Məhkəmə qərarları › İş №1(043)-78/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-78/2021

16.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-78/2021 16.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 0,806 qram olan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib ayrı-ayrılıqda təmiz çəkiləri 0,093 qram, 0,131 qram, 0,078 qram, 0,143 qram, 0,166 qram və 0,091 qram olmaqla 6 bükümdə, ümumi çəkisi 0,704 qram olmaqla əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindəki “Rotmans” markalı siqaret qutusunun içərisində daşıyaraq saxlamış, qalan 0,104 qram çəkidə psixotrop maddə olan metamfetamini isə ünvan 1 ünvanında yerləşən evinin qarajında gizlədib saxladıqdan sonra, 10 dekabr 2020-ci il tarixdə tarixdə saat 16 radələrində Gəncə şəhəri Kəpəz rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinin qaraj hissəsinə baxış keçirilərkən qarajdakı stolun üzərinə qoyulmuş qara rəngli qutunun içərisindən 0,104 qram çəkidə metamfetamin, 10 dekabr 2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri Kəpəz rayon polis idarəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən isə əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun içərisindən 0,093 qram, 0,131 qram, 0,078 qram, 0,143 qram, 0,166 qram və 0,091 qram olmaqla 6 bükümdə, ümumi çəkisi 0,704 qram çəkidə metamfetamin aşkar edilməklə, üzərindən və evinin qarajından ümumi təmiz çəkisi 0,806 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o özü metamfetamindən istifadə etmir. Üzərindən aşkar edilmiş mütamfetamini xəstə olan qohumunun xahişi ilə onun üçün tutulmazdan bir neçə gün əvvəl tanımadığı bir şəxsdən almışdır. 10 dekabr 2020-ci il tarixdə axşam saatlarında evdə hamamda yuyunarkən polis əməkdaşları onu evdən bayıra çağırmış, o da əynini geyinərək həyətə enmiş və polis əməkdaşları ona narkotik maddə istifadəsində şübhəli olaraq onlarla birlikdə polis idarəsinə getməli olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə Kəpəz RPİ-yə getmiş, burada ona vəkil təqdim edilmiş və üzərinə baxış keçirilmişdir. Özü Rothmans markalı siqaretdən istifadə edir. Üzərinə baxış keçirilərkən əynində olan gödəkçənin cibindən Rothmans markalı siqaret qutusu və həmin qutunun içərisindən metamfetamin aşkar edilmişdir. Lakin qutunun içində cəmi üç büküm metamfetamin olmuşdur. Polis əməkdaşları onu çağırarkən cibindəki psixotrop maddələri atmaq imkanı olmuşdur, lakin həyəcanlı olduğu üçün onları atmaq yadından çıxmışdır. Daha sonra polis əməkdaşları onunla birlikdə yaşadığı evin qarajına gedərək qaraja da baxış keçirmiş, bu zaman onun cibindən aşkar edilmiş metamfetamin bükümlərindən birini əvvəlcədən qarajdakı qutunun içərisinə qoymuşlar. Halbuki qarajda heç bir qanunsuz əşya, o cümlədən metamfetamin saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz RPİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 göstərmişdir ki, Azərbaycan Respublikası DİO-da 2012-ci ildən, tutduğu vəzifədə isə 2017-cı il tarixdən xidmət edir. 10.12.2020-ci il tarixdə onlara əməliyyat yolu ilə ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə qəbul etməsi və yaşadığı evin birinci mərtəbəsində olan qarajda psixotrop maddə saxlaması barədə məlumat daxil olmuş, bununla bağlı o və Gəncə şəhər Kəpəz RPİ-nin əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 birlikdə təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirmişlər. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evə baxış keçirilməsi barədə etirazı olmaması barədə ərizə ilə müraciət etmiş, bundan sonra evin qarajında təxirəsalınmaz baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evin qarajında olan stolun üzərinə qoyulmuş qara rəngli qutunun içərisindən bir ədəd siqaret falqasına bükülmüş halda kristal şəkilli ilkin baxışdan psixotrop maddə oaln “metamfetaminə” oxşar kütlə aşkar edilmiş, bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,15 qram olmuşdur. Həmin kütlə zərfdə qablaşdırılmış və həmin zərf DİN-nin 120 saylı möhürü ilə möhürlənmiş,bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı üvə baxış keçirilməsi üçün tərəfimizdən Kəpəz RPİ-nə gətirilmiş, orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra otaqların birində müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idamn gödəkçəsinin sağ yan cibində olan siqaretin içərisinə yığdığı 6 ədəd siqaret falqasına bükdüyü şəffaf rəngli, kəskin spesifık iyli, kristal şəkilli ilk baxışdan psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə psixotrop maddə olmasından şübhəli olduğu üçün evinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdə hər hansı bir psixotrop maddə aşkar edilməmişdir. Onlar əməliyyat tədbiri üçün ilkin olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərkən Təqsirləndirilən şəxs evin birinci mərtəbəsində olan qarajda olmuş və onlar qarajın qapısını döydükdə qapını açıb onların qaraja baxış keçirməsinə etiraz etməmişdir. İlkin olaraq metamfetamin qarajda aşkar olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış isə Kəpəz RPİ-də keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 10 dekabr 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq yaşadığı evin birinci mərtəbəsində yerləşən qaraj hissəsində narkotik vasitə saxlaması və orada satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan X1 yaşadığı evin qaraj hissəsinə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş 10 dekabr 2020-ci-cu il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhər Xəlikov küəsi 10 ünvanında olan evin birinci mərtəbəsində yerləşən qaraja videoçəkiliş aparılmaqla baxış keçirilən zaman qarajda olan stolun üzərinə qoyulmuş qara rəngli qutunun içərisindən bir ədəd siqaret falqasına bükülmüş halda, ilk baxışdan psixotrop maddə olan “metamfetaminə” oxşar maddə aşkar olunaraq götürülmüş, elektron tərəzidə çəkilərək çəkisinin 0,15 qram olması müəyyən edilmiş, qablaşdırılaraq zərfə qoyulmuş və zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 dekabr 2020-ci il tarixli 5(043)-126/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Xəlikov küçəsi 10 saylı evin birinci mərtəbəsində yerləşən qaraja baxış keçirilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı qanun pozuntusu aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı X6 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 10 dekabr 2020-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilən zaman onun əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd Rotmans markalı siqaret qutusunun içərisindən siqaret falqasına bükülmüş vəziyyətdə, ilk baxışdan psixotrop maddə olan “metamfetamina” oxşar maddə aşkar olunaraq götürülmüş elektron tərəzidə çəkilərək ayrı-ayrılıqda kütlələrinin 0,13, 0,16, 0,24, 0,13, 0,22 və 0,19 qram olduğu müəyyən edilərək zərfdə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 11 dekabr 2020-ci il tarixli, 16/806 nömrəli rəyindən məlum olur ki, üzərində “10.12.2020-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş” yazıları və imzalar olan kağız paketdəki, 5 (beş) ədəd “gümüşü” rəngli kağız bükümlərdə və 1 (bir) ədəd göy rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.093 qram, 0.131 qram, 0.078 qram, 0,143 qram, 0,166 qram, 0,091 qram ümumi təmiz çəkisi 0,702 qram maddəllər, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs evinin qaraj hissəsindən götürülmüş maddi sübut” yazıları və imzalar olan kağız paketdəki, 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0.104 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2021-ci il tarixli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “10.12.2020-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərk götürülmüş” yazıları və imzalar olan kağız paketdəki metamfetaminlər ilə üzərində “Vətəndaş Təqsirləndirilən şəxs Sulididn oğlunun evinin qaraj hisəsindən aşkar edilərək götürülmüş maddi sübut” yazıları və imzalar olan kağız paketdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. Məhkəmə-narkoloji ekspertizasının 22 yanvar 2021-ci il tarixli, 69 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evin qarajında saxlaması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetaminin cəmi üç büküm olaraq əynində olan gödəkçənin cibindəki Rothmans markalı siqaret qutusunun içərisindən aşkar edilməsi, qalan bükümlərin ona aid olmaması, eləcə də yaşadığı evin qarajında metamfetamin olmaması barədə ifadəsinə tənqidi yanaşır və qeyd edir ki, şəxsin üzərinə baxış müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmiş, bu zaman onun əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilmiş siqaret qutusunun içərisindən məhz 6 ədəd bükümdə metamfetamin aşkar edilmişdir. Bu zaman təqsirləndirilən şəxs hər hansı etiraz bildirməmiş, əksinə aşkar edilmiş psixotrop maddələri özünün şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin yaşadığı evin qarajına baxış keçirilərkən yenə videoçəkilişdən istifadə olunmuş, axtarış zamanı təqsirləndirilən şəxs qara rəngli qutunu təqdim edərək içərisindəki bir büküm metamfetamini şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə-kimyəvi ekspertizası öz rəyində tədqiqata təqdim edilmiş bükümlərin içərisindəki metamfetamin maddələrinin hamısının xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olduğunu bildirmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatları onu cinayət məsuliyyətini yüngülləşdirmək cəhdi kimi qiymətləndirir və qeyd edir ki, onun ifadəsində qeyd edilən hallar ibtidai istintaq zamanı toplanmış mötəbər sübutlarla təkzb edilir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından və Bakı Ağır cinayətlər Məhkəməsinin 16.10.2014-cü il tarixli hökmü, eləcə də Sumqayıt Apellyasiya məhkəməsinin 25.02.2015-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs оьлу 16.10.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 228.1, 232.2.1 və 232.2.2-ci madələri ilə təqsirli bilinərək 5 il 1 ay 12 gün müddətinə azadlıqdan məhrum edilmiş, 25.02.2015-ci il tarixdə isə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 4 ay 12 günə endirilmiş və 28.02.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 232.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ağır cinayət hesab edildiyindən hazırkı cinayət işi üzrə cinayət əməli törədilərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 10 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 dekabr 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi nəzərə alınmaqla hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbsə alınmalı və cəzasının əvvəli hökmün elan edildiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş, 0,462 qram və 0,064 грам psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üç ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd tam yüzdə səksən) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs göstərdiyi 20 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş təmiz qalıq çəkisi 0,462 qram və 0,064 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd tam yüzdə səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul Müdafiəçi ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar