Məhkəmə qərarları › İş №1(043)-71/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-71/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-71/2022 19.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, 09.02.2022-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, S.Əliyev küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin arxa tərəfindəki futbol stadionunun geyinmə otağına qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Samsung S9 plus” markalı 1200 manat dəyərində mobil telefonu, Zərərçəkmiş şəxs1 məxsus olan bir ədəd “Samsung A21S” markalı, 250 manat dəyərində mobil telefonu, bir ədəd “Lenovo” markalı, 450 manat dəyərində qulaqcığı, bir ədəd “Timer” markalı, içərisindəki elementləri qızıl materialdan olan 400 manat dəyərində kişi qol saatını və Zərərçəkmiş şəxs3 məxsus olan bir ədəd “Xiaomi Redmi 8” markalı 380 manat dəyərində mobil telefonu vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ümumilikdə 2860 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin 05.05.2022-ci il tarixə təyin edilmiş hazırlıq iclasına təqsirləndirilən şəxs gəlməmiş, lakin təqsirləndirilən şəxsin yaxın qohumu (nənəsi) telefon vasitəsilə məhkəməyə məlumat verərək Təqsirləndirilən şəxs 2021-ci ilin yanvarından bəri hərbi xidmətdə olduğunu və hazırda da hərbi xidmətdə olduğunu bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon Şöbəsindən verilmiş 19.05.2022-ci il tarixli 595 saylı məktubda Təqsirləndirilən şəxs 28.01.2021-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərildiyi və 2022-ci ilin iyul ayında tərxis olunacağının gözlənildiyi bildirilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə isnad edilən cinayət əməli təqsirləndirilən şəxsin müddətli həqiqi hərbi xidmətdə olduğu dövrdə, yəni o, hərbi qulluqçu olarkən törədilmişdir. Hazırkı cinayət işi məhkəmə aidiyyəti pozulmaqla Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə verilmişdir. Buna görə də cinayət işi aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasında müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68, 75, 299, 300.1.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilsin. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar