Məhkəmə qərarları › İş №1(043)-60/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-60/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-60/2021 15.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Avtozavod qəsəbəsi Yeni Yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən keçmiş qaynatası Zərərçəkmiş şəxs oğlunun yaşadığı fərdi yaşayış evində azyaşlı övladı Əli Əbilovu aparmaq istəyən zaman Zərərçəkmiş şəxs buna imkan verməmiş və həmin vaxt aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq burun nahiyəsinin əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Umudvar oğlu onun keçmiş qaynatasıdır. O, 2015-ci ildə X3 ilə evlənmiş, birgə nikahdan 2 azyaşlı övladları var. Onun böyük oğlu Əlinin 4 yaşı, kiçik oğlu Tunarın isə 3 yaşı var. Onlar evləndikdən sonra o, qaynatasının Gəncə şəhər Cavadxan qəsəbəsində yerləşən evində yaşamış, Gəncə şəhərində işləyib ailəsini dolandırmışdır. Onların evliliyin ilk vaxtlarında Lamiyə ilə münasibətləri yaxşı olsa da sonradan aralarında yaranan münaqişələr nəticəsində 2020-ci ildə onlar məhkəmə qaydasında boşanmışlar. O, boşandıqdan sonra Zərərçəkmiş şəxs evində qalmamış, lakin övladlarını görmək üçün aradabir gedib gəlmişdir.xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində o, övladlarını görmək üçün Cavadxan qəsəbəsində yerləşən Lamiyənin evinə getmişdir. Həmin vaxt evdə qaynatası Raqib və iki övladı olmuşdur. O, evdə özünün üz qırxan maşınını axtarmış, lakin tapa bilməmişdir. O, keçmiş həyat yoldaşı Lamiyənin nənəsigilə getdiyini bilmiş, Lamiyəni evə gətirmək üçün oğlu Əlinin əlindən tutmuşdur ki, övladı ilə bir yerdə gedib qayıtsın. Həmin vaxt qaynatası Əlini onunla getməyə qoymayıb onun ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt o, əsəbləşib yumruqla Raqibin sifət nahiyəsindən vurmuş və evdən çıxıb getmişdir. Təxminən 20 dəqiqədən sonra Lamiyənin evinə qayıdıbqayıtmamasını bilmək üçün qaynatasının evinə qayıtmışdır. Həmin vaxt Lamiyə evdə olmuşdur. Bir qədər sonra isə Lamiyəgilin evinə polis işçiləri gəlmiş və o, polislərlə bir yerdə polis bölməsinə getmişdir. O, oğlu Əli ilə getmək istəyən zaman Raqib onun qabağını kəsimiş və oğlu ilə getməyə imkan verməmişdir. Bu səbəbdən də, o, yumruqla Raqibi vurmuşdur. Hazırda hərəkətindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışdığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs oğlu göstərdi ki, Təqsirləndirilən şəxs onun qızı Lamiyə Əbilova ilə 2015-ci ildə evlənmiş və birgə nikahdan 2 övladları vardır. xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində o, yaşadığı Cavadxan qəsəbəsindəki evində Lamiyənin övladları ilə oynayan vaxt İlyar onların evinə gəlmişdir. İlyar üz qırxan maşınının qaldığını və həmin əşyanı aparmaq üçün gəldiyini demiş, lakin İlyar evdə üz qırxanını axtarsa da tapa bilməmişdir. Bundan sonra İlyar övladı Əlini özü ilə aparmaq istəmiş, o, isə İlyara «sən uşağa baxan deyilsən» deyib uşağı aparmağa imkan verməmişdir. Bunun üstündə İlyar onun ünvanına nalayiq söyüşlər söyüb yumruqla onun burun nahiyəsindən zərbə ilə vurmuş, onun burnunda bərk ağrı yaranmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışlar, ona dəyən zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır, hazırda o, övladları ilə birlikdə atasının evində yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş əridir. xx xxxxxx 2020-ci il tarixdə o, anası Lətifə ilə birlikdə nənəsigilə getmişdir. Təxminən saat 18 radələrində atası Raqib onun telefonuna zəng edib bildirmişdir ki, İlyar onların evinə gedib atasını vurduğu üçün atasının burnu qanamışdır. Onlar dərhal evlərinə getmişlər. Həmin vaxt o, atasının burnundan qan gəldiyini görmüşdür. Onlar atasını çarpayıya uzatmışlar. Bir qədər sonra İlyar yenidən onların evinə qayıtmışdır. Həmin vaxt İlyarla onun arasında sözlə mübahisə yaranmış, İlyar onu vurmaq istəyəndə anası İlyarı aralamışdır. O, da 102 xidmətinə zəng edib İlyarın atasını döyməsi barədə məlumat vermiş, daha sonra isə polis əməkdaşları onların evinə gəlib İyları aparmışlar. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2»nin xx.xx.2020-ci il tarixli, 1843 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət- burunun nahiyəsinin əzilməsi bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni, xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışdığı üçün işin icraatına xitam verilməsini xahiş etmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə, 8İ-852 reyestr nömrə ilə təsdiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyi üçün heç bir şikayəti və tələbi olmadığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72,73.1,73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda zərərçəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri ərizədən görünür ki, barışdıqları üçün cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməsi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344-347, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan şikayət verilmədikdə 20 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar