəfindən onun barəsində koronovirusla əlaqədar müxtəlif şayiələr yaydığını eşitmişdir. Bundan əlavə onun böyük bacısı Kəlbəcər köçkünlərinin yaşadığı qəsəbədə mer-meyvə satılan yerdə olan zaman Zərərçəkmiş şəxs bacısının yanında onun arxasınca “Şamama karona çıxdı onu içəriyə basdırdıq” deməsini eşitmişdir və bunu ona demişdir. Bundan sonra o TTYŞ-nə zəng edərək, Yeganə Nadirovanı tapmış və Yeganəyə onun “karonavirusa yoluxması barədə niyə şayiələr yaydığını” demişdir. Yeganə ona cavab olaraq “yaxşı elədiyini” bildirmiş və aralarında mübahisələri olmuşdur. Onun barəsində xəstəlik məlumatlarının yaymasına görə Zərərçəkmiş şəxs şikayət etmiş və aralarında ədavətləri olmuşdur. O, 01.01.2021-ci il tarixdə Gəncə-Bakı şossesi yolunun 1-ci kilometrliyində yerləşən “xxxx” mağazasında yerləşən çörək bişirmə sexində kürəçi işləyən Şahid1 ona təklifi əsasında çörək bişirmə sexinə getmiş və saat təxminən 14 radələrində Pərvanəyə kömək edən zaman əlində olan kündənin hazır olub-olmasını müəyyən etmək üçün kündənin kal və xəmirinin oturuşmadığını bildirərək əlində olan kündəni Şahid1 göstərmiş, bu zaman əvvəllər aralarında xəstəlik məlumatlarının yayılmasına görə ədavətləri olan və həmin sexdən çörək alan Zərərçəkmiş şəxs demişdir ki, “mən bura gəlirəm və sən mənə söz atırsan” “ay karona, ay karona” deyərək onun barəsində əxlaqsız sözlər işlətmişdir. O, Yeganəyə kimlə olmasını soruşaraq ona tərəf getmiş və aralarında mübahisə yaranmış, Yeganə ona qarşı nalayiq küçə sözləri işlətdiyi üçün aralarında dava-dalaş baş vermişdir. Həmin vaxtı o, çörək sexinin satış pəncərəsindən Zərərçəkmiş şəxs saçından tutaraq dartmış və Yeganəni əli ilə vurmuşdur. Həmin vaxtı dava-dalaş təxminən 1-2 dəqiqə davam etmiş və həmin vaxtı çörək bişirilən sexdə olan Şahid1 onları aralamışdır. Məhkəmədən himayəsində bir azyaşlı uşağına tək baxmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsi qonşu kimi tanıyır və bilir ki, Kəlbəcərlidir və Aşıq Eyvazın qızıdır. Bu hadisədən əvvəl aralarında karona söhbətinə görə ədavət olmuşdur. Təqsirləndirilən şəxsdən karonavirusla əlaqədar Kamilə Məhərrəmova tərəfindən “yaxma” analizi götürülmüşdür və laboratoriyada “pozitiv” çıxmışdır. Təqsirləndirilən şəxs bundan sonra Yevlax rayonuna qaçmış və polis tərəfindən Təqsirləndirilən şəxs Yevlax rayonundan saxlanılaraq TTYŞ-nin avtomobili və əməkdaşı Aynur Cəfərovanın müşayəti ilə Şəmkir rayonunda yerləşən xəstəxayana aparılmışdır. Həmin xəstəxanada olarkən Təqsirləndirilən şəxs telefonundan ona zəng edərək, ona “iki balan ölsün” deyərək onu təhqir etmiş, o da niyə belə dediyinin səbəbini soruşduqda ona “məni yalandan karona xəstəsi çıxarmısan və məni burda yalandan yatızdırırsan çörəyimi kəsmisən və məni şərləmisən” demişdir. O da Şamamaya “mən laboratoriyada işləmirəm sənə diaqnoz qoyam” deyə izah vermişdir. Daha sonra Şamama onu döyəcəyi ilə hədələmişdir. O da işlədiyi mərkəzin baş həkimi Kamil həkimə zəng edərək demişdir ki, Şamama adlı bir xəstə zəng edib və ona günahı olmaya-olmaya ona söyüşlər söyərək onu təhqir edərək hədə-qorxu gəlmişdir. Ona dəfələrlə bıçaqla vuracağını demişdir. Özü və ailəsı qorxu altında yaşamışdır. Kamil həkim ona bildirmişdir ki, bu haqda Kəlbəcər rayon polis şöbəsinin əməkdaşı Rübayıl adlı polis əməkdaşına məlumat verəcəkdir. Bundan sonra olan hadisəni Rübayıl müəllimə bildirmişdir. O, 2021-ci ilin yanvar ayının 1-də bacısı onkoloji xəstə olduğundan ona dərman almağa, oradan da növbətçi tibb bacısı olduğu üçün TTYŞ-nə gedəcəkmiş, fikirləşmişdir ki dərman alıb və sonrada mağazadan çörək alıb onları evə verib gedər. Bu məqsədlə o, “xxxx” marketə daxil olmuş və çörək satılan yerə yaxınlaşaraq “fırıncı usta” Elşaddan içəridən iki çörək verməsini istəmiş və usta ona çörəyi gətirib vermiş, həmin vaxt Şamama həmin yerdə onun çörək almasını görüb çörək satılan nəfəsliyin yanına gələrək, korona xəstəsi olması barədə məlumatı guya onun yaydığına görə Şamama ilə aralarında mübahisə baş vermiş, Şamama əli xəmirli çörək sexinin içərisindən ona sözlər atmış və demişdir ki, “virus gəldi ağzına üç maska taxır, tfu üstünə gəlsin” və başqa əxlaqsız sözlər işlətmiş və mübahisə zamanı Şamama həmin nəfəslikdən əlini uzadaraq onun saçından tutub içəriyə tərəf dartmışdır. Həmin vaxtı Şamama onun saçından tutaraq dartıb başını çörək bişirilən sexin içərisinə salaraq baş və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə vurmuşdur. Həmin vaxtı onu içəriyə dartıb aparmaması üçün o, əli ilə Şamamanın sinəsindən itələmişdir ki, Şamama onun saçını buraxsın. Həmin vaxt məqsədi Şamamanı döymək olmamışdır. O, Şamamanı döyməmiş, sadəcə olaraq Şamama onun saçından tutaraq çörək bişirilən sexin içərisinə dartdığına görə o, özünü müdafiə edərək Şamamanın sinəsindən əli ilə itələmişdir ki, Şamama onun saçını buraxsın. Həmin vaxtı Şamamanı sexdə işləyən adı sonradan ona məlum olan Pərvanə adlı qadın aralamış və hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hazırda onlar arasında barışıq əldə olunmamasını nəzərə alınaraq Təqsirləndirilən şəxs qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayır. “xxxx” mağazasında yerləşən çörək bişirmə sexində 4 ildir təndirçi işləyir. Heç bir tərəflə nə qohumluq əlaqəsi var nə də ədavəti var. Şamamanı və Yeganəni Kəlbəcər qəsəbəsində yaşayan qadınlar kimi tanıyır. O şəhid Daşqın Şəfiyevin bacısıdır, yasları olduğu üçün neçə müddət işə çıxmamış, 2-3 gün olmuşdur ki işə çıxmağa başlamışdır. Təqsirləndirilən şəxs əvvəllər həmin mağaza “Ekonom” mağazası olan vaxtlarında orada işləyib, təndirdə çörək bişirilməsini və onun xəmirinin hazırlanmasını bacarır. O həftənin 3-cü və 4-cü günləri Şamamanı köməyə çağırır. 2021-ci ilin yanvar ayının 1-də saat təxminən 13 radələrində ona kömək etməsi üçün Şamamanı çağırmış və bildirmişdir ki, “bu gün iş yaxşıdı gəl mənə köməklik et”. Həmin gün saat 14 radələrində Şamama xəmiri kündələməklə ona köməklik etmiş, o isə təndirdə çörək bişirirmiş, bu zaman Zərərçəkmiş şəxs çörək alması üçün çörək bişirilən sexin satış üçün nəzərdə tutulan pəncərəsinin qarşısında dayanmış, onun arxası Yeganəyə üzü isə Şamamaya tərəf olmuşdur. Həmin vaxt Yeganə “mən bura hər dəfə gəlirəm və sən mənə söz atırsan” demişdir. Həmin vaxt Şamama Yeganəyə söz atmamış, sadəcə Şamama əlində kündəni ona gətirib göstərmiş və xəmir kaldır, balacadır hələ oturuşmayıb demişdir. Yeganə elə bilmişdir ki, Şamama ona söz atır. Şamama Yeganəyə demişdir ki, “nə söz atmaq mən sənə nə söz atıram” deyə soruşmuş, Yeganə bu zaman oradan “ay karona”, “ay karona” və əxlaqsız sözlər deməyə başlamışdır. Şamama “kiminləsən” deyərək Yeganəyə tərəf getmiş və mübahisə etməyə başlamışlar və bir-birlərinə nalayiq ifadələr işlətmişlər. Şamama əlində olan kündəni qoyaraq çörək sexinin satış pəncərəsindən Zərərçəkmiş şəxs saçından tutaraq dartmış və onlar bir-birlərini əlləri ilə vurmuşlar. Şamamanın üst-başı pis günə düşmüş onun yaralarını silmişdir. O həmin vaxtı Şamamanı və Yeganəni aralamışdır. Həmin vaxtı dava-dalaş təxminən 1-2 dəqiqə davam etmişdir. Həmin hadisə olan vaxtı fırıncı usta Elşad da orada olmuşdur. Əvvəllər həmin çörək sexində Yeganə və Şamama arasında mübahisə olmasının və Şamamanın söz atmasının şahidi olmamışdır. O, eşitmişdir ki, Şamamada əvvəllər “COVİD-19” virusu aşkar olunduğu üçün Şəmkir rayonunda yerləşən xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, tərəflərin hər ikisini tanıyır, X17 yardımın baş həkimi vəzifəsində işləyir. Şamamanın bacısında “COVİD-19” virusu aşkar olunduğu üçün onu xəstəxanaya yerləşdirmişlər. Şamamada da “COVİD-19” virusu olma ehtimal edilərək 29 may 2020-ci il tarixdə saat 12:50 radələrində Kamilə Məhərrəmova tərəfindən ondan analiz götürülmüş, həmin vaxtı Zərərçəkmiş şəxs ondan analiz götürməmişdir, yalnız onun şəxsiyyət vəsiqəsini götürərək müəyyən qeydlər aparmışdır. Şamamanın özü könüllü analiz verməyə gəlməmişdir, o polislərin vasitəsi ilə gəlmişdir. Şamama onlara yanlış ünvan vermiş, Şamamanın analizi Abbas Səhhət xəstəxanasına göndərilmiş və orada ona karonavirus diaqnozu qoyulmuşdur. Onlar Şamamanı xəstəxanaya aparmaq üçün Kəlbəcər Rayon Polis İdarəsinə müraciət edilmiş və Təqsirləndirilən şəxs axtarışına başlanılmış, Yevlaxda olduğu müəyyən edilmişdir. Həmin hadisənin zərərçəkmiş şəxs Yeganə ilə əlaqəsi yoxdur, çünki Şamamanı Aynur adlı tibb bacısı ilə Təcili yardım avtomobilinin sürücü Nizami birlikdə aparıb Şəmkir rayonunda yerləşən xəstəxanaya yerləşdirmişlər. Ondan analiz götürən şəxs Kamilə Məhərrəmova da dəfələrlə Şamama tərəfindən təhqir edilmişdir və Şamama ona müraciət edərək bunu bildirmişdir. Bundan sonra o Şamama barəsində tədbir görülməsi üçün KRPİ-nin rəis müavini Rübayıl müəllimə müraciət etmiş bu haqda məlumat vermişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında ədavətin yaranma səbəbi “COVİD-19” virusu diaqnozu qoyularaq xəstənaya yerləşdirilməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs “COVİD-19” virusu diaqnozunun qoyulmasında Zərərçəkmiş şəxs günahkar bilir və mübahisənin yaranma səbəbi də budur. Tərəflərin arasında “xxxx” mağazasında baş verən mübahisəni o görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Gəncə-Bakı şossesi yolunun 1-ci kilometrliyində yerləşən “xxxx” mağazasında yerləşən çörək bişirmə sexində “fırıncı usta” olaraq işləyir. Şamama hərdən gəlib Pərvanəyə çörək bişirməsində köməklik edir. 01.01.2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs çörək alması üçün çörək bişirilən sexin satış üçün nəzərdə tutulan pəncərəsinin qarşısında dayanmış və ondan içəridə olan çörəklərdən iki ədəd çörək verməsini istəmiş, o da çörək vermiş, sonra öz işləri ilə məşğul olmuşdur. Şamama ilə Yeganə arasında hansı səbəbdən mübahisə baş verməsinin şahidi olmamışdır. İş materiallarına əlavə edilmiş: Məhkəmə-tibb ekspertiza və X10 X19 01 yanvar 2021-ci il tarixli, 02 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər -sol təpə nahiyəsinin və sağ əlin İİİ barmağının yumşaq toxumalarının əzilməsi, hematoması, qançırı, sağ əlin İİİ barmağının sıyrığı- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 01.01.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aid edilir. Məhkəmə-tibb ekspertiza və X10 X19 01 yanvar 2021-ci il tarixli, 03 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin ön səthinin, sağ said nahiyəsinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 01.01.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir “Zərərçəkmiş şəxs qismində tanıma” haqqında 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məhkəməyədək Sadələşmiş İcraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə maddi sübut kimi tanınmış baş vermiş hadisəsinin görüntülərini özündə əks etdirən 2 ədəd DVD diskə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən olunmuşdur, “xxxx” mağazasının içərisində olan çörək bişirmə sexinin qarşısına Zərərçəkmiş şəxs yaxınlaşaraq iki ədəd çörək alır, Təqsirləndirilən şəxs ilə tanıdığı Zərərçəkmiş şəxs bir-birləri ilə mübahisə edir, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutub çörək bişirmə sexinin nəfəsliyindən özünə tərəf dartaraq sonuncunun baş nahiyəsinə vurur və həmin vaxt sexdə olan X1 Mustafayevanı aralayar və mübahisə bununla yekunlaşır. Həmin hadisə 1 dəqiqəyə yaxın davam edir. Gəncə şəhər Psixonevroloji Dispanserin 18 yanvar 2021-ci il tarixli, 241 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanserin 18 yanvar 2021-ci il tarixli, 242 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserin 18 yanvar 2021-ci il tarixli, 259 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserin 18 yanvar 2021-ci il tarixli, 258 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Mənzil Kommunal İstismar sahəsi 14 yanvar 2021-ci il tarixli, 1681 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs Gəncə şəhərində məcburi köçkünlük məskunlaşdırılması üçün salınmış 1500 ailəlik yaşayış massivində bina 25, mənzil 49 ünvanında müvəqqəti olaraq qeydiyyatdadır. Gəncə şəhər MKİS-nin 14 yanvar 2021-ci il tarixli, 179 nömrəli xasiyyətnaməsindən görünür ki, hal-hazırda Gəncə şəhər Yeni Qəsəbə bina 25 mənzil 49-da müvəqqəti məskunlaşan Zərərçəkmiş şəxs barəsində qəsəbə sakinləri, o cümlədən qonşuları tərəfindən Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Kəlbəcər RİHB-nin İstisu qəsəbə İnzibati ərazi dairəsinin 14 yanvar 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2001-ci ilin sentyabr ayında Gəncə şəhərində yerləşən 83 saylı Kəlbəcər rayon Tam orta məktəbinin birinci sinfinə getmiş, 2012-ci ilin iyun ayında həmin məktəbin on birinci sinfini bitirib. On bir illik məktəbi oxuduğu müddət ərzində şagirdlər arasında daim nümunəvi olması ilə, vətənpərvərliyi ilə, məktəbin bütün ictimai tədbirlərində iştirak etməsi ilə orta məktəb müəllimlərinin rəğbətini qazanmışdır. Yaşadığı Gəncə şəhəri 1500 ailəlik yeni qaçqın qəsəbəsində, qonşuları ilə daim mehriban olmuş, yaşadığı müddət ərzində qonşuların heç biri ilə münaqişəsi olmamışdır. Hal-hazırda işlədiyi marketdə iş yoldaşları onun haqqında mehriban yoldaş, qayğıkeş ana olduğunu söyləyirlər. M.Şamamanın bu günə qədər heç bir cinayət əməli haqqında nümayəndəliyə məlumat daxil olmamışdır. Daxili İşlər Nazirliyinin 15 yanvar 2021-ci il tarixli, 351-2MM-3221 nömrəli arayışdan görünür ki, xx xxxx 1995-ci il tarixdə anadan olmuş Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Elektoron məhkəmə sistemi qohumluq məlumatlarından və doğum haqqında şəhadətnamədən görünür ki, 28.03.2015-ci il təvəllüdlü X6 anası Təqsirləndirilən şəxsdır. Elektoron məhkəmə sistemi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs 113.06 manat ünvanlı sosial yardım alır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin məhkəməyə ünvanladığı 13 aprel 2021-ci il tarixli, 3338 saylı məktubundan görünür ki, 01.01.2021-ci il tarixində Gəncə-Bakı şossesində yerləşən “xxxx” MMC-nin bölgə mağazasında baş vermiş mübahisə və döyülmə hadisəsinin onlarda olan görüntüləri məktuba əlavə etdikləri CD-R diskində təqdim edirlər. Qeyd etmək istəyirlər ki, mağazalarında olan videokameralarda səs yazma funksiyası olmadığından video görüntüdə səsyazma məlumatları yoxdur. Bundan əlavə, mağazada quraşdırılan videokameraların görüntüləri yaddaş qurğularının həcminə görə maksimum 10-14 gün ərzində saxlanıldığı üçün 01.01.2021-ci il tarixinə aid təəssüf ki, təqdim etdikləri CD-R diskindəki görüntüdən başqa görüntü mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, yekun protokola görə, Təqsirləndirilən şəxs 01.01.2021-ciil tarixdə saat 14 radələrində Gəncə- Bakı şossesi yolunun 1-ci kilometrliyində yerləşən ictimai yer olan “xxxx” mağazasının içərisindəki çörək sexində tanışı Zərərçəkmiş şəxs guya onun barəsində “Covid-19” daşıyıcısı olması barədə həqiqətə uyğun olmayan məlumatlar yaymasını bəhanə gətirib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi, ictmai qaydanı kobud surətdə pozan, cəmiyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zortətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, yəni heç bir səbəb olmadan Zərərçəkmiş şəxs qarşı söyüşlər söyüb, sonuncunun saçından tutub özünə tərəf dartaraq yumruqla sonuncuya qarşı zor tətbiq etməklə sol təpə nahiyəsinin və sağ əlin İİİ barmağının yumşaq toxumalarının əzilməsi, hematoması, qançırı, sağ əlin İİİ barmağının sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətlər yetirərək qərəzli xuliqanlıq əməli kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı olmamış, konkret səbəbdən- təqsirləndirilən şəxsin xəstəlik məlumatlarının Zərərçəkmiş şəxs tərəfindən yayılması və yalnış olaraq korona virusuna yoluxma diaqnozu qoyularaq xəstəxanaya yerləşdirilməsi ilə əlaqədar olaraq uzun müddət aralarında davam edən münaqişəli münasibətlər zəminində təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və anidən formalaşan şəraitdən qaynaqlanmasıdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs 01.01.2021-ci il tarixdə saat 14 radələrində Gəncə-Bakı şossesi yolunun 1-ci kilometrliyində yerləşən “xxxx” mağazasında yerləşən çörək bişirmə sexində kürəçi işləyən Şahid1 kömək edən zaman əlində olan kündənin hazır olub-olmasını müəyyən etmək üçün kündənin balaca və xəmirinin oturuşmadığını bildirərək əlində olan kündəni Şahid1 göstərmiş, bu zaman əvvəllər aralarında xəstəlik məlumatlarının yayılması və yalnış olaraq korona virusuna yoluxma diaqnozu qoyularaq xəstəxanaya yerləşdirilməsi ilə əlaqədar olaraq uzun müddət aralarında davam edən münaqişəli münasibətlər zəminində ədavətləri olmuş tibb bacısı işləyən və həmin vaxt çörək alan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona söz atmasını ehtimal edərək ona iradını bildirməsi və aralarında mübahisə yaranması, Təqsirləndirilən şəxs çörək sexinin satış pəncərəsindən Zərərçəkmiş şəxs saçından tutub özünə tərəf dartaraq yumruqla sonuncunun sol təpə nahiyəsinin və sağ əlin İİİ barmağının yumşaq toxumalarının əzilməsi, hematoması, qançırı, sağ əlin İİİ barmağının sıyrığı müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması, mübahisənin bir dəqiqə davam etməsi onu deməyə əsas verir ki, həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göstərilənlərə istinadən məhkəmə bir daha qeyd edir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmamış, təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı formalaşmış qisas motivindən (zərərçəkmiş şəxsin xəstəlik məlumatlarının yayması və yalnış olaraq korona virusuna yoluxma diaqnozu qoyaraq xəstəxanaya yerləşdirməsi) və anidən formalaşan şəraitdən qaynaqlanmış və yalnız zərərçəkmiş şəxsin sağlamlığı əleyhinə yönəldiyindən həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.1-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəzanın növünü və müddətini müəyyən edərkən zərərçəkmiş şəxslərin sayı və vurulmuş ziyanın ödənilməməsi, barışıq əldə edilməməsi şəxsiyyəti xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə, ictimai işlər, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzasından birinin təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzalardan birinin təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmaısnı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla orta həddə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə tutulmamış və barəsində qətimkan tədbiri seçilməmiş, hazırda qətimkan tədbirinin seçilməsinə də zərurət yoxdur. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış baş vermiş hadisəsinin görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmaldır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə 20 saat vaxt sərf etdiyi üçün müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (bir yüz iyirmi manat) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış baş vermiş hadisəsinin görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar