Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-83/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Aydınbəyov küçəsi, bina 59, mənzil 39-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Sakit Atakişiyev küçəsində Təzə Məhəllələr yaşayış massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, məlum olmayan vaxt və mənbədən 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 0,959 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və xx xxxxxx 2020-ci il tarixdə saat 18-20 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, Səbuhi Əliyev prospektində «Covid-19» pandemiyası ilə bağlı sərtləşdirilmiş karantin rejiminin tələblərini pozduğu üçün Gəncə şəhər BPİ-nin PPX-ti taborunun əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz olaraq daşıyaraq saxladığı narkotik vasitəni məsuliyyətdən yayınmaq üçün tullamaq istəyərkən, həmin vasitə ilə birlikdə saxlanılıb Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz rayon Pİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman saxlanılarkən tullamaq istədiyi şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,959 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci tarixdə günorta saatlarında yaşadığı Məhsəti qəsəbəsində yaşadığı küçələrinə yaxın bir yerdə yerdə kiçik sellofan bükülü görmüş, həmin bükülü onun diqqətini cəlb etmişdir. O, həmin bükülünü açanda əvvəllər də bir neçə dəfə istifadə etdiyi narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, bu bükülünü götürüb üzərində saxlamışdır. Həmin gün saat 18 radələrində yaşadığı qəsəbədən çıxıb Səbuhi Əliyev prospekti ilə piyada gedərkən polis əməkdaşları onu maskadan düzgün istifadə etmədiyinə görə saxlamışlar. O, üstünün yoxlanılacağını düşündüyü üçün həmin gün tapıb üzərində gəzdirdiyi heroini cibindən çıxarıb tullamaq istəyərkən polis əməkdaşları bunu görmüşdür. Polis əməkdaşı ona yaxınlaşıb nə tullamaq istədiyini soruşmuş və əlindən tutmuşdur. Bu səbəbdən o, əlindəki narkotik vasitəni tullaya bilməmişdir. Polis əməkdaşları ondan yerə atmaq istədiyi kütlənin nə olmasını soruşmuşdur. O da həmin kütlənin heroin olduğunu demişdir. Bundan sonra onu Kəpəz rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində o, heroinin özünə məxsus olmasını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, tapdığı narkotik vasitədən heç kimə verməmiş və satmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, 2013cü ildən DİO-da və tutduğu Gəncə şəhər BPİ-nin PPX-ti taborunun polis nəfəri vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə saat 18-20 dəqiqədə, ekipaj yoldaşı polis nəfəri Şahid3 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Səbuhi Əliyev prospektində xidmətdə olarkən əvvəl tanımadığı, sonradan şəxsiyyətini Təqsirləndirilən şəxs kimi bildiyi şəxsi sərtləşdirilmiş karantin qaydalarını pozduğuna görə, yəni, tibbi maskadan düzgün istifadə etməməsinə görə saxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs cibindən siqaret falqasına bükülü kütləni çıxarıb yerə atmaq istəyərkən onun qolundan tutmuş və yerə atmaq istədiyi kütlənin nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə kütlənin heroin olmasını, özünün istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Bu səbəbdən onu avtomobilə əyləşdirib Kəpəz rayon Polis İdarəsinə gətirmiş və bu barədə raport yazmışdır. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi və yerə atmaq istədiyi kütləyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yerə atmaq istədiyi siqaret falqasına bükülü kütləyə baxış keçirmə zamanı bükülüdə ilk baxışdan heroinə oxşar kütlə olduğu məlum olmuşdur. Həmin kütlənin nə olması Təqsirləndirilən şəxs soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını, özünün istifadəsi üçün üzərində gəzdirməsini, özünə məxsus olmasını, həmin kütləni tapmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində o, Kəpəz rayon Pİ-də olarkən Gəncə şəhər BPİ-nin PPX-ti taborunun polis nəfərləri Şahid3 və Şahid1 Gəncə şəhəri, Kəpəz rayonu, Səbuhi Əliyev prospektində xidmətdə olarkən əvvəl tanımadığı, sonradan şəxsiyyətini Təqsirləndirilən şəxs kimi bildiyi şəxsi Kəpəz rayon Polis İdarəsinə gətirmişdilər. Təqsirləndirilən şəxs aşkar olunmuş əşyaya baxış keçirilməsi üçün o da dəvət edilmiş, həmin baxış keçirməni özünün «Panasonik» markalı video kameram vasitəsi ilə video lentə almışdır. Həmin kütləyə baxış keçirmə zamanı bükülüdə, kəskin iyli, çəhrayı rəngli, ilk baxışdan heroinə oxşar kütlə olmuşdur. Həmin kütlənin nə olması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını, özünün istifadəsi üçün üzərində gəzdirməsini, özünə məxsus olmasını, həmin kütləni tapmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş, birgə nigahlarından 3 övladları vardır. Onlar qayınatasıgillə birlikdə yaşayırlar, Anar da fərdi əməklə məşğul olur, avtomobil təmir etməklə ailələrinə çörək pulu qazanır. O, evdə olarkən 13 dekabr 2020-ci il tarixdə axşam saatlarında eşitmişdir ki, Anarı narkotikə görə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində saxlayıblar. Ondan iki gün sonra Anar evə gələndə ona bildirmişdir ki, narkotik vasitə tapıb üzərində saxlayarkən axşam saatlarında postda olan polislər onu tibbi maskadan düzgün istifadə etmədiyinə görə saxlayıblar. Anar da ehtiyatlanıb tapdığı narkotik vasitəni tullamaq istəyərkən onu polislər narkotik vasitə ilə birlikdə Kəpəz rayon Polis İdarəsinə aparıblar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli “Baxış və götürmə haqqında protokol”dan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus siqaret falqasına bükülü açıldıqda içərisində kəskin iyli, çəhrayı rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə götürülmüşdür. Təqsirləndirilən şəxs ondan aşkar olunan kəskin iyli maddənin heroin olduğunu və xx.xx.2020-ci il tarixdə yaşadığı ərazidə küçədən tapıb istifadə etmək üçün götürərək üzərində saxladığını və xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Səbuhi Əliyev küçəsi ilə yaşadığı evə gedən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 16/809 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddəyə oxşar kütlə” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.959 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 127 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni əldə edilmə mənbəyi müəyyən edilə bilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 0,959 qram narkotik vasitə heroinin ekspertizadan sonra qalmış qalığı, yəni 0,909 qram heroin və bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. xx xxxxxx 2021-ci il tarixli, 255 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 1100 manat cərimə cəzasına məhkum edilmiş və təyin edilmiş cəriməni tam ödəmişdir. Bundan başqa, o, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancının 20 % dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə barəsində təyin edilmiş 6 ay müddətinə islah işləri cəzasını xx.xx.2014-cü il tarixdə çəkib qurtarmışdır. Gəncə şəhəri Kəpəz rayonu, Məhsəti qəsəbəsi küçə üçlüyü tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2012, 2013 və 2016-cı il təvəllüdlü üç azyaşlı uşağı vardır. “Şübhəli şəxsi tutma haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, məhkəmə məhkumluqları ödənilmiş olsa belə, təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 0,909 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təmiz xalis çəkisi 0,909 qram olan heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-83/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-83/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver