Məhkəmə qərarları › İş №1(043)-87/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-87/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-87/2021 17.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, X3 Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edib, direktor əvəzi kimi işlədiyi Daşkəsən rayonu, Tapan kəndində rüşvətxorluğun və özbaşınalığın baş alıb getdiyini, guya məktəbin direktoru kimi onun işçilərdən pul yığıb Daşkəsən rayonu İcra Hakimiyyətinə verməyini bildirmişdir. Bununla da, X3 onu Azərbaycan Respublikası CM-in 311.2-ci və 322.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə ittiham edir. Göründüyü kimi, İsmayıl Tağıyev bilə-bilə onun şərəfini, ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirməklə yaymışdır. Barəsində yayılan məlumatlara görə o, insanlar arasında, rayonda işlədiyi kollektivdə nüfuzdan düşmüşdür. Ona görə də, İsmayıl Tağıyevin Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cəzalandırılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X3 xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilərini əsassız hesab edərək, şikayətin icraata qəbul edilməməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla cinayət məsuliyyəti yaradan böhtanı bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147-ci maddəsinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədilmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, X6 Tağıyevin kütləvi əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi çıxışlarda deyil, müxtəlif dövlət orqanlarına ünvanlanmış müraciətlərində onun rüşvətxorluq və özbaşınalıqla məşğul olmasını bildirməklə, onun şərəf və ləyaqətini ləkələtən məlumatları yaydığını qeyd etmiş və İsmayıl Tağıyevin Cinayət Məcələsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6, 302.2.3, 384-385-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar