Məhkəmə qərarları › İş №1(043)-86/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-86/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-86/2021 06.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 06 iyul 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, 2020-ci ilin oktyabr ayının sonlarında dəqiq müəyyən olunmayan tarixdə özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ordubadi küçəsi,ev 46 ünvanında yerləşən fərdi yaşayış evinə hasarından tullanaraq evin həyətinə qanunsuz daxil olub evin ikinci mərətəbəsində yerləşən otağın qapısını qırıb açmaqla qanunsuz daxil olaraq həmin otaqdan bir ədəd 280 manat dəyərində Galaxy Star markalı 2200 W-luq tozsoranı, bir ədəd 310 manat dəyərində Galaxy Star markalı “AK3601” model, 500 W-luq ətçəkən maşını, bir ədəd 295 manat dəyərində qazan dəstini, bir ədədi 95 manat dəyərində olan 2 ədəd 190 manat dəyərində tavaları, bir ədəd 150 manat dəyərində Nokia E10 markalı mobil telefonu, bir ədəd 210 manat dəyərində Samsung markalı mobil telefonu, bir ədədi 250 manat dəyərində olan 22 ədəd 5500 manat dəyərində qoz ağacından hazırlanmış nərdləri, bir ədədi 400 manat dəyərində olan 8 ədəd 3200 manat dəyərində qoz ağacından hazırlanmış ayaqlı nərdləri, bir ədəd 50 manat dəyərində qoz ağacından hazırlanmış gəmi suvenirini və bir ədədi 30 manat dəyərində olan 23 ədəd 690 manat dəyərində təsbehləri götürərək evin həyətinə yığmış, özü ilə gətirdiyi mismar çıxaran alətdən istifadə edərək darvazanın arxa hissəsindəki qıfılı sındırdıqdan sonra evin həyətinə yığmış olduğu yuxarıda qeyd olunan əşyaları atası Şahid məxsus Ford Transit markalı, **-GP-*** qeydiyyat nömrə nişanlı avtomobilə yükləyib apararaq ümumilikdə Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda 10875 manat (on min səkkiz yüz yetmiş beş) dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, Məleykə adlı şəxsi təxminən 1 ildir ki, tanıyır. Onunla müəyyən səbəblərdən aralarında narazılıqları olmuşdur. Buna görə də onun Məleykədən xoşu gəlməmişdir.Ermənilər tərəfindən Gəncə şəhərinə ballistik raketlər atılan zaman həmin atılmış raketlərdən biri Məleykənin yaşadığı evin yaxınlığına düşdüyünə görə Məleykə həmin evdə yaşamamışdır. O, 2020-ci ilin oktyabr ayının sonlarında Məleykədən oğurluq edib zərər vurmaq üçün atasına məxsus Ford Transit markalı, **-GP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Məleykənin yaşadığı evə getmiş, Məleykədən heyfini çıxmaq üçün qonşusunun yaşadığı evin arxa hissəsindən Məleykənin yaşadığı evin həyətinə düşmüşdür. O, əvvəlcədən evdə hansı əşyaların olmasını bilməmiş, həmin otağa daxil olaraq bir ədəd tozsoran, 1 ədəd ətçəkən maşın, 15 ədəd nərd, 1 dəst qazan, bir ədəd Nokia markalı telefon, bir ədəd suvenir gəmi və 11 ədəd təsbeh götürmüşdür. Həmin əşyaları atasına məxsus Ford Transit markalı **- GP-*** qeydiyyat nömrə nişanlı avtomobilə yükləyib yaşadıqları evə aparmışdır. Valideynləri yaşadıqları evdə olmadığına görə oğurluq etməsi barədə məlumatları olmamış, o, oğurlanmış əşyaları yaşadıqları evdə anbar kimi istifadə olunan yerə yığmış, 1 ədəd nərdi, 10 ədəd təsbehi və 1 dəst qazanları kolxoz bazarında tanımadığı ayrı-ayrı şəxslərə xatırlamadığı pul müqabilində satmışdır. 21.11.2020-ci il tarixdə tanımadığı şəxslə nərd satmaq üçün görüşüb söhbət etmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmiş, polis idarəsində Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etdiyini etiraf edərək yaşadığı evə yığdığı oğuruq əşyaları polisə təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri ödəmiş və onunla barışıq əldə etmşdir. Əməlindən peşman ollduğunu göstərərək barəsində yünğül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi qonşuluqda yaşadığı üçün tanımışdır və onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Gəncə şəhərində yerləşən “Galaxy” firmasında satıcı işləmiş, həmin firmada səyyar formada elektronika və məişət əşyalarının satışını həyata keçirmiş, gündəlik olaraq özünün və ailə üzvlərinin xərclərini həmin işdən əldə etdiyi gəlir hesabına ödəmişdir. 27.09.2020-ci il tarixdə ermənilərin Gəncə şəhərinə ballistik raketlər atması nəticəsində yaşadığı evə ziyan dəydiyinə görə ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə 18.10.2020-ci il tarixdə qızının yaşadığı Şəmkir rayonu Könüllü kəndinə getmişdir. Müharibə bitənə qədər orada qalmışdır.16.11.2020-ci il tarixdə yaşadığı evə qayıtmışdır. Evə daxil olarkən evin qapısının qıfılının sınmasını görmüş və ona məxsus 280 (iki yüz səksən) manat dəyərində bir ədəd İPx4 230 V 50 Hz 2200 W Galaxy Star markalı tozsoran, 310 (üç yüz on) manat dəyərində bir ədəd AK3601 Galaxy Star markalı ətçəkən maşın, 295 (iki yüz doxsan beş) manat dəyərində qazan dəsti, 1 ədədi 95 manat dəyərində olan 190 (yüz doxsan) manat dəyərində iki ədəd tava 150 (yüz əlli) manat dəyərində bir ədəd Nokia E10 markalı telefon, 210 (iki yüz onı manat dəyərində bir ədəd Samsung markalı mobil telefon, bir ədədinin qiyməti 250 (iki yüz əlli) manat olan 22 ədəd 5500 (beş min beş yüz) manat dəyərində qoz ağacından hazırlanmış nərdlərin, bir ədədinin qiyməti 400 (dörd yüz manat olan 8 ədəd 3200 (üç min iki yüz) manat dəyərində qoz ağacından hazırlanmış ayaqlı nərdlərin və 1 ədədi 30 manat dəyərində olan 23 ədəd ümumi dəyəri 690 (altı yüz doxsan) olan təsbehlərin, 1 ədəd 50 manat dəyərində qoz ağacından hazırlanmış suvenir gəminin oğurlandığını aşkar etmişdir. Sonra o, bu barədə Kəpəz rayon polis idarəsinə ərizə ilə müraciət etmiş, sonradan ona məxsus evdən oğurluq edən şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur.Oğurlanmış əmlakların bir qismi ibtidai istintaq zamanı ona qaytarılmışdır.Hazırda təqsirləndirilən şəxs ona vurmuş olduğu zərəri ödəmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını göstərərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Şahid Şahid təqsirləndirilən şəxsin oğlu olduğu üçün ifadə verməkən imtina etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Ford Transit markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobillə gündəlik olaraq yük daşımaqla məşğul olmuşdur. Oğlu Qədirin evindən oğurluq etdiyi Məleykə adlı qadını tanımamış, oğlu Qədirin Məleykə adlı qadının evindən oğurluq etməsində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan sonra məlumatı olmuşdur. Oğlu Qədirin ona məxsus Ford Transit markalı avtomobili sürüb gedərək həmin evdən oğurluq etməsini, oğurladığı əşyaları gətirib yaşadıqları evə yığmasını bilməmişdir. O, Gəncə şəhərinə raket zərbələri endirilən zaman ailə üzvləri ilə birlikdə Göygöl rayonu, Balçılı kəndinə getmiş, Qədir onlarla birlikdə getməyərək evdə tək qalmış, Ford Transit markalı avtomobili evdə saxlamış və açarları üzərində olmuşdur. Qədir də evdə tək olmasından istifadə edərək avtomobili sürüb getmiş, onun və ailə üzvlərindən heç kəsin Qədirin oğurluq etməsindən və oğurladığı əşyaları yaşadıqları evdə saxlamasından məlumatları olmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 15.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə- Əmtəəşünaslıq ekspertizasının 21 yanvar 2021-ci il tarixli 9/217 nömrəli rəyindən görünür ki, 2020-ci ilin oktyabr ayına olan orta bazar qiymətləri bir ədəd Galaxy Star markalı 2200 W-luq təzə vəziyyətdə olan tozsoran 200 manat dəyərində, bir ədəd Galaxy Star markalı “AK3601” model, 500 W-luq təzə vəziyyətdə olan ətçəkən maşın 80 manat dəyərində, bir ədəd 150 manat dəyərində Nokia E10 markalı mobil telefon 15 manat dəyərində, 1 ədəd qoz ağacından hazırlanmış nərd 120 manat ümumilikdə 12 ədəd qoz ağacından hazırlanmış nərdlər 1440 manat dəyərində, 1 ədəd qoz ağacından hazırlanmış ayaqlı nərd 300 manat ümumilikdə 2 ədəd qoz ağacından hazırlanmış ayaqlı nərdlər 600 manat dəyərində, bir ədəd qoz ağacından hazırlanmış gəmi suveniri 30 manat dəyərində və 1 ədəd təsbeh 10 manat dəyərindədir. Məhkəmə istintaqı zamanı təqdim olunmuş Zərərçəkmiş şəxs 26.05.2021-ci il tarixli , 8İ-3424 reysestr nömrə ilə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 177.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sistem olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməklə onunla barışıq əldə etməsini, əməlindən peşman olmasını onun islah olunmasına dəlalət edən hal hesab edib onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmə haqqında”iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 120 ( bir yüz iyirmi) manat pul X2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan Galaxy Star tarkalı 2200 W-luq tozsoranın, bir ədəd Galaxy Star markalı “AK3601” model, 500 W-luq ətçəkən maşının, bir ədəd Nokia E10 markalı mobil telefonun, 12 ədəd qoz ağacından hazırlanmış nərdin, iki ədəd qoz ağacından hazırlanmış ayaqlı nərdin, bir ədəd qoz ağacından hazırlanmış gəmi suvenirin və bir ədəd təsbehin sahibinə qaytarılması nəzərə alınmalı, bir ədəd mıxçıxardan və bir ədəd sındırılmış qıfıl hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 ( iki ) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmə haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd mıxçıxardan və bir ədəd sındırılmış qıfıl hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 120 ( bir yüz iyirmi) manat pul X2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar