Məhkəmə qərarları › İş №1(043)-9/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-9/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-9/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 16 may 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində yetkinlik yaşına çatmayan 2 uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Şeyxzamanov küçəsi, bina 2, mənzil 29-da qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq 1,72 qram narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq və Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 488 nömrəli binanın 1-ci girişinin dəhlizində saxlamış, 20.01,2020-ci il tarixdə günün ikinci yarsında saat dəqiq istintaqa məlum olmayan vaxtda həmin narkotik vasitə olan heroinin ümumilikdə 0.685 qramını üç ədəd ayrı-ayrı bükümlərdə 0.326 qram, 0.191 qram və 0.168 qram olmaqla Gəncə şəhər sakini Şahid1 30 manat pul müqabilində yaşadığı ünvan 2 ünvanın yaxınlığında satmış, 21,01.2020-ci il tarixdə saat 18 radələrində Göygöl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Gəncə şəhəri Azərbaycan Bağyarı küçəsində yerləşən “Gold İmperial” şadlıq sarayının qarşısında saxlanılaraq rayon polis şöbəsinə aparılıb üzərinə baxış keçirən zaman onun satış məqəsdi ilə əynində olan qara rəngli gödəkçənin sol cibində saxlayıb daşıdığı 1 ədəd sellofan bükümün içərisində çəkisi 0,321 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, 21 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Göygöl RPŞ-nin əməkdaşları tərəfindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 488 saylı binanın dəhlizində pilləkənin altındakı oyuqda gizlədib saxladığı 3 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,297 qram, 0,283 qram, 0,134 qram, ümumi təmiz çəkisi 0,714 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin ifadəsini, şahid ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını,şəxsin üzərinə baxış keçirilməsi haqqında video görüntünü, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsüf edilməlidir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, 27.12.2019-cu il tarixdə o, İran İslam Respublikasının vətəndaşı Pakir adlı şəxslə Bakı şəhərində görüşərək təxminən 15 qram narkotik vasitə olan heroin almışdır. O, həmin narkotik vasitəni özü istifadə etməsi üçün almışdır və ayrı ayrı hissələ bölərək özü istifadə edəcəyi miqdarda üzərində gəzdirmişdir. Qonşusu olan Bayram adlı şəxs də narkotik istifadəçisi olduğu üçün onlar həmişə ehtiyac olduqda bir-birlərinə təmənnasız olaraq narkotik vermişlər.Əvvəllər bir neçə dəfə ağrıları olanda Bayram ona narkotik vermişdir, həmçinin o da Bayramın ağrıları olan zaman kömək məqsədilə ona narkotik vermişdir. Birlikdə istifadə etmişlər, o, narkotik vasitəni çəkmək üsulu ilə istifadə etmiş, Bayram isə damara vurma yolu ilə istifadə etmişdir. Bu şəkildə aralarında narkotik pay vermək söhbəti olmuşdur. O, heç vaxt Bayrama narkotik vasitə olan heroini satmamış, əvəzsiz olaraq vermiş, qarşılığında bir manatda olsun pul almamışdır. 21.01.2020-ci il tarixdə Bayram ona zəng vuraraq ağrılarının olduğunu deyərək, narkotik istəmiş və ondan «İmperial» şadlıq sarayının qarşısına çıxmasını xahiş etmişdir. “Gold İmperial” şadlıq sarayının qarşısında olan zaman mülki geyimdə bir neçə şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Göygöl rayon Polis Şöbəsinə aparmışlar. Göygöl rayon Polis Şöbəsində üzərinə baxış zamanı özü istifadə etməsi üçün üzərində gəzdirdiyi 1 ədəd sellofan paketin içərisində olan narkotik vasitə olan heroini təqdim etmişdir. Üzərinə baxış zamanı polis əməkdaşları ondan üzərindən çıxan narkotikdən başqa həmin narkotik vasitədən hər hansı bir yerdə saxlayıb-saxlamamasını soruşduqda o, yaşadığı evin dəhlizində saxladığını bildirmişdir. Polis əməkdaşları yaşadığı Gəncə şəhəri Ş.İ.Xətai prospekti, 488 nömrəli binaya gəlmişlər və o, saxladığı həmin narkotik vasitəni də polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, ağrıları olanda narkotik vasitə olan heroin istifadə edir. Mahmud onun qonşusudur, onlar bir neçə dəfə birlikdə narkotik vasitə olan heroindən istifadə etmişlər, ağrıları olan zaman bir-birilərinə narkotik vasitə olan heroin pay vermişlər. Nə o, Mahmuda, nə də Mahmud ona heç vaxt pul müqabilində narkotik vasitə satmamışlar, ancaq pay olaraq əvəzsiz vermişlər. O, tutulan gün üstündə olan narkotik vasitə olan heroini Mahmudla birlikdə istifadə edən zaman, stolun üstündə qalmış. O da həmin narkotik vasitə olan heroini götürərək, cibinə qoymuşdur ki, sonra onu Mahmuda versin. 21.01.2020-ci il tarixdə bir nəfər dostu onu Göygölə qonaq çağırmış, ‘Karusel” kafenin həyətində olan zaman mülki geyimdə bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Göygöl rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində vəkilin və polis məkdaşlarının iştirakı və videoçəkiliş ilə onun üzərinə baxış keçirilərək təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik vasitə varsa təqdim etsin. O, üzərində olan həmin bir bükümdə olan narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə olan heroini özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Onun üzərindən bir büküm çıxmışdır, sonra onu 3 büküm etmişlər. Üzərinə baxış keçiriləndən sonra ona izahata imza etdirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göygöl rayon Polis Şöbəsində kriminalist təhqiqat qrupunun baş inspektoru işləyir, təqstrləndirilən şəxsi əvvəllər tanımamış, hadisə ilə əlaqədar tutularkən tanımışdır. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən çəkilişdə iştirak etmiş və çəkilişi «Panasoniq» markalı video ilə çəkmişdir. Hadisədən uzun müddət keçdiyi üçün bundan qalan hadisəni xatırlamır və Şahid1 tanımır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göygöl rayon Polis Şöbəsində sürücü işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Əvvəlcə Göygöl rayonunda Bayram adlı şəxsi tutmuşlar, Bayram təqsirləndirilən şəxsin adını verdiyi üçün gəlib onu Gəncə şəhərində marketin qabağından götürmüşlər və Göygöl rayon Polis Şöbəsinə aparmışlır. Orada üzərindən 1 büküm çıxmışdır. Bundan sonra təqsirləndirilən şəxsin yaşadığı evdə pilləkənin altından da narkotik çıxmışdır. Bayramın üzərindən narkotik aşkar olunarkən həmin narkotiki təqsirləndirilən şəxsdən əvəzli və ya əvəzsiz almasını göstərməsini xatırlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5, ifadəsində göstərmişdir ki, Göygöl rayon Polis Şöbəsində PPX-in komandiri işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində təqsirləndirilən şəxsi Gəncə şəhəri «Azpetrolun» yanındn aşkar edib Göygöl rayon Polis Şöbəsinə aparıb üzərinə baxış keçirərəkən üzərində olan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Şahid1 üzərinə baxış keçirilərkən o, iştirak etməmişdir. Cinayət işinin materiallarnda olan və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş 22 yanvar 2020-ci il tarixli, 54 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Şahid1 üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş olan 3 ədəd polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,326 qram, 0,191 qram və 0,168 qram, ümumi təmiz çəkisi 0,685 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. ( i.v.səh.37- 38). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş 22 yanvar 2020-ci il tarixli, 55 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,321 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Gəncə şəhəri Ş.İ.Xətai prospekti bina 488-in 1-ci dəhlizində Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli falqaya bükülmüş olan 3(üç) ədəd polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,297 qram, 0,283 qram və 0,134 qram, ümumi təmiz çəkisi 0,714 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir ( i.v.səh.41- 42). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş 06 may 2020-ci il tarixli, 16/300 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə” sözləri olan kağız paketdə və üzərində “Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən 488 saylı binanın 1-ci dəhlizində Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş” sözləri olan kağız paketdə olan heroinlər ilə üzərində “Şahid1 üzərindən aşkar edilmiş kütlə ” sözləri olan kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. ( i.v.səh.170- 173). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 14.03.2020-ci il tarixli, 177 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcbiri müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. ( i.v.səh. 134). Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 31.03.2015-ci il tarixli, 1(005)- 103/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 11.12.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 14.04.2000-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 242 M. “A” bəndi ilə 5 il A.M.E. 03 il şərti sınaq müddəti təyin edilmiş, Naxçıvan MR, Ali məhkəməsinin ACDİÜ kollegiyasının 26.01.2001 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 333.1, 333.2,66.2,68.1.1,39-cu maddələri ilə təqsili bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 06.05.2003-cü il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzası 1/3 qədər azaldılıb, üzərində 4 il 4 ay 3 gün A.M.E cəzası saxlanılıb. 17.07.2003-cü ildə Salyan Rayon Məhkəməsinin 25.06.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 2 il 2 ay 4 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 31.03.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 16.06.2016-cı il tarixli qərarı ilə 06 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. ( i.v. səh.94-96). Gəncə şəhər probasiya şöbəsinin 01.05.2020-ci il tarixli, 173/16 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 16.06.2016-cı il tarixli qərarı ilə təyin olunuş 06 ay 21 gün müddətində cəzanı 06.01.2017-ci il tarixdə çəkib qurtarmışdır. ( i.v. səh.165). AZE № 10466180 nömrəli və AZE № 12079927 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. ( i.v. səh.193-194). Şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2020-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. ( i.v. səh.20) Göygöl Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 4(066)-04/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 21 yanvar 2020-ci il tarixdən hesablanmışdır. (i.v.81-83) Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 21.04.2020-ci il tarixli, 4(044)- 32/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay 23 gün, yəni 21.04.2020-ci il tarixdən 13.06.2020-ci il tarixədək uzadılmışdır. ( i.v. səh.153-156). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə 13 iyun 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət işinin materiallarında olan 21 yanvar 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 üzərinə baxış keçirilərkən üzərindən aşkar olunmuş narkotik vasitəni Mahmud adlı şəxsdən 30 manat pula özünün istifadəsi üçün aldığı qeyd olunmuşdur. Halbu ki, Şahid1 üzərinə baxış keçirilərkən aparılmış videoçəkiliş zamanı video görüntünü əks etdirən DVD diskə baxış keçirilərkən müəyyn olunmuşdur ki, Şahid1 üzərinə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək üçün üzərində gəzdirdiyini göstərərək Mahmud adlı şəxsdən aldığını göstərməmişdir.Digər tərəfdən Şahid1 22 yanvar 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokolda narkotik vasitəni Mahmud adlı şəxsdən 30 manata aldığı göstərilmiş lakin Təqsirləndirilən şəxs vəsatəti üzrə üzləşmə protokolunda Şahid1 narkotik vasitəni Mahmuddan əvəzsiz olaraq pay aldığını göstərmişdir. Bundan sonra ibtidai istintaqın başa çatdığı dövrədək və məhkəmə istintaqında da Şahid1 narkotik vasitəni Mahmuddan əvəzsiz olaraq pay aldığını, habelə üzərindən aşkar olunmuş bükülünün 1 ədəd olduğunu və bükülünün üzərinə baxış keçirilən zaman üç yerə bölündüyünü göstərmişdir. Şahid1 üzərinə baxış keçirilərkən videogörüntü ilə baxış protokolunda olan ziddiyətin aydınlaşdırılması məqsədi ilə protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin baş təhqiqatçısı Emin Musayev məhkəmə iclasında həmin ziddiyətə aydınlıq gətirə bilməmişdir. Bununla yanaşı istər ibtidai istintaq zamanı istərsə də məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən heç biri ifadələrində Şahid1 narkotik vasitəni Mahmuddan pulun əvəzində almasını göstərməsini qeyd etməmişlər. İfadələrində Şahid1 narkotik vasitəni Mahmuddan aldığını göstərməsini bildirsələr də əvəzli alıb almamsını qeyd etməmişlər. İttiham tərəf Şahid1 cinayət işi üzrə məhkəmə istintaqı zamanı sonuncunun ifadəsində narkotik vasitəni 30 manat pula Mahmud adlı şəxsdən almasını göstərməsini və Göygöl Rayon Məhkəməsin 18 may 2020-ci il tarixli hökmünün sübut kimi nəzərə alınmasını təklif etmişdir. Məhkəmə ittiham tərəfin verdiyi həmin sübuta qiymət verərək hesab edir ki, qeyd olunan hökmün preyudisiallığının təqsirləndirilən şəxsə şamil edilməsi məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Belə ki tərsirləndirilən şəxs həmin cinayət prosesində iştirak etməmiş və öz müdafiə hüququndan istifadə etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Bu baxımdan qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindən görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham verilsə də onun narkotik vasitəni satması barədə cinayət işinin materiallarında hər hansı bir mötəbər sübut aşkar olunmamışdır. Digər tərəfdən təqsirləndirilən şəxsin və Şahid1 ifadələrindən görünür ki, təqsirləndirilən şəxs narkotik vasitəni ona pay vermiş, hər ikisi birlikdə dəfərlərlə narkotik vasitədən istifadə etmişlər. Bundan başqa təqsirləndirilən şəxsin narkotik vasitə olan heroini 30 manat qarşılığında Şahid1 satması barədə cinayət işi materiallarına heç bir sübut əlavə edilməmişdir. Sözügedən 30 manat pulun hansı əsıkinazlarla təqsirləndirilən şəxsə verilməsi araşdırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilsə də onun narkotik vasitələri satmas halı müəyyən edilməmişdir. Bundan başqa iş materiallarından müəyyən edilmişdir ki, narkotik vasitələrinin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq aşkar edilməmişdir. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroini satiası, satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir . Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin çəkisini və növünü, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının tətbiqini zəruri sayır. Təqsirləndirilən şəxs həbsdə olduğu 04 (dörd) ay 23 (iyirmi üç) gün nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 may 2020-ci il tarixdən hesablanmaqla, barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə 97,20 (doxsan yeddi manat 20 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılantədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.475 qram, 0.251 qram və 0.504 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Şahid1 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana baxış keçirilməsi haqqında video görüntünü özündə əks etdirən 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 yanvar 2020-ci il tarixdən 13 iyun 2020-ci il tarixədək həbsdə olduğu 04 (dörd) ay 23 gün cəzasından çıxılaraq Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 01 (bir) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin edilmiş cəzasının başlanğıcı 17 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri höm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın . İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,475 qram, 0,251 qram və 0,504 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, baxış və götürmə zamanı video görüntünü özündə əks etdirən 3 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə proflaktiki qeydiyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 97,20 (doxsan yeddi manat 20 qəpik ) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar