Məhkəmə qərarları › İş №1(043)-82/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-82/2021

26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-82/2021 26.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən Füzuli parkının yanında tanışı Zərərçəkmiş şəxs ona sürət qutusunu təmir etməsi üçün etibar etdiyi Range Rover markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobilin digər hissələrində olan nasazlıqlar səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, döş qəfəsi qançırı xəsarətləri ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 ildir ki, avtomobillərin sürət qutusunun təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs və qardaşı Şahid1 əvvəllər tanımış, hər ikisi ilə münasibəti normal olmuş, Raminə məxsus avtomobilləri əvvəllər də təmir etmişdir. Ramini 01.11.2020-ci il tarixdə özünə məxsus Range Rover ** RL *** dövlət qeydiyyat nişanlı avtomomobilin sürət qutusunu düzəltdirmək üçün Gəncə şəhəri Metallurq meydançasının yaxınlığında yerləşən avtoservisə yönəltmiş, dostu Elnur usta ilə danışmış və Raminə məxsus avtomobilin sürət qutusunu sökəcəyi ilə bağlı razılaşmış, səhəri gün həmin sexə getmiş və avtomobilin sökülmüş vəziyyətdə olan sürət qutusunu düzəltməyə başlamışdır. 05.11.2020-ci il tarixdə Raminə məxsus avtomobilin sürət qutusunu təmir edib qurtarmış, daha sonra özünə məxsus BMV X 5 markalı avtomobilin mühərrik hissəsi titrəmə verdiyi üçün, sınaq məqsədilə X3 markalı avtomobilinin 4 ədəd babinlərini çıxardıb, öz avtomobilinə qoyub yoxlamış, daha sonra avtomobili yenidən titrəmə verdiyi üçün, artıq problemin babin hissəsindən olmadığını anlamış və Raminin avtomobilinin babinlərini təmizləyərək yenidən öz yerinə qoyub, avtomobilini düzəltmişdir. Həmin gün təxminən saat 17 radələrində Ramin avtomobilini götürmək üçün qardaşı ilə birlikdə gəlmiş, Raminlə avtomobili sürüb yoxlamış, avtomobildə biraz titrəmə olmuş, Raminə axşam olduğu üçün avtomobilini sürüb getməsini, daha sonra səhər tezdən avtomobili yenidən servisə gətirməsini istəmişdir. Daha sonra Ramin avtomobili sürüb çıxıb getmiş, o, öz yaşadığı evə gedib evdən 1500 ABŞ dolları pul götürüb bacısıgilə vermək məqsədilə evdən çıxıb avtomobili ilə Gəncə marketin yanı ilə hərəkət gedərkən Ramin ona zəng edərək Range Rover avtomobilinin bərk titrədiyini və ona görə də Metallurqun yanında olan servisə gəldiyini və onu gözlədiyini bildirmişdir. Həmin vaxt öz avtomobili ilə həmin servisə gəlmiş, Ramin qardaşı Orxan ilə gəlmiş, Raminə məxsus avtomobilin sükanında əyləşib mühərriki işə salan zaman avtomobilin normal titrədiyini görmüş, Ramin ona avtomobilini sürüb işləyib-işləmədiyini yoxlamağı istəmişdir. O, Raminin avtomobilini sürmüş, Ramin qabaq oturacaqda əyləşmiş, Orxan isə arxa oturacaqda əyləşmiş, daha sonra o, Raminin avtomobilini Füzuli parkının baş tərəfində sürüb yoxlayan zaman, Ramin avtomobili saxladıb onu qardaşı Orxanla avtomobildən düşürmüşlər. Ramin ondan avtomobilin babinlərini nəyə görə dəyişməyini soruşmuş, o, dəyişib yoxlayaraq yerinə qoyduğunu demiş və səhəri gün babinlərdə olan nasazlığı həll edə biləcəyini bildirmişdir. Daha sonra Ramin avtomobildən babini çıxarmağını bildiyi üçün belindən bıçaq çıxardıb üstünə gələrək, onu vurmaq istəyən zaman əlində olan bıçağı tutmuş və bıçaq xatırlamadığı əlini cüzi olaraq kəsmiş, Orxan və Ramin üstünə düşüb yumruqla onun baş və bədən nahiyəsinə zərbələr vuraraq onu yerə yıxmışlar. Daha sonra da hər ikisi yerdə onu təpiklə döyməyə başlamışlar, bu vaxt parkın yanında olan 2-3 nəfər şəxs gəlib onları araladıqdan sonra avtomobili sürüb çıxıb getmişlər, daha sonra o, yerdən qalxıb özünə gəldikdən sonra qolundan 1 ədəd 200 manat dəyərində markasını xatırlamadığı saatının düşdüyünü, içərisində sürücülük vəsiqəsi, özünə məxsus BMV X5 markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi və 1500 ABŞ dolları pul olan pul kisəsinin, eyni zamanda 1 ədəd 200 manat dəyərində Samsung J5 və 1 ədəd 600 manat dəyərində Redmi Note 8 markalı telefonlarının yerə düşdüyünü və naməlum şəraitdə yoxa çıxdığını aşkar etmişdir. Həmin vaxt kənardan onları aralamağa gələn şəxslərdən biri onun üzərindən yerə düşən nəyi varsa, onu döyən şəxslər tərəfindən götürülərək aparılmasını demiş, o da Raminin və qardaşı Orxanın barəsində Kəpəz RPİnə ərizə ilə müraciət etmişdir. Onun qardaşına mobil telefonların Gəncə şəhəri, Əlillər dairəsinin yanında yerləşən köşkə verilməsi bildirilsə də, o, həmin mobil telefonlarımı ancaq polisdən götürə biləcəyini bildirmiş, bundan sonra polis idarəsinə hər iki mobil telefonunu təhvil almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 3 il müddətdir ki, tanımış, Hüseynə bir neçə dəfə avtomobilini düzəltdirmişdir. 01.11.2020-ci il tarixdə özünə məxsus olan Range Rover markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürət qutusunda problem olduğu üçün tanışı Hüseynin yanına Gəncə şəhəri Metallurq meydançasının yanında yerləşən avtoservisə aparmışdır. Razılaşmaya əsasən avtomobilin sürət qutusunu usta Elnur sökməli, Hüseyn isə sürət qutusunu təmir etməli olmuşdur. 05.11.2020-ci il tarixdə təxminən saat 17 radələrində avtomobilini götürmək üçün qardaşı Orxanla birlikdə həmin avtoservisə getmiş, həmin vaxt Hüseyn avtomobilinin sürət qutusunu düzəltdiyini deyib oturub işə salmiş, sürət qutusunun düzəldilməsi üçün ümumilikdə hissı-hissə 1000 manat pulu Hüseynə vermiş, Hüseyn avtomobili sürdüyü zaman bir az nasazlıq hiss etmiş, ancaq Hüseyn ona avtomobil çox işlədikdə düzələcəyini, düzəlməsə səhəri gün yenidən baxacağını dediyi üçün əhəmiyyət verməmişdir. Daha sonra avtomobili sürüb avtoservisdən getmiş, Yeni Gəncə qəsəbəsinin dairəsində avtomobildə nasazlığın ciddi olmasını görmüş, o, avtomobilin motor hissəsini açıb baxanda 4 ədəd bir ədədinin dəyəri 30 manat olan babinlərin sökülüb xarablarının qoyulması ona məlum olmuş, həmçinin avtomobilin dörd ədəd təkərini eyni zamanda hərəkət etdirən qurğu sökülüb dəyişdirilmiş, həmin qurğunu 650 manata almışdır. O, avtomobilin salonunda qolaltı hissəsindəki saxlanc yerini açıb baxan zaman həmin yerə qoyduğu 10000 manat pulunun da yerində olmadığını bilmiş, daha sonra Hüseynə zəng edərək avtomobilinin düzgün işləmədiyini deyib avtoservisə gəlməsini tələb etmişdir. Hüseyn təkbaşına servisə gəldikdən sonra, avtomobilə oturub sürüb yoxlamasını demiş, Hüseyn avtomobilə oturub işə salmış, o, Hüseynin yanında, Orxan isə arxa oturacaqda əyləşmiş, Füzuli parkı istiqamətində avtomobillə gedən zaman, Hüseynə nə üçün maşının babinlərini və təkərləri hərəkətə gətirən hissəsini özbaşına dəyişdiyini, eyni zamanda 10000 manat pulunu özbaşına götürməsini deyən zaman, Hüseyn həmin işlərin asan məsələ olduğunu, babinləri dəyişəcəyini, təkərləri hərəkətə gətirən qurğunu isə başqa Range Rover markalı avtomobildən söküb onun avtomobilinə qoyacağını demişdir. Lakin 10000 manat pulunu götürmədiyini deyən zaman, aralarında mübahisə yaranmış, həmin vaxt Hüseyn bıçaq çıxarmış, Füzuli parkının yanında avtomobili saxlayıb onlarla söhbət etmək üçün avtomobildən düşmüş, aralarında Füzuli parkı ilə Metallurq stadionun arasındakı yolda mübahisə yaranmışdır. Hüseyn belindən çıxardığı bıçaqla onu vurmaq istəyən zaman, qardaşı Orxan üzərinə gedib əlindən bıçağı alaraq kənara atmış, həmin vaxt Hüseyn bir gün tüfənglə onları öldürəcəyini, bu işi belə qoymayacağını deyərək ölüm ilə hər ikisini hədələyib üzərinə yenidən gəlib təpik və yumruqla ayağına və bədəninin müxtəlif nahiyələrinə zərbə yetirib onu döyən zaman, qardaşı Orxan onu müdafiə etmək üçün özünü onun qabağına verdiyi üçün Hüseyn Orxanı da təpik və yumruqla vurub döyəndə parkın başında dayanmış bir neçə nəfər şəxs gəlib Hüseyni aralamışlar. Həmin vaxt o, qardaşı Orxanla birlikdə dərhal avtomobilə oturub həmin yerdən uzaqlaşmış, Hüseynin mobil telefonlarının avtomobildə qalmasını görmüş, Hüseynlə əlaqə saxlaya bilmədiyi üçün mobil telefonları Gəncə şəhəri Əlillər dairəsinin yanında yerləşən köşkdə işləyən tanışı Nurlana vermiş, avtoservisdə işləyən Elnur ustaya zəng edərək Hüseynə mobil telefonları götürməsini deməsini istəmişdir. O, Hüseynin etdikləri barəsində polis idarəsinə şikayət etmiş, 06.11.2020-ci il tarixdə Hüseyn mobil telefonları götürmədiyindən mobil telefonları köşkdən götürüb polis idarəsinə təqdim etmişdir. O və qardaşı Orxan Hüseyni vurmamışlar, Hüseyn onu döyən zaman qardaşı Orxan araya girdiyi üçün Hüseyn Orxana da zərbələr vurmuşdur. O, Hüseynin üzərinə bıçaq çıxarmamış, həmin hadisə yerindən uzaqlaşan zaman, Hüseynin hər iki telefonunun avtomobildə qaldığını görüb, Hüseynlə görüşüb yenidən dalaşmamaq üçün həmin telefonları Gəncə şəhəri əlillər dairəsinin yanındakı köşkə verib, daha sonra Elnur ustaya zəng edərək Hüseynə telefonlarını gedib oradan götürməsini deməsini istəmişdir. Lakin həmin vaxt Hüseynin cibindən 1500 ABŞ dolları, qolundan saatının və sənədlərinin həmin Füzuli parkı ərazisində necə düşürüb itirməsini görməmiş, o və qardaşı Orxan Hüseynin pulunu, saatını, sənədlərini və pul kisəsini götürməmişlər. Onun bədəni üzərində olan xəsarətlər Hüseyn ona təpiklə və yumruqla zərbələr vuran zaman əmələ gəlmiş, hadisə təxminən 2-3 dəqiqə müddətində davam etmiş, hadisəni parkın başında dayanmış tanımadığı şəxslər müşahidə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Raminin vasitəsi ilə tanımış, Hüseynə qardaşı bir neçə dəfə öz avtomobilini düzəltdirmiş, 2020-ci ilin noyabr ayının 1-də qardaşı Ramin özünə məxsus olan Range Rover markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürət qutusu hissəsində problem olduğu üçün Hüseynin işlədiyi Gəncə şəhəri Metalurq meydançasının yanında yerləşən avtoservisə avtomobilini aparıb nasaz hissəni düzəltməsi üçün avtomobili Hüseynə vermişdir. Daha sonra 05.11.2020-ci il tarixdə təxminən saat 17 radələrində avtomobili götürmək üçün qardaşı Raminlə birlikdə həmin avtoservisə getmiş, həmin vaxt Hüseyn avtomobilin sürət qutusunu düzəltdiyini deyib oturub işə salmış, qardaşı ümumilikdə hissə-hissə istifadə olunmuş ləvazimatlara 1000 manat pul vermişdir. O, avtomobilin arxa oturacağında əyləşmiş, qardaşı Ramin isə qabaqda Hüseynin yanında əyləşmiş, Hüseyn avtomobili sürdüyü zaman səs gəlməsini hiss etmişlər, ancaq Hüseyn avtomobilin mühərrikinin soyuq olduğu üçün səs gəlməsini, əgər səs sabaha kimi kəsməsə səhəri gün düzəldə biləcəyini demişdir. Daha sonra avtoservisə geri qayıtmışlar və Hüseyni düşürdükdən sonra Ramin sükanın arxasına keçmiş, sağollaşıb Yeni Gəncə qəsəbəsi istiqamətində getmişlər. X4 qəsəbəsinin dairəsində avtomobildə nasazlığın ciddi olmasını görmüş, avtomobilin motor hissəsini açıb baxanda 4 ədəd bir ədədinin dəyəri 30 manat olan babinlərin sökülüb xarablarının qoyulması onlara məlum olmuş, həmçinin avtomobilin dörd ədəd təkərini eyni zamanda hərəkət etdirən qurğu sökülüb dəyişdirilmişdir. Həmin qurğunu qardaşı 650 manata almış, daha sonra qardaşı avtomobilin salonunda qolaltı hissəsini açıb baxan zaman həmin yerə qoyduğu 10000 manat pulunun yerində olmadığını və oğurlandığını bilmiş, qardaşı Hüseynə zəng edərək avtomobilinin düzgün işləmədiyini deyib avtoservisə gəlməsini tələb etmişdir. Daha sonra Hüseyn təkbaşına servisə gəldikdən sonra, avtomobilə oturub sürüb yoxlamasını demişlər, Hüseyn avtomobilə oturub işə salmış, o, avtomobilin arxa oturacağında, Ramin isə qabaq da Hüseynin yanında əyləşmiş, Füzuli parkı istiqamətində avtomobillə gedən zaman, qardaşı Ramin Hüseyndən nə üçün avtomobilin babinlərini və təkərləri hərəkətə gətirən hissəsini özbaşına dəyişdiyini, eyni zamanda 10000 manat pulunu özbaşına götürməsini soruşmuşdur. Hüseyn Raminə həmin işlərin asan məsələ olduğunu, babinləri dəyişəcəyini, təkərləri hərəkətə gətirən qurğunu isə başqa Range Rover markalı avtomobildən söküb avtomobilə qoyacağını demiş, lakin 10000 manat pulu götürmədiyini deyən zaman, aralarında mübahisə yaranmış, həmin vaxt Hüseyn bıçaq çıxarmış, Füzuli parkının yanında avtomobili saxlayıb onlarla söhbət etmək üçün avtomobildən düşmüş, Füzuli parkı ilə Metallurq stadionun arasındakı yolda aralarında mübahisə yaranmışdır. Hüseyn belindən çıxardığı bıçaqla Ramini vurmaq istəyən zaman, o, Hüseynin üzərinə gedib əlindən bıçağı alaraq kənara atmış, həmin vaxt Hüseyn bir gün tüfənglə onları öldürəcəyini, bu işi belə qoymayacağını deyərək ölümlə hər ikisini hədələyib qardaşı Raminin üstünə yenidən gəlib təpik və yumruqla ayağına və bədəninin müxtəlif nahiyyələrinə zərbə yetirib Ramini döyən zaman, Ramini müdafiə etmək üçün özünü qabağa verdiyi üçün Hüseyn onu da təpik və yumruqla vurub döymüşdür. Həmin vaxt stadionun yanında dayanmış bir neçə nəfər tanımadığı şəxs gəlib Hüseyni aralamışlar, həmin vaxt o, qardaşı Raminlə birlikdə dərhal avtomobilə oturub həmin yerdən uzaqlaşmışlar, Hüseynin 2 ədəd mobil telefonunun avtomobildə qalmasını görmüşlər, Hüseynlə əlaqə saxlaya bilmədikləri üçün qardaşı Ramin mobil telefonları Gəncə şəhəri Əlillər dairəsinin yanında yerləşən köşkə qoymuş, Ramin avtoservisdə işləyən Elnur ustaya zəng edərək Hüseynə mobil telefonları götürməsini deməsini istəmişdir. Raminin bədənində çoxlu sayda qançırlar olmuş, qardaşı Ramin Hüseynin etdikləri barəsində polis idarəsinə şikayət etmiş, 06.11.2020-ci il tarixdə Hüseyn mobil telefonları götürmədiyindən Ramin köşkdə mobil telefonları götürüb polis idarəsinə təqdim etmiş, onun sol qolunda və sol ayağında qançırlar olsa da, çox ağrı vermədiyi üçün əhəmiyyət verməmiş, ancaq Hüseyn onun və qardaşı Raminin barəsində polisə şikayət etdiyi üçün 07.11.2020-ci il tarixdə o da Kəpəz rayon polis idarəsinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Avto Doktor sexində çilingər işləmiş, Təqsirləndirilən şəxs 2 ildir ki, tanımış, Hüseynlə əvvəllər eyni sexdə işləmişlər, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 01.11.2020-ci il tarixdə Hüseyn Ramin adlı şəxslə birlikdə onun işlədiyi sexə gəlmiş, Hüseyn Raminə məxsus Range Rover markalı avtomobilin sürət qutusunu düzəltməli olmuş, Bunun üçün ilk öncə sürət qutusu sökülərək avtomobildən ayrılmalı olmuş, Hüseynlə razılığa əsasən o, avtomobilin sürət qutusunu sökməli olmuşdur. Ramin avtomobili onun işlədiyi sexin qarşısında saxlayaraq çıxıb getmiş, avtomobilin sürət qutusunu sökmüş və təmir etməsi üçün Hüseynə vermiş, Hüseyn sürət qutusunu təmir etmək üçün müxtəlif növ ləvazimatlar almış və sürət qutusunu təmir etmiş, o, sürət qutusunu yerinə qoşmuşdur. 05.11.2020-ci il tarixdə Ramin avtomobilini götürmək üçün onun işlədiyi sexə gəlmiş, Ramin ona 150 manat pul vermiş, bundan sonra Ramin Hüseynlə birlikdə avtomobili sürüb yoxlamağa getmişlər, bir müddət sonra geri qayıtmışlar, Ramin Hüseynə avtomobilin səs çıxarmasını demiş, Hüseyn Raminə avtomobilin soyuq vəziyyətdə olduğu üçün səs çıxarmasını izah etmişdir. Bundan sonra Ramin avtomobilini sürüb getmiş, Hüseyn də özünə məxsus avtomobil ilə çıxıb getmiş, təxminən yarım saat sonra Ramin sexə geri qayıtmış və avtomobilin babinlərinin dəyişdirilməsini bildirmiş, Raminin yanında qardaşı olmuşdur. O, Raminə bu barədə heç bir məlumatının olmadığını və avtomobilin içərisinə ümumiyyətlə girmədiyini demiş, bundan sonra Ramin Hüseyni sexə çağırmışdır. Təxminən 1 saat sonra Hüseyn sexə gəlmiş, Raminin avtomobili sexin qarşısında olmuş, Hüseyn Ramin və Raminin qardaşı ilə birlikdə avtomobilə minib nasazlığı yoxlamaq üçün getmişdir. Təxminən 15-20 dəqiqə sonra Ramin ona zəng edərək Hüseynin mobil telefonlarının avtomobilində qalmasını bildirmiş və onun bu barədə Hüseynin qardaşına məlumat verməyini xahiş etmiş, o, Hüseynin qardaşına zəng edərək mobil telefonların Raminin avtomobilində qalması barədə məlumat vermiş, bundan sonra Ramin ona zəng edərək mobil telefonları Hərbi şəhərciyin yanındakı köşkə verdiyini demiş və Hüseynə telefonları gedib oradan götürməsini deməyini ondan istəmişdir. O da Hüseynin qardaşına zəng edərək məlumat vermiş, Hüseynin qardaşı mobil telefonları götürəcəyini bildirmiş, ancaq götürüb götürməməsi barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 noyabr 2020-ci il tarixli 1740 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hemotoması, döş qəfəsi qançırı- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 05.11.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi döymədiyini, əksinə zərərçəkmiş şəxs və onun qardaşı tərəfindən döyüldüyünü bildirsə də iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizası zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulduğunu, eləcə də bu xəsarətlərin hadisə baş verən tarixə uyğun gəldiyini müəyyən etmişdir. Eləcə də zərərçəkmiş şəxs və şahidlərin bir-biri ilə üst-üstə düşən ifadələri də Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən qəsdən yetirilməsini təsdiq edir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini cinayət məsuliyyətindən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut kimi qəbul etmir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş 11.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, o cümlədən onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, bununla yanaşı təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı 14 saat, məhkəmədə isə 16 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 180 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat pul ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar