Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-90/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 17 noyabr 2020-ci il tarixdə gecə saatlarında Gəncə şəhər R.Qasımov küçəsi 1-ci döngə, ev 2-də yaşayan X4 məxsus olan Gəncə şəhər 3-cü mikrorayonda yerləşən «Dostluq» İdman Sağlamlıq Mərkəzinə daxil olaraq kompleksdə olan hər birinin dəyəri 150 manat olmaqla 600 manat dəyərində 4 ədəd aliminium qapı, hər birinin dəyəri 50 manat olmaqla 200 manat dəyərində 4 ədəd hamam aksesuarları, hər birinin dəyəri 25 manat olmaqla 75 manat dəyərində 3 ədəd qapı kilidini oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 875 manat ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Gəncə şəhəri ərazisində plastik tullantılar yığıb öz gəlirini bu yolla əldə edir. O, əvvəllər Sabutaya məxsus Gəncə şəhər 3-cü mikrorayonda yerləşən “Dostluq İdman Sağlamlıq” mərkəzində fəhlə kimi işləmişdir. O, orada işləyən zaman Sabutayın həmin obyektində müxtəlif dəmir, plastik əşyaların olduğunu da görmüşdür. Maddi sıxıntıları olduğundan o, Sabutaya məxsus olan sağlamlıq mərkəzindən oğurluq etmək fikrinə düşmüşdür. 27 noyabr 2020-ci il tarixdə, saat 21-22 radələrində Sabutaya məxsus idman sağlamlıq mərkəzinə həmin mərkəzin pəncərəsindən keçmək yolu ilə daxil olmuşdur. O, içəri daxil oldqudan sonra 2 ədəd alminium qapını oğurlayıb pəncərədən çölə çıxartmışdır. O, həmin qapıları idman sağlamlıq mərkəzinin arxasında bir kənara gizlətmiş, səhərisi gün həmin qapıları oradan götürüb yoldan keçən tanımadığı taksi ilə Gəncə şəhər Nizami prospektində yerləşən “Musayevin qarajı” adlanan yerə aparmışdır. Orada yerləşən dəmir alqı-satqısı sexinə tanımadığı şəxsə həmin plastik qapıları satmışdır. Həmin şəxs qapıları haradan tapdığını soruşanda o, həmin qapıları yaşadığı evdən gətirdiyini demişdir. Törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Gəncə şəhər 3-cü mikrorayonda yerləşən “Dostluq” idman sağlamlıq mərkəzi ona məxsusdur. O, uzun müddətdir ki, ölkə ərazisində olan pandemiya ilə əlqədar olaraq həmin idman sağlamlıq mərkəzini işlətmir. Lakin, hər gün həmin idman sağlamlıq mərkəzinə gedib baş çəkir. O, sonuncu dəfə 26 noyabr 2020-ci il tarixdə, saat 20 radələrində özünə məxsus Gəncə şəhər 3-cü mikrorayonda yerləşən həmin İdman sağlamlıq mərkəzinə getmiş, hər şeyin yerində olduğunu, orada heç bir problem olmadığını görmüşdür. O, 28 noyabr 2020-ci il tarixdə baş çəkmək məqsədilə həmin idman sağlamlıq mərkəzinə gedəndə mərkəzin pəncərəsinin şüşəsinin qırıq olduğunu görmüşdür. O, daxil olub içəriyə baxış keçirən zaman naməlum şəxsin 26 noyabr 2020-ci il tarixdə, saat 20:00-dan 28 noyabr 2020-ci il tarixdə, saat 11 radələrinə qədər olan müddətdə onun orada olmadığından istifadə edərək içəriyə daxil olduğunu, hər birinin dəyəri 150 manat olan 600 manat dəyərində 4 ədəd plastik qapıları, hər birinin dəyəri 50 manat olan 200 manat dəyərində 4 ədəd duş qəbul edən zaman istifadə edilən hamam aksessuarlarını, hər birinin dəyəri 25 manat olan 75 manat dəyərində 3 ədəd qapı kilidlərini oğurladığını, pəncərənin şüşəsini isə qıraraq ona maddi ziyan vurduğunu görmüşdür. Baş vermiş oğurluq hadisəsi nəticəsində 875 manat dəyərində əmlakı oğurlanmışdır. Bundan sonra o, dərhal Kəpəz RPİ-yə gedib bu barədə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, o, Etibarı tanısa da onunla heç bir münasibəti yoxdur. Onun Etibarla tanışlığı Etibarın bəzən onun işlədiyi Gəncə şəhər Kimyaçılar küçəsi ilə Nəriman Nərimanov prospekinin kəsişməsində yerləşən “Musayevin qarajı”xxxx«Rasimoğlu MMC»-yə metal qəbulu sexinə gəlib metal satması ilə bağlı olmuşdur. Etibarın oğurluq etməsi barədə onun məlumatlı olmamış, Etibarın oğurluq etdiyini bilməmişdir. O, Etibarı sadəcə olaraq müştəri kimi bir neçə dəfə həmin metal qəbulu sexində görmüşdür. Etibar bir neçə dəfə onun işlədiyi yerə gəlib metal satmışdır. Etibarın onun işlətdiyi sexə gəlib plastik qapıları satdığını da istisna etmir. Etibarın satdığı plastik qapıların oğurluq olması barədə onun məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi” haqqında 29 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş X4 məxsus əşyaların oğurlandığı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən “Dostluq” idman və sağlamlıq mərkəzinə baxış keçirilmiş, zərər çəkmiş şəxs ona məxsus idman kompleksindən əşyaların oğurlandığı yeri göstərmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Üzləşdirmə keçirilməsi haqqında” 13 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Sabutay Hüseynov ona məxsus Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən “Dostluq” idman sağlamlıq mərkəzindən 4 ədəd plastik qapılar, 4 ədəd duş qəbul edən zaman istifadə edilən hamam aksessuarları, 3 ədəd qapı kilidləri oğurladığını Təqsirləndirilən şəxs üzünə qarşı demiş, bu barədə protokol tərtib olunmuşdur. “İfadənin yerində yoxlanılması haqqında” 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zamanı o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 27 noyabr 2020-ci il tarixdə, saat 21-22 radələrində Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən X4 məxsus “Dostluq” idman sağlamlıq mərkəzinə necə daxil olduğunu göstərmiş, Mərkəzdən oğurladığı əşyaları aparıb satdığı dəmir alqı-satqısı sexini göstərmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16.02.2021-ci il tarixli, 9/820 nömrəli rəyinə əsasən, 01 ədəd eni 0,8 metr uzunluğu 2,2 metr olan aliminum qapının orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 80,0 manat, 4 ədəd 320,0 manat müəyyən olunur. 4 ədəd hamam duşu haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2021-ci il tarixli 756 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik, davranış pozğunluqları ilə XBT 10 F70.1 xəstəliyi keçirməsinə baxmayaraq hazırki cinayət əməlini törədən zamanı öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR-nın CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Gəncə şəhəri Psixonevroloji Dispanserdən alınmış 18.02.2021-ci il tarixli, 80 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs 09.04.1994-cü ildən “Debillik dərəcəsində olan ağıl zəifliyi, oliqofreniya” diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. Kəpəz Rayon Polis İdarəsindən alınmış 11 fevral 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs, 27 noyabr 2020-ci il tarixdə Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən “Dostluq” idman sağlamlıq mərkəzindən oğurladığı 2 ədəd plastik qapıları “Musayevin qarajı” adlanan yerin yaxınlığında yerləşən dəmir məmulatları alqı-satqı məntəqəsinə satmış və Təqsirləndirilən şəxs digər cinayət xarakterli hadisələr törətməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 22.02.2021-ci il tarixli arayışdan və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə şəhər Probasiya şöbəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 138/20 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 3 ay 4 gün hissəsini çəkmiş, 1 il 8 ay 27 gün hissəsi isə çəkilməmiş qalmışdır. Zərər çəkmiş şəxs X5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə oğurlanmış qapıların dəyəri barədə ekspert rəyi ilə zərərçəkmiş şəxsin ona vurulmuş ziyanın miqdarı ilə bağlı ifadəsini müqayisə edərək hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsində olan qiymət əsas götürülməlidir. Belə ki, məhkəmə qeyd edir ki, həmin əşyaların metal tullantı kimi satış qiyməti belə ekspert rəyində göstərilən qiymətdən artıqdır. Qapıların istifadəyə tam yararlı olduqları halda oğurlanması nəzərə alınmaqla məhkəmə onların hər birinin qiymətinin 150 manat olmaqla, ümumi qiymətinin 600 manat hesablanmasını əsaslı hesab edir. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə məxsus obyekydən iki ədəd aliminium qapıdan başqa digər hər hansı əşyanı oğurlamaması barədə verdiyi ifadəsinə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla, yəni zərərçəkmiş ifadəsi, üzləşmə istintaq hərəkətinin protokolu, eləcə də cinayət işi materiallarına əlavə edilmiş digər sənədlərlə tam təkzib edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi oğurluq cinayətinə görə məhkəmənin hökmü ilə ona təyin edilmiş cəzanı çəkdiyi dövrdə yenidən oğurluq cinayət əməlini törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 8 ay 14 gün hissəsi ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X6 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-117/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 8 ay 14 gün hissəsi ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-90/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-90/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver