Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-81/2021 19.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 22.12.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 23.12.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 23.12.2020-ci il tarixdən 24.12.2020-ci il tarixədək müxtəlif vaxtlarda və müxtəlif yerlərdə yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evini qanunsuz olaraq tərk edib 23.12.2020-ci il tarixdə istintaqa məlum olmayan taksi avtomaşını ilə Bakı şəhərinə gedib 24.12.2020-ci il tarixdə yenidən istintaqa məlum olmayan digər taksi avtomaşını ilə Gəncə şəhərinə qayıdaraq tanımadığı şəxslərlə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmış və 24.12.2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər Kəpəz rayonu ərazisində Gəncə şəhərinə Bakı şəhər istiqamətindən girişdə X6 Arxeologiya və X3 Kompleksinin yanında quraşdırılmış stosianar polis postunda Gəncə şəhər BPİ-nin XTB-nin polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, Rusiya Fedarasiyasında ticarətlə məşğul olur və bir neçə il olar ki, orada yaşayır. 13 dekabr 2020-ci il tarixdə Gəncə şəhərində yaşayan anası rəhmətə getdiyi üçün Gəncəyə gəlmiş və anasını dəfn edib sonrakı yas mərasimlərini yekunlaşdırdıqdan sonra Rusiya Fedarasiyasına qayıtmaq üçün 24 dekabr 2020-ci il tarixdə təyyarə bileti almışdır. Lakin “COVİD 19” pandemiyası ilə əlaqədar təyyarəyə minməmişdən əvvəl virus testinin nəticəsi tələb edildiyi üçün o, 22 dekabr 2020-ci tarixdə Gəncə şəhərində yerləşən “xxxx” MMC adlı labarotoriyada analiz vermiş, testin nəticəsini Bakı şəhərindən ala biləcəyini soruşanda isə labarotoriyadan ona demişlər ki, o, Bakı şəhərində “İnci Mərkəz” adlı klinikadan testin cavabını ala bilər. Həmin vaxt özü təyyarə ilə Bakı şəhərindən Rusiya Fedarasiyasına getməli olduğu üçün 23 dekabr 2020-ci il tarixdə tanımadığı şəxsin taksi avtomaşını ilə Bakı şəhərinə getmiş, həmin gün saat 20 radələrində Bakı şəhərində fəaliyyət göstərən “İnci Mərkəz” adlı klinikaya gedib testin cavabını götürəndə ona məlum olmuşdur ki, onun testinin nəticəsi pozitivdir yəni, onda karona virus xəstəliyi aşkar edilmişdir. Analizin cavabını öyrəndikdən təxminən 1 saat sonra isə ona Gəncə şəhər Epidemiologiya mərkəzindən zəng olunmuş və ona “COVİD 19” virusuna yoluxduğu təkrar bildirilmiş və ona zəng edən, Hürü adlı həkim izah etmişdir ki, yaşadığı yeri tərk etməsin. Lakin yaşayış yeri Gəncə şəhərində olduğu üçün o, taksi avtomaşını ilə Gəncə şəhərinə qayıtmaq qərarına gəlmiş və bu məqsədlə həmin gün Bakı Beynəlxalq avtovağızalında gözləmə zalında oturub səhərin açılmasını gözləmiş, səhər açıldıqdan sonra tanımadığı bir taksi avtomaşını ilə danışıb tək Gəncə şəhərinə qayıtmışdır. Həmin vaxt o, taksi avtomobilinin sürücüsünə “COVİD 19” virusuna yoluxduğunu və Gəncə şəhərinə qayıtmaq istədiyini deyəndə həmin tanımadığı sürücü də ona COVİD 19 virusuna təzə yoluxub sağaldığını və özünün yoluxma ehtimalının olmadığını deyib onu Gəncə şəhərinə gətirməyə razılıq vermişdir. O, da arxada tək oturmuş, taksi sürücüsü də avtomobili idarə edib Gəncə şəhərinə qayıtmışlar. Gəncə şəhərinin girəcəyində X6 Muzeyinin yanında qurlaşdırılmış stosianar postda polis əməkdaşları onu yoxlayan zaman portalda virusa yoluxduğu aşkar olunmuş və o, saxlanılaraq müvafiq sənədləşmə işləri aparıldıqdan sonra həmin yerə çağrılmış TTY avtomobili ilə o, yaşadığı evə göndərilmişdir. Covid xəstəsi olduğu müddət ərzində o, sahə həkiminin nəzarəti altında müalicəsini yaşadığı evdə almış və 07 yanvar 2021-ci il tarixdə onun telefonuna SMS mesaj gələrək karantin müddətinin başa çatdığı bildirilmişdir. Onun təhsili olmadığından bilməyərəkdən qeyd edilən cinayət əməlini törətmiş, hazırda əməlindən çox peşimandır. Məhkəmə tərəfindən ona Rusiya Federasiyasında yaşayan ailəsinin yanına qayıda bilməsi üçün cərimə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2003-cü ildən DİO-da, 2005-cü ildən isə Gəncə şəhər BPİ-nin XTB-nın polis serjantı vəzifəsində xidmət edir. Nazirlər Kabineti tərəfindən elan edilmiş sərtləşdirilmiş karantinlə əlaqədar olaraq Gəncə şəhərinin giriş-çıxışına məhdudiyyət qoyulmuşdur. Bununla bağlı olaraq Gəncə şəhərinin Bakı şəhər istiqamətində giriş və çıxışında stasionar polis postları qurulmuşdur. Həmin postlarda növbəli şəklidə Gəncə şəhər BPİ-nin və tabeli rayon polis idarələrinin polis əməkdaşları xidmət təşkil etmişlər. Onun xidməti vəzifəsi Gəncə şəhərinə giriş hüququ olan şəxslərin yoxlanılması və buraxılması, həmçinin Gəncə şəhərini tərk edən şəxslərin hüququnun olub-olmamasını yoxlamaq olmuşdur. Həmin yoxlanışları onlara verilmiş xidməti portallarla həyata keçirmişlər, portal da yalnız izacəsi olan şəxslər və COVİD 19 virusuna yoluxmuş şəxslər qeyd olunur. 24 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində qeyd etdiyi ərazidə xidmətdə olan zaman nömrə nişanını xatırlamadığı Mercedes markalı avtomobil stasionar postda yaxınlaşmış, həmin avtomobilin sürücüsü portalda yoxlanılmış və sürücünün icazəsinin olduğu müəyyən edilmişdir. Bundan sonra avtomobildə arxa tərəfdə bir nəfər sərnişinin olmasını müəyyən edib həmin şəxsin şəxsiyyətini məlum etmək üçün portalda özünün dediyi Təqsirləndirilən şəxs adını yazmış, həmin ad, soyad həqiqətən də həmin şəxsə mənsub olmuş və məlum olmuşdur ki, həmin şəxsin portalda adı, soyadı qeyd edilən kimi COVİD 19 virusuna yoluxması yazılmışdır. Söhbət zamanı həmin şəxs özü də etiraf etmişdir ki, virusa yoluxması barədə analiz cavabı var. O, həmin şəxsi avtomobildən düşürtmış, bu barədə Gəncə şəhər BPİ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. Sonra digər polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs sənədləşdirib və TTY avtomaşını ilə yaşadığı evə yola salmış, Təqsirləndirilən şəxs xəstə olduğu müddətdə yaşadığı evi tərk etməməsi və izolyasiya qaydalarına əməl etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs olduğu avtomobilin nömrə nişanını xatırlamamış və həmin avtomobilin sürücüsünü tanımamışdır. Təqsirləndirilən şəxs taksi avtomobilində arxada oturmuş, avtomobili isə sürücü idarə etmiş və avtomobildə başqa heç kəs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər 2 nömrəli şəhər poliklinikasında sahə həkimi işləyir. O və digər sahə həkimləri yüngül simptomlu Covid-19 xəstələrinin ev şəraitində müalicələrini və xəstələrə nəzarəti həyata keçirirlər. Təqsirləndirilən şəxs da o, işlədiyi poliklinikaya qeydiyata düşmüş və ev şəraitində müalicə almışdır. 24 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs vermiş olduğu Covid-19 testinin pozitiv çıxdığı və poliklinikaya qeydiyata düşməsi barədə məlumat daxil olmuşdur. Həmin vaxtdan etibarən onlar xəstəlik tarixçəsi açmışlar və Təqsirləndirilən şəxsla əlaqə saxlayıb sonuncunun yaşadığı evdən 14 gün müddətində kənara çıxmamağı, yaşadığı evdə izolyasiyya qaydalarına əməl edərək evdə olan digər şəxslərlə təması azaltmağı tapşırmışlar. 24 dekabr 2020-ci il tarixdən başlayaraq 14 gün müddətində Təqsirləndirilən şəxsla mütamadi əlaqə saxlanılmış və sonuncuya təyinatı üzrə dərman pereperatlarını vermişlər. Bundan sonra müalicənin nə cür aparılması barədə daim nəzarət olunmuşdur. Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlanılan zaman sonuncu daim özünü yaxşı hiss etdiyini və səhhəti üçün hər hansı bir ciddi narahatçılıq olmadığını, yəni yüksək tempuratur, boğulma ilə nəticələnən öksürmə olmadığı üçün xəstəliyin nəzarət qaydasında ev şəraitində keçirib sağalmışdır. Təqsirləndirilən şəxs Covid 19 xəsətəsi kimi 07 yanvar 2021-ci il tarixədək poliklinikada qeydiyyatda durmuş və həmin tarixdə sağaldıqdan sonra qeydiyyatdan çıxmışdır. O və digər sahə həkimləri virusu yüngül keçirən xəstələrlə ev şəraitində telefon vasitəsi ilə əlaqə saxlayıb müalicəsinin gedişinə nəzarət edirlər. O, Təqsirləndirilən şəxs evdən çıxıb-çıxmamasını bilməmiş, lakin sonuncuya evdən çıxmaması barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən Gəncə şəhəri Gigiyena və Epidemiyalogiya mərkəzində həkim parazitoloq vəzifəsində işləyir. Həkim olaraq korona virus xəstələrinin müalicəsinə cəlb olunmuşdur. Bildirir ki, hansı bir şəxsdə karonavirus xəstəliyi aşkarlanarsa, Bakı şəhərində Gigiyena və Epidemiyalogiya mərkəzində həmin yoluxmuş xəstəyə dair məlumatlar avtomatik elektron sistemə daxil edilir və qeydiyyata alınır. Daha sonra həmin yoluxmuş xəstənin sistem məlumatları Bakı şəhərindən onların mərkəzinə göndərilir. Onlarda isə mərkəzin direktor müavini yeni yoluxmuş xəstəyə dair sistem məlumatlarını həkimlər arasında bölüşdürür. Onlarda öz növbələrində həmin sistem məlumatları ilə bağlı karona virusa yoluxmuş xəstələrə dərhal zəng edərək onların harada yaşamasını, olduğu yer barədə məlumatı öyrənib həmin xəstələrə izoliyasiya qaydalarını izah edirlər. Məhkəmədə baxılan işlə əlaqədar qeyd edir ki, mərkəzin sisteminə 23 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs karonavirusa yoluxmasına dair məlumat daxil olmuş, o, da bütün xəstələrdə olduğu kimi dərhal həmin xəstəyə də özünə məxsus mobil telefonla zəng edərək, hansı ərazidə yaşadığını soruşaraq, ona olduğu yeri dəyişməməsini və ilkin olaraq özünü təcrid etməsini həmçinin xəstəliklə bağlı müvafiq təlimatın qaydalarını izah etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs karona virusa yoluxmasını və bu barədə verdiyi analizin nəticəsinin “pozitiv” çıxmasını təsdiqləmiş, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində evdə tək yaşadığını bildirmiş, lakin söhbət zamanı ona Bakı şəhərində olmasını bildirməmişdir. Bundan sonra, həmin xəstənin olduğu ərazinin sahə həkimlərinə xəstəya dair məlumatlar göndərilmiş və həkimlər həmin şəxsin səhhətinə uyğun olaraq ev və yaxud xəstəxana şəraitində saxlanılaraq müalicə alması barədə şəxsə köməklik göstərərək həmin şəxsi karantinə almışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında 28 dekabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nın 139-1.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Baxış keçirilməsi” haqqında 24 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, X6 Arxeologiya və X3 Kompleksinin yanında quraşdırılmış stasionar postda sanitariyagigiyena və ya karantin qaydalarını pozaraq Covid 19 virusunun yayılmasına şərait yaradan hərəkətlər edib yaşadığı ünvanı tərk etdiyi üçün polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. «İnci» adlı tibbi laboratoriyanın 23.12.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23.12.2020-ci il tarixdə “COVİD-19” infeksiyasına görə müayinəsinin nəticəsi pozitiv çıxmışdır. Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin 20.01.2021-ci il tarixli, 210 nömrəli məktubundan görünür ki, “COVİD-19” Milli Məlumat Bazasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 47, mənzil 27-də qeydiyyatda olamaqla Gəncə şəhəri H.Z.Tağıyev küçəsi ev 88-də yaşayan Təqsirləndirilən şəxs 23.12.2020-ci ildə COVİD 19 infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. Pozitiv xəstə olan Təqsirləndirilən şəxs 23.12.2020-ci il tarixdən 06.01.2021-ci il tarixədək ev karantində olmuşdur. Xəstənin təması olmamışdır. “Baxış keçirilməsi” haqqında 13.02.2020-ci il tarixli, 86 nömrəli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 23.12.2020-ci il tarixdə, saat 00:00:00-dan 07.01.2021-ci il tarixdə, saat 23:59:00-dək olan müddət ərzində olduğu yerlərin müəyyən olunması məqsədilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi üzrə anten dairəsi müəyyən olunaraq əldə olunmuş məlumatlar olan diskə baxış keçirilmiş, diskə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs 23.12.2020-ci il tarixdə, saat 00:17:12-dən 23.12.2020-ci il tarixdə, saat 10:43:25-dək Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsində olması, 23.12.2020-ci il tarixdə, saat 10:47:09-da Gəncə şəhəri M.A.Abbaszadə küçəsi, 23.12.2020-ci il tarixdə, saat 10:58:34-də Gəncə şəhəri N.Nərmmanov küçəsi 1, daha sonra isə əldə olunmuş anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs 23.12.2020-ci il tarixdə Göygöl, Samux, Goranboy, Ağdaş, Ucar və digər rayonlarda olaraq Bakı şəhəri istiqamətində hərəkət etməsi, 23.12.2020-ci il tarixdə, saat 14:28:19-də isə artıq Bakı şəhərinə çatıb həmin günü Bakı şəhərində müxtəlif ünvanlarda olması müəyyən olunur. Anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs 24.12.2020-ci il tarixdə, saat 13:19:57-də Bakı şəhərindən çıxaraq Gəncə şəhəri istiqamətində hərəkət etməsi, 24.12.2020-ci il tarixdə, saat 17:51:56-da isə Samux rayonu, Zazalı girişi adlanan atten dairəsində olması, daha sonra isə yaşadığı ünvan istiqamətində hərəkət edərək 24.12.2020-ci il tarixdə, saat 18:19:51-dən etibarən isə anten məlumatlarına əsasən Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsində olması müəyyən olunur. 24.12.2020-ci il tarixdə, saat 18:19:51dən 06.01.2021-ci il tarixdə, saat 16:24:08-dək olan müddət ərzində isə Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev küçəsi ilə M.Hüseyn küçəsinin kəsişməsi adlanan anten dairəsi üzrə ərazini tərk etməmiş və daima həmin yerdə olması müəyyən olunmuş, «50» vərəqədən ibarət anten dairələri çap olunaraq protokola əlavə olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 15 fevral 2021-ci il tarixli, 62 qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. “Qətimkan tədbiri seçmə” barədə 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.1975-cı ildə Gəncə şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan RF Moskva şəhər 58 nömrəli VVAQ idarəsi tərəfindən verilmiş Vİİİ MYU 810855 nömrəli 16.04.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06.04.2018-ci il təvəllüdlü Dilək adlı bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş 66 saylı Evlər üçlüyü tərəfindən verilmiş 01.03.2021-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, H.Z.Tağıyev küçəsi, ev 88-də 1981-ci ildən qeydiyyatsız yaşayır. Yaşadığı müddətdə bütün qonşular və yaşıdlar arasında hörmət və ləyaqətə malik olan bir vətəndaşdır. Həmişə özündən böyüklərə və kiçiklərə xüsusi qayğı ilə yanaşır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16.01.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1975-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları, videogörüntülər və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariyaepidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. ” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində 1(bir) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs müalicə aldığı dövürdə digər pozuntulara yol verməməsini də şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (hal-hazırda ailə üzvlərinin Rusiya Federasiyasında yaşaması) CM-58.3-cü maddəsinə əsasən nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan hadisənin görüntülərini və özündə şəxsin telefon məlumatlarını əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-81/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-81/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver