Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-56/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər (mülki iddiaçılar) - X22, X27, X11, X36 və X12, Zərər çəkmiş şəxslərin (mülki iddiaçıların) nümayəndəsi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə Şəmkir rayon sakini X7 geniş əlaqələrinin olmasını qeyd olunan əlaqələrindən istifadə edərək sonuncuya əlillik dərəcəsi almaqla pensiya düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 06 yanvar 2021-ci il tarixdə Gəncə şəhəri, Nizami rayon, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 28 May küçəsində yerləşən “21 Kafe”-də Şahid1 Əmanət Novruzovun 3500 manat pulunu alıb, ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə Gədəbəy rayon sakini X28 geniş əlaqələrinin olmasını qeyd olunan əlaqələrindən istifadə edərək sonuncuya əlillik dərəcəsi almaqla pensiya düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 24 yanvar 2021-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonnunda yerləşən “Beynəlxalq bankın qarşısında Şahid1 Bilal Əhmədovun 4000 manat pulunu alıb, ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə Gədəbəy rayon sakini X13 geniş əlaqələrinin olmasını qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun arvadı X18 əlillik dərəcəsi almaqla pensiya düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 29 yanvar 2021-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən “Ucuzluq” ticarət mərkəzinin qarşısında Şahid1 Xanlar Novruzovun 5400 manat pulunu alıb, ələ keçirərək sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə Gədəbəy rayon sakini X19 geniş əlaqələrinin olmasını qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun qızı Fəridə Əliyevaya əlillik dərəcəsi almaqla pensiya düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin fevral ayının ortalarında, istintaqa dəqiq günü məlum olmayan vaxtda Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov parkının qarşısında Səyyaf Əliyevin 6000 manat pulunu alıb, ələ keçirərək sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə X29 vasitəsi ilə Gəncə şəhər sakini X9 geniş əlaqələrinin olmasını qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun anası X20 əlillik dərəcəsi almaqla pensiya düzəltmək və onun arvadı X1 vəsiqəsi almaq imkanına malik olduğunu yalandan vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 09.07.2021-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən 26 A saylı binanın qarşısında Şərqiyə Mədətinin 1700 manat pulunu alıb, ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 təxminən 2007-ci ildən tanımışdır. O, müxtəlif yerlərdə işləsə də pul qazana bilmədiyi üçün 2009-cu il tarixdə Ukraynaya getməyə qərar vermişdir. Orada bir müddət işlədikdən sonra Gəncə şəhərinə qayıtmışdır. Gəncə şəhərində olarkən Şahid1 ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. 05.01.2021-ci il tarixdə o, da Nemətlə razılaşmış və görüşmək üçün Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 28 May küçəsində yerləşən “21 Kafe” adlanan yerə getmişdir. Həmin kafedə Şahid1, Şahid2 və sonradan tanıdığı Əmanət Novruzov olmuşdur. Onlar birlikdə çay içib söhbət edərkən Əmanət Novruzovun gözləri yaxşı görmədiyi üçün əlillik statusunu düzəltmək üçün ondan kömək istəmişdir. Onun da pula ehtiyacı olduğu üçün fikirləşmişdir ki, həmin şəxsdən Əmanət Novruzovun gözlərinin yaxşı görməməsi ilə bağlı əlillik vəsiqəsi verəcəyini deyərək bunun müqabilində Əmanət Novruzovdan 3500 manat pul istəmişdir. Əmanət Novruzov da onun təklifinə razılıq vermişdir. Əmanət Novruzova sabaha kimi gözləməsini bildirmişdir. Bir gün keçdikdən sonra axşam saatlarında Şahid1 ona zəng edərək “21 Kafe” adlanan kafeyə gəlməyini istəmiş, o da Şahid1la razılaşaraq həmin kafeyə getmiş, Şahid1 və Şahid2 hər ikisi həmin kafedə olmuşlar. O, onlarla oturub çay içdikdən sonra Şahid1 cibindən 3500 manat pul çıxardaraq ona vermişdir. O, pul aldıqdan sonra onlara 6 ay gözləmələrini bildirmiş və kafedən çıxaraq evə getmişdir. Bundan sonra 24.01.2021-ci il tarixdə Şahid1 ona zəng edərək bir nəfərin də əlillik vəsiqəsi düzəltməsi üçün ona köməklik etməyini xahiş etmişdir. O da Şahid1la razılaşmışdır. Həmin şəxsin ağ ciyərlərinin həqiqi hərbi xidmətdə olarkən zədələndiyini ona bildirmişdir. O da həmin şəxsə ağ ciyərləri ilə bağlı əlillik vəsiqəsi düzəldəcəyinə söz vermişdir. O, Şahid1la 24.01.2021-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, Kəpəz rayonu, “Beynəlxalq” Bankın qarşısında görüşmüş, görüş zamanı Şahid1 ona 4000 manat pul və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. O isə həmin aldığı 4000 manat puldan 1000 manatını Şahid1 vermişdir. Şahid1 isə bildirmişdir ki, 6 ay gözləsin. Bundan sonra 29 yanvar 2021-ci il tarixdə Şahid1 onunla əlaqə saxlayaraq bildirmişdir ki, başqa bir şəxs də var və həmin şəxs də onun qohumudur. Bu dəfə ki, şəxsin qadın olduğunu bildirmiş, lakin həmin qadınla deyil, əri Xanlar Əhmədovla görüşüb pul götürdüyünü bildirmişdir. Mobil telefonla danışan zaman o, Şahid1 5400 manat pul istəmiş, Şahid1 da razılaşmışdır. Onlar Şahid1la Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində “Ucuzluq” adlı Ticarət Mərkəzindən yuxarıda görüşmüşlər. Görüş zamanı Şahid1 5400 manat pulu götürüb həmin puldan Şahid1 1800 manatı geri vermiş, Şahid1 isə aldığı pulu cibinə qoymuşdur. Şahid1 Səidə adlı qadının şəxsiyyət vəsiqəsinin surətini alaraq söz vermişdir ki, 6 ay gözləməlidir, həmin müddət ərzində sənədini düzəldəcək. Bundan sonra Şahid1 uzaqlaşaraq öz yaşadığı evə getmişdir. Bundan başqa 2021-ci ilin fevral ayının ortalarında Şahid1 ona zəng edərək onunla görüşmək istədiyini və başqa bir nəfər şəxsin də əlilliklə bağlı sənəd düzəltmək istədiyini bununla bağlı da onunla görüşmək istədiyini bildirmişdir. O da Şahid1la razılaşmışdır. O, Şahid1la görüşmək üçün X17 getmiş ora çatanda Şahid1 məxsus olan “Naz Lifan” markalı avtomobilə əyləşmiş həmin vaxt avtomobildə Nemət və orada adı sonradan ona məlum olan Səyyaf Əliyev olmuşdur. Səyyaf ona qızı Fəridə Əliyeva əlilliklə bağlı sənəd düzətməyini istəmiş və o da onunla razılaşmışdır. Bunun müqabilində ondan 6000 manat pul istəmiş, Səyyaf da onunla razılaşaraq cibindən pulu çıxarmış və Şahid1 vermişdir. Nemət də pulu götürmüş və saydıqdan sonra ona vermişdir. O, ona pulu verdikdə pulu sayaraq görmüşdür ki, pulun miqdarı 4000 manatdır. Lakin o, həmin vaxtı pulun 4000 manat olmasını Səyyafın yanında deməmişdir. Bundan sonra o, avtomobildən düşərək oradan uzaqlaşmışdır. O, avtomobildən düşməmişdən əvvəl onlara bildirmişdir ki, 6 ay müddətinə gözləsinlər 6 aydan sonra işi alınacaqdır. Təxminən o, oradan uzaqlaşdıqdan 15 dəqiqə sonra Şahid1 ona zəng edərək həmin gətirdiyi Səyyaf adlı şəxsin qızına əlilik vəsiqəsi düzəlməsi üçün götürdüyü 6000 manat puldan 2000 manatını özünə götürdüyünü demişdir. Bundan sonra Elçin adlı tanışının vasitəsi ilə Süleyman adlı şəxslə tanış olmuşdur. Tanışlıqları əsasında ondan anası Şərqiyə Mədətininin əlillik sənədinin düzəlməsi və arvadı Solmaz Allahverdiyevanın sürücülük vəsiqəsi alması ilə bağlı köməklik göstərəcək tanışının olub-olmamasını soruşduqda o, Süleymana köməklik göstərə biləcəyini bildirmişdir. Süleyman sonra anası Şərqiyə Mədətinin mobil nömrəsini ona verərək anasının ona pulu verəcəyini bildirmişdir. 09 iyul 2021-ci il tarixdə Şərqiyə adlı qadına zəng vuraraq onunla mobil telefon vasitəsi ilə danışıb ondan oğlu ilə danışdığı 1700 manat pulun hazır olub-olmamasını soruşmuşdur. Şərqiyə adlı qadın həmin pulu “Kapital” bankdan götürüb ona həmin günü günorta saatlarından sonra verəcəyini bildirmişdir. 09.07.2021-ci il tarixdə təxminən saat 17 radələrində Şərqiyə ona zəng edərək pulun hazır olduğunu və onu Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi 26 A saylı binanın qarşısına çağırmışdır. O, həmin binanın qarşısına çatdıqdan sonra Şərqiyə binanın qarşısına düşmüşdür. O, Şərqiyədən binanın qarşısında 1700 manat pulu almış və cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan sonra həmin pul aldığı şəxslərin işlərini düzəldə bilməyəcəyini bildikdən sonra aldığı pulları geri qaytara bilməyəcəyinə görə həmin şəxslər şikayət etmədən Azərbaycan Respublikasını tərk etməyə qərar vermiş, ona görə də Ukraynaya getmişdir. Lakin, Rusiya Federasiyası ilə Ukrayna arasında müharibə başladığına görə orada qala bilməmiş və Azərbaycan Respublikasına qayıtmışdır. Bakı şəhərində hava limanında polis əməkdaşları onu saxlayaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirib təhvil vermişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, Şərqiyə Mədətidən başqa digər zərər çəkmiş şəxslərdən əlillik sənədi düzəltmək adı ilə ümumilikdə 18900 manat pul almış, həmin pulun 5300 manatını Şahid1 özünə vermişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu, qohumları tərəfindən zərərçəkmiş şəxslərdən Şərqiyyə Mədətiyə dəyən zərəri tam, digər zərər çəkmiş şəxslərin hər birinə isə 2000 manat zərərdən ödəniş edildiyini, zərərin qalan hissəsini isə ödəyəcəyi ilə bağlı zərər çəkmiş şəxslərlə qarşılıqlı razılıq əldə etməsini, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X30 ifadəsində bildirdi ki, o, gəlini X1 vəsiqəsi düzəltməsi üçün oğlu X8 dostu Elçinin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Süleyman Nemət ilə tanış olduqdan sonra ona zəng edərək Nemətin Solmaza sürücülük vəsiqəsi düzəltməsi və onun dayandırılmış pensiya məsələsini həll etmək üçün 1700 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxslə razılaşdıqdan sonra “Kapital Bank”dan qızı X14 adına kredit götürmüşdür. O, 09.07.2021-ci il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək yaşadığı binanın qarşısına gəlib gəlininə sürücülük vəsiqəsi düzəltməsi və onun pensiya məsələsini həll etməsi üçün verəcəyi 1700 manat pulu götürməsini bildirmişdir. Bir neçə dəqiqə sonra Nemət yaşadığı binanın qarşısına gələrək onu binanın həyətinə çağırmışdır. O, binanın həyətində Nemət ilə görüşdükdən sonra Nemətə gəlininə sürücülük vəsiqəsi düzəldəcəyi və onun pensiya məsələsini həll edəcəyi vədinə görə 1700 manat pul vermişdir. O, Nemətə 1700 manat pul verdikdən sonra Nemət ona 15.07.2021-ci il tarixədək gəlininə sürücülük vəsiqəsi düzəldəcəyini və onun pensiya məsələsini həll edəcəyini bildirərək çıxıb getmişdir. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra Nemətin istifadəsində olan mobil nömrələrə zəng çatmadığı üçün Nemət ilə əlaqə yarada bilməmişdir. Nemət ilə əlaqə yarada bilmədiyi üçün Nemətin qeydiyyatda olduğu ünvana getsə də, Nemətin qardaşı Nemətin həmin ünvanda yaşamadığını və harada olması barədə məlumatının olmadığını bildirmişdir. O, 19.07.2021-ci il tarixədək Nemət ilə əlaqə saxlaya bilmədiyi üçün Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonda zərər çəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onun qohumları tərəfndən 1700 manat pul ona qaytarılmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini və ona qarşı irəli sürülmüş iddianın geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, onun gözləri zəif gördüyü üçün dostu Şahid1 ona əlillik statusu ilə bağlı sənəd düzəltməsi üçün kömək etməsini istəmişdir. Şahid1 da ona Təqsirləndirilən şəxs kömək edə biləcəyini bildirmişdir. 05.01.2021-ci ildə o, dostu Nemət və Mahmud ilə birlikdə ünvan 2 ünvanında yerləşən “21” nömrəli kafeyə gedərək orada Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Görüş əsnasında Təqsirləndirilən şəxs onun əlillik sənədlərini düzəltməyə razılıq verərək bunun müqabilində ondan 3500 manat pul istəmişdir. O da razılıq vermişdir. Danışıqlarına görə həmin pulu sabahı günü verməli idi. O, 06.01.2021-ci il tarixdə 3500 manat nəğd pulu Şahid1 yaşadığı Şəmkir rayonunda olan evinə apararaq ona vermişdir. Şahid1 ona birlikdə getməyi təklif etsə də əvvəlki gün söhbət etdikləri üçün aparıb həmin pulu Təqsirləndirilən şəxs Şahid1 verməsini istəmişdir. Şahid1 da onunla razılaşmışdır. Bir müddət keçdikdən sonra o, Nemətin yaşadığı ünvana gedərək ondan sənədlərinin düzəlməsi ilə bağlı soruşduqda ondan biraz gözləməsini istəyərək Təqsirləndirilən şəxslə bir müddətdir ki, danışa bilmədiyini bildirmişdir. Sonradan o, dostu Şahid1la birlikdə Təqsirləndirilən şəxs nə qədər axtarsalar da Təqsirləndirilən şəxs tapa bilməmişlər. Həmçinin onların mobil telefonla etdikləri zənglərə cavab verməmişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs mobil telefonuna ümumiyyətlə zəng çatmadığı üçün Təqsirləndirilən şəxs onları aldatmasını bilmişdir. Bu barədə o və dostu Nemət ərizə ilə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişlər. Sonda zərər çəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş ziyanın 2000 manat hissəsi ödənilmiş, qalan hissənin ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Odur ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi və mülki iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X36 ifadəsində bildirdi ki, o, 2005-ci il tarixdə hərbi xidmətdə olarkən xəstələndiyi üçün həmin xəstəliklə bağlı əmisi oğlu Şahid1 ona əlillik statusu ilə bağlı sənəd düzəltməkdə kömək etməsini istəmişdir. Şahid1 da ona tanışı Təqsirləndirilən şəxs kömək edə biləcəyini bildirmişdir. Əmisi oğlu Şahid1 onun xəstəliyinə görə əlillik sənədlərini düzəltməsi üçün Təqsirləndirilən şəxslə danışdığı zaman o, əlilliklə bağlı sənədləri düzəltməsi üçün 4000 manat pul istəmişdir. 2021-ci ilin yanvar ayında o, əmisi oğlu Nemətlə Şəmkir şəhərində 4 yol adlanan yerdə görüşmüş və ona 4000 manat pul vermişdir. Sonra o, əmisi oğlu Nemətlə əlaqə saxladıqda Şahid1 ona pulu Təqsirləndirilən şəxslə Gəncə şəhərində “X26” adlanan yerdə görüşüb Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Bir müddət keçdikdən sonra o, Nemətdən onunla danışmasını və onun sənədlərinin düzəlməsi ilə bağlı soruşmasını xahiş etdikdə o, Nemətlə bir müddətdir danışa bilmədiyini bildirmişdir. Sonradan əmisi oğlu Şahid1la birlikdə Təqsirləndirilən şəxs nə qədər axtarsalar da tapa bilməmiş, Təqsirləndirilən şəxs mobil telefona zəng çatmamış, özü ilə əlaqə saxlamaq mümkün olmamış və sonra bilmişlər ki, Təqsirləndirilən şəxs onları aldatmışdır. Sonda zərər çəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş ziyanın 2000 manat hissəsi ödənilmiş, qalan hissənin ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Odur ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi və mülki iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X22 ifadəsində bildirdi ki, o, 2020-ci il dekabr ayında qohumu Şahid1 ilə yaşadığı evdə olarkən söhbət əsasında həyat yoldaşı X15 xəstəliyi ilə əlaqədar həyat yoldaşının əlillik statusu ilə bağlı sənəd düzəltməsi üçün dostu Təqsirləndirilən şəxs vasitəsi ilə ona köməklik edəcəyini bildirmişdir. Şahid1 aradan bir neçə gün keçdikdən sonra ona demişdir ki, tanışı Təqsirləndirilən şəxslə həyat yoldaşının əlilik statusu ilə bağlı danışmış və bunun müqabilində 6000 manat pul istəmişdir. 29.01.2021-ci il tarixdə o, qohumu Şahid1la yaşadığı evdə görüşmüş, həyat yoldaşının əllilik statusu ilə bağlı o, Şahid1 5400 manat pulu ailə üzvlərinin yanında vermişdir. Şahid1 5-6 ay ərzində həyat yoldaşının əllilik statusunu həll edəcəyini bildirmişdir. O, həyat yoldaşının əllilik statusu ilə bağlı Şahid1 soruşanda tezliklə həll olunacağını bildirirmişdir. Aradan 5-6 ay keçdikdən sonra ona məlum olmuşdur ki, Şahid1 yalan danışır, ondan həyat yoldaşının əllilik statusu ilə bağlı aldığı 5400 manat pulu aparıb tanışı Təqsirləndirilən şəxs vermiş, Şahid1 ondan aldığı pulu geri qaytarılması üçün Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət etmişdir. O, Şahid1 5400 manat nəğd pul vermişdir. Onun həyat yoldaşının xəstəliyi ilə əlaqədar əlillik statusu ilə bağlı sənəd düzəltməsi üçün vermişdir. Sonda zərər çəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş ziyanın 2000 manat hissəsi ödənilmiş, qalan hissənin ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Odur ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi və mülki iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X27 ifadəsində bildirdi ki, onun qızı Fəridə Əliyevanının gözləri zəif gördüyü üçün kəndçisi Şahid1 qızı Fəridə Əliyevaya əlillik statusu ilə bağlı sənəd düzəltməsi üçün kömək etməsini istəmişdir. Şahid1 da ona tanışı Təqsirləndirilən şəxs kömək edə biləcəyini bildirmişdir. 2021ci ilin fevral ayının ortalarında o, kəndçisi Şahid1la görüşmüş, Şahid1 ona Təqsirləndirilən şəxs qızı Fəridə Əliyevaya əlilliklə bağlı sənədi düzəltməsi üçün 6000 manat pul istədiyini bildirmişdir. O da Şahid1la razılaşmışdır. Onlar həmin günü Gəncə şəhəri Köhnə Yevlax avtovağzalı adlanan yerə getmişlər, orada görüşərək birlikdə Təqsirləndirilən şəxs 6000 manat pul vermişlər. Sonra o, kəndçisi Şahid1la bir neçə dəfə mobil telefonla əlaqə saxlayarkən Şahid1 ona heç bir narahatçılıq olmadığını sənədlərin düzələcəyini bildirmişdir. Sentyabrın ortalarında o, özü Təqsirləndirilən şəxslə telefonla əlaqə saxlamış, Təqsirləndirilən şəxs sənədlərin düzəlmədiyini və pulunu geri qaytaracağını biraz gözləməsini istəmiş, o da Təqsirləndirilən şəxslə razılaşmışdır. Oktyabrın əvvələrində o, nə qədər çalışsa da Təqsirləndirilən şəxslə əlaqə saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmiş, bir müddət sonra isə Təqsirləndirilən şəxs mobil telefonuna ümumiyyətlə zəng çatmamışdır. Sonda o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldatmışdır. Bu barədə o və kəndçisi Şahid1 ərizə ilə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişlər. Sonda zərər çəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş ziyanın 2000 manat hissəsi ödənilmiş, qalan hissənin ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Odur ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi və mülki iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2020-ci ilin dekabr ayında o, dostu Şahid2 ilə söhbət edərkən qohumlarından bəzilərini əlillik statusu alıb dövlət tərəfindən maddi yardım almaları üçün onlara əllilik statusunu verilməsinə, sənəd hazırlanması üçün kimə müraciət edə biləcəyini deyərkən, dostu Şahid2 ona sürücülük vəsiqəsinin alınmasında ona bir–iki dəfə köməklik edən Təqsirləndirilən şəxs adlı şəxsin olmasını bildirmişdir. O, dostu Şahid2 həmin Təqsirləndirilən şəxs adlı şəxsin güvənilir olubolmamasını soruşduqda dostu Şahid2 ona həmin şəxsi yaxından tanıdığını bildirmişdir. O, dostu Mahmudla məsləhətləşdikdən sonra Şəmkir rayonu sakini X6 gözləri yaxşı görmədiyi üçün Əmanət Novruzova əlillik statusu ilə bağlı sənəd düzəldilməsi ilə bağlı ondan köməklik etməyə adam tapmasını xahiş etmişdir. O isə X34 Nağıyevin ona köməklik edə biləcəyini bildirmişdir. 05.01.2021-ci il tarixdə Əmanət Novruzovla birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 28 May küçəsi ünvanında yerləşən “21” nömrəli kafedə dostu Şahid2, qonşusu Əmanət Novruzovla birlikdə həmin kafedə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Görüş əsnasında Təqsirləndirilən şəxs qonşusu Əmanət Novruzovun əllillik sənədlərini düzətməyə razıllıq verərək bunun müqabilində Əmanət Novruzdan 3500 manat pul istəmişdir. Əmanət Novruzov isə buna razılıq vermiş, danışdıqlarına görə həmin pulu səhəri gün görüşüb vermələri üçün aralarında razılıq olmuşdur. Onlar ordan ayrıldıqdan sonra o, öz yaşadığı Şəmkir rayonuna qayıtmışdır. 06.01.2021-ci il tarixdə X11 əlliklə bağlı sənəd almağına görə ona 3500 manat pulu yaşadığı Şəmkir rayonunda yerləşən evə gətirərək vermişdir. O, Əmanət Novruzovdan onunla birlikdə gəlməsini istəsə də Əmanət ona dünən gedib söhbət etdiklərini, pulun onun tərəfindən verilməsini istəmişdir. Həmin 3500 manat pulu dostu Şahid2la birlikdə aparıb Təqsirləndirilən şəxslə “21” kafedə görüşüb orada ona vermişlər. Təqsirləndirilən şəxs 3500 manat pulu aldıqdan sonra X6 işinin düzəlməsinə bağlı vəd verərək işin düzəlməsi ilə bağlı ondan 6 ay müddət istəmiş, o da razılaşmışdır. Bundan sonra qohumları arasında onun əlillik statusunun verilməsi ilə bağlı köməklik etdiyi yayıldıqdan sonra əmisi oğlu X23 həqiqi xidmətdə olarkən ağ ciyərinə su yığıldığı üçün hərbi xidmətdən vaxtından əvvəl təxris olunmuşdur. Bununla bağlı olaraq özünə əlillik sənədləri düzətdirmək istəmişdir. O da bununla bağlı olaraq Təqsirləndirilən şəxslə əlaqə saxlamış, Nemətlə aralarında danışıq bitdikdən sonra Təqsirləndirilən şəxslə aralarında razılaşma olmuş, razılaşmaya əsasən o, əmisioğlu Bilal Əhmədovdan 24.01.2021-ci il tarixdə 4000 manat pul almışdır. 4000 manat pulu əmisi oğlu Bilal Əhmədov ona yaşadığı evdə vermiş, həmin pulu aldığı gün Təqsirləndirilən şəxslə Gəncə şəhəri, Köhnə Yevlax avtovağzalı adlanan yerdə görüşərək əmisi oğlu X24 şəxsiyyət vəsiqəsini və 4000 manat pulu vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sənədlərin düzəlməsinin 6 ay çəkəcəyini vəd edərək 6 aydan sonra əlilliklə bağlı sənədlərin düzələciyini bildirmişdir. Bundan sonra qohumu X22 ona müraciət edərək arvadı Səidənin əlillik sənədi verilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. O da Xanlar Novruzovla razılaşmışdır. O, Təqsirləndirilən şəxslə telefonla danışaraq onunla görüşüb başqa bir nəfərində əlillik sənədlərinin düzəlməsi üçün xahiş etmişdir. Təqsirləndirilən şəxs də onunla razılaşmışdır. 29 yanvar 2021-ci il tarixdə o, X21 yaşadığı evə getmişdir. Eevə getdikdən sonra orada Xanlar Novruzdan arvadı Səidənin əlilik sənədlərinin düzəlməsi ilə əlaqədar 5400 manat pulu və Səidə xanıma məxsus şəxsiyyət vəsiqəsini almışdır. Pul və şəxsiyyət vəsiqəsini aldıqdan sonra həmin günü Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində “Ucuzluq” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxslə görüşmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs Xanlar Novruzovdan aldığı 5400 manat pulu və Səidə xanımın şəxsiyyət vəsiqəsini vermişdir. Təqsirləndirilən şəxs Xanlar Novruzova məxsus 5400 manat pulu və Sədaqət xanıma məxsus olan şəxsiyyət vəsiqəsini ondan aldıqdan sonra 6 aya sənədlərin hazırlanması ilə bağlı vəd vermişdir. Bundan başqa keçmiş müəllim olan X27 əmisi oğlu Bilal Əhmədovla qonşuluqda yaşadığı üçün onun əlilliklə bağlı sənəd düzəldən tanışı olduğunu eşidərək ona zəng edərək qızı Fəridə Əliyevaya əlilliklə bağlı sənəd düzəldilməsi üçün onun tanışı olan Təqsirləndirilən şəxslə danışmağını xahiş etmişdir. O da razılaşmışdır. O, 2021-ci ilin fevral ayının ortalarında Səyyaf Əliyevlə görüşərək Səyyaf Əliyevə bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan qızı Fəridə Əliyevanın əlillik sənədləri düzəltməsi üçün 6000 manat pul istəmişdir. Səyyaf Əliyev onunla razılaşmış və onlar həmin günü Gəncə şəhərinə X17 getmişlər. Köhnə Yevlax avtovağzalında onlar görüşərək Təqsirləndirilən şəxs 6000 manat pul vermişdir. Onun vasitəsi ilə ümumilikdə Nemət Nağıyevə 18900 manat pul verilmiş, lakin Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyərək onun etibarından sui-istifadə edərək həmin 18900 manat pulu aldaraq ondan almış, uzun müddət keçməsinə baxmayaraq, verdiyi vədlərə əməl etməmiş və mobil telefonuna zəng çatmamış özü ilə əlaqə saxlamaq mümkün olmamışdır. O, zərər çəkmiş şəxslərin ümumilikdə 18900 manat pulunu ələ keçirmişdir. Zərər çəkmiş şəxslər onun yaxınları olduğu üçün onlardan heç bir təmənnası olmamış, istədiyi onların işlərinin düzəlməsi olmuşdur. Təqsirləndirilən şəxs ona söz vermişdir ki, arvadı Gülnarə üçün də pulsuz əlillik təqaüdü düzəltdirəcək. O da ona görə öz yaxınlarının sənədlərinin düzəlməsi üçün onlardan pul alaraq Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Şahid1 ona qohumu X6 gözləri yaxşı görmədiyi üçün əlillik statusu ilə bağlı sənəd düzəldilməsi ilə bağlı köməklik edilməsi üçün adam tapılmasını xahiş etdiyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs xahiş etmişlər ki, Şahid1 qohumu Əmanət Novruzova əlillik sənədi düzəltməsinə köməklik etsin. Təqsirləndirilən şəxs də onların təklifi ilə razılaşmışdır. 05.01.2021-ci il tarixdə Əmanət Novruzovla birlikdə ünvan 2 ünvanında yerləşən “21” nömrəli kafedə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Görüş əsnasında Təqsirləndirilən şəxs Əmanət Novruzovun əllillik sənədlərini düzətməyə razıllıq verərək bunun müqabilində Əmanət Novruzdan 3500 manat pul istəmiş, Əmanət Novruzov isə buna razılıq vermişdir. Danışıqlarına görə həmin pulu növbəti gün görüşərək Təqsirləndirilən şəxs verəcəklərinə razılaşmışlar. Onlar oradan ayrıldıqdan sonra Şahid1 öz yaşadığı Şəmkir rayonuna qayıtmışdır. 06.01.2021-ci il tarixdə X11 əllilik statusu ilə bağlı sənəd almaq üçün 3500 manat pulu Şahid1 yaşadığı Şəmkir rayonunda yerləşən evində gətirib vermişdir. O, 3500 manat pulu Şahid1la birlikdə aparıb “21” kafedə Təqsirləndirilən şəxslə görüşüb ona vermişlər. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra X6 işinin düzəlməsinə vəd verərək işin düzəlməsi ilə bağlı onlardan 6 ay müddət istəmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” 25.02.2022-ci il tarixli protokoldan görünür ki, ifadələr arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və şahid ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı demişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” 25.02.2022-ci il tarixli protokoldan görünür ki, ifadələr arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və şahid ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı demişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 19.07.2021-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Nadir Heydərov tərəfindən hadisə yerinə, yəni Gəncə şəhər sakini X5 şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsində yerləşən 26 A saylı binanın qarşısında Gəncə şəhər sakini Təqsirləndirilən şəxs özünün dayandırılmış təqaüdünün yenidən bərpa olunması və gəlini Solmaz Allahverdiyevaya sürücülük vəsiqəsi düzətməsi məqsədi ilə 1700 manat pul verdiyi yerə Şərqiyə Mədətinin özünün iştirakı ilə baxış keçirilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 17.11.2021-ci il tarixli protokoldan görünür ki, Gədəbəy rayon sakini X16 Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov küçəsində yerləşən Nəriman Nərimanov parkının yaxınlığında Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qızı Fəridə Əliyevaya əlillik təqaüdü düzəlməsi məqsədi ilə 6000 manat pul verdiyi yerə Səyyaf Əliyevin özünün iştirakı ilə baxış keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə verilmiş 04.03.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, daxil olmuş Təqsirləndirilən şəxs adına 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Respublika üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs X30 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı, 1700 manat pulu tamamilə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində hər hansı şikayəti və tələbi yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxslər X11, X22, X27 və X36 tərəfindən ayrıayrılıqda verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanının bir hissəsini ödəmiş, zərərin qalan hissəsinin ödənilməsi ilə bağlı aralarında razılıq əldə edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin pullarını ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, zərər çəkmiş şəxslər Xanlar Novruzov, Səyyaf Əliyev, Əmanət Novruzov və X35 Əhmədov vasitəsi ilə ümumilikdə 18900 manat pul aldığını, lakin həmin vəsaitdən 5300 manat hissəsini Şahid1 özünə verdiyini, Şahid1 bu işlərin görülməsində təmənnası olduğu üçün gördüyünü bildirsə də, onun bu ifadəsi məhkəmə istintaqında tədqiq edilmiş zərər çəkmiş şəxslərin və Şahid1 ifadələri, üzləşdirmə istintaq hərəkətinin protokolu ilə təkzib edilir. Belə ki, zərərçəkmiş şəxlərin, şahidlərin ifadələri və üzləşdirmə istintaq hərəkəti protokolları ilə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs həmin şəxslərdən almış olduğu ümumilikdə 18900 manat pulu özü mənimsəmiş və həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Оdur ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayəti ilə əlaqədar gətirdiyi dəlillər, ona istinad edilən cinayət əməlləri üzrə onun tərəfindən vurulmuş maddi ziyanı azaltmaq niyyətini bir daha təsdiq etməklə, cinayət işinin materialları ilə tam təkzib edilir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər X36, X27, X22, X11 və X20 qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM 59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslərdən birinə dəymiş zərəri tam, digərlər zərər çəkmiş şəxslərin zərərini isə qismən ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını (CM 59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Bununla yanaşı məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin beş epizoddan ibarət dələduzluq cinayət əməlini törətməsini, həmin epizodlar üzrə zərər çəkmiş şəxslərdən birinin zərərini tam ödəsə də, digərlərinin zərərlərini tam ödəməməsini, eləcə də onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 26.02.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 09 (doqquz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 24.02.2022-ci il tarixdən hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24.02.2022-ci il tarixdən 08.06.2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxslər və mülki iddiaçılar X22, X27, X11, X36 və X30 hər biri ayrı-ayrılıqda mülki iddia ərizələri ilə məhkəməyə müraciət edərək, cinayət əməli nəticəsində təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin əvəzinin ödənilməsini xahiş etmişdilər. Lakin, sonradan onlar hər biri ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizələrinin geri qaytarılmasını və iddialarının baxılmamış saxlanılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs isə mülki iddia ərizələrinin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq əks etdirilən qərarlardan biri kimi iddianın baxılmamış saxlanması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə mülki iddiaçılar iddia ərizələrinin geri qaytarılması barədə ərizə verdiklərindən, mülki cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, mülki iddia ərizələri baxılmamış saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, müsadirə edilməli əmlak və maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24.02.2022-ci il tarixdən 08.06.2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 7 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. X22, X27, X11, X36 və X30 tərəfindən verilmiş mülki iddia ərizələri baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-56/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-56/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver