Məhkəmə qərarları › İş №1(043)-69/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-69/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-69/2022 12.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 79, mənzil 7-də qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0.237 qram olan psixotrop maddə metamfetamini əldə edib eyni məqsədlə üzərində saxlayaraq daşımış, Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin əməkdaşları tərəfindən ilə 02 dekabr 2021-ci il tarixdə, saat 06 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospektində yerləşən “Meqa Store” marketinin yaxınlığında saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş bükümdə olmaqla təmiz çəkisi 0.237 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu Zülfü Hacıyev küçəsi ev 79, mənzil 7-də qeydiyyatda olsa da, faktiki olaraq Məhsəti qəsəbəsində yaşayır. 01 dekabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yerləşən dayanacaqda dayanıb avtobus gözləyən zaman yerdə siqaret falqasına bükülmüş büküm tapmış və içərisini açıb baxanda kiristal formalı psixotrop maddə şüşə olmasını görmüşdür. O özü də əvvəllər narkotik vasitə heroin və psixotrop maddə şüşə istifadəçisi olduğu üçün həmin bükümdə olan kütlənin psixotrop maddə şüşə olmasını bilmiş və gələcəkdə özü istifadə etmək üçün əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 02 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Meqa Store” marketin yaxınlığında olan zaman polis formasında iki nəfər şəxs ona yaxınlaşaraq üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib onu Kəpəz Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada ona hüquqlarının müdafiə etməsi üçün vəkil seçməyə şərait yaratmışlar və ona təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir. Bundan sonra Müdafiəçi Paşa oğlu dəvət olunaraq ona təqdim olunmuş və vəkilinin iştirakı və video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuşdur. Həmin vaxt artıq polis əməkdaşlarının üzərində qanunsuz olaraq gəzdirdiyi psixotrop maddə şüşə olmasından xəbərləri olmasını bilmiş və bunun gizlədilməsini lüzumsuz olduğunu başa düşmüş və siqaret falqasına bükülmüş bir ədəd bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları falqanı açan zaman içərisindən kiristal formalı, ağ rəngli psixotrop maddə metamfetamini aşkar edərək götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını, həmin bükümü 01 dekabr 2021-ci il tarixdə yaşadığı evin yaxınlığındakı dayanacaqdan tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş, falqa ilə birlikdə çəkisi 0,35 qram olmuşdur. Bundan sonra həmin bükümdə olan psixotrop maddə ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, üzəri isə möhürlənmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün protokola o da imza etmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar olunmuş və yaşadığı evə məxsus 3 ədəd açar özünə qaytarılmışdır. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümdə olan kütlə 0,237 qram olmaqla psixotrop maddə metamfetamindir. O, üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş və yaşadığı evin yaxınlığında olan dayanacaqdan tapdığı psixotrop madə metamfetamindən heç kimə satmamış, heç kimə pay olaraq və ya borc olaraq verməmişdir. Üzərində psixotrop maddə saxlamağı barədə ailə üzvlərinin heç birinin xəbəri olmamışdır. Hazırda etmiş olduğu əmələ görə peşimandır. Evli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyiləri, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmət Taborunun polis nəfəri vəzifəsində xidmət edir və polis baş serjantıdır. Gəncə şəhəri, Kəpəz rayonu Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 02 dekabr 2021-ci il tarixdə saat 06 radələrində polis əməkdaşları Şahid2 və Şahid3 Kəpəz Rayon Polis İdarəsinin inzibati ərazisində post patrul xidmətində olan zaman Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Meqa Store” marketin yaxınlığında adı sonradan onlara məlum olan Hüseyn adlı şəxsin özünü şübhəli apardığı üçün saxlanılaraq şəxsiyyətinin müəyyən edilməsi məqsədilə idarəyə gətirdiklərini bildirmişdir. Sonra polis nəfəri, Şahid2 idarə rəisinin adına raport yazmışdır. Polis əməkdaşları tərəfindən gətirilən şəxsin Təqsirləndirilən şəxs olması bilinəndən sonra o, Hüseyndən üzərində qanunsuz əşya saxlayıb-saxlamamasını soruşmuş, sonuncu ona üzərində yaşadığı evə məxsus açarlar və bir bükümdə psixotrop maddə olduğunu bildirmişdir. Hüseynin bu sözlərindən sonra o, yazılı raportla Kəpəz RPİ-nin rəisi, polis polkovnik-leytenantı Nəvai Qasımova müraciət etmşdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri elan olunmuş, daha sonra ona dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Hüseynin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret falqasına bükülmüş vəziyyətdə bükülü aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülüdə olan ağ rəngli kristal formalı kütlənin psixotrop maddə olan, şüşə adlanan metamfetamin olduğunu, tutulmamışdan 1 gün qabaq yaşadığı evin yaxınlığında dayanacaqda yerdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, özünün uzun müddətdir ki, psixotrop maddə şüşəni falqada çəkmə yolu qəbul etdiyini bildirmişdir. Həmçinin üzərindən aşkar olunmuş psixotrop maddədən bu günə qədər heç kimə satmadığını, borc və ya pay olaraq vermədiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq olunmuşdur. Aşkar olunmuş kütlə aptek tərəzisində çəkilmiş və sellofanla birlikdə çəkisi 0.35 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin tərkibini, dəqiq çəkisini müəyyən etmək məqsədilə ekspertizaya təqdim etmək üçün qablaşdırılaraq götürülmüş və üzəri dəftərxananın 120 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmət Taborunun polis nəfəri vəzifəsində xidmət edir, polis baş serjantıdır. Gəncə şəhəri, Kəpəz rayonu Zülfü Hacıyev küçəsi ev 79, mənzil 7-də qeydiyyatda olan, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 02 dekabr 2021ci il tarixdə saat 06 radələrində ekipaj üzvü Şahid3lə Kəpəz Rayon Polis İdarəsinin inzibati ərazisində post patrul xidmətində olan zaman Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Meqa Store” marketin yaxınlığında adı sonradan onlara məlum olan Hüseyn adlı şəxs özünü şübhəli apardığı üçün saxlanılaraq şəxsiyyətinin müəyyən edilməsi üçün Kəpəz Rayon Polis İdarəsinə gətirilmişdir. Polis idarəsinin növbətçi hissəsində o, Kəpəz rayon polis idarəsinin rəisinə raportla Hüseynin polis idarəsinə gətirmələri ilə bağlı məruzə etmişdir. Həmin günü axşam saatlarında o, polis əməkdaşlarından eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekpert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əlindəki əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret falqasına bükülmüş vəziyyətdə bükülü aşkar olunaraq aşkar olunaraq götürülmüş, aşkar olunmuş həmin kütlə zərflərə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD diskə köçürülərək materiala əlavə olunmuşdur. “Məhkəmə-kimyəvi ekspertizasının” 02 dekabr 2021-ci il tarixli, 16/1278 rəyində görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə olan 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,237 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” 1-ci siyahısının İİ bəndinə daxildir. “Məhkəmə-narkoloji ekspertizasının” 18 fevral 2022-ci il tarixli, 207 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 18.03.2022-ci il tarixli, 1588 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış 18.03.2022-ci il tarixli, 1390 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə « Opiodlərdən asılılıq» dioqnozu ilə qeydiyyatdadır. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 10 mart 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin haradan əldə etməsini, kiməsə narkotik vasitə satması, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 22 mart 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 0,217 qram psixotrop maddə metamfetamin, eləcə də içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, həmin cinayət işindən mənbə ilə bağlı cinayət işinin istintaq materiallarından ayrıca material ayrılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistiki İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 06:45-də şübhəli şəxs qismində tutulmuşdur. 03 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad olunmuşdur. 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.237 qram metamfetamini əldə edib üzərində daşıyaraq saxlamaqla daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0.237 qram olan psixotrop maddə metamfetamini əldə edib eyni məqsədlə üzərində saxlayaraq daşımış, Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin əməkdaşları tərəfindən ilə 02 dekabr 2021-ci il tarixdə, saat 06 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospektində yerləşən “Meqa Store” marketinin yaxınlığında saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş bükümdə olmaqla təmiz çəkisi 0.237 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Cinayət işinin materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə nikahda olmaqla onların birgə nikahından 10.05.2017-ci il təvəllüdlü Aylanur adlı 1 övladı var. Cinayət işinin materiallarında Gəncə şəhər MKTİB-nin 13 nömrəli xidmət sahəsindən verilmiş 28 fevral 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, evli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 1 gün müddəti nəzərə alaraq hesab edir ki, 1 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,237 qram çəkidə psixotrop maddə olan metamfetaminin qalıq çəkisi, yəni 0,217 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş 1 ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdən 03 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırması cəzasının 2 gününə bərabər tutularaq cəmi 2 gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Gəncə Şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,237 qram çəkidə psixotrop maddə olan metamfetaminin qalıq çəkisi, yəni 0,217 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub işə əlavə edilmiş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar