Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-70/2020 08.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Mehtiyeva Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, subay, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, N.Nərimanov küçəsi döngə 3, ev 3, mənzil 19-da qeydiyyatda olan, Gəncə şəhəri, 9-cu sahə bina 10, mənzil 41-də kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam'’ qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxx 2017-ci il tarixdə təxminən saat 21 radələrində Gəncə şəhəri, N.Nərimanov prospekti 3 saylı binanın qarşısında dayanmış vəziyyətdə olan Mehtiyeva Zərərçəkmiş şəxs məxsus dəyəri 400 manat olan “ZAZ-968 MD“ markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısının açıq olmasından istifadə edib avtomobilin salonuna əyləşmiş və sükanın alt hissəsindəki naqilləri çıxarıb birləşdirmə üsulu ilə mühərriki işə salaraq avtomobili idarə edib talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Mehtiyevanı eyni binada yaşadığı üçün tanıyır. Maşın sürməyə çox həvəsi olsada, lakin maşını olmadığı üçün sürə bilməmişdir. Cinayət hadisəsini törətdiyi ərəfədə Zərərçəkmiş şəxs Mehtiyeva yeni göy rəngli ZAZ markalı (zaparoji), **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın almış və maşını alınan vaxtdan binanın qarşısında yerləşən parkın yan tərəfində saxlamışdır. O, maşını hər dəfə görmüş və ağlından keçirmişdir ki, həmin maşını götürüb sürsün. Bu məqsədlə xx.xx.2017-ci il tarixdə saat 21:00 radələrində maşını qaçırmaq üçün həmin maşına yaxınlaşmış, ətrafa baxmış və heç kəsin olmadığını görmüşdür. Maşının qapısı açıq olmuş, o, maşına əyləşib maşının işə salınan hissəsində olan elektrik naqillərini bir-birinə vurub maşını işə salmış və sürüb maşınla Gəncə şəhəri ərazisində, “pasyolka” adlanan yerdə bir qədər gəzmişdir. Metallurq stadionunun yaxınlığına çatan zaman özünü itirmiş və idarə etdiyi maşını orada olan səkiyə vurmuş, nəticədə maşının sol hissəsi bir qədər əzilmişdir. O həmin əzilən yeri düzəltdirmək üçün maşını “Dan Ulduzu” şadlıq sarayının qarşısında olan dayanacağa aparmış və orada maşını təmir elətdirib yerinə qaytarmaq istəmişdir. Orada olan tanımadığı usta ilə danışmış və ustaya bildirmişdir ki, maşın onundur, düzəltdirmək istəyir. Usta maşına baxmış, onunla 140 manata maşının düzəlməyinə razılaşmışdır. Lakin həmin vaxt pulu olmadığı üçün ustaya demişdir ki, bir həftəyə pulu gətirəcək. Sonra maşını orada qoyub evə getmişdir. Həmin vaxtdan təxminən 15 gün sonra onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olan zaman göy rəngli ZAZ markalı (zaparoji), **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını sürmək məqsədi ilə qaçırdığım etiraf edib sürdükdən sonra həmin avtomobili “Dan Ulduzu” şadlıq sarayının qarşısında olan dayanacağa apardığını etiraf etmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona vurulmuş ziyanı tam ödədiyini, zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Mehtiyeva Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xeyli müddətdir tanıyır. Belə ki, Erik onunla qonşudur. Eriklə heç bir ədavəti və düşmənçiliyi yoxdur, münasibəti normaldır. xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri Avtozavod qəsəbəsindən Kamal adlı şəxsdən oğlu İbrahim üçün 400 manata göy rəngli, ZAZ markalı (zaparoji), **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın almışdır. O, həmin maşını alan gündən yaşadığı binanın qarşısında yerləşən parkın yan tərəfində saxlamış və evlərinin pəncərəsindən maşına ara-sıra baxıb nəzarət etmişdir. xx.xx.2017-ci il tarixdə saat 23:00 radələrində maşını saxladığı yerə baxan zaman görmüşdür ki, avtomaşını orada yoxdur. Bundan sonra ətrafdakı insanlardan soraqlayıb maşınını axtarmağa başlamış, lakin heç bir nəticə əldə edə bilməmiş, bu səbəbdən maşının tapılması üçün Kəpəz RPİ-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra polisin apardığı araşdırma ilə avtomobilini Təqsirləndirilən şəxs qaçırdığı məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını nəzərə almağı xahiş edib və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirak etməyən şahid X2 ifadəsi məhkəmə iclasında elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə "Avtomotoservis və ticarət'’ müəssisələrində mühəndis-məsləhətçi vəzifəsində işləyən, ixtisasca mühəndis-mexanik: - X3 -tərəfindən tərtib edilmiş aktdan görünür ki, ZAZ-968 M D markalı, “mavi rəngli 1991-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərbəst bazar qiymətləndirilməsi ilə həmin avtomobilin həmin günə olan bazar dəyəri 400 (dörd yüz) manat - təşkil edir. xx.xx.2020-ci il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs Mehtiyeva Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli 68-VİQD nömrəli Qanununun 1.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə “179.1” rəqəmlərindən sonra “, 185.1” rəqəmləri əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin yeni redaksiyasına əsasən «Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Beləliklə, yeni qanun məhkumun vəziyyətini yaxşılaşdırır. Azərbaycan Respublikası CM-nin cinayət qanununun zamana görə qüvvəsi məsələlərini tənzimləyən 10.3-cü maddəsinə əsasən «Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir». Təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran yeni Qanunun CM-nin yuxarıda istinad olunan müddəasının tələbinə görə geriyə qüvvəsinin olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cinayətin törədildiyi vaxt Azərbaycan Respublikasının CM-də həmin Məcəllənin 185.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünə dair müddəanın olmadığına baxmayaraq, təqsirləndirilən şəxsə münasibətdə CM-nin hazırda qüvvədə olan 73-1.1-ci maddəsi tətbiq edilməlidir. İşin faktik hallarından görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuşdur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilməli və onun CM-nin həmin maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlakyoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilsin və onun CMnin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış ZAZ-968 M D markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərəçəkmiş şəxs Mehtiyeva Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(043)-70/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-70/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver