Məhkəmə qərarları › İş №1(043)-72/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-72/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-72/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri Puşkin küçəsi, 88 nömrəli evin qarşısında kürəkəni Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı dirsək zərbəsi ilə onun sifət nahiyəsinə qəsdən zərbə vuraraq ona - burun sümüyünün açıq sınığı, alın nahiyəsinin sıyrığı kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun kürəkənidir. Qızı Aygül hadisədən bir ay əvvəl Eminlə münasibətləri yaxşı olmadığı üçün Ağstafa rayonuna geri qayıtmışdır. xx.xx.2021-ci il tarixdə o və qızı Aygül qonşularına məxsus avtomobil ilə cehiz kimi Eminin evinə apardıqları əşyaları geri qaytarmaq üçün zərər çəkmiş şəxsin yaşadığı ünvan 1 ünvanına getmişlər. Ora çatanda qapını döymüş və qapını Emin açmışdır. O, Eminə cehizlik əşyaları götürməyə gəldiklərini bildirmişdir. Sonra Eminin atası küçəyə çıxmışdır. O, Eminin atası Xəzaildən əşyaları qaytarmasını tələb etmişdir. Bu vaxt kürəkəni Emin qızı Aygül ilə mübahisə etməyə başlamış və qızı Aygülə təpik vurmuşdur. Həmin vaxt qızı Aygülün baldızı Gülnaz küçəyə çıxmış və Aygülün saçını yolmağa başlamışdır. Aygül də Gülnazın saçını yolmuşdur. Bu vaxt qızı Aygülün digər baldızı Mehparə də küçəyə gəlmiş və qızı Aygülün üzünü cırmaqlayaraq Gülnazdan aralamağa çalışmışdır. Həmin vaxt kürəkəni Emin qızı Aygülün yerə yıxılmasından istifadə edərək Aygülün sifətindən təpik vurmuşdur. Bu vaxt o, qızı Aygülü onların əlindən almaq üçün Eminin üzərinə gedərək Eminin bədənindən tutub geri çəkmiş və Emin onun arxasında qalmışdır. Emin arxadan onu tutduğuna görə o, dirsəyi ilə Eminin sifət nahiyəsinə vurmuş və bu vaxt əynindəki üst geyiminin qolu cırılmışdır. Həmin vaxt Eminin burnu qanamışdır. Bundan sonra onlar oradan çıxıb Kəpəz RPB-nə ərizə ilə müraciət etmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, bu cür hadisənin baş verməsini istəmədiyini bildirdi və müharibə veteranı olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qaynatasıdır. 2014-ci ildə Şahid4 ilə evlənmiş, həmin evlilikdən 2 övladı var. Mütəmadi olaraq arvadı Aygül ayrı yaşamağı və onun ailə üzvlərindən narazı olmasını bildirirmişdir. Bu səbəbdən Aygül ilə aralarında bir neçə dəfə münaqişə olmuşdur. Təxminən 2019-cu ilin oktyabr ayında arvadı Aygül özünə məxsus əşyaları yığaraq atası evinə getmişdir. Bir müddət sonra qaynatası İsə ona zəng edərək arvadı Aygülü və uşaqlarını götürməsini istəmişdir. O, Aygülü və uşaqlarını qaynatası İsənin yaşadığı evdən götürərək yaşadığı evə gətirmişdir. Aygül ilə barışsa da, aralarında həminki səbəblərdən münaqişə olmuşdur. 2020-ci ilin dekabr ayında qaynatası İsə yaşadığı evə gələrək arvadı Aygülü və uşaqlarını götürərək yaşadığı Ağstafa rayonu Xətai kəndinə aparmışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radələrində evdə olan zaman qaynatası İsə Aygül ilə birlikdə onların yaşadığı evə gəlmişdir. O, qapını açan zaman İsə ondan arvadı Aygülə məxsus əşyaları istəmişdir. Həmin vaxt İsə onu və ailə üzvlərini təhqir etməyə başlamışdır. Sonra Aygül onları söyüb təhqir etmişdir. X8 cavab qaytardıqda onlar bir-birlərinin saçlarını yolmağa başlamışlar. O, onları aralamaq istəyən zaman qaynatası İsə dirsəyi ilə onun üz nahiyəsinə vurmuşdur. Həmin vaxtı o, özünü itirmiş və atası Xəzail aralarında girmişdir. Onun burun nahiyəsindən gələn qanı görüb İsə və Aygül gəldikləri avtomaşına əyləşərək hadisə yerindən uzaqlaşmışlar. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini qeyd edərək, təqsirləndirilən şəxsin ən ağır şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Eminlə 2014cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan bir qız və bir oğlan övladı var. 2020-ci ilin dekabr ayında Eminlə münasibətləri yaxşı olmadığı üçün ata evinə geri qayıtmışdır. xx.xx.2021-ci il tarixdə o və atası İsə cehiz kimi Eminin evinə apardıqları əşyaları geri almaq üçün Emingilin yaşadığı ünvana getmişlər. Onlar ora çatanda qapını Emin açmışdır. O, Eminə cehizlik əşyalarını götürməyə gəldiklərini bildirmişdir. Emin isə “sizin cehizlik əşyalarınızı qaytarmışıq” demişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək polisin gəlməsini xahiş etmişdir. Sonra Eminin atası küçəyə çıxmışdır. O və atası Eminin atasından əşyaları qaytarmasını tələb etmişdir. Bu vaxt Emin onu təhqir etmişdir. O, Eminə cavab qaytaranda isə Emin onun qarın nahiyəsindən təpik vurmuşdur. Həmin vaxt baldızı Gülnaz küçəyə çıxmış və saçını yolmuşdur. O, da Gülnazın saçını yolmuşdur. Bu vaxt ikisi də yerə yıxılmışdır. Daha sonra digər baldızı Mehparə də küçəyə gəlmiş və onun üzünü dırnaqlarıyla cırmışdır. Həmin vaxt əri Emin sifətindən təpik vurmuşdur. Bu vaxt atası İsə Eminin üzərinə gedərək Eminin bədənindən tutub geri çəkmişdir. Həmin vaxt atası İsə Eminin sifət nahiyəsinə vurmuş və Eminin burnu qanamışdır. Lakin, o, atasının Emini necə vurmasını görməmişdir. Bundan sonra onlar oradan gedərək Kəpəz RPB-nə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, zərər çəkmiş onun oğlu, təqsirləndirilən şəxs isə qudasıdır. Emin ailəlidir və iki övladı var. 2020-ci ilin dekabr ayında ailə münasibətləri zəmnində gəlini Aygül ilə onların arasında narazılıq olmuş və gəlini Aygül atası evinə getmişdir. Sonra oğlu Zərərçəkmiş şəxs məhkəməyə boşanma ərizəsi vermişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində qudası İsə, gəlini Aygül və İsənin tanışı bir nəfər şəxs ilə birlikdə avtomobillə onların yaşadığı evə gəlmişdir. İlkin olaraq Emin qapını açmışdır. Bir qədər sonra səs-küy gəldiyini görüb o da küçəyə çıxmışdır. Həmin vaxt qudası İsə qızı Aygülə məxsus əşyaları tələb etmişdir. Sonra gəlini Aygül yaşadığı evin qarşısında qızı Gülnazı nalayiq ifadələrlə təhqir etmiş və həmin vaxt aralarında münaqişə yaranmışdır. X1 yolmuş qızı Gülnaz da qarşılıqlı olaraq Aygülün saçından tutmuş, digər qızı Mehparə isə onları aralamışdır. Bu vaxt qudası İsə oğlu Eminin burun nahiyyəsinə dirsəyi ilə vurmuşdur. Oğlu Eminin burnundan qan gəlmişdir. O, Emin və İsəni aralayan zaman İsənin yumruq zərbəsi onun sağ gözünə dəymişdir. Onlar oğlu Eminin burnundan qan gəldiyini gördükdə hamısı gəldikləri avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Aygül ilə onun qardaşı Eminin arasında münaqişələr olduğu üçün 2020-ci ilin dekabr ayında Aygül uşaqlarını götürərək atasının evinə getmişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman Aygül atası İsə ilə onun yaşadığı evə gələrək cehizlərini aparmaq istədiyini bildirmişdir. Həmin vaxt onlar arasında münaqişə yaranmış və münaqişə zamanı Aygül onun saçından tutub yolaraq onu yerə yıxmışdır. O, həmin vaxt Aygülün üz nahiyəsini özündən itələmişdir. Həmin vaxt bacısı Mehparə onları aralamışdır. Həmin vaxt Aygülün atası İsə qardaşı Eminin üz nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Lakin, o, xəsarətin yetirilmə anını dəqiq görməmişdir. Sonra Eminin burun nahiyəsindən qan gəlmiş və Aygül ilə atası hadisə yerindən çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, xx.xx.2021 -ci il tarixdə saat 13 radələrində atasının evinə qonaq getmişdir. Bacısı Gülnaz və qardaşı Emin öz ailəsi ilə birlikdə atası Xəzailin evində yaşayırlar. Qardaşı Emin və gəlini Aygülün münasibətlərində narazılıqları olduğu üçün Aygül Ağstafaya atası evinə getmişdir. Hadisə günü saat 15 radələrində evdə olarkən qapı döyülmüş və qardaşı Emin qapını açmış, səs küy olmuş və atası Xəzail qapıya çıxmışdır. Sonra bacısı Gülnaz və o da qapıya çıxmışlar. Evin qarşısına gələnlər Aygül, Aygülün atası İsə və başqa bir nəfər şəxs olmuşdur. Aygülün atası İsə qardaşı Emin və atası Xəzail ilə mübahisə etmişlər. O və Gülnaz qapıya çıxdıqda Aygül onun bacısı Gülnazı nalayiq ifadələrlə söymüş və Gülnaza hücum edərək onun saçından tutaraq yerə yıxmışdır. X9 aralamaq üçün əlini Aygülün üzünə vuraraq aralaşdırmağa çalışmışdır. Bu vaxt Aygülün atası İsə onun qardaşı Emini döymüş atası Xəzail isə Eminlə İsəni aralamışdır. O, qardaşı Eminin burnundan qan gəldiyini görmüşdür. İsa ilə birlikdə gələn tanımadığı Rəşad adlı şəxs “məni zibilə saldız” deyərək onlar gəldikləri avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, 90 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burun sümüyünün açıq sınığı, alın nahiyəsinin sıyrığı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2021-ci il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Xətai kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Vətən Müharibəsi X4 tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs onu tutduğuna görə dirsəyi ilə zərər çəkmiş şəxsi vurması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, bunu məsuliyyətini yüngülləşdirmək cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla (zərər çəkmiş şəxsin və şahidlərin ifadəsi) təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusat, yəni zərər çəkmiş şəxs onu tutduğuna görə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi vurması halı öz təsdiqini tapmamışdır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, yəni zərər çəkmiş şəxs və onun ailə üzvlərinin təqsirləndirilən şəxs və onun qızına qarşı olan hərəkətlərindən əsəbiləşərək zərərçəkmiş şəxsi vurmasını, eləcə də onun barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla, 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar