Məhkəmə qərarları › İş №1(043)-61/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-61/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-61/2021 29.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 oktyabr 2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə sonuncunun evdə olmamasından istifadə edərək evin daş hasarının üstündən aşmaqla evin həyətə açılan, açıq vəziyyətdə olan giriş qapısından qanunsuz daxil olub evin qonaq otağından 1 ədəd 400 manat dəyərində “Supermax” markalı 82 sm dioqonal ölçülü plazma televizoru və 1 ədəd 50 manat dəyərində “TP LİNK TD-W8101G” markalı modem aparatını ümumilikdə Zərərçəkmiş şəxs 450 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkumluq həyatı yaşamışdır. Hazırda fərdi olaraq fəhləliklə məşğul olur. 24 oktyabr 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdə yemək yeyib bir qədər spirtli içki qəbul etmiş, bundan sonra saat 23 radələrində Məhsəti qəsəbəsində bir az gəzərək hava almaq məqsədi ilə yaşadığı evdən çıxmış, təxminən 10-15 dəqiqə Məhsəti qəsəbəsində piyada tək gəzdikdən sonra maddi imkanı yaxşı olmadığı və şəxsi ehtiyacları üçün pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, həmin vaxt Gəc zavodunun yaxınlığında, Məhsəti qəsəbəsinin aşağı tərəflərində olan küçədən keçərkən orada işıqları yanmayan birmərtəbəli ev görmüş, həmin evdə heç kim olmadığını düşünərək oradan oğurluq etmək məqsədi ilə evin darvazasının yanından daş hasarın üzərinə çıxaraq evin həyətinə daxil olmuş, evin həyətində bir qədər gözləyib evdə heç kimin olmadığına əmin olduqdan sonra evin həyətə açılan açıq vəziyyətdə olan giriş qapısından içəri daxil olmuşdur. Evin bütün otaqlarını axtarmış, lakin evdə heç bir pul və qiymətli əşya tapa bilməmiş, bundan sonra evin qonaq otağında pəncərənin yanında olan 1 ədəd qara rəngli “Supermax” markalı televizoru və televizorun yanında olan 1 ədəd ağ rəngli modem aparatını götürüb evin küçəyə açılan pəncərəsini açaraq oradan küçəyə çıxmış, piyada oğurladığı televizoru və modem aparatını Məhsəti qəsəbəsində yaxınlıqda yerləşən yaşadığı evə aparıb, heç kimin xəbəri olmadan öz otağında gizlətmiş, həmin televizoru və modem aparatını bir neçə gün sonra satıb pul əldə edəcəyini düşünmüşdür. Bundan bir neçə gün sonra isə polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə aparılmış, oğurladığı televizor və modem aparatını isə polisə təqdim etmişdir. Bundan başqa heç bir yerdən oğurluq etməmişdir. Oğurluq hadisəsini tək etmiş və bu barədə heç kimə bildirməmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Etdiyi əməli maddi imkansızlıq üzündən etmişdir. Əməlindən çox peşmandır, hazırda işə girib işləyir və bir daha cinayət törətməyəcəyinə söz verir. Buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evi vardır və həmin evdə tək yaşayır. 24.10.2020-ci il tarixdə günorta saatlarında işləri ilə əlaqədar olaraq yaşadığı evin darvazasını açarla bağlayıb oradan çıxmış və həmin gecə evə qayıtmamışdır. 25.10.2020ci il tarixdə səhər saatlarında evə qayıdan zaman evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, bu zaman evin pəncərəsini bağlayıb getdiyi üçün evdən oğurluq olmasından şübhələnmiş, dərhal qapını açarla açaraq evə daxil olmuş, evə baxdıqdan sonra evin qonaq otağında olan 1 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan 400 manat dəyərində 82 sm diaqonal ölçüdə “Supermax” markalı plazma televizorun və 1 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan 50 manat dəyərində “TP LİNK TD-W8101G” markalı modem aparatının yerində olmadığını və oğurlandığını aşkar etmiş, bundan sonra isə bu barədə polisə müraciət edərək məlumat vermişdir. Hazırda ona dəymiş maddi və mənəvi ziyan tam həcmdə təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. İş materiallarında olan 26 oktyabr 2020-ci il tarixli “Könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurlamış olduğu 1 ədəd plazma televizor və modem aparatı protokol tərtib edilərək ondan götürülmüş və həmin əşyalara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş 1 ədəd televizor qara rəngli, “Supermax” markalı, 82 sm dioqonal ölçüdədir, istifadə olunmuş, istifadəyə yararlıdır. Modem cihazı ağ rəngli, “TP LİNK TD-W8101G” markalı, istifadə olunmuş, istifadəyə yararlıdır, üzərində 1 ədəd plastik antena quraşdırılmışdır. İş materiallarında olan 11 noyabr 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi və ondan götürülmüş 1 ədəd televizor və 1 ədəd modem aparatına baxış keçirilmiş və Zərərçəkmiş şəxs həmin əşyaları nəzərdən keçirərək əşyaların ona məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalar olmasını təsdiqləmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş 30 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, müqayisəli tədqiqat nəticəsində oğurluq cinayətinin baş verdiyi Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi zamanı hadisə yerindən götürülmüş əl izlərindən 01 ədədinin Təqsirləndirilən şəxs sol əlinin baş barmağı ilə eynilik təşkil etməsi müəyyən olunmuşdur. İş materiallarında olan 07 dekabr 2020-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, İfadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 yanvar 2021-ci il tarixli, 9/5516 saylı rəyinə əsasən qərarda adları sadalanan 2 adda istifadədə olmuş əşyaların hadisə baş verən tarixə, yəni 24.12.2020-ci il, 25.12.2020-ci il tarixlərinə olan orta bazar qiyməti nəzəri qaydada təxminən “Supermax” markalı, 82 sm diaqonallı, istifadədə olmuş plazma televizor - 180 manat, “TP LİNK TD-W8101G” markalı, istifadədə olmuş modem aparatı - 25 manat dəyərində olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və ekspert rəyi ilə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.12.2020-ci il tarixli arayışından və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə və 1500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli qərarı ilə əməl Azərbaycan Respublikası CM-in 177.3.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə tövsif edilərək cəzası 05 il müddətinə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına endirilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Gəncə şəhər Probasiya Şöbəsindən alınmış arayışdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli qərarı ilə təyin olunmuş 10 ay 23 gün müddətinə cəzası 21.05.2019-cu il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş 1500 manat cərimə cəzasından “28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən azad edilməli olduğu halda cəzaçəkmə müəssisəsində olduğu dövrdə və azad olunduqdan sonra amnistiya aktı heç bir əsas olmadan ona tətbiq edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərarı ilə məhkumun ərizəsi təmin edilərək Təqsirləndirilən şəxs barəsində “28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya aktı tətbiq edilməklə o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19.12.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 1500 manat cərimə cəzasından azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 11 yanvar 2021-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən ona dəymiş ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs şikayəti və ya tələbi yoxdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən hallar, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxsə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu zərəri tam həcmdə ödədiyini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına artıq qismən nail olunmuşdur. Cəzanın digər məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə yaxın təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Supermax” markalı, 82 sm diaqonal ölçülü televizor və 1 ədəd “TP LİNK TD-W8101G” markalı modem aparatı saxlanılması üçün qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat puldan ibarətdir. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə uyğun olaraq həmin xərc təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Supermax” markalı, 82 sm diaqonal ölçülü televizor və 1 ədəd “TP LİNK TD-W8101G” markalı modem aparatının qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci - məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pul təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar