Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-67/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanda qeydiyyatda olan, Samux rayonu, Sərkar kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 21 avqust 2013-cü il tarixdən başlayaraq 22 oktyabr 2006-cı il tarixdə anadan olmuş X3 və 20 sentyabr 2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq Sadıqova (İbrahimi) Vəfa İsrayıl qzına verilməsinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli 2(043)-1727/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 03 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, məsuliyyəti barədə 04.03.2021-ci il, 14.04.2021ci il və 31.05.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə, həmçinin əvvəllər eyni xarakterli cinayət törətdiyinə görə məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən 28 mart 2017-ci il tarixdən sonuncu təqdimat verilən 21 iyun 2021-ci il tarixədək olan müddət hesablanmış cəmi 8160 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş, zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 05 yanvar 2006-cı il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulmuş və Vəfa uşaqları götürüb atası evinə qayıtmışdır. Bir müddət ayrı yaşadıqdan sonra Vəfa aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi ondan cavabdeh kimi 21 avqust 2013-cü il tarixdən başlayaraq uşaqların saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair qətnamə çıxarmışdır. Həmin qətnamə üzrə 28 mart 2017-ci il tarixədək hesablanmış aliment borcunu ödəmədiyinə görə barəsində cinayət işi başlanılmış və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını 01 dekabr 2018-ci il tarixdə çəkib qurtarmışdır. Bundan sonra icra məmuru tərəfindən yeni icra müddəti təyin edilmiş və 28 mart 2017-ci il tarixdən sonrakı müddət üçün yaranmış aliment borcunun, həmçinin aylıq aliment məbləğinin ödənilməsini ondan tələb etmişdir. Lakin maddi imkanı zəif olduğundan aliment məbləğini ödəməmişdir. Qətnamə üzrə 21 iyun 2021-ci il tarixə 8160 manat aliment borcu yaranmışdır. Hazırda həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 05 yanvar 2006-cı il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan uşaqları götürüb ata evinə qayıtmışdır. Ayrı yaşadıqları müddətdə Təqsirləndirilən şəxs uşaqlarla maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Təqsirləndirilən şəxs uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarmışdır. Lakin qətnamənin çıxarılmasından xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs müəyyən edilmiş alimenti ödəməmişdir. Bu səbəbdən onun barəsində cinayət işi başlanılmış və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra da müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Uşaqlar böyüdüyündən onların maddi təlabatları xeyli artmışdır. Hər iki övladı məktəblidir və təkbaşına onların məktəb xərclərini, o cümlədən gündəlik zəruri xərclərini ödəyə bilmir. Alimenti ala bilmədiyinə görə maddi vəziyyətləri olduqca ağırdır. Aydın isə fərdi qaydada işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli olaraq qətnaməni icra etmir. Dəfələrlə Aydınla əlaqə saxlayaraq maddi çətinliklərini ona bildirib alimentin ödəməyini istəmişdir. Lakin Aydın onların maddi çətinliklərini bildiyi halda ümumiyyətlə uşaqları ilə maraqlanmamış və qətnamə ilə müəyyən edilmiş alimenti ödəməmişdir. Buna görə də Aydından şikayətçidir. Dəfələrlə icra məmurlarınada müraciət edib alimentin alınmasına köməklik etmələrini xahiş etmişdir. İcra məmurları tərəfindən Aydın barəsində zəruri tədbirlər görülməsinə, həmçinin onun əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, o, yenə də alimenti ödəməkdən qərəzli olaraq yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid ifadəsində bildirdi ki, 05 dekabr 2013-cü il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 21 avqust 2013-cü il tarixdən başlayaraq 22 oktyabr 2006-cı il tarixdə anadan olmuş X3 və 20 sentyabr 2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs qzına verilməlidir. İcra sənədi icraata qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin həmin müddətdə borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş zəruri icra tədbirlərinə baxmayaraq borclu 28 mart 2017-ci il tarixədək 4995 manat aliment borcunu qərəzli olaraq ödəməkdən yayınmışdır. Bu səbəbdən borclunun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülmüş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkdikdən sonra borcluya yeni icra müddəti təyin olunaraq təqdimat verilən tarixədək və bundan sonrakı müddət üçün yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Həmçinin borclu icra idarəsinə çağırılaraq izahatları alınmış, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Lakin, xeyli müddətin keçməsinə baxmayaraq borclu müəyyən olunmuş aliment məbləğini ödəməkdən yayınmaqla qətnamənin icrasından yayınmaqda davam etmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilmiş və qətnamənin icrası borcludan tələb olunmuşdur. Həmçinin borcluya yaranmış aliment borcunun ödənilməsi üçün vaxt verilmiş, lakin xeyli müddətin keçməsinə baxmayaraq ödəniş etməmişdir. Eyni zamanda borclunun işlə təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə 6 saylı Ərazi Məşğulluq Mərkəzinə müraciət edilmiş, Mərkəz tərəfindən borcluya müvafiq işlər təklif edilsə də, Təqsirləndirilən şəxs həmin işlərdə işləməyi qəbul etməmişdir. Bundan sonra da borcluya məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar verilmiş, həmçinin icra sənədinin icrası istiqamətində onunla fərdi söhbətlər aparılmışdır. Lakin, icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə və cinayət məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış, ilkin təqdimatın verildiyi 28 mart 2017-ci il tarixindən hazırki təqdimatın verildiyi 21 iyun 2021-ci il tarixədək 8160 manat məbləğində alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə icra şöbəsinə müraciət edərək uşaqların maddi təlabatlarını ödəməkdə çətinliklər çəkdiyini bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1727/2013 saylı, 03 oktyabr 2013cü il tarixli icra vərəqəsindən görünür ki, 21.08.2013-cü ildən başlayaraq Təqsirləndirilən şəxs 22.10.2006-cı il təvəllüdlü X6 və 20.09.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş 05 dekabr 2013-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1727/2013 saylı, 03 oktyabr 2013-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 05 dekabr 2013-cü il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1727/2013 saylı, 03.10.2013-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 3(043)- 484/2016 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-31/2018 saylı, 22 yanvar 2018-ci il tarixli hökmündən görünür ki, 28 iyul 2017-ci il tarixədək hesablanmış aliment borcunun ödənilməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2017-ci il tarixdən hesablanmışdır. “Yeni müddətin təyin olunması barədə” 25.02.2019-cu il tarixli bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-1727/2013 saylı, 03.10.2013-cü il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Gəncə şəhəri üzrə icra idarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında verilmiş təqdimatdan görünür ki, 17.03.2017-ci il tarixdən təqdimat verilən günə, yəni 21.06.2021-ci il tarixə kimi hesablanmış alimentdən heç bir ödəniş ödənilməmiş, ödənilməmiş alimentin miqdarı 8160 manat təşkil edir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 3(043)- 133/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. 02.10.2021-ci il tarixli və 25.02.2022-cı il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən eManat ödəniş portalı və poçt vasitəsi ilə vasitəsilə müvafiq olaraq 101 manat və 100 manat olmaqla ümumilikdə 201 manat aliment pulu X5 ödənilmişdir. “Yeni müddətin təyin olunması barədə” 25.02.2021-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-1727/2013 saylı, 03.10.2013-cü il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. 04.03.2021-ci il tarixli, 14.04.2021-ci il tarixli, 31.05.2021-ci il tarixli, 17.12.2019-cu il tarixli və 17.03.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 04.04.2022-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona isnad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq uzun müddət ərzində qərəzli olaraq həyata keçirmişdir. Çünki, onun ilkin təqdimat verilən 28 mart 2017-ci il tarixdən sonuncu təqdimat verilən 21 iyun 2021-ci il tarixədək olan müddət hesablanmış cəmi 8160 manat aliment borcundan bugünədək heç bir ödəniş etməməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.12.2018-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 03.04.2022-ci il tarixdən 04.04.2022-ci il tarixədək tutulmuşdur. Odur ki, onun həbs yerində saxlanıldığı bir gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03.04.2022-ci il tarixdən 04.04.2022-ci il tarixədək tutulduğu bir gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 18 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdilsin və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-67/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-67/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver