Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-77/2022 17.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, 25 oktyabr 1986-cı ildə Gədəbəy rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, A.İsgəndərov küçəsi ev 87-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(043)-1117/2019 saylı qətnaməsinə əsasən 24 may 2019-cu il tarixindən başlayaraq, 16 iyul 2009-cu il tarixdə anadan olmuş X2 və 08 dekabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 150,00 manat olmaqla, ümumilikdə cəmi 300,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktını üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 3(043)-400/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etməməsi ilə bağlı ona 05 iyul 2021-ci və 16 iyul 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 02 dekabr 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə 9000 (doqquz min) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı Gəncə şəhərinin müxtəlif yerlərində fərdi əməklə yəni fəhləliklə məşğul olaraq aylıq gəliri orta hesabla 200-300 manat təşkil edir. 2008-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 16 iyul 2009-cu il tarixdə Kənan və 08 dekabr 2010-cu il tarixdə Aysu adlı övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2014-cü il tarixdə ona heç bir söz demədin iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedib onların himayəsində yaşamağa başlamışdır. Daha sonra Zərərçəkmiş şəxs 2019-cu ilin yaz aylarında ondan nikahın pozulması və aliment tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan sonra aralarında bağlanmış nikahları ləğv olunaraq 24 may 2019-cu il tarixdən başlayaraq, 16 iyul 2009-cu il təvəllüdlü oğlu Kənan Hüseynovun və 08 dekabr 2010-cu il təvəllüdlü qızı Aysu Hüseynovanın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün sabit pul məbləğində hər bir uşağa görə hər ay 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 23 aprel 2019-cu il tarixli, 2(043)-1117/2019 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və həmin qurumdan icra məmuru tərəfindən qeyd edilən məbləğdə alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 04 iyun 2021-ci il tarixli, 3(043)-400/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Lakin bunu baxmayaraq o, Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləği tam olaraq ödəyə bilməmişdir. O, Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə 300 manat məbləğində ödəniş etmiş və 02 dekabr 2021-ci il tarixədək ümumilikdə 9000 manat borcu qalmışdır. Aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs iki az yaşlı uşaqları ilə ona görüşə icazə verməməsi olmuşdur. Hazırda əməlindən peşimandır. Odur ki, ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 2008-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 16 iyul 2009-cu il tarixdə Kənan adlı oğlan və 08 dekabr 2010-cu il tarixdə Aysu adlı qız övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, o, 2014-cü ildə iki azyaşlı uşaqlarını götürərək atası evinə getmiş və orada yaşamağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs övladlarının saxlanmasından ötrü ona maddi cəhətdən köməklik göstərmədiyinə görə, övladlarını tək başına saxlaya bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq 2019-ci ilin yaz aylarında Təqsirləndirilən şəxs boşanmaq və aliment tələb etmək üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan sonra aralarında bağlanmış nikahları ləğv olunaraq 24 may 2019-cu il tarixdən başlayaraq 16 iyul 2009-cu il təvəllüdlü X2 və 08 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər bir uşağa görə hər ay 150 manat, ümumilikdə cəmi 300 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair 23 aprel 2019-cu il tarixli, 2(043)-1117/2019 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədilə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə borcluya rəsmi qaydada bildiriş təqdim edilmişdir. İcra məmuru tərəfindən rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında protokol tərtib etmiş və baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 3(043)-400/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Lakin bunu baxmayaraq o, yenə də Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra icra məmuru tərəfindən məhkəmə qətnaməsinin icrasını təmin etməsi ilə bağlı bildiriş təqdim edilməklə yenidən müddət təyin edilmişdir. Lakin qeyd olananlara baxmayaraq Təqsirləndirilən şəxs qərəzli olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. O, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs uzun illərdir ki, yaşadığı Gəncə şəhərində fərdi əməklə yəni fəhləliklə məşğul olaraq kifayət qədər qazanc əldə etdiyini, rəsmi nikahlarından dünyaya gəlmiş doğma övladlarının saxlanılması üçün alimentə görə borclu olduğu məbləği tam olaraq ödəməyə maddi imkanın olduğunu baxmayaraq məhkəmə qətnaməsi üzrə heç bir ödəniş etməmiş və 02 dekabr 2021-ci il tarixədək ümumilikdə cəmi 9000 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs ona olan aliment borcunu ödəmədiyi üçün ondan şikayətçidir və ona yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəyir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsində icra məmuru vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(043)-1117/2019 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 24 may 2019-cu il tarixdən başlayaraq 16 iyul 2009-cu il təvəllüdlü X2 və 08 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə hər ay 150 manat olmaqla cəmi 300 manat məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Göstərilən icra vərəqəsi 31 may 2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq icra sənədinin icrasını təmin etmək məqsədilə İcra İdarəsinə gəlməsi tələb olunmuş, lakin sonuncu heç bir üzrlü səbəb göstərmədən çağırışlara gəlməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 3(043)-400/2021 saylı qərarı ilə 20 gün müddətinə inzibati həbs olunmuşdur. İnzibati həbsdən sonra tələblə bağlı Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla hər dəfə xəbərdarlıqlar edilmiş və ona yeni müddət verilmişdir. Ancaq borclunun hərəkətsizliyi nəticəsində aliment borcu yenə icra olunmamışdır. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsini ona inzibati həbs tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq icra etməmişdir. Borclunun bəzən qismən ödəniş etməsi onun məsuliyyətdən yayınmasını xarakterizə edir və onun əməlində qərəzlilik müşahidə olunur. Tələbkar Zərərçəkmiş şəxs İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs alimentə görə xeyli borcunun olduğunu və borclunun ödəniş etmədiyini bildirərək barəsində materiallar toplanaraq cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə alimentə görə 300 manat məbləğində ödəniş etmiş və 02 dekabr 2021-ci il tarixədək ümumilikdə cəmi 9000 manat borcu qalmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində və məhkəmə istintaqında tədqiq edilmiş; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(043)- 1117/2019 saylı qətnaməsindən görünür ki, 24 may 2019-cu il tarixindən başlayaraq, 16 iyul 2009-cu il tarixdə anadan olmuş X2 və 08 dekabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 150 manat olmaqla, ümumilikdə cəmi 300 (üç yüz) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 tərəfindən verilmiş 31 may 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(043)-1117/2019 saylı icra sənədi icraata daxil olmuşdur. 31 may 2019-cu il tarixli “Tələbin könüllü icrası” üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 8(043)-46/2020 nömrəli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin 23 aprel 2019-cu il tarixli, 2(043)-1117/2019 saylı icra sənədi üzrə borcunu tam olaraq ödəyənədək Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 aprel 2020-ci il tarixli, 3(043)- 248/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 3(043)- 400/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 gün müddətinə inzibati həbs edilmişdir. 03 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 30 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün tutularaq Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə təhvil verilmişdir. “Qətimkan tədbirinin seçilməsi” və “müvəqqəti saxlama yerindən azad olunması” haqqında 01 aprel 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Bakı şəhəri Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(043)-1117/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(043)- 1117/2019 saylı qətnaməsinə əsasən 24 may 2019-cu il tarixindən başlayaraq, 16 iyul 2009-cu il tarixdə anadan olmuş X2 və 08 dekabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 150,00 manat olmaqla, ümumilikdə cəmi 300,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktını üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 3(043)-400/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etməməsi ilə bağlı ona 05 iyul 2021-ci və 16 iyul 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 02 dekabr 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə 9000 (doqquz min) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, lakin məhkəmə qətnaməsində ödənilməli məbləğin alimentlə bağlı olub kifayət qədər çox olmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətçi olmasını, zərərçəkmiş şəxslə razılıq əldə olunmamasını, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini uzun müddət icra edilməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadllıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək, yəni 2 gün həbsdə olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutularaq ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalı və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 17 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-77/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-77/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver