Məhkəmə qərarları › İş №1(043)-66/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-66/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-66/2021 06.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X3, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Bağlıpəyə kəndində pasport qeydiyyatında olan, Göygöl rayonu, A.Hacıyev küçəsi, ev 62-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 29.09.2020-ci il tarixdə, saat 21 radələrində sürücülük hüququ olmaqla “xxxx” MMC tərəfindən verilmiş 26.09.2020-ci il tarixli yol vərəqəsi əsasında idarə etdiyi “Toyota Prado” minik markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Ə.Əliyev küçəsi ilə həmin küçənin B.Əliyev küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən qeyd edilən kəsişmədə olan yolayrıcında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən, daim hərəkətə nəzarət etməklə işıqforun qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt qarşısında dayandırmalı olduğu halda, həmin tələblərə əməl etmədən yol hərəkəti qaydalarını pozmaqla idarə etdiyi avtomobili işıqforun qadağanedici qırmızı işığında yolayrıcına daxil edib, hərəkət üçün təhlükə şəraiti yaradaraq həmin vaxt B.Əliyev küçəsi ilə həmin küçənin Ə.Əliyev küçəsi ilə kəsişməsi istiqamətində hərəkət edərək işıqforun sarı işığında yolayrıcına daxil olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “ZAZ-110307-Slavuta” minik markalı, **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş və ehtiyatsızlıq nəticəsində “ZAZ-110307 Slavuta” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən alın, sol qaş nahiyələrinin səthi yaraları və sağ bud nahiyəsinin qançırı, həmin avtomobilin arxa sərnişin oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol körpücük sümüyünün sınığı, həmin avtomobilin arxa sərnişin oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən əsas sümüyünün, sağ əng və sağ almacıq sümüklərinin sınıqları, sağ gözətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qançırı, sağ gözün ağlı qişasının qansızması, həmin avtomobilin arxa sərnişin oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs4 sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol said, sol bud nahiyələrinin qançırları, həmin avtomobilin qabaq sərnişin oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs5 isə döş qəfəsinin sağ tərəfində İİ-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə, sol tərəfində İİ-Vİ qabırğaların məmə xətti üzrə sınması, hər iki ağciyərlərin, dalağın cırılması, baş beyinin yumşaq toxumalarına sağ təpə-gicgah nahiyəsində və beyin mədəciklərinə qansızma, sağ said və sağ bud sümüklərinin sınması, sağ gicgah nahiyəsinin yarası və qançırı, döş qəfəsinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı, bel nahiyəsinin hematoması ilə müşayiət olunan və birgə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə döş qəfəsinin, qarının qapalı küt travması nəticəsində qabırğaların sınması, döş və qarın boşluğu orqanlarının cırılmasından əmələ gələn hemorroqik və travmatik şok nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs5 ölümünə səbəb olan, həmçinin idarə etdiyi “Toyota Prado” minik markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili zədələməklə həmin avtomobilin sahibi “xxxx” MMC-yə 4800 manat, toqquşduğu “ZAZ-110307 Slavuta” minik markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 isə 2800 manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 26.09.2020-ci il tarixdə oğlu Tural ilə birlikdə Bakı şəhərindən “Toyota prado” minik markalı avtomobili icarəyə götürmüş və Göygöl rayonuna gəlmişlər. Həmin avtomobilin idarə edilməsi üçün hər ikisinə yol vərəqəsi verilmişdir. 29.09.2020-ci il tarixdə, axşam saatlarında Göygöl rayonunda yaşayan qonşusunun şəhid olmuş nəvəsinin Gəncə şəhərində keçirilən yas yerinə gəlmək üçün oğlu Tural ilə birlikdə “Toyota Prado” markalı avtomobil ilə Gəncə şəhərinə gəlmişlər. Səhhətində hər hansı problem olarsa yanında olsun deyə oğlu Turalı da özü ilə aparmışdır. Lakin, həmin vaxt oğlu Tural yüngül dərəcədə sərxoş olduğundan avtomobili onun özü idarə etmiş, Tural isə avtomobilində sağ tərəfdə sərnişin oturacağında əyləşmişdir. Onlar Gəncə şəhərinə gələrkən saat təxminən 21 radələri idi. Həmin vaxt o, avtomobillə Gəncə şəhəri, Ə.Əliyev prospekti ilə Yeni Qəsəbə istiqamətində saatda, təxminən 50 km surətlə hərəkətdə olarkən qarşısında yolayrıcı və işıqfor görmüşdür. Həmin dövrdə şəhərdə komendant saatı olduğundan yolda avtomobillər demək olar ki yox idi. Ona görə də o, yolayrıcından rahat keçə biləcəyini düşünüb gəldiyi hərəkət surəti ilə işıqforun sarı işığında yolayrıcına daxil olmuş, elə həmin vaxt da anidən sol tərəfdən düzünə ağ rəngli avtomobil yolayrıcına daxil olmuşdur. Həmin vaxt onun idarə etdiyi avtomobilin qarşı tərəfi qeyd edilən avtomobilin sağ tərəfinə çırpılmış və hər iki avtomobil yolun sağ tərəfindəki səkiyə doğru sürüşərək divara çırpılmaqla dayanmışdır. Divara çırpılan an ağ rəngli avtomobil anidən alışıb yanmağa başlamışdır. Dərhal oğlu Tural ilk olaraq əyləşdiyi tərəf qapını açıb yerə enmiş, onun əyləşdiyi qapı tərəfdə isə digər avtomobil alışıb yandığı üçün həmin tərəfdən düşməyə ehtiyat edərək əyləşdiyi oturacaqdan qabaq sərnişin oturacağına keçib həmin qapıdan yerə enmişdir. Bundan sonra oğlu Turalla birlikdə toqquşduğu avtomobildə olanlara kömək etməyə çalışmışdır. Həmin vaxt ətrafdan tanımadığı şəxslər də hadisə yerinə toplaşaraq yanan avtomobili söndürmüş, yaralıları avtomobildən çıxarmışlar. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və yaralıları xəstəxanaya aparmışdır. Hadisədən sonra zərər çəkmiş şəxslərlə və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün cəhdlər etsə də, bu barədə başqa adamlar vasitəsi ilə barışığa cəhd etsə də, zərər çəkmiş şəxslər, eləcə də zərər çəkmiş şəxsin hüquqi varisi onunla barışmamışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs5 onun əridir. 29.09.2020-ci il tarixdə, axşam saatlarında mərhum əri Zərərçəkmiş şəxs5 qonşusu Fəqaninin oğlunun hərbi xidmətə yola salmaq üçün Mahmud adlı tanışlarının idarə etdiyi avtomobillə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Şöbəsinə getmişdir. Həmin vaxt qeyd edilən avtomobili Mahmud idarə etmişdir. Avtomobildə mərhum əri Zərərçəkmiş şəxs5 başqa digər qonşuları da var idi. Təxminən bir saat sonra yaşadığı evdə olarkən qonşusu Fəqanigilin evindən qışqırıq səsləri eşidib küçəyə çıxaraq dərhal Fəqanigilin evinə keçmişdir. Həmin vaxt Fəqaninin bacısı kiminləsə telefonla danışırdı. Fəqaninin bacısı ona əri Məqsədin də içərisində olduğu avtomobilin qəzaya düşdüyünü bildirmişdir. O isə dərhal qohumlarının avtomobili ilə Gəncə şəhər 3 saylı TTYX-yə yola düşmüşdür. Yolunun üstündə hadisə yerini və toqquşan avtomobilləri görmüşdür. Həmin vaxt o, Mahmudun idarə etdiyi avtomobilin və qara rəngli digər avtomobilin qəzalı vəziyyətdə yolun kənarında dayandıqlarını görmüşdür. O, dərhal 3 saylı TTYX-yə getmiş və oraya çatdıqda əri Məqsədin öldüyünü bilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, İİİ qrup əlildir və dövlətin ona bağışladığı “ZAZ-110307-SLAVUTA” minik markalı avtomobili var. Zərərçəkmiş şəxs4 onun qohumudur. Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, eləcə də Zərərçəkmiş şəxs2 qohumu Fəqaninin qonşuları, onun isə tanışlarıdır. 29.09.2020-ci il tarixdə qohumu Fəqaninin oğlu Abuzər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Şöbəsindən səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə çağrılmışdır. Bunun üçün o, görüşmək məqsədi ilə avtomobili ilə Fəqaninin yaşadığı evə getmiş və orada belə qərara gəlmişdir ki, Fəqanini və oğlu Abuzəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Şöbəsinə öz avtomobili ilə aparsın. Həmin vaxt Fəqaninin qonşuları İqbal, Vüsal və Məqsəd də onun idarə etdiyi avtomobil ilə getmişlər. Onlar Abuzəri hərbi xidmətə yola saldıqdan sonra yenə onun idarə etdiyi avtomobillə yaşadıqları evə qayıdırdılar. Həmin vaxt avtomobili özü idarə etmiş, mərhum Zərərçəkmiş şəxs5 avtomobilin qabaq sərnişin oturacağında, Fəqani, İqbal və Vüsal isə arxa oturacaqda əyləşmişdi. Gəncə şəhəri, B.Əliyev küçəsi ilə saat 30-40 sürətlə avtomobili idarə edərək B.Əliyev küçəsi ilə Ə.Əliyev küçəsinin kəsişməsinə çatmış, həmin kəsişməyə çatmağa bir qədər qalmış isə işıqforun onun üçün yaşıl işığının yanmasını görmüşdür. Həmin vaxt o, gəldiyi hərəkət sürəti ilə yolayrıcına daxil olmuşdur. Yolayrıcına daxil olduğu an sağ tərəfdən “Toyota Prado” markalı qara rəngli avtomobil gələrək yüksək sürətlə onun avtomobilinə çırpılmış və onun avtomobili Ə.Əliyev küçəsində yolun sağına bitişik səkini aşaraq yol kənarında olan evin divarına çırpılaraq dayanmışdır. Avtomobili divara çırpıldıqdan bir neçə saniyə sonra avtomobilinin motorxana hissəsi alışıb yanmağa başlamışdır. Həmin vaxt o və avtomobildə olan sərnişinlər hadisənin təsirindən şok vəziyyətində olmuşlar. Eləcə də onun özü və sərnişinlər hadisə nəticəsində xəsarət almışlar. Bunun üçün də avtomobildən düşməkdə çətinlik çəkmişlər. Hadisə yerinə kənardan çoxlu insanlar toplaşmış və avtomobildə olan yanğını söndürmüş, onları avtomobildən çıxarmışlar. Hadisə vaxtı “Toyota Prado” markalı avtomobili kimin idarə etdiyini görməmiş, lakin Təqsirləndirilən şəxs oğlu Tural hadisədən sonra orada sərxoş halda “yaxşı edib vurmuşam, mənim yüz minlik maşınım gedib” kimi ifadələr işlətmişdir. Ona görə də düşünür ki, hadisə vaxtı avtomobili Saday deyil, onun oğlu Tural idarə etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 onun qonşularıdır. Zərərçəkmiş şəxs1 da tanıyır. Belə ki, Mahmud onun qonşusu Fəqaninin qohumudur. 29.09.2020-ci il tarixdə qonşusu Fəqaninin oğlu və onun dostu Abuzər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Şöbəsindən səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə çağrıldığı üçün onlar həmin tarixdə, saat 20 radələrində Abuzəri hərbi xidmətə yola salmaq üçün Mahmudun idarə etdiyi avtomobillə həmin şöbəyə getmişlər. Həmin vaxt avtomobildə onun özü, Fəqani, Məqsəd, Vüsal, Fəqaninin oğlu Abuzər və sürücü Mahmud olmuşdur. Onlar Abuzəri hərbi xidmətə yola saldıqdan sonra Mahmudun idarə etdiyi avtomobillə evlərinə qayıdırdılar. Həmin vaxt o, avtomobilin arxa sərnişin oturacağında orta yerdə, sağında Fəqani, solunda isə Vüsal əyləşmişdi. Mərhum Zərərçəkmiş şəxs5 isə qabaq sərnişin oturacağında əyləşmişdi. Mahmud avtomobili Gəncə şəhəri, B.Əliyev küçəsi ilə saatda 30-40 km sürətlə idarə edirdi. Onlar B.Əliyev küçəsi ilə Ə.Əliyev küçəsinin kəsişməsi istiqamətində hərəkət edirdilər. B.Əliyev küçəsi ilə Ə.Əliyev küçəsinin kəsişməsindəki yolayrıcına çatdıqda isə dayanmadan, gəldikləri hərəkət sürəti ilə yolayrıcına daxil olmuşlar. Elə həmin vaxt, yəni yolayrıcında olarkən sağ tərəfdən qara rəngli avtomobilin onların üzərinə gəldiyini görmüş və onların avtomobilinə çırpılmışdır. Həmin vaxt onların içərisində olduqları avtomobil yolun sağ tərəfindəki səkini aşmış və yolun kənarındakı evin divarına çırpılaraq dayanmışdır. Bundan sonra onlar avtomobilin içərisində ikən Mahmudun avtomobilinin motorxana hissəsi alışıb yanmağa başlamışdır. O, hadisənin təsirindən şok vəziyyətinə düşmüşdür. Hadisə yerinə köməyə gələn şəxslər onları avtomobildən çıxarmış və avtomobilin yanmasının qarşısını almışlar. Bundan sonra hadisə yerinə təcili –tibbi yardım avtomobili gəlmiş və yaralı şəxsləri xəstəxanaya aparmışlar. O isə hadisə yerinə gələn qohumunun avtomobili ilə Gəncə şəhər TTYX-yə getmişdir. Orada ona məlum olmuşdur ki, avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs5 hadisə nəticəsində vəfat etmişdir. O, hadisə vaxtı “Toyota Prado” markalı avtomobili kimin idarə etdiyini görməmiş, lakin həmin vaxt orada olan cavan bir oğlan sərxoş halda “yaxşı etdiyini, onun yüzminlik maşınının getdiyini” deyirdi. Ona görə də fikirləşmişdir ki, hadisə vaxtı “Toyota prado” markalı avtomobili həmin cavan oğlan idarə etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək əlavə olaraq bildirdi ki, hadisə vaxtı o, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə sürücünün arxasında əyləşmişdir, hadisənin baş vermə anını dəqiq görə bilməmiş, lakin hadisədən sonra avtomobildən özü düşmüşdür. O, avtomobildən düşdükdən sonra “Toyota prado” markalı avtomobili kimin idarə etdiyini görməmiş, eyni zamanda hadisədən sonra orada olan hər hansı bir şəxsdən “yaxşı etmişəm, mənim yüzminlik maşının gedib” kimi ifadələr eşitməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi ifadəsində bildirmişdir ki, “xxxx” MMC tərəfindən avtomobillərin fiziki və hüquqi şəxslərə icarəyə verilməsi həyata keçirilir. Sözügedən icarə müqavilələrindən biri də 26.09.2020-ci il tarixdə Şahid1 ilə bağlanmışdır. Belə ki, “xxxx” MMC mülkiyyətində olan “Toyota Prado” minik markalı, qara rəngli, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Şahid1 ilə bağlanmış icarə müqaviləsi əsasında Tural və atası Təqsirləndirilən şəxs verilmiş yol vərəqələri ilə 02.10.2020-ci il tarixədək icarəyə vermişdir. Daha sonra, yəni 29.09.2020-ci il tarixdə Gəncə şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı həmin avtomobilə maddi zərər dəymişdir. Qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə dəymiş zərərin məbləği “xxxx” MMC tərəfindən təxminən 4000-5000 manat qiymətləndirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 26.09.2020-ci il tarixdə Bakı şəhərindən “Toyota prado” minik markalı **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili icarəyə götürüb atası Təqsirləndirilən şəxsla birlikdə Göygöl rayonuna gəlmişdir. Həmin avtomobili icarəyə götürərkən atası Sadayın da adına yol vərəqəsi yazdırmışdır ki, avtomobili atası idarə edə bilsin. 29.09.2020-ci il tarixdə, axşam saatlarında atası Saday “Toyota Prado” markalı avtomobili götürərək Göygöl rayonunda yaşayan qonşularının şəhid olmuş nəvəsinin Gəncə şəhərində keçirilən yas yerinə gəlmək üçün onunla birlikdə yola düşmüşdür. Həmin vaxt o, pivə içdiyindən avtomobili atası Saday idarə etmişdir. Onlar Gəncə şəhərinə gələrkən saat təxminən 21 radələri idi. Həmin vaxt onlar saatda, təxminən 50 km surətlə hərəkət edərək Gəncə şəhəri, Ə.Əliyev prospekti ilə düzünə işıqforun sarı işığında yolayrıcına daxil olmuşlar, elə həmin vaxt anidən sol tərəfdən düzünə ağ rəngli avtomobil də yolayrıcına daxil olmuşdur. Həmin an atası Sadayın idarə etdiyi avtomobilin qarşı tərəfi digər avtomobilin sağ tərəfindən çırpılmış və hər iki avtomobil yolun sağ tərəfindəki səkiyə doğru sürüşərək divara çırpılmaqla dayanmışdır. Avtomobillər divara çırpılan an ağ rəngli həmin avtomobil anidən alışıb yanmağa başlamışdır. Həmin vaxt əvvəlcə o, daha sonra isə atası Saday avtomobilin sağ qapısından düşərək toqquşduqları avtomobildə olanlara kömək etməyə çalışmışlar. Digər avtomobil yandığı üçün atası Saday idarə etdiyi avtomobilin sol qapısını açıb düşməkdən ehtiyyat etdiyindən avtomobilin sağ qapısından düşmüşdür. Həmin vaxt ətrafdan tanımadığı şəxslər də hadisə yerinə toplaşaraq yanan avtomobili söndürmüş, yaralıları avtomobildən çıxarmışlar. Bundan sonra hadisə yerinə təcili-tibbi yardım avtomobili gəlmiş və yaralıları xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, B.Əliyev küçəsi, ev 65-də ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev yolayrıcında yolun kənarında yerləşir. 29.09.2020-ci il tarixdə, saat 21 radələrində yaşadığı evdə olarkən qəfildən avtomobillərin toqquşma səsini və evinə çırpıldığını eşidib dərhal küçəyə çıxmışdır. Həmin vaxt yolun kənarında, evinə “Toyota prado” və “ZAZ” markalı iki avtomobilin çırpıldığını və “ZAZ” markalı avtomobilin motor hissəsindən alışıb yandığını görmüşdür. Bunun üçün o, evdən vedrə ilə su gətirib yanğının qarşısını almış və avtomobildə olan yaralılara köməklik göstərmişdir. Həmin vaxt hadisə yerində çoxsaylı tanımadığı şəxslər olmuşdur. O, yaralılardan birini yoldan keçən avtomobillə xəstəxanaya aparmışdır. Hadisə vaxtı axşam saatları olduğundan və hadisə yerində çoxsaylı insanlar olduğundan diqqəti sadəcə yaralılarda və yanan avtomobildə olmuşdur. Ona görə də, hadisə yerində olan şəxslərin konkret olaraq kim olmasına fikir verməmişdir. Şahid suallara cavab olaraq ifadəsində əlavə olaraq bildirdi ki, o, hadisə vaxtı “Toyota prado” markalı avtomobilin kimin idarə etdiyini görməmiş, hadisə yerində həmin avtomobildə olmuş şəxsin “yaxşı eləmişəm, yüzminlik maşınım gedib” kimi ifadələr işlətməsini görməmiş və eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, B.Əliyev küçəsi, ev 65-də ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev yolayrıcında yolun kənarında yerləşir. 29.09.2020-ci il tarixdə, saat 21 radələrində yaşadığı evdə olarkən qəfildən avtomobillərin toquşma səsini və onun evinə çırpıldığını eşidib dərhal küçəyə çıxmış, həmin vaxt yolun kənarında iki avtomobilin evinin divarına çırpıldığını görmüşdür. Avtomobillərdən biri alışıb yanırdı. Bunun üçün o, edən vedrə ilə su gətirib yanğının qarşısını almış və avtomobildə olan yaralılara köməklik göstərmişdir. Həmin vaxt hadisə yerində çoxsaylı tanımadığı şəxslər toplaşmışdır. Hadisə axşam saatlarında olduğundan və hadisə yerində çoxsaylı insanlar olduğundan diqqəti sadəcə yaralılarda və yanan avtomobildə olmuşdur. Ona görə də, hadisə yerində olan şəxslərin konkret olaraq kim olmasına fikir verməmişdir. O, hadisədən sonra küçəyə çıxdıqda fikri evinin divarına, yəni onun olduğu otağın pəncərəsinə çırpılan və alışıb yanan avtomobildə olduğundan evdən çıxan kimi dərhal həmin istiqamətdə qaçmış və “Toyota Prado” markalı avtomobilin içərisinə diqqət yetirməmişdir. Hadisədən sonra bir nəfər yaşlı şəxs özünü sürücü kimi təqdim etmişdir. Sürücünün yanında bir nəfər cavan oğlan da var idi. O, həmin vaxt sürücünün yanındakı cavan oğlandan “yaxşı edib vurmuşam, mənim yüzminlik maşınım gedib” kimi ifadələr eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru Şahid2 ifadəsində bildirdi ki, 29.09.2020-ci il tarixdə, saat 21 radələrində 6284 saylı patrul avtomobili ilə 8-ci marşrut xətti üzrə xidmət apararkən Gəncə şəhəri, B.Əliyev küçəsi ilə Ə.Əliyev küçəsinin kəsişməsindəki yolayrıcında avtomobillərin toqquşması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən xidməti məlumat almış və DYP-nin inspektoru, polis baş serjantı Şahid3 ilə birlikdə dərhal qeyd edilən hadisə yerinə getmişdir. Onlar hadisə yerinə çatdıqda orada qara rəngli “Toyota Prado” minik markalı avtomobilin və ağ rəngli, “ZAZ-Slavuta” minik markalı avtomobilin Ə.Əliyev küçəsində, yolun sağ kənarındakı səkinin üzərində divara çırpılmış vəziyyətdə olmalarını, hadisə yerində çoxsaylı insanların toplaşmasını, ZAZ markalı avtomobilin isə tüstülədiyini görmüşdür. Onlar dərhal yolun nizamlanmasını təmin etmiş, yaralı şəxslərə köməklik göstərməyə çalışmışlar. Həmin vaxt bir nəfər yaşlı şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, “Toyota Prado” markalı avtomobili özünün idarə etdiyini bildirmişdir. Saday adlı həmin şəxsin yanında bir nəfər gənc yaşlarında şəxs də var idi. Həmin oğlan sərxoş olduğundan onların avtomobilə baxış keçirməsinə maneçilik törətmişdir. Bir qədər sonra hadisə yerinə PPXT-nin əməkdaşları gəlmiş və komendant saatı ilə əlaqədar olaraq hadisə yerinə toplaşmış şəxsləri oradan uzaqlaşdırmışdır. Onlar isə hadisə yerində qalmış, hadisə yerinin müayinəsində iştirak etmişdir. Bundan başqa, hadisə yerində “Toyota Prado” minik markalı avtomobildən kriminalist tərəfindən barmaq izi götürülmüş, avtomobillərin və hadisə yerinin fotoşəkilləri çəkilmiş, bundan sonra isə hər iki avtomobil DYP-nin cərimə meydançasına aparılmışdır. Onlar hadisə baş verdikdən sonra hadisə yerinə çatdıqları üçün hadisənin necə baş verməsini görməmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilməklə tədqiq edilmiş və onun Şahid2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluğun müayinəsinə dair 1742/2020 saylı, 29.09.2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən verilmiş 07.10.2020-ci il tarixli sorğuya cavab məktubundan və AB 613104 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Gəncə 9 saylı RQİŞ tərəfindən 31.03.2011-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sənədin etibarlılıq tarixi 31.03.2021-ci il tarixədək müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. AD 163307 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “Toyota Prado” minik markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ünvan 1 ünvanında qeydiyyatda olan X6 adına rəsmiləşdirilmişdir. AR-İ 599180 nömrəli etibarnamədən görünür ki, “Toyota Prado” minik markalı, **-NB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində qanunvericilikdə nəzərdə tutulan müvafiq səlahiyyətlərə, yəni müvəqqəti istifadəyə, idarə etməyə, mülkiyyətçi adından icarə məqsədi ilə etibarnamələr verməyə dair 26.03.2018-ci il tarixdə 5 il müddətinə, yəni 26.03.2023-cü il tarixədək mülkiyyətçi X9 tərəfindən “xxxx”MMC-yə etibarnamə verilmişdir. 26 sentyabr 2020-ci il tarixli “Avtomobilin icarə müqaviləsi” və yol vərəqələrindən görünür ki, “xxxx” MMC ilə Şahid1 arasında 26.09.2020-ci il tarixdə “Toyota Prado” minik markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında eyni tarixdə ayrı-ayrılıqda Təqsirləndirilən şəxs və Şahid1 yol vərəqələri verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Gəncə 9 saylı RQİ və TBŞ-dən alınmış 07.10.2020-ci il tarixli, 313-4164-1220 və 313-4165-1220 saylı sorğuya cavab məktublarından görünür ki, Zərərçəkmiş şəxs1 17.12.2008-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum olunmamışdır. Eləcə də, həmin məktubdan görünür ki, sürücü Təqsirləndirilən şəxs 31.03.2011-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum olunmamışdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, Ə.Əliyev küçəsi ilə B.Əliyev küçəsinin kəsişməsindəki yolayrıcıdır. Yol asfaltbeton örtüklü, yol örtüyünün səthi isə hamar və qurudur. Yolun hərəkət hissəsi düzdür. Ə.Əliyev küçəsinin B.Əliyev küçəsi ilə kəsişməsindəki avtomobil yol örtüyünün eni 9 metrdir. B.Əliyev küçəsinin Ə.Əliyev küçəsi ilə kəsişməsindəki avtomobil yol örtüyünün eni isə 9.60 metrdir. Ə.Əliyev küçəsinin B.Əliyev küçəsi ilə kəsişməsindəki avtomobil yolunun hərəkət hissəsində hərəkət hissəni hərəkət zolağına bölmə, stop xətt, düzünə və sağa, eləcə də düzünə və sola nişanlama xəttləri vardır. Qeyd edilən hərəkət hissədə piyada zolağı və piyada keçidi mövcud deyildir. Hər iki küçənin avtomobil yolu üçün hərəkət işıqfor vasitəsi ilə nizamlanır. Ə.Əliyev küçəsində avtomobillərin hərəkəti birtəfərli istiqamətdə təşkil edilmişdir. B.Əliyev küçəsində isə hər iki istiqamətdə avtomobillərin hərəkəti mövcuddur. B.Əliyev küçəsinin Ə.Ü.Gəncəvi küçəsi istiqamətində Ə.Əliyev küçəsi ilə kəsişməsində mövcud olan işıqfor ilə həmin işıqfora paralel yerləşən və Ə.Əliyev küçəsi ilə hərəkətdə olan avtomobilləri görməyə mane olan ticarət təyinatlı tikilinin yola tərəf bitmə nöqtəsinədək 3 metr məsafə mövcuddur. Başqa sözlə, B.Əliyev küçəsi ilə Ə.Ü.Gəncəvi küçəsi istiqamətində hərəkətdə olarkən Ə.Əliyev küçəsi ilə B.Əliyev küçəsinin kəsişməsindəki işıqfor dirəyindən 3 metr düzünə məsafə qət etdikdən sonra sağ tərəfdən, yəni Ə.Əliyev küçəsi ilə hərəkətdə olan avtomobilləri gözlə görmək mümkündür. Bundan başqa, hadisə yerində “Toyota Prado” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil Ə.Əliyev küçəsində, həmin küçə ilə B.Əliyev küçəsinin kəsişməsində, yolun sağındakı səkini aşaraq səkidən sonra gələn fərdi yaşayış evinin divarına çırpılıb dayanmışdır. Həmin avtomobilin qarşı tərəfi evin divarına tam söykəndiyi üçün avtomobilin qarşısından adam keçməsi qeyri-mümkündür. Avtomobilin bütün qapıları həm içəri, həm də çöl tərəfdən açılır.Həmin avtomobilin sol tərəfində, yəni qabaq sol təkərindən sola doğru 2 metr məsafədə “ZAZ-Slavuta” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Belə ki, “ZAZ-Slavuta” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil də Ə.Əliyev küçəsində, həmin küçə ilə B.Əliyev küçəsinin kəsişməsində, yolun sağındakı səkini aşaraq səkidən sonra gələn fərdi yaşayış evinin divarına çırpılıb dayanmışdır. Avtomobillərin üzərlərində olan zədələrin və deformasiya izlərinin əlamətlərindən, onların dayanma şəkillərindən ilkin olaraq müəyyən edilmişdir ki, “Toyota Prado” minik markalı, **- NB-*** dövlət qeydiyyat nişanlı avtomobil Ə.Əliyev küçəsi ilə düzünə, “ZAZ-Slavuta” minik markalı, **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil isə B.Əliyev küçəsi ilə düzünə hərəkətdə olarkən yolayrıcında toqquşma baş vermiş, “Toyota Prado” minik markalı avtomobilin qarşı tərəfi “ZAZ-Slavuta” minik markalı avtomobilin sağ orta hissəsinə çırpılmışdır. Belə ki, “Toyota Prado” minik markalı avtomobilin ön lampaları və buferi sınıb yerə, avtomobilin qarşısına düşmüş, “ZAZ- Slavuta” minik markalı avtomobil isə sağ orta hissədən içəri doğru qatlanaraq deformasiyaya mərzu qalmış, kabinəsində isə yanma izləri mövcuddur. Hadisə yerində meyit, qanabənzər izlər və təkər izləri aşkar edilməmişdir. Bununla belə, hadisə yerində “Toyota Prado” minik markalı avtomobilin sürətlər qutusunun ötürücü dəstəyinin başlığından 01 ədəd insan barmaq izinə bənzər iz götürülərək qablaşdırılmışdır.Hadisə yerinə baxış gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmış, baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası “Avtomotoservis və ticarət X1 və ticarət Gəncə Müəssisəsi”ndən alınmış 05.10.2020-ci il tarixli, 211 saylı qüsut aktından görünür ki, hadisə nəticəsində “Toyota Prado”minik markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 4800 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası “Avtomotoservis və ticarət X1 və ticarət Gəncə Müəssisəsi”ndən alınmış 05.10.2020-ci il tarixli, 212 saylı qüsut aktından görünür ki, hadisə nəticəsində “ZAZ-110307-Slavuta” minik markalı, **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 2800 manat maddi ziyan dəymişdir. Məhkəmə-tibbi ekspertizasının 30.09.2020-ci il tarixli, 61 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs5 bədəni üzərinə müəyyən edilmiş xəsarətlər: döş qəfəsinin sağ tərəfində İİ-Vİİİ qabırğalar ön qoltuqaltı xətt üzrə, sol tərəfində İİ-Vİ qabırğalar məmə xətti üzrə sınması; hər iki ağciyərlərin, dalağın cırılması, baş beyinin yumşaq toxumalarına sağ təpə-gicgah nahiyəsində və beyin mədəciklərinə qansızma; sağ said və sağ bud sümüklərinin sınması; sağ gicgah nahiyəsinin yarası və qançırı, döş qəfəsinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı, bel nahiyəsinin hematoması. Həmin xəsarətlər həyatidir və əmələgəlmə müddətləri 29.09.2020-ci il tarixə uyğun gəlməklə qeyd edilən xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs5 ölümünə səbəb döş qəfəsinin, qarının qapalı küt travması nəticəsində qabırğaların sınması, döş və qarın boşluğu orqanlarının cırılmasından əmələ gələn hemorroqik və travmatik şok olmuşdur. Mərhum Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar edilən həmin xəsarətlər yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Mərhum Zərərçəkmiş şəxs5 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 30.09.2020-ci il tarixli, 1506 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər –sol said və sol diz nahiyələrinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələgəlmə müddətləri 29.09.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 30.09.2020-ci il tarixli, 1505 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol körpücük sümüyünün sınığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələgəlmə müddətləri 29.09.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Məhkəmə-tibbi ekspertizasının 01.10.2020-ci il tarixli, 1511 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın və sol qaş nahiyələrinin səthi yaraları, sağ bud nahiyəsinin qançırı- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələgəlmə müddətləri 29.09.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Məhkəmə-tibbi ekspertizasının 07.10.2020-ci il tarixli, 1528 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – əsas sümüyünün, sağ əng və sağ almacıq sümüklərinin sınıqları, sağ gözətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qançırı, sağ gözün ağlı qişasının qansızması-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələgəlmə müddətləri 29.09.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Məhkəmə-tibbi ekspertizasının 15.10.2020-ci il tarixli, 1511 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol said, sol bud nahiyələrinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələgəlmə müddətləri 29.09.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Məhkəmə istintaqı zamanı Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər xidmətindən əldə edilmiş, 29.09.2020-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhəri, Ə.Əliyev küçəsi ilə B.Əliyev küçəsinin kəsişməsindəki yolayrıcında baş vermiş müvafiq yol nəqliyyat hadisəsinin videogörüntülərinin əks olunduğu 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, DVD diskin içərisində 02 görüntü var. Birinci görüntüyə əsasən, hadisənin baş verdiyi yer yolayrıcıdır və hadisəni qeydə alan videomüşahidə kamerası 180 dərəcə istiqamətdə hərəkət etməklə qeydiyyat aparır. Görüntünün ilk saniyələrindən aydın olur ki, işıqforun qırmızı işığında yolayrıcının mərkəzində toqquşma baş verir. Belə ki, qara rəngli, offroader tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobil işıqforun qırmızı işığında yolayrıcına daxil olaraq həmin yolayrıcına digər istiqamətdən daxil olan ağ rəngli, sedan tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobilə çırpılır və nəticədə hər iki avtomobil yolun hərəkət hissəsinə bitişik köbə daşlarını və səkini aşaraq yolun kənarındakı fərdi yaşayış evinin barısına dəyib dayanırlar. Belə ki, toqquşma görüntünün 2-ci saniyəsində baş verir və həmin vaxt qara rəngli, offroader tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobilin hərəkət istiqaməti üçün işıqforun qırmızı işığı yanır. Görüntünün 5-ci saniyəsində isə işıqforun qırmızı işığı artıq birbaşa yaşıl işığa keçir. Yəni, toqquşmadan 03 saniyə sonra qeyd edilən istiqamətdə işıqforun yaşıl işığı yanır. Görüntüdən məlum olur ki, videomüşahidə kamerası toqquşmanı və avtomobillərin evin barısına çırpılaraq dayanmasını qeydə alsa da, bundan dərhal sonra əks istiqamətdə fırlanır və hadisə nöqtəsi müşahidə edilmir. Görüntüdən məlum olur ki, toqquşmadan sonra kənardan insanlar hadisə yerinə doğru qaçışırlar. Hadisə yerinə çoxsaylı insanlar toplaşır və ağ rəngli həmin avtomobilin içərisindən yaralı şəxsləri çıxardıqları müşahidə edilir. Görüntünün 01:25 dəqiqəsində ağ rəngli avtomobilin tüstülədiyi və kənar şəxslərin su ilə onu söndürdükləri müşahidə edilir. Görüntünün 03:17 dəqiqəsində bir nəfər şəxsin yolun hərəkət hissəsində yerə uzadıldığı müşahidə edilir. Görüntü gecə saatlarında, qaranlıq hava şəraitində qeydə alındığı üçün, habelə görüntünü qeydə alan videomüşahidə kamerası fırlanaraq qeydiyyat apardığından toqquşan avtomobillərin içərisindəki şəxsləri və avtomobilləri idarə edən şəxslərin əlamətlərini müşahidə etmək olmur. DVD diskin içərisində olan ikinci görüntü isə fırlanaraq videoqeydiyyat aparan videomüşahidə kamerası vasitəsi ilə qeydə alınmadığından yalnız bir nöqtəni, yəni hadisə yerini əks etdirir. Qeyd edilən ikinci görüntüdən məlum olur ki, qara rəngli, offroader tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobil yolayrıcına daxil olaraq həmin yolayrıcına digər istiqamətdən daxil olan ağ rəngli, sedan tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobilə çırpılır. Həmin vaxt hər iki avtomobil yolun hərəkət hissəsinə sağ tərəfdən bitişik daşları və səkini aşaraq yolun sağında yerləşən fərdi yaşayış evinin barısına çırpılıb dayanırlar. Görüntüdən məlum olur ki, toqquşma anında qara rəngli həmin avtomobilin hərəkəti üçün işıqforun qırmızı, ağ rəngli digər avtomobilin hərəkəti üçün isə sarı işığı yanır. Belə ki, ağ rəngli, sedan tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobilə görüntünün 18-ci saniyəsində onun hərəkət istiqamətində olan işıqforu keçib yolayrıcına daxil olur və həmin vaxt, yəni işıqforu keçən an işıqforun sarı yaşıl işığı sarı işığa keçir. Qara rəngli, offroader tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobil qeyd edilən həmin avtomobilə yolayrıcının mərkəzində çırpılan an qara rəngli həmin avtomobilin hərəkəti üçün işıqforun qırmızı işığı, ağ rəngli həmin avtomobilin hərəkəti üçün yenə sarı işıq yanmaqda davam edir. Başqa sözlə, qara rəngli, offroader tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobil yolayrıcına işıqforun onun üçün qadağanedici siqnalında, digər avtomobil isə işıqforun onun hərəkət istiqaməti üçün yaşıl işığından sarı işığına keçərkən daxil olur. Toqquşmadan 04 saniyə sonra, yəni görüntünün 22-ci saniyəsində qara rəngli qeyd edilən avtomobilin hərəkət istiqamətində olan işıqforun yaşıl, digər avtomobilin hərəkət istiqamətində olan işıqforun isə qırmızı işığı yanır. Toqquşmadan sonra qara rəngli, offroader tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobilin ön hissəsi, yəni arxa sərnişin qapısının yarısına qədər olan hissəsi görüntüdən kənarda qaldığından müşahidə edilmir. Görüntünün 44-cü saniyəsində toqquşan avtomobillərdən qara rəngdə və dayanmış vəziyyətdə olan avtomobilin sağ tərəfindən bir nəfər əynindəki paltarın çiyinlərində parıltılı muncuqlar müşahidə edilən oğlan avtomobilin arxa tərəfindən keçib ağ rəngli digər avtomobilə tərəf qaçır. Bundan 10 saniyə sonra, yəni görüntünün 54-cü saniyəsində qeyd edilən avtomobilin həmin tərəfindən alçaqboylu, əynində qara rəngli qısaqol gödəkçə olan yaşlı kişi cinsli bir şəxs də avtomobilin arxa tərəfindən keçib digər avtomobilə tərəf gedir. Həmin vaxt ətrafdan da kənar şəxslər hadisə yerinə toplaşır və yaralı şəxslərə köməklik göstərirlər. Görüntü gecə saatlarında, qaranlıq hava şəraitində qeydə alındığı üçün, habelə toqquşmadan sonra avtomobillərin iş üçün əhəmiyyət kəsb edən tərəfləri, qapıları görüntünü qeydə alan videomüşahidə kamerasının müşahidəsindən itdiyi üçün avtomobillərin içərisindəki şəxsləri və avtomobilləri idarə edən şəxslərin əlamətlərini müşahidə etmək olmur. Görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs hər iki görüntüdə olan qara rəngli, offroader tipli avtomobil onun idarə etdiyi “Toyota Prado” markalı, **-NB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil olmasını, hadisədən dərhal sonra avtomobilin sol tərəfində digər avtomobil alışıb yanmağa başladığından o, həmin qapıdan düşməyə ehtiyat etdiyinə görə avtomobilin qabaq sərnişin oturacağı tərəfdən ilk öncə avtomobildə sərnişin olan oğlu Şahid1, ardınca isə onun özünün oturacaqdan digər oturacağa keçməklə həmin qapıdan düşdüklərini, habelə görüntüdə alçaqboy, əynində qara rəngli qısaqol gödəkcə olan şəxsin onun özü, əynində çiyinlərində parıltılı muncuqlar olan paltardakı şəxsin isə onun oğlu Şahid1 olmasını bildirmişdir. Zərər çəkmiş şəxslər də görüntünün 44-cü saniyəsində olan şəxsin Şahid1, 54-cü saniyəsində olan şəxsin isə Təqsirləndirilən şəxs olmasını təsdiq etdilər. “İstintaq eksperimenti aparılması haqqında” 05.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Toyota Prado” markalı minik avtomobilini idarə edə bilməsini yoxlamaq və dəqiqləşdirmək üçün Gəncə şəhərinin mərkəzi küçələrində istintaq eksperimenti aparılmışdır. İstintaq eksperimenti zamanı Təqsirləndirilən şəxs heç bir qəza şəraiti yaratmadan və qayda pozmadan “Toyota Prado” markalı avtomobili Gəncə şəhərinin mərkəzi küçələrində rahatlıqla idarə etmişdir. İstintaq hərəkətinin icrası zamanı qeydə alınmış videogörüntü isə 1 ədəd DVD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir. Məhkəmə-daktiloskopik ekspertizasının 19.11.2020-ci il tarixli, 20/611R saylı rəyindən görünür ki, 29.09.2020-ci il Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prado markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən çırpdığı ZAZ-110307 Slavuta markalı **- CT-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan Zərərçəkmiş şəxs5 hadisə yerində ölməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 1 ədəd şəffaf yapışqanlı lent kəsiyinin üzərində olan əl-barmaq izinin fraqmenti şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş əl-barmaq izinin fraqmenti şəxsiyyətin eyniləşdirilməsi üçün yararsız olduğundan DİN-in KTİ-nin ADİS-nin məlumat bazasında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 14.01.2021-ci il tarixli, 8/2219 saylı rəyindən görünür ki, “Toyota Prado” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda “ZAZ 110307 Slavuta” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 10.6-17.8 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “ZAZ 110307 Slavuta” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 10.6-17.8 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Zərərçəkmiş şəxs1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “İfadənin yerində yoxlanılması haqqında” 16.01.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadəsi yerində yoxlanılmışdır. Belə ki, istintaq hərəkətinin icrası zamanı sürücü Zərərçəkmiş şəxs1 “Toyota Prado” markalı avtomobili qaraltı kimi gördüyü nöqtədən, yəni onun üçün təhlükə yarandığı andan toqquşma yerinədək olan məsafə 6.70 metrdir. İstintaq hərəkətinin icrası zamanı Zərərçəkmiş şəxs1 tərəfindən göstərilən cinayətin mexanizminin baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Göygöl MKTB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci hissəsində qeyd edilir ki, svetoforun qadağanedici siqnalı verildikdə, sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında dayandırmalıdırlar. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14.01.2021-ci il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “Toyota Prado” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri, Ə.Əliyev küçəsi ilə həmin küçənin B.Əliyev küçəsi ilə kəsişməsi istiqamətində hərəkət etdirib işıqforun qırmızı işığında qeyd edilən kəsişmədəki yolayrıcına daxil olmuş və həmin vaxt B.Əliyev küçəsinin Ə.Əliyev küçəsi ilə kəsişməsindəki yolayrıcına işıqforun sarı işığında daxil olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “ZAZ 110307 Slavuta” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Belə olan vəziyyətdə, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “Toyota prado” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən daim hərəkətə nəzarət etməli və işıqforun qadağanedici qırmızı işığında avtomobili yolayrıcına daxil etməklə hərəkət üçün təhlükə şəraiti yaratmamalı olmasına baxmayaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görərək kifayət qədər əsaslar olmadan onların qarşısını alacağını güman edib cinayətkarcasına özünəgüvənmə ilə idarə etdiyi avtomobili işıqforla nizamlanan yolayrıcına işıqforun qırmızı işığında daxil edərək həmin vaxt işıqforun sarı işığında yolayrıcına daxil olan “ZAZ-110307 Slavuta” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaratmış, nəticədə həmin avtomobillə toqquşmuş və zərər çəkmiş şəxsin ölümünə, digər zərər çəkmiş şəxslərin isə sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə cinayətkarcasına özünəgüvənmə göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün hadisə baş vermiş və baş vermiş hadisə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 17-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində hadisə vaxtı “Toyota Prado” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən deyil, onun oğlu Şahid1 tərəfindən idarə olunmasını, sonuncunun hadisə vaxtı “yaxşı eləmişəm, mənim yüzminlik maşınım gedib” kimi sözlər işlətməsini bildirsələr də, zərər çəkmiş şəxslərin ifadələrinin həmin hissəsi iş üzrə toplanmış digər sübutlarla tam təkzib edilmişdir. Belə ki, ilk əvvəl qeyd olunmalıdır ki, həmin zərər çəkmiş şəxslər nə ilkin izahatlarında, nə də zərər çəkmiş şəxs kimi ibtidai araşdırma zamanı verdikləri ifadələrdə hadisə vaxtı avtomobilin Şahid1 tərəfindən idarə edilməsi, onun hadisə yerində “yaxşı eləmişəm, mənim yüzminlik maşınım gedib” kimi ifadələr işlərməsini deməmişlər. Əksinə, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3, eləcə də hadisənin baş verdiyi ilk anlardan hadisə yerində olmuş və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid4 ifadələrində “Toyota prado” markalı avtomobili kimin idarə etdiyini görmədiklərini, Şahid1 hadisədən sonra “yaxşı eləmişəm, mənim yüzminlik maşınım gedib” kimi sözlər işlətməsini görmədiklərini və eşitmədiklərini bildirmişlər. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş, baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntülərinin əks olunduğu DVD diskdə olan ikinci görüntünün 44-cü saniyəsində toqquşan avtomobillərdən qara rəngdə olan avtomobilin sağ tərəfindən bir nəfər əynindəki paltarın çiyinlərində parıltılı muncuqlar müşahidə edilən oğlanın avtomobilin arxa tərəfindən keçib ağ rəngli digər avtomobilə tərəf qaçdığı, bundan 10 saniyə sonra, yəni görüntünün 54-cü saniyəsində qeyd edilən avtomobilin həmin tərəfindən alçaqboylu, əynində qara rəngli qısaqol gödəkçə olan yaşlı kişi cinsli bir şəxsin də avtomobilin arxa tərəfindən keçib digər avtomobilə tərəf getdiyi müəyyən edilmişdir. Görüntüyə baxış zamanı təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslər görüntünün 44-cü saniyəsində olan həmin şəxsin Şahid1, 54-cü saniyəsində olan şəxsin isə Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişlər. Həm Təqsirləndirilən şəxs, həm də Şahid1 isə ifadələrində bildirirlər ki, “Toyota prado” markalı avtomobilin sol tərəfində digər avtomobil yandığına görə, həmin avtomobilin sağ qapısından ilk öncə Şahid1, bundan sonra isə Təqsirləndirilən şəxs sol tərəfdən sağ tərəfə keçərək sağ qapıdan düşmüşdür. Həmin şəxslərin bu ifadələrini videogörüntü ilə müqayisəli təhlil etdikdə, onların bu ifadələrinin həm bir-biri ilə və həm də işin halları ilə uzlaşdığı müəyyən olunur. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs hadisədən sonra zərər çəkmiş şəxslərlə və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün cəhdlər etdiyini, bu barədə başqa adamlar vasitəsi ilə barışığa cəhd etdiyini, lakin zərər çəkmiş şəxslər və zərər çəkmiş şəxsin hüquqi varisinin onunla barışmadığını bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı həm zərər çəkmiş şəxsin hüquqi varisi, həm də zərər çəkmiş şəxslər bildirdilər ki, hadisədən sonra təqsirləndirilən şəxs onlarla ümumiyyətlə maraqlanmamış, onlara dəymiş zərərin ödənilməsi və barışıq əldə edilməsi üçün heç bir cəhd göstərməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yaşının çox olması, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X8 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 36 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 216 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhəri BPİ-nin Təhlükəsiz şəhər xidmətindən götürülmüş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 216 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar