Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-94/2021 26.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Türklər qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i̇ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunur ona görə ki, o, 24.02.2021-ci il tarixdə saat 10 radələrində istimai yer olan Gəncə şəhəri, M.Hüseynzadə küçəsində qardaşı X2 ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs aralarında olan borc məsələsi səbəbinə görə mübahisə etdiklərini görüb onlara yaxınlaşan zaman qardaşı X4 Gülməmmədov tərəfindən döyülməsini zənn etdiyindən əsəbləşərək, cəmiyyətdə insanlar arasında bərqarar olunmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə istimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşaiyət olunan qərəzli hərəkətlər etməklə, yəni heç bir səbəb olmadan ətrafda olan şəxslərə heç bir məhəl qoymadan təpik və yumruqla Zərərçəkmiş şəxs zor tətbiq edərək ona burun nahiyəsinin yer dəyişmiş sınığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli hərəkət edərək xuliqanlıq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsüf olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərlə əsaslandırır: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəx Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, o, fərdi əməklə məşğul olmaqla hadisə olan günü yəni 24.02.2021-ci il tarixdə işdə olan zaman qardaşı Elnur ona bildirmişdir ki, İlkin adlı şəxsin qaynanası Gülnarəyə verdiyi 200 manat borc pulu istədikdə İlkinin onun ailə üzvlərinə mobil telefon vasitəsi ilə söyüş söydüyünü demişdir. Elnurun İlkin ilə aralarında olan söyüş məsələsinə görə o, Elnura axşam işdən qayıdanda ətraflı söhbət edəcəklərini demişdir. 24.02.2021-ci il tarixdə saat 10 radələrində özünə məxsus VAZ-21011 markalı ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Göygöl rayonu Quşqara kəndindən Gəncə şəhərinə qayıdan zaman Gəncə şəhəri .İ.Xətai prospektində qardaşının avtomobilini görmüş və avtomobilini dayandırmış, həmin vaxt qardaşının bir nəfər şəxslə qarşı-qarşıya dayandığı, mübahisə etdiyini görmüşdür. O, həmin şəxsin İlkin olduğunu anlamış və onların dalaşdığını zənn edərək avtomobilindən düşərək qaçaraq onların yanına getmişdir, onlara tərəf qaçanda İlkin əlini belinə apardığını görüb, onun bıçaq çıxaracağını düşünüb onun üzərinə gedərək yumruq zərbələri ilə İlkinin sifət nahiyəsinə əli ilə bir neçə zərbə vurmuşdur. Bu vaxt qardaşı Elnur onun arxasına keçərək onu tutmuş, həmçinin yanında gələn iş yoldaşları onu aralamışlar. İlkin onun barəsində Kəpəz RPİ-nə şikayət etmişdir. Hazırda hərəkətindən peşiman olmaqla zərərçəkmiş şəxslə barışdığını bildirdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi hadisəyə qədər tanımamışdır. Rövşənin qardaşı Elnurla aralarında olan pul söbəti ilə bağlı Elnur ona zəng edərək onu Gəncə şərinə çağırmışdır. 24.02.2021-ci il tarixdə o, Elurun çağırışı ilə Gəncə şəhərinə gəlmişdir. Həmin gün saat 10:15 dəqiqədə o, Elnur ilə görüşmək üçün Gəncə şəhəri Ş.İ.Xətai prospektinə getmişdir. Orada olan “Təndir“in qarşısında Elnur ilə görüşmüşdür. Elnur ilə bir az borc mövzusu barədə söhbət apardıqdan sonra Elnur ilə aralarında mübahisə yaranmışdır. Elnur onu başqa bir küçəyə gətirmişdir. Elnurun maşınında olan bir nəfər müştəri aralaşaraq getmişdir. Onlar mübahisə edəndə yanlarında heç kim olmamışdır. Bu vaxt orada dayanan avtomaşından Elnurun tanışları düşərək onlar olduqları yerə gəlmişlər. Onlardan biri onun yanına çatan kimi yumruqla onun sifət nahiyəsinə vurmuşdur. O, zərbədən yerə yıxılmışdır. Bundan sonra onun burnu qanamağa başlamış və o, 3-5 saniyəlik huşunu itirmişdir. Həmin vaxt orada olan şəxslərdən biri onu yerdən qaldıraraq qonşudan dəsmal almış və onun üzünün qanını silmişdir. O, sonradan onu döyən şəxsin Elnurun qardaşı Rövşən adlı şəxsin olduğunu öyrənmişdir. Əslində isə həmin vaxta qədər Rövşəni tanımamışdır. Sonra o, özünün idarə etdiyi Ford Tranzit markalı ** NO *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Kəpəz RPİ-nə gələrək Rövşən adlı şəxsin onu döyməsi barədə ərizə ilə müraciət etmişdir. Hadisə vaxtı ətrafda Elnurun yanında 2 nəfər tanımadığı şəxslər olmuş və onlar mübahisə etməyə başalaynda həmin şəxslər çıxıb getmişlər. Onun Elnur ilə mübahisəsi təxminən 5-10 dəqiqə davam etmiş, lakin Rövşənin onu anidən döyməsi təxminən 3-5 dəqiqə ərazində olmuşdur. Onun üzərində hər hansı kəsici alət olmamışdır. Hazırda Elnurla və Rövşənlə barışmışdır və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Rövşənlə birlikdə tikinti işlərində işləyirlər. 24.02.202l-ci il tarixdə o, və Xəyal Rövşənin idarə etdiyi VAZ 2107 markalı avtomobillə səhər saatlarında iş yerinə getmişlər. Şaxtalı şava olduğu üçün işləyə bilmədiklərindən geri qayıtmışlar, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə çayxanaya gedən zaman yolda Rövşənin qardaşı Elnurun sonradan adını bildiyi İlkin adlı şəxslə mübahisə etməsini görmüşlər. Həmin vaxtı Rövşən avtomaşından düşərək onlara tərəf getmişdir. Rövşənin arxası ilə o və Xəyalda avtomaşından düşmüşlər, onların yanına getmişlər. Onlar onların yanına çatan zaman Rövşən İlkini yumruqla vurmuş və Rövşən yerə yıxılmışdır. Həmin vaxtı o və Elnur Rövşənin qolundan tutaraq Rövşəni aralayaraq həmin yerdən uzaqlaşdırmışlar. Xəyal isə İlkini yerdən qaldıraraq ona burnundan axan qanın qarşısını almaq üçün dəsmal tapıb vermiş, onu sakitləşdirmişdir. Sonradan İkin yaxınlıqda saxladığı avtomaşınının yanına gedərək avtomaşınına əyləşib getmişdir. Onlar orada olan zaman Elnurla İlkinin yanında başqa şəxslər olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Rövşənlə birlikdə tikinti işləri ilə məşğul olur və qaynaqçı işləyir. 24.02.2021-ci il traixdə o, və İlqar Rövşənin idarə etdiyi VAZ 2107 markalı avtombillə səhər saatlarında iş yerinə getmişlər. İş yerində şaxta olmasına görə tikintidə işləyə bilmədiklərindən geri qayıtmışlar, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə çayxanaya gedən zaman yolda Rövşənin qardaşı Elnurun sonradan adını bildiyi İlkin adlı şəxslə mübahisə etməsini görmüşlər. Həmin vaxtı Rövşən avtomaşından düşərək onlara tərəf getmişdir. Rövşənin arxası ilə o, və İlqar da avtomaşından düşmüşlər, onların yanına getmişlər. Onların yanına çatan zaman Rövşən yumruqla İlkinin sifət nahiyəsinə vurmuşdur. Həmin vaxt onlar Rövşənin qolundan tutaraq onu aralamışlar. O isə İlkini yerdən qaldıraraq burnunun qanını silmək üçün yaxınlıqda olan evlərin birindən dəsmal alıb ona vermişdir. Onlar orada olan zaman Elnurla İlkinin yanında başqa şəxslər olmamışdır. İş materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin “24” mart 2021-ci il tarixli, 02 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burun nahiyəsinin yer dəyişmiş sınığı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 24.02.2021- il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 05.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəyini, məhkəmə iclasının protokolunu və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Məhkəmə qeyd edir ki, istintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı qiəmətləndirməmiş, hadisəyə birtərəfli yanaşmaqla təqsirləndirilən şəxsin əməlinə düzgün qiymət verməmişdir. Ümumilikdə hadisənin təhlili göstərir ki, Zərərçəkmiş şəxs ilə X3 arasında əvvəlcədən pul məsələsinə görə mühabisə olmuş və onlar görüş təyin edərək, 24.02.2021-ci il tarixdə saat 10:15 dəqiqədə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən çörək bişirilən “Təndir“in qarşısında Elnur ilə görüşmüşlər. Elnur ilə bir az borc mövzusu barədə söhbət apardıqdan sonra aralarında mübahisə yaranmışdır. Onlar daha sonra ictimai yer olmayan başqa küçəyə keçmişlər. Zərərçəkmiş şəxsin və ibtidai istintaq zamanı ifadə vermiş X1 ifadələrindən görünür ki, həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Elnurun taksisində müştəri olsa da, onlar söhbət etməyə başlayanda həmin müştərilər maşından düşüb getmişlər. Təqsirləndirilən şəxs isə həmin vaxt oradan təsadüfən keçmiş və qardaşının dalaşdığını görüb maşından düşüb onların yanına getmişdir. Təqsirləndirilən şəxsin verdiyi ifadəsindən də görünür ki, o, onlara tərəf qaçanda İlkin əlini belinə apardığını görüb, onun bıçaq çıxaracağını düşünmüş və anidən onun qardaşını vurmasının qarşını almaq üçün onun üzərinə gedərək yumruq zərbəsi ilə İlkinin sifət nahiyəsinə zərbə ilə vurmuşdur. Əslində Təqsirləndirilən şəxs onlarn yanına gedən zaman zərəçəkmiş şəxsi vurmaq niyyəti olmamışdır. Əksinə onların mübahisə etməsinin qarşısını almaq olmuşdur.Məhkəmə istintaqında şaşid qismində dindirilmiş şəxslər də eyni məzmunlu ifadə vermişlər və hadisə zamanı onlardan başqa həmin yerdə başqa şəxslərin olmadığını göstərmişlər. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ictimai yer olan Gəncə şəhəri M.Hüseynzadə küçəsində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək döyməsi kimi şablon formadan istifadə edilməklə hadisəni düzgün qiymətləndirməmişdir. Eyni zamanda yekun protokolda tədqiq edilmiş sübutlardan hadisənin şahidlərinin yalnız təqsirləndirilən şəxsin qardaşı və iş yoldaşları olması, iş yoldaşlarının təqsirləndirilənlə birlikdə hadisə yerinə təsadüfən getməsi, bu zaman ətrafda başqa şəxslərin olmamasını göstərməsi ümumiyyətlə hadisənin istimai yerdə baş verməməsini bir daha təsdiq edir. Belə olan halda ictimai qaydanın hər hansı formada pozulmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 -ci il tarixli Qərarında qeyd edilmşdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin onun qardaşını vurmağının qarşısını almaq istəməsi nəticəsində baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi döyərək onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlər Şahid1 və Şahid2 ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam şəkildə sübuta yetirildiyindən təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Buna görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmalıdır. Bununla belə təqsirləndirilən şəxsin zərərçəkən şəxslə barışmasını, ona dəyən zərəri tamamilə ödəməsini, zərərçəkən şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş maddi və mənəvi ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı gündən sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-94/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-94/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver