Məhkəmə qərarları › İş №1(043)-71/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-71/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-71/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Rusiya Federasiyası CM-in 105-ci maddəsinin 1-ci hissəsi,60-cı maddəsinin 3-cü hissəsi ilə (qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərərvurma cinayətlərin məcmusu) məhkum olunmuş, “xxxx” ASC-də çilingər işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuş və ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər edərək silah qismində istifadə olunan əşyadan istifadə edib, zərərçəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakını zədələnməsi ilə müşayət olunan xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 2020-ci ilin may ayında Şahid1 ilə əvvəlcədən görüşüb, ona xx.xx.1992ci il təvəlüdlü qızı Səbinə Əliyeva ilə evlənmək niyyətində olduğunu bildirərəkən, Şahid1 bu barədə qızı ilə məsləhətləşdikdən sonra ona verdiyi cavabdan razı qalmayıb xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində evlənmək niyyətinin olub-olmamasını özlüyündə aydınlaşdırmaq və dəqiqləşdirmək məqsədilə Səbinə Əliyevanın ailə üzvüləri ilə birgə yaşadığı ünvan 3 ünvanına Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan X5, Şahid1, X10, X6 və Səbinə Əliyevanın iradəsi ziddinə mənzilə daxil olub, sonuncunun yataq otağına keçdikdən sonra Zərərçəkmiş şəxs onun yaşadığı evinə qanunsuz daxil olması ilə bağlı irad bildirməsinə baxmayaraq cəmiyyətdə insanlar arasında bərqarar olunmuş birgəyaşayış və davranış qaydalarının qərəzli sürətdə pozulması ilə ifadə olunan ictimai qaydanı kobud surətdə pozub uca səslə qışqırıb onunla evlənməyərək, ona rədd cavabı verməsindən, eləcə də zərərçəkmiş şəxsin telefonla zəng edib yaxınlarından kömək etmək istəməsindən hiddətlənərək özgənin əmlakını zədələnməsi ilə müşayət edilən, sonuncunun istifadəsində olan “Samsung J4+” markalı mobil telefonu əlindən alıb sıdırmaqla yarasız hala salıb ona 359 (üç yüz əlli doqquz) manat dəyərində maddi zərər vurmaqla yanaşı, zorakılıqla ifadə olunan qərəzli hərəkətlərini davam etdirib zor tətbiq edərək Səbinə Əliyevaya üz nahiyəsinə bir dəfə yumruqla zərbə vurub burun sümüyünün çatı, üst dodağın selikli qişasının, burun və sağ yanaq nahiyələrinin qançırları xəsarətlərini yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirdikdən sonra səs-küy yaranmasına və hadisə yerinə çoxsaylı insanların toplaşmasına məhəl qoymayıb, cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər edərək cinayətkar niyyətini davam etdirib əvvəlcədən niyyətini həyata keçirmək üçün mağazadan satın alıb üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu batıcı xassəyə malik soyuq silah hesab olunmayan məişət təyinatlı bıçağı çıxardaraq silah qismində istifadə etməklə Səbinə Əliyevanın boğazına dirəyərək onu öldürməklə hədələməsini, sonradan oraya gələn zərərçəkmiş şəxsin atası Şahid1 təkidi ilə Zərərçəkmiş şəxs onun əlindən almaq istəyən zaman Təqsirləndirilən şəxs cəmiyyətdə bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərini davam etdirib uca səslə söyüşlər söyüb özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydalara əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai qaydaları kobud surətdə pozan, binada yaşayan sakinlərin istirahətlərinin pozulması ilə nəticələnən, zərərçəkmiş şəxsə silah qismində istifadə edilən alətdən istifadə etməklə zor tətbiq olunması və özgənin əmlakını zədələnməsi ilə müşayət olunan xuliqanlıq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1 və 221.3 -cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1 və 221.3 -cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs oğlu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildirərək ifadəsində göstərdi ki, xxxx ASC-də çilingər işləyir. O, uşaq vaxtlarında ünvan 4 ünvanda yaşayarkən onun Səbinəgilə gediş-gəlişi yaranmışdır. Həmin vaxtlardan onun Səbinə ilə sevgi münasibətləri yaranmış və onlar sevgili kimi münasibət saxlamışlar. Daha sonra o, 2007-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, Rusiya Federasiyasının Ximkin vilayətində 2012-ci ilədək fermada qəssab işləmiş, sonra orada adam öldürdüyünə görə 07 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2019-cu ilin dekabr ayının sonunda cəzasının sonu ilə azadlığa çıxaraq 2020-ci ilin yanvar ayının əvvəlində Azərbaycan Respublikasına qayıtmışdır. Rusiya Federasiyasında işləyən zaman və cəzaçəkmə müəssisəsində olarkən Səbinə ilə əlaqəsi kəsilməmiş və onlar tez-tez telefonla danışmışlar. Axrıncı dəfə o, Səbinə ilə 2018-ci ildə telefonla danışmış və onların mübahisəsi olduğuna görə əlaqələri kəsilmişdir. 2020-ci ilin yanvar ayında Gəncə şəhərinə qayıtdıqdan sonra Səbinəgilə gedərək onun ailəsilə görüşmüş və artıq Səbinə ilə münasibətlərini ciddiləşdirərək onunla evlənmək qərarına gəldiyini və 2020-ci ilin mart ayında bu barədə olan fikrini Səbinənin atası Azərə və anası Nəzakətə demişdir. Azər isə ona Səbinə ilə danışıb cavab verəcəyini bildirmişdir. Sonra isə Azər ona “Səbinə səni istəmir, qızımdan uzaq dur” demişdir. Səbinə yalandan atasına and içərək bildirmişdir ki, guya onunla heç bir telefon danışığı olmamışdır. Səbinənin bu vaxta qədər onu aldatmasına görə əsəbiləşmiş, ancaq bunu onlara bildirməmişdir. Sonra onlarla əlaqəsi kəsilmişdir. 2020-ci ilin iyul ayının əvvəlinədək Səbinənin ona qarşı olan fikrinin müsbətə doğru dəyişəcəyini gözləsə də, heç bir dəyişiklik baş verməmişdir. Bundan sonra o, qərar vermişdir ki, Səbinənin yanına getsin, sonuncunun ona qarşı olan fikrini qətiləşdirsin və aralarında olan sevgi münasibətlərini Səbinənin atasına danışsın. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrində Səbinəgilə getməyə qərar vermiş, oraya getməmişdən qabaq evlərinin yaxınlığında yerləşən mağazadan bıçaq götürərək həmin bıçağı da, özü ilə aparmışdır. Bundan sonra Səbinəgilin binasının qarşısına gedərək dəhlizə, oradan da, onların qapısı kilidli olmayan mənzillərinə daxil olmuşdur. Mənzilə daxil olduqda Səbinənin yataq otağında səsini eşidərək bir başa həmin otağa daxil olmuş, Səbinə onu görən zaman evlərinə gəlməsinin səbəbini soruşmuşdur. O isə cavabında “atana niyə yalandan sənöl demisən...aç hər şeyi danış...’’-deyə bildirmişdir. Bu zaman Səbinə telefonunu götürərək zəng etmək istədiyi zaman o, telefonu Səbinənin əlindən alaraq yerə çırpmış, onun burun nahiyəsinə yumruqla zərbə endirmişdir. Zərbənin təsirindən Səbinə bir anlıq özünü itirsə də, dərhal özünü toparlayaraq telefonu yenidən götürməyə çalışmışdır. Bu zaman o, yenidən telefonu Səbinənin əlindən alaraq bu dəfə divara çırpmış və şalvarının bel nahiyəsinə qoyduğu bıçağı çıxardaraq sağ əlinə almış, Səbinə onun yanından qaçaraq eyvana çıxıb qışqıraraq kömək istəmişdir. O, Səbinənin arxası ilə eyvana gedərək arxadan əli ilə tutub “sənə dedimmi ki, səni öldürəcəm...” deyərək sağ əlində tutduğu bıçağı sonuncunun boğaz nahiyəsinə dirəmişdir. Bu zaman əvvəllər də tanıdığı Şamxal qaçaraq evin çölündən ona “burax qızı...yekə kişisən...”-deyə qışqırmış, lakin o, Şamxalın dediklərinə məhəl qoymamış, həmin vaxt Səbinənin atası Azər də, eyvana gələrək onların yanına çatmışdır. O, Azəri görən zaman Səbinəni daha da, sərt şəkildə özünə sıxaraq Azərə “qızını mənə verməsən onu da, özümü də, öldürəcəm...’’-deyə bildirmiş, Azər isə ona “burax qızımı nə edirsən sən?”-deyə bildirərərək yavaş-yavaş onlara yaxınlaşmış, o isə yenidən Azərə xəbərdarlıq edərək “yaxınlaşma...qızı mənə verməlisən’’-deyə bildirmişdir. Azər isə yavaş-yavaş onlara yaxınlaşaraq “yaxşı...at bıçağı...söhbət edərik...’’-deyə bildirmiş, sonuncunun atası yaxınlaşan zaman o, “özümü vuracam...” deyərək Səbinən boğaz nahiyəsindən bıçağı çəkərək özünə doğru tutmaq istəyəndə Azər dərhal onun əlindən bıçağı dartıb almış və eyvandan içəri daxil olan Şamxal isə Səbinəni tutub geri çəkərək həmin yerdən uzaqlaşdırmışdır. Bu zaman onların səs-küyünə köməyə çoxlu sayda qonşular da gəlmiş və oradan çıxaraq yaşadığı evə getmişdir. Hazırda o, zərər çəkmiş şəxslə barışdığını bilirərək törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanımışdır. Əvvəllər onunla sadəcə qonşu kimi salam-sağolu olmuşdur. X13 Federasiyasına getmişdir. Onunla heç bir əlaqəsi olmamışdır. 2020-ci ilin yanvar ayında Ruslan Gəncə şəhərinə qayıtmışdır. Həmin vaxt anası X2 evlənmək istədiyini bildirmişdir. O, isə buna etiraz edərək sonuncu ilə evlənmək fikrinin olmadığını demişdir. Daha sonra isə 2020-cı ilin mart ayında atası Şahid1 Ruslanla söhbət edərək Səbinənin sonuncu ilə evlənmək istəmədiyini izah etmiş, Ruslan isə onun atasına bir daha bu söhbəti açmayacağına dair söz vermişdir. xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı evdə olmuş, həmin vaxt atası Azər yaşadıqları binanın həyətində olmuş, anası Nəzakət isə nənəsigilə getmişdir. O, öz otağında namaz qılmağa hazırlaşarkən atası həyətdə olduğuna görə qapının kilidini bağlamamışdır.Evlərinin giriş qapısı açılaraq kiminsə evə daxil olduğunu eşitmişdir. Yataq otağından “gəlmə-gəlmə... deyə bildirmiş, lakin həmin şəxs onun yataq otağına girmişdir. O, həmin şəxsin Ruslan olduğunu görüb mənzilə özbaşına girməsini irad bildirərək mənzildən çıxmasını tələb etmişdir. Ruslan onun üzərinə hüsum edərkən o, bundan qorxaraq telefonla atasına zəng etmək istəyəndə Ruslan telefonu onun əlindən alaraq yerə çırpmışdır. Daha sonra Ruslan heç bir söz demədən yumruqla onun burun nahiyəsindən vurmuşdur. O, zərbənin təsirindən bir anlıq özünü itirsə də, dərhal özünü toparlayaraq telefonu yenidən götürməyə çalışmış, lakin Ruslan yenidən telefonu onun əlindən alaraq bu dəfə divara çırpmış və telefon yararsız hala düşmüşdür. Bundan sonra sonuncu dərhal üzərindən bıçaq çıxarıb əlinə almış, o, Ruslana “yaxşı...nə desən edəcəm ” deyərək dərhal yanından qaçıb eyvana çıxaraq, eyvandan qonşusu Şamxalı görmüş və dərhal “ay Şamxal, ay Şamxal...”- deyə qışqırmışdır. Bu zaman Ruslan da onun arxasınca eyvana gəlmiş, onu arxadan tutub “sənə dedim ki, səni öldürəcəm...’’deyərək sağ əlində tutduğu bıçağı boğaz nahiyəsinə dirəmişdir. Qonşuları Şamxal qonşu balkondan içəri daxil olaraq Ruslandan onu buraxmasını tələb etmişdir. Həmin vaxt səs küyə atası Azər və həyətdə olan qonşular gəlmişdir. Ruslan atası Azəri görən zaman onu daha da, sərt şəkildə özünə sıxmış, atasına “qızını mənə verməsən onu da, özümü də, öldürəcəm...” - deyə qışqırmışdır. Atası Azər isə sonuncuya “burax qızımı nə edirsən deyə Ruslana iradını bildirərək yavaş- yavaş onlara yaxınlaşmış, Ruslan isə yenidən atasına xəbərdarlıq edərək onu öldürəcəyi ilə atasını hədələmişdir. Atası Azər yavaşyavaş onlara yaxınlaşaraq dərhal Ruslanın əlindən bıçağı dartıb almış və bu vaxt eyvandan içəri daxil olan Şamxal isə onu tutaraq geri çəkmiş, həmin yerdən uzaqlaşdırmış və o, dərhal oradan çıxıb qaçaraq digər otağa keçmişdir. Bu zaman onların səs-küylərinə köməyə qonşuları Elxan, Umut, Rövşən, Ələddin və digər qonşuları gəlmişlər. Qonşuları Ruslanı sakitləşdirərək çıxarıb aparmışlar. Bundan sonra o, bu barədə Kəpəz rayon Polis İdarəsinə şikayət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Səbinə Əliyeva onun qızıdır. Təqsirləndirilən şəxsi isə uşaq vaxtlarından tanımış və sonuncu onun qonşuluğunda yaşamışdır. Əvvəllər Ruslanla onun arasında sadəcə salam- sağolu olmuş, lakin sonralar Ruslan Rusiya Federasiyasına getdiyindən o, sonuncunu görməmiş, orada nə işlə məşğul olması və nə etməsi barədə heç bir məlumatı olmamışdır. 2020-ci ilin yanvar ayında isə Ruslan Gəncə şəhərinə qayıtmış, həmin vaxt arvadı Nəzakət Əliyeva ona Ruslanın qızı Səbinə ilə evlənmək istədiyini bildirmiş, o isə əvvəlcə qızı Səbinənin fikrini öyrənmiş, sonuncunun buna etiraz etməsini gördükdə isə 2020-ci ilin mart ayında Ruslanla söhbət edərək qızının onunla evlənmək istəmədiyini bildirmişdir. Ruslan isə ona bir daha bu söhbəti açmayacağı barədə söz vermişdir. xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrində qızı Səbinə yaşadıqları evdə tək olmuş, o isə binanın həyətində qonşuları Elxan və Umutla birlikdə olmuşlar, Səbinənin evdən qışqırıq səsini eşidərək, nə baş verdiyini aydınlaşdırmaq üçün dərhal evə daxil olaraq Səbinənin səsinin eyvandan gəldiyini eşidib eyvana keçmiş, həmin vaxt görmüşdür ki. Ruslan Səbinəni arxadan qucaqlayaraq özünə sıxmış və əlində olan bıçağı onun boğazına dirəmişdir. O, Ruslanın qızını öldürəcəyindən qorxaraq yavaş-yavaş onlara yaxınlaşıb dərhal Ruslanın əlindən bıçağı almışdır. Eyni anda qonşuları Şamxal da eyvandan içəriyə daxil olaraq Səbinəni tutub Ruslanın əlindən geri çəkmiş, Səbinə isə dərhal oradan çıxaraq qaçıb digər otağa keçmişdir. Həmin vaxt səsküyə evə qonşuları Elxan, Umut, Rövşən, Ələddin və digərləri gəlmişlər. O, dərhal 102 xidmətinə zəng etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır. Onunla qonşu kimi münasibətləri normal olmuş və aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı binanın arxa həyətində tək dayanıb istirahət edərkən Səbinənin kömək edin deyə qışqırıq səsəini eşidərək , dərhal onların yaşadıqları binanın birinci mərtəbəsinin eyvanına yaxınlaşmış, çöl tərəfdən onların eyvanına boylandıqda adı ona sonradan məlum olan Ruslanın eyvanda Səbinəni arxadan tutaraq sağ əlindəki bıçağı onun boğaz nahiyəsinə dirədiyini görmüşdür. O, dərhal onların eyvanına dırmaşaraq məhəccərdən tutub Ruslana iradını bildirərkən həmin vaxt Səbinənin atası Azər gələrək Ruslana tərəf gəlmişdir. Ruslan Azəri görüb daha da aqressiv hərəkət etmişdir. Azər yavaş-yavaş onlara yaxınlaşan zaman o, məhəccərdən aşaraq eyvana daxil olmuşdur. Ruslanın diqqəti ona yönələn zaman Azər dərhal onun əlindən bıçağı dartıb almış və həmin vaxt da o, Səbinəni tutub geri çəkərək həmin yerdən uzaqlaşdırmışdır. Həmin səs- küyə qonşuları Elxan, Umut, Rövşən, Ələddin və digərləri gəlmişdir. Bundan sonra onlar Ruslanı sakitləşdirərək evdən çıxarmış, Ruslan isə oradan çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 Fəxrəddin oğlu ifadəsində göstərdi ki, Şahid1 onun qonşuluğunda yaşayır, onlarla qonşu kimi münasibəti normal olmuşdur və aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrində o, yaşadığı binanın qarşısında qonşuları Umutvar və Azərlə birlikdə dincələrkən həmin vaxt Azər evdən qızı Səbinənin qışqırıq səsini eşidərək, nə baş verdiyini aydınlaşdırmaq üçün dərhal evə tərəf qaçmışdır. Umutvarla o isə binanın qarşısında qalmışlar. Azər evə getdikdən sonra evdən qışqırıq səsləri daha da şiddətlənmiş və buna görə Umutvarla o narahat olub qaçaraq Azərin arxası ilə onun evinə getmişlər. Mənzilə daxil olub oradan eyvana keçdikdə, eyvanda Səbinənin və qonşuları Şamxalın da orda olduğunu və əvvələr qonşuluğunda yaşamış Ruslanın olduğunu, həmin vaxt Azərin Ruslanın əlindən bıçağı alaraq onu kənara çəkdiyini, Şamxalın isə Səbinəni tutaraq Ruslanın əlindən ayırdığını görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid4 Fəxrəddin oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunan:- Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsin 1001 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Azər qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun sümüyünün çatı, üst dodağın selikli qişasının, burun və sağ yanaq nahiyələrinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilir. ( i.v.səh 18-20). Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə ekspertizasi mərkəzinin Gəncə regional bölməsinin xx.xx.2020-ci il 16/479 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustlar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. ( i.v.səh 35-38). Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur ( i.v.səh 147). Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən arayışdan görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi, 1963-cü il təvəllüdlü anası X1 və 1983-cü il təvəllüdlü bacısı X3 ibarətdir. ( i.v.səh 150). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva vilayəti Ximkin Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1 hissəsi, 111-ci maddəsinin 1-ci hissəsi, 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.( i.v. səh.86). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 31/84 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin icraatında cinayət işi və ya digər material olmamışdır. ( i.v. səh.87, 131). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını göstərmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla ictimai təhlükəsizlik əleyhinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət olmaqla insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətdir. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs həmin cinayəti şəxsi münasibətlər zəmnində törətsə də sonradan onun hərəkətləri ictimai qaydanın kobut surətdə pozulmasına, orada yaşayan sakinlərə açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmişdir. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsi münasibətlər zəmnində başlanılmış …belə hərəkətlər soradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 157.1-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzasını yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə cinayətin törədilməsindən sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətinin mənfi xarakterizə olunmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təyin edilmiş cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 31.50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan alınaraq məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər prokurorluğunun dəftərxanasında saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materialında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 06 (altı) ay islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən edilmiş 01 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər prokurorluğunun dəftərxanasında saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə 31,50 (otuz bir manat 50 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar