Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-57/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 0,178 qram təşkil edən narkotik vasitə olan “heroini” əldə edib üzərində saxlayaraq daşıyarkən 26 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən “Tural” şadlıq sarayının yaxınlığında saxlanılmış, Gəncə şəhər BPİ-nə gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli pencəyin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq yəni, 1 ədəd gümüşü rəngli bükümdəki şəffaf polietilen kəsiyində kəskin spesifik iyli, təmiz çəkisi 0,178 qram təşkil edən narkotik vasitə olan olan “heroin” aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: - uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; - cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan və davam edən cinayətlərin anlayışını vermir. Lakin, qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2ci maddəsində həmin cinayətlərə istinad olunur. Uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Uzanan cinayət konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Uzanan cinayətin törədildiyi yer onun başa çatdığı yer hesab olunur. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan cinayət əməli uzanan cinayət olmaqla, bu cinayət əməli onun narkotik vasitə əldə etməsi ilə başlamış və narkotik vasitənin onun üzərindən aşkar olunduğu yerdə, yəni Gəncə şəhər Baş Polis İdarəsində başa çatmışdır və həmin ərazi Gəncə şəhəri Nizami rayon Məhkəməsinin yurisdiksiyasına aiddir. Buna görə də hazırki cinayət işinə aidiyyəti üzrə həmin ərazinin aid olduğu birinci instansiya məhkəməsində, yəni Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçt vasitəsi ilə göndərilməsi təmin edilsin. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-57/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-57/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver