Məhkəmə qərarları › İş №1(043)-75/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-75/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-75/2022 23.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu, özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 Gəncə şəhərində ipoteka krediti formasında ev almasına köməklik göstərməsini ondan xahiş etməsindən istifadə edib Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 həmin işi 3000 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 25 sentyabr 2021-ci il tarixdə onun yaşadığı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 204/303 ünvanında əvvəlcə 2000 manat, 2-3 gün sonra isə yenə həmin ünvanda 1000 manat pulunu cəmi 3000 manat pulunu aldatma yolu ilə vahid niyyətlə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 xalası oğlunun tanışı olan Zərərçəkmiş şəxs2 Gəncə şəhərində ipoteka krediti formasında ev almasına köməklik göstərməsini ondan xahiş etməsindən istifadə edib Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 həmin işi 4000 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2021-ci il sentyabr ayının sonlarında onun yaşadığı ünvan 4 ünvanında əvvəlcə 4000 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs3 Gəncə şəhərində ipoteka krediti formasında ev almasına köməklik göstərməsini ondan xahiş etməsindən istifadə edib Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs3 həmin işi 2500 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2021-ci il sentyabr ayının sonlarında ünvan 5 ünvanında 2500 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, yaxın münasibətdə olduğu, özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı tanışı Zərərçəkmiş şəxs5 Gəncə şəhərində ipoteka krediti formasında ev almasına köməklik göstərməsini ondan xahiş etməsindən istifadə edib ona məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs5 həmin işi 1500 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2021-ci il oktyabr ayının əvvəllərində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Asan Xidmətin qarşısında əvvəlcə 1000 manat, təxminən 15-20 oktyabr 2021-ci il tarixdə yenə Asan Xidmətin qarşısında 600 manat pulunu cəmi 1600 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, yaxın münasibətdə olduğu, özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı tanışı Zərərçəkmiş şəxs4 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə onun Gürcüstan Respublikasında təhsil alaraq aldığı diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiqlədəcəyi barədə və polisə işə düzəldəcəyi barədə yalan vəd verərək inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 13 oktyabr 2021-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən «X9» ASC-nin qarşısında 7000 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs5 2021-ci ilin əvvəllərindən tanımış, Cəfərin vasitəsi ilə Zərərçəkmiş şəxs4la tanış olmuş, onun Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamış, Aydın və Cəfərlə söhbəti olan vaxt ipoteka ilə ev düzəldə biləcəyini demişdir. Bir müddət sonra, yəni 2021-ci ilin sentyabr ayında Aydın ona tanışı Zərərçəkmiş şəxs1 adlı qadına ipoteka ilə ev düzəltməyə kömək etməyi xahiş etmiş, o da bundan sonra Zərərçəkmiş şəxs1 ilə Təranənin yaşadığı evdə görüşmüş və Təranəyə ipoteka ilə ev düzəltmək üçün ilkin olaraq 2000 manat pul lazım oldduğunu bildirmişdir. Təranə də onunla razılaşmış və 2000 manat pulu verəcəyini demişdir. Bundan bir neçə gün sonra, yəni 2021-ci ilin sentyabr ayının axırlarında Aydın və Cəfər Təranə ilə görüşərək Təranədən 2000 manat pul almış və həmin 2000 manat pulun 1200 manatını ona vermişlər. 2021-ci ilin sentyabr ayının ortalarında Aydın onu Günel adlı qadınla tanış edərək Günelə də ipoteka ilə ev düzəltməyə kömək etməsini xahiş etmiş, o da Aydına Günelə ipoteka ilə ev düzəltmək üçün 3000 manat pul lazım olduğunu demiş, bundan sonra Günelə ipoteka ilə ev düzəltməsi üçün Aydının xalası oğlu Vüsal öz maşınını satıb ona 3000 manat pul vermişdir. Bundan başqa Aydın ona qonşuları Lətifə adlı qadına da ipoteka ilə ev düzəltməyi xahiş etmiş, o da Aydına Lətifəyə ipoteka ilə ev düzəltmək üçün ilkin 2500 manat pul lazım olduğunu demişdir. Bundan sonra 2021-ci ilin sentyabr ayının sonlarında o, Lətifə ilə görüşərək 2500 manat pulu götürmüşdür. Bundan başqa 2021-ci ilin oktyabr ayında tanışı Zərərçəkmiş şəxs5 da ipoteka ilə ev düzəltməsini xahiş etmiş, o da Cəfərə ilkin sənədləşmə üçün pul lazım olduğunu demişdir. 2021-ci ilin oktyabr ayında Gəncə “Asan Xidmət” Mərkəzinin qarşısında Cəfər ona 1000 manat, ondan bir neçə gün sonra yəni oktyabr ayının ortalarında isə Gəncə “Asan Xidmət” Mərkəzinin qarşısında 600 manat pul vermiş, o da buna görə heç bir iş görəməmişdir. Bundan başqa o, 2021-ci ilin təxminən oktyabr ayında Aydının diplomunu təsdiq etdirmək üçün Gəncə şəhərində xatırlamadığı ünvanda 7000 manat pul almış, bundan sonra o, Aydınla bir yerdə Bakı şəhərinə Azərbaycan Respublikası Təhsil Nazirliyinə getmiş, Təhsil Nazirliyinə daxil olub xaricdə təhsil alanların diplomlarının təsdiq olunması üçün müraciətlərini soruşmuş, ona Neftçilər metrostansiyasının yaxınlığına getməyi bildirmiş, o da bundan sonra “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən Təhsil Nazirliyinin idarəsinə gedib müraciət etmiş, ancaq o Təhsil Nazirliyində və sonrakı idarədə heç kimə pul verməmiş və heç kimə də pul təklif etməmişdir. Bundan başqa o 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanıdığı Şahid2 ilə tanış olmuş və İmamhüseyndən də ipoteka ilə ev düzəltmək üçün ilkin olaraq 500 manat pul almış, o Şahid2 500 manat pulu Bakı şəhərində Nərimanov metrostansiyasının yaxınlığında almışdır. İpoteka ilə ev düzəltmək üçün almış olduğu pulları öz ehtiyacları üçün xərcləmiş, ipoteka ilə ev düzəltmək üçün heç kimə müraciət etməmiş, Zərərçəkmiş şəxs4 almış olduğu 7000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Onun vəd etdiyi işləri görmək üçün tanışları və ya özünün imkanı olmamış, sadəcə zərərçəkmiş şəxslərin pullarını ələ keçirmək üçün onlara yalan vədlər vermişdir. Hazırda zərərçəkmiş şəxslərin dördünə vurduğu zərəri qismən ödəmiş və onlarla barışıq əldə etmişdir. Qalan zərəri, eləcə də Zərərçəkmiş şəxs5 vurulmuş zərəri isə qısa müddətdə ödəyəcəkdir. Himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, 2020-ci ildə Gürcüstan Respublikasında Gürcüstan Dövlət Universitetinin İnformatika fakültəsini bitirmiş, lakin aldığı diplomu Azərbaycan Respublikasında təsdiq etdirməmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında qonşusu Zərərçəkmiş şəxs5 Habil oğlunun vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs5 ilə söhbət edən vaxt Cəfər ona Təqsirləndirilən şəxs adlı bir nəfər tanışı olduğunu və Azərin yüksək vəzifədə işləyən tanışları olduğunu bildirmiş, həmçinin Cəfər ona Təqsirləndirilən şəxs banklarda işləyən tanışları olduğunu və onların vasitəsi ilə ipoteka kreditləri düzəldə bildiyini də demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla görüşən vaxt Azər ona ipoteka ilə kredit düzəltmək üçün "xxxx" ASC-nin Gəncə şəhər filialının müdirinin və "xxxx" ASC-nin mərkəzi ofisində problemli kreditlər departamentinin müdiri ilə yaxın münasibətləri olduğunu, onların vasitəsi ilə ipoteka ilə evlər düzəldə bildiyini demiş, o da bundan sonra bu barədə söhbət əsnasında tanışı Zərərçəkmiş şəxs1 yanında demiş, Təranə də kirayədə yaşadığını deyərək ev almaq istədiyini bildirmişdir. Bundan sonra o, Təranəni Azərlə görüşdürmüş, Azər də Təranə ilə görüşən vaxt ipoteka ilə ev düzəldə biləcəyini, bunun üçün 4000 manat pul verməli olduğunu, pulun 2000 manatını əvvəl 2000 manatını isə iş düzəldikdən sonra ala biləcəyini demiş, Təranə də Azərlə razılaşmışdır. 25 sentyabr 2021ci il tarixdə yaşadığı evin həyətində onun yanında Azərə 2000 manat pul vermiş, bundan bir neçə gün sonra Azər Təranəyə problemli kreditləri olduğu üçün ipoteka almasının çətin olduğunu demiş, bundan sonra Təranədən əlavə olaraq 1000 manatda pul almış, Azər Təranədən 1000 manat pulu alan vaxt yanlarında olmamış, həmçinin həmin ərəfədə o, xalası oğlu Vüsalla və Vüsalın tanışı Günel ilə söhbət edən vaxt onlara da Azər adlı tanışı olduğunu və Azərin ipoteka ilə evlər düzəldə biləcəyini demiş, həmin vaxt Güneldə ev almaq istədiyini bildirmişdir. Bundan sonra o, Azəri Vüsal və Günellə də görüşdürmüş, həmin vaxt Azər Günel və Vüsala ipotekanın düzəlməsi üçün 4000 manat pul alacağını, həmin pulun 2000 manatını əvvəl qalan hissəsini isə sonra alacağını demiş, onlarda Azərlə razılaşmışdır. Xalası oğlu Vüsal özünə məxsus “VAZ-21016” markalı avtomobili satıb həmin puldan 2021-ci ilin sentyabr ayının sonlarında Günelin kirayə qaldığı evdə onun yanında Günel Azərə 2000 manat pul vermiş, bundan başqa o, Azərə inandığı üçün bu barədə dostu Əligildə olan vaxt anası Zərərçəkmiş şəxs3 da Azər barədə demiş, Lətifə də ev almaq istədiyini deyərək Azərlə görüşdürməsini xahiş etmişdir. O, 2021-ci ilin sentyabr ayının sonlarında Azərlə bir yerdə Zərərçəkmiş şəxs3 evinə gəlmiş, söhbət əsnasında Azər ipoteka ilə ev düzəltmək üçün Lətifədən də 4000 manat pul alacağını bildirmiş, lakin Lətifə cəmi 2500 manat pul düzəldərək 2021-ci ilin sentyabr ayının sonlarında bacısının evində Azərə vermişdir. Azər onun Gürcüstan Respublikasında aldığı diplomu təsdiqlətdirmək istədiyini bilmiş, Təqsirləndirilən şəxs ona Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında tanışları olduğunu deyərək bu işdə ona köməklik edə biləcəyini demiş, o isə hər dəfə Azərə pulu olmadığını demiş, bu söhbətdən sonra Təqsirləndirilən şəxs dəfələrlə ona diplomunu təsdiqlətmək üçün köməklik etməsini demişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində o, Azərə diplomu ilə maraqlanmasını demiş, Azər də 2021-ci ilin oktyabr ayının əvvəlində onların yaşadığı evə gəlmiş və yaşadığı evdə anası X3 yanında ona diplomunu təsdiqlətdikdən sonra polisə işə düzəldə biləcəyini demiş vəbunun müqabilində ondan 1200 manat pul istəmiş, o da Azərlə razılaşmışdır. 13 oktyabr 2021-ci il tarixdə anası X6, o və Təqsirləndirilən şəxs birlikdə Gəncə şəhərində yerləşən «X9» ASC-yə getmiş, həmin bankda anasının adına 12000 manat kreditə pul götürmüş, anası Leylanın yanında bankdan götürdüyü 12000 manat puldan 7000 manat pulu öz idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs vermiş, pulu Təqsirləndirilən şəxs onun diplomunu təsdiqlətməsi və onu polisə işə düzəltməsi üçün vermiş, Azər də ona 15 gün ərzində diplomun təsdiq olunacağını noyabr ayında isə işə qəbul olunacağını demiş, o Təqsirləndirilən şəxs verdiyi 7000 manat pulun 2000 manatını diplomun təsdiq olunması üçün 5000 manatını isə onu polisə işə düzəldəcəyi üçün vermiş, işi alınacağı təqdirdə o, Təqsirləndirilən şəxs 5000 manat da əlavə verəcəkmiş. Ertəsi gün o, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərinə Təhsil Nazirliyinə getmiş, o Təhsil Nazirliyin qarşısında gözləmiş, Təqsirləndirilən şəxs isə içəri daxil olmuş, təxminən 10-15 dəqiqədən sonra çıxaraq “Qara Qarayev” deyilən əraziyə getmək lazım olduğunu demiş, bundan sonra “Qara Qarayev” adlanan yerdə yerləşən Təhsil Nazirliyinə getmiş və Azər nazirliyə daxil olub təxminən 10-15 dəqiqədən sonra çölə çıxmış, Azər ona dövlət rüsumu ödədiyini deyərək ona portal açdıracağını demiş, həmin günü qayıdıb Gəncə şəhərinə gəlmiş və axşam yaşadıqları evdə Azər onu və anasını aldadıb işləri alınmasını, təxminən 10-15 günə işi hazır olacağını demişdir. Azər ona müvafiq sənədlər də toplatdırmış, noyabr ayının sonlarında işinin düzəlmədiyini görüb Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını tələb etmiş, lakin Azər müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan boyun qaçırmışdır. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs inzibati olaraq 15 gün müddətinə həbs edilmiş, onlar Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Azərin ailəsi onlara Azərin etdiklərindən xəbərlərinin olmadıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edimiş ərizəsində təqsirləndirilən şəxsin ona vurduğu 7500 manat məbləğində zərərdən 500 manat məbləği ödədiyini, qalan 7000 manat məbləği də pulun ödənilməsi üçün təqsirləndirilən şəxsin arvadı X1 ilə qarılıqlı razılığa gəldiklərini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayından tanımış, Təqsirləndirilən şəxs rəfiqəsi Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımış, Günelin qeyri rəsmi olaraq yaşadığı Vüsalın xalası oğlu Zərərçəkmiş şəxs4la Azər tanış olmuş, 2021-ci ilin sentyabr ayında Aydın ona Azər adlı tanışı olduğunu və ipoteka ilə ev düzəldə bildiyini demiş, o da kirayədə yaşadığı üçün özünə ev almaq istəmiş, buna görə də Ayından onu Azərlə görüşdürməsini xahiş etmişdir. 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Aydınla bir yerdə onun yaşadığı evə gəlmiş və onlar ipoteka şərtləri barədə danışmışlar. Azər ona ipoteka müddətinin 10 il olacağını və ona 45 min manat pul verilə biləcəyini bildirmişdir. Azər ona ipoteka işlərini görməyə görə 4000 manat pul alacağını, həmin pulun 2000 manatını əvvəl, 2000 manatını isə evi aldıqdan sonra verəcəyini demiş, o da Azərlə razılaşmışdır. 25 sentyabr 2021-ci il tarixdə səhər saat təxminən 11-12 radələrində Azər Aydınla bir yerdə onun kirayədə yaşadığı evə gəlmiş və o, Aydının yanında Azərə 2000 manat pul və şəxsiyyət vəsiqəsinin surətini də vermiş, Azər ondan 2000 manat pulu aldıqdan təxminən 2-3 gün sonra istifadə etdiyi (055)-467-01-01 nömrəsinə zəng vurub Bakı şəhərindən Gəncə şəhərinə gəldiyini deyərək onun kredit gecikmələri olduğuna görə əlavə pulu çıxacağını bildirmişdir. O Azərdən əlavə olaraq nə qədər pul alacağını soruşduqda ona 1000 manatda verməyini demiş, o da Azərə inandığı üçün yaşadığı binanın qarşısında Azərə 1000 manat pul vermişdir. Azər ondan pulu aldıqdan təxminən 1 həftə sonra «asan imza» almasını bildirmişdir. O da Azər və Aydınla bir yerdə özünə «Azercell» nömrə almış, bundan sonra Azər ona sənədləşmə getdiyini deyərək bir müddət gözləməyi bildirmiş, o da Azərə inanaraq gözləmişdir. Bir müddət sonra Azər ona ipoteka almaq üçün həyat yoldaşından boşanmalı olduğunu demiş, bundan sonra o Rusiya Federasiyasında yaşayan həyat yoldaşı Eldənizlə danışmış, Eldəniz əvvəlcə ona ərizə göndərmiş, lakin Eldənizin ərizəsi əsasında ondan boşanmasının mümkün olmadığını demişlər, lakin sonradan məhkəmədə boşanmanın təxminən 2-3 ay çəkəcəyini bildirmişlər. Müddət uzanmağa başladıqdan sonra Azərin onu aldatdığını görmüş, bundan sonra o artıq Azərdən pullarını qaytarmasını bildirmiş, lakin Azər hər dəfə bir bəhanə ilə onun pullarını qaytarmamışdır. Hazırda isə Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam həcmdə ödəmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin sentyabr ayında dostu Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs4 ilə söhbət əsasında Aydın Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, Azərin ipoteka ilə ev alınması işlərinə baxdığını və əgər kimsə istərsə Azərin pul müqabilində ipoteka ilə ev almasına kömək edə biləcəyini demişdir. Həmin vaxt o da Aydından Azərlə görüşdürməsini xahiş edərək ipoteka şərtləri ilə tanış olmasını, əgər şərtlər qane etsə ipotekaya ev ala biləcəyini demişdir. Aydın 2020-ci ilin sentyabr ayının ortalarında onu Azərlə görüşdürmüş, Azərlə söhbət əsasında ipoteka şərtləri ilə tanış etmiş, Azər ona bütün görüləcək işləri özünün gördüyünü deyərək bir sıra sənədlər düzəldəcəyini, eyni zamanda sənədlərin düzəldilməsi və Azərin zəhmət haqqı müqabilində ümumilikdə 4000 (dörd min) manat pul verməli olduğunu, həmin pulun 2000 manatını əvvəl, evi aldıqdan sonra isə 2000 (iki min) manat pul verməsini bildirmişdir. O da ipoteka ilə ev almağa sənədləri düzəltmək çox vaxt apardığını və əziyyət olduğunu düşünərək, Azərin dediyi məbləğlə razılaşmış, Vüsaldan 4000 manat borc şəklində pul istəmiş, Vüsalda həmin məbləğdə pulu olmadığı üçün, idarə etdiyi “VAZ-2106” markalı **-DH-*** dövlət nömrə nişanlı avtomobilini Azərin iştirakı ilə 4000 manata satıb pulu ona vermiş, o da öz növbəsində həmin 4000 manat pulu 2021-ci ilin sentyabr ayının son günlərində yaşadığı Gəncə şəhəri 38-ci Hərbi şəhərcik xətt-9, ev 22A-də rəfiqəsi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Azər ondan pulu alan vaxt 15-20 gün müddətinə evin hazır olacağını demiş, buna görə Azər “asan imza” qeydiyyatı üçün ona (055)-439-28-81 mobil nömrə aldırmış, o həmin nömrə ilə “asan imza” qeydiyyatından keçmiş, sonra Azər ona "xxxx" ASC və “X9” ASC-yə gedib neçə manat pul götürə biləcəyi haqda öyrənmiş, o da Azərlə birlikdə “X9”ASC-yə getmiş, «X9» ASC-də ona əvvəllər həmin banka ödəmə gecikmələri olduğu üçün pul verməyəcəklərini demişlər. O, həmin vaxt Azərin onu aldatmasından şübhələnmiş və Azərə irad bildirmişdir ki, əgər bankdan pul götürmək asan olsaydı onda özü də pul götürərdi. Azər də ona guya onun bank ödəniş tarixcəsində olan gecikmələri sistemdən sildirə biləcəyini demiş, bundan sonra Azər onu "xxxx"ASC-yə aparmış, "xxxx" ASC-dən ona həmin bankdan əmək haqqı aldığı üçün 8000 (səkkiz min) manat, zaminlə pul götürməli olsa 15000 (on beş min) manat pul verə biləcəklərini demiş, Azərin dediyi vaxt tamam olduqdan sonra o, Azərlə telefon vasitəsi ilə əlaqə saxlayıb ipoteka ilə düzələn evin necə olduğunu soruşmuş, Azər də guya “asan imza” nömrəsini gec olduğu üçün gecikmə olduğunu demiş, o, Azərdən şübhələndiyi üçün evi tələb etdikdə, Azər Gəncə şəhərində banklardan ipoteka düzəlmədiyini və Bakı şəhərinə gedib ipotekanı Bakı şəhərindən götürəcəyini demişdir. O, Azərə danışıqlarında Bakı şəhərinə gedə bilmədiyini, tmək olmamış, əgər o, Bakı şəhərinə getsə yol xərclərini Azərin ödəyəcəyini demiş, bundan sonra Azər sözünü dəyişmiş və bir neçə gün səbr etməsini, Gəncə şəhərində olan banklardan ona ipoteka ilə ev alması üçün pul çıxaracağını demiş, Azər ona guya ipoteka fondunda ev alması üçün 31000 (otuz bir min) manat pul yazdırmış, həmin məbləğin 200 (iki yüz) manatı komisyon xərclər üçün tutulacağını, ancaq 30800 manat pulu nəğd şəkildə götürəcəyinini, xx.xx.2021-ci il tarixdə Azər iki gündən sonra yəni növbəti həftənin bazar ertəsi onun pullarını qaytaracağını demiş, həmin gündən bu günədək Azər ona və dostu Vüsala müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu zərərdən bir hissəsini ödəmiş, qalan 1750 manat məbləğində pulun ödənilməsi üçün təqsirləndirilən şəxsin arvadı X1 ilə qarılıqlı razılığa gəlmişlər. Ona vurulmuş ziyan qismən ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, 4 nömrəli psixonevroloji xidmət mərkəzində çamaşırxanaçı işləyir. Zərərçəkmiş şəxs4 onun oğlu Əlinin dostudur. Oğlu Əli Bakı şəhərində yaşayır. 2021-ci ilin sentyabr ayında oğlu ona zəng vuraraq kreditini keçirtməsini xahiş etmiş, o da banka gedə bilməyəcəyini demiş, həmin vaxt oğlu Əli ona Aydından xahiş etdiyini, Aydının gəlib pulu götürəcəyini bildirmiş, bir müddət sonra Aydın gələrək pulu götürüb banka keçirtmiş və sonra da çeki gətirib ona vermiş, Aydın ona çeki verən vaxt bir qədər oturub söhbət etmişlər. Söhbət əsasında o, Aydına həyat yoldaşı ilə ayrıldığı üçün ipoteka ilə ev almaq istədiyini bildirmiş, həmin vaxt Aydın da ona tanışı Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu və Təqsirləndirilən şəxs kömək edə biləcəyini demiş, o da Aydına imkan olsa onu Azərlə görüşdürməsini demiş, bir gün sonra Aydın Təqsirləndirilən şəxs ilə birlikdə bacısı Sabirənin yaşadığı ünvan 8 ünvanına gəlmiş, həmin vaxt o Aydın və Azər otaqda oturub ipoteka ilə ev almaq barədə danışmışlar, söhbət zamanı Təqsirləndirilən şəxs ona ipoteka ilə ev almaqda kömək edə biləcəyini bildirmiş, ancaq ondan ilkin olaraq 2500 manat, ipoteka düzəlib qutardıqdan sonra isə 1500 manat pul olmaqla cəmi 4000 manat pul istəmişdir. O da Təqsirləndirilən şəxsla razlaşmış, bundan sonra o, Təqsirləndirilən şəxs bacısı Sabirənin evində Zərərçəkmiş şəxs4 yanında 2500 manat pul vermiş, Təqsirləndirilən şəxs ondan 2500 manat pulu alan vaxt 20 gün ərzində ipoteka sənədlərinin düzələcəyini bildirərək ondan ev tapmasını istəmişdir. O, Azərə inanaraq Gəncə şəhərində almaq üçün ev axtarmış, lakin Təqsirləndirilən şəxs dediyi vaxtda onun evini düzəltməmiş, o da bundan sonra bir neçə dəfə Azərlə danışmış, lakin Azər hər dəfə bir bəhanə ilə ona ipoteka düzəldəcəyini desə də yenə vədlərinə əməl etməmiş, bundan sonra Aydın anası ilə birlikdə Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gətirmiş, həmin vaxt Azərin razılığı ilə vieoçəkiliş etmiş və Azər ona olan borcunu yaxın vaxtlarda qaytaracağına söz vermiş, lakin o dəfələrlə Aydının anası ilə Azərin yaşadığı ünvana gedib pulunu istəsə də Azər hər dəfə müxtəlif bəhanələr gətirərək bu günə qədər ona olan borcunu qaytarmamış, daha sonra o bu barədə Təqsirləndirilən şəxs telefonla zəng edib bu hərəkətləri barədə polis orqanlarına şikayət edəcəyini bildirmiş, lakin heç bir nəticəsi olmamış, o da buna görə Təqsirləndirilən şəxs şikayət etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu 2500 manat məbləğində zərərdən 2000 manat məbləği ödəmiş, qalan 500 manat məbləğində pulun ödənilməsi üçün təqsirləndirilən şəxsin atası Mirzə Səmədovla qarılıqlı razılığa gəlmişlər. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onunla qonşu küçədə yaşayır. O, Azərlə küçədə və yaxınlıqda yerləşən Gəncə “Asan Xidmət”in qarşısında olan parkda görüşürmüş, həmin vaxt Azər ona Azərbaycan Beynalxalq Bankında tanışları olduğunu və həmin şəxslərin vasitəsi ilə ipotekaya evlər düzəldə biləcəyini demiş, həmçinin Azər ona ipoteka ilə ev almaq istəyən tanış adamlar olsa müraciət etməsini bildirmiş, o da bundan sonra bu barədə tanışı Zərərçəkmiş şəxs4la görüşən vaxt Aydına demiş, sonra Aydınla Azəri görüşdürmüş və özləri bu barədə söhbət etmiş, özü də Azərin sözlərinə inanaraq ev almaq qərarına gəlmişdir. Bu məqsədlə də 2021-ci ilin oktyabr ayının əvvəllərində Azərlə görüşən vaxt özünə də ipoteka ilə ev almaq istədiyini bildirmiş, Azər də ondan ipoteka sənədlərini düzəltmək üçün 1600 manat pul alacağını demiş, o da Azərə inanmışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində Gəncə “Asan xidmət” mərkəzinin qarşısında Azərlə görüşən vaxt 1000 manat pulu Azərə vermişdir. 2021-ci ilin təxminən 15-20 oktyabr tarixlərində o yenə Azərlə Gəncə “Asan Xidmət” mərkəzinin qarşısında görüşmüş və Azərə 600 manat da pul vermiş, o, Azərə 1600 manat pulu verdikdən sonra Azər ona Gəncə şəhəri ərazisində almaq üçün ev axtarmasını bildirmişdir. O Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində 71000 manat pula ev tapmış, lakin həmin vaxtdan sonra Azər hər dəfə ona bir bəhanə demiş, 29 noyabr 2021-ci il tarixdə Azər ona indi unutduğu bir nömrə verərək "xxxx" ASC-də işlədiyini, həmin şəxsin ona köməklik edəcəyini deyərək, danışmasını bildirmiş, o da həmin şəxslə əlaqə saxlamış, lakin həmin şəxs ona Azər adlı şəxsi tanımadığını bildirmişdir. O, yenidən Azərə zəng vurduqda inzibati qaydada həbs olunduğunu demişlər. O, sonradan Azərin yaşadığı yaşadığı evə getmiş, Azərin atası ona Azər aliment borcuna görə həbs olunmasını, dekabr ayının 15-i həbsdən çıxacağını həmin vaxt borcunu qaytaracağını bildirmişdir. Bir neçə gündən sonra Azər artıq Bakı şəhərinə getmiş, bundan sonra o, Azərlə dəfələrlə telefon əlaqəsi saxladıqda hər dəfə müxtəlif bəhanələr gətirərək, yaxın günlərdə pulunu qaytaracağını bildirmiş, lakin bu günə qədər Azər adlı şəxs onun pulunu qaytarmamışdır. O, təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxslə barışıb razılıq əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs4 xalası oğludur. Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında Aydının vasitəsi ilə tanımış, onun Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs2 uzun illər tanımış, Günellə yaxın münasibətləri olmuş, Zərərçəkmiş şəxs2 özünə Gəncə şəhərində ipoteka ilə ev almaq istəmişdir. 2021-ci ilin sentyabr ayında o, Aydın, Günel və Zərərçəkmiş şəxs1 ilə bir yerdə Günelin kirayə qaldığı evində olan vaxt Aydın Təqsirləndirilən şəxs adlı tanışının ipoteka ilə ev düzəldə bildiyini demişdir. Həmin vaxt əvvəlcə Təranə ev almaq istədiyini deyərək Aydından Azərlə görüşdürməsini xahiş etmiş, bir neçə gün sonra yenə Günel və Aydınla bir yerdə olan vaxt Güneldə ev almaq istədiyini bildirmiş, Günel də Aydından Azərlə görüşdürməsini istəmiş, Aydında Azərlə danışmış və Azərlə bir yerdə Günelin yaşadığı evə gəlmiş, həmin vaxt Azər ipoteka şərtləri ilə onları tanış etmiş, Azər Günellə ona bütün görüləcək işləri özü gördüyünü, buna görə bir sıra sənədlər düzəldəcəyini, sənədlərin düzəldilməsi və Azərin zəhmət haqqı müqabilində ümumilikdə 4000 (dörd min) manat pul istəmişdir. Günel Azərlə razılaşmış, Azər getdikdən sonra Günel ondan borc olaraq 4000 manat pul istəmiş, o Günelə pulu olmadığını demiş, lakin Günel ondan pul tapmasını xahiş etdikdə o da özünə məxsus “VAZ-2106” markalı **-DH-*** dövlət nömrə nişanlı avtomobili Azərin iştirakı ilə 4000 manata satmış, avtomobili satdıqdan sonra həmin pulu Azərə verməsi üçün Günelə vermişdir. 2021-ci ilin sentyabr ayının sonlarında Günel də yaşadığı Gəncə şəhəri 38-ci Hərbi şəhərcik xətt-9, ev 22A-də rəfiqəsi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 yanında həmin 4000 manat pulu Təqsirləndirilən şəxs vermiş, Azər pulu alan vaxt 15-20 gün müddətinə evin hazır olacağını demiş, buna görə Azər Zərərçəkmiş şəxs2 “asan imza qeydiyyatı üçün (055)439-28-81 mobil nömrə aldırmış, bundan sonra Azər Zərərçəkmiş şəxs2 ilə birlikdə “X9” ASC-yə və "xxxx" ASC-yə getmiş, lakin «X9» ASC-də Günelə əvvəllər ödəmə gecikməsi olduğu üçün pul verməyəcəklərini, "xxxx" ASC-də isə həmin bankdan əmək haqqı aldığı üçün 8000 (səkkiz min) manat, zaminlə pul götürsə 15000 (on beş min) manat pul verə biləcəklərini demişlər. Azərin dediyi vaxt tamam olduqdan sonra o bir neçə dəfə Azərlə telefonla danışmış və bir neçə dəfə də görüşmüş, Azər hər dəfə bir bəhanə gətirmiş və həmin pulu qaytarmamışdır. Cinayət prosesi iştirakçılarının razılığı ilə ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadə məhkəmə iclasında elan edilmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs3 ilə əvvəllər qonşu olmuş, 2021-ci ilin noyabr ayının əvvəllərində şəxsi işi ilə əlaqədar olaraq Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərində Zərərçəkmiş şəxs3 yaşadığı evə qonaq getmiş, söhbət əsnasında Lətifə ona bir nəfər tanıdığı şəxsin ipoteka ilə ev almasına köməklik etməsini demiş, Lətifə ona Təqsirləndirilən şəxs ona da köməklik etməsini təklif etmiş, o da buna razılıq vermiş, o Lətifədən həmin şəxsi çağırmasını xahiş etmiş, Lətifədə həmin şəxsi öz yaşadıqları evə çağırmış, bir qədər keçmiş adını sonradan bildiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 yaşadığı evə gəlmiş, o həmin vaxt Azərlə söhbət etmiş, Azər ona gördüyü işin hər 10000 manat pulunun 1000 manatının özünə çatacağını demiş, o da Azərlə razılaşmışdır. Bundan sonra o çıxıb Bakı şəhərinə yaşadığı evə getmiş, sonra Azər dəfələrlə ona telefon vasitəsi ilə zəng edərək ev məsələsini həll etmək üçün tələsdirmişdir.2021-ci ilin noyabr ayının əvvəllərində Azər Bakı şəhərində onunla görüşmüş və söhbət zamanı ondan 4000 manat pul istəmiş, o, isə Azərə pul verməmiş, sonra Azər yenə də ona dəfələrlə zəng edərək ev məsələsini həll etmək üçün tələsdirmiş, o Lətifə ilə əlaqə saxladıqda Lətifə Azərin guya sənədləri hazır olduğu üçün onu da Bakı şəhərinə çağırdığını demiş, bundan sonra o Təqsirləndirilən şəxs inanmış və 10 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda, metronun yaxınlığında Təqsirləndirilən şəxsla görüşərək 500 manat pul vermiş, Azər də ona 1 ay 10 gün müddətinə evin tapılıb sənədləşdiriləcəyini demiş, təxminən 1 ay keçdikdən sonra o Azərə zəng edib maraqlandıqda ona yalan vədlər vermiş, sonradan o Azərin aliment ödəmədiyi üçün Gəncə şəhərində inzibati həbs olunmasını bilmiş, o Azər həbsdən çıxdıqdan sonra Azərin onu aldadaraq ona qarşı dələduzluq etməsini bilmiş, ona görə də Azərdən pulunu tələb etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxslərin ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadıb dələduzluq yolu ilə onların pulunu əvəzsiz olaraq ələ keçirməklə onlara müxtəlif məbləğlərdə maddi ziyan vurmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam həcmdə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu zərəri qismən ödəmiş, qalan 1750 manat məbləğində pulun ödənilməsi üçün təqsirləndirilən şəxsin arvadı X1 ilə qarşılıqlı razılığa gəlmişlər. Ona vurulmuş ziyan qismən ödənilmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 7500 manat məbləğində zərərdən 500 manat məbləği ödəmiş, qalan 7000 manat məbləğində pulun ödənilməsi üçün təqsirləndirilən şəxsin arvadı X1 ilə qarılıqlı razılığa gəlmişlər. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 2500 manat məbləğində zərərdən 2000 manat məbləği ödəmiş, qalan 500 manat məbləğində pulun ödənilməsi üçün təqsirləndirilən şəxsin atası Mirzə Səmədovla qarşılıqlı razılığa gəlmişlər. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş AZ-İV 486489 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-in 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxslərdən dördü ilə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı qismən ödəməsini (CMin 59.1.14-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxslərə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə vurduğu zərəri qismən ödədiyini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına artıq qismən nail olunmuşdur. Cəzanın digər məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-60/2022 saylı, 11 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ümumilikdə 03 ay 14 gün həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 06 ay, 28 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma sərf edilmiş hər saata görə 6 manat olmaqla 120 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq və məhkəmə dövründə həbsdə olduğu 03 (üç) ay 14 (on dörd) gün müddət bir gün həbs müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı həmin şöbədə qeydiyyata götürüldüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma sərf edilmiş hər saata görə 6 manat olmaqla 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar