Məhkəmə qərarları › İş №1(043)-97/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-97/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-97/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Kəngərli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Gəncə şəhər Natavan 2 qəsəbəsi, X.Məmmədov küçəsində bacısı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncunun onu söyüb təhqir etməsi səbəbindən əl və ayaq zərbələri ilə sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona - sol sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol gözaltı nahiyəsinin qançırı, şişkinliyi sağ sağrı nahiyəsinin qançırı, sol dirsək nahiyəsinin sıyrığı kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Şəmşəddin qızı onun bacısıdır. Bacısı Heyran ilə birgə qonşuluqda yaşayırlar. Zərərçəkmiş şəxs Əziz qızı ilə uzun müddətdir ki, danışmır. xx.xx.2021-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı ünvandan çıxaraq anası Fizzə, bacısı qızı Günay və digər sahədə işləyən şəxsləri götürərək Samux rayonu ərazisində yerləşən sahəsinə kələm yığmağa getmişlər. Təxminən saat 17 radələrində səhədən çıxaraq yaşadığı ünvana gəlmişlər. Günay onun yaşadığı qapının qarşısında kələm təmizləməkdən imtina edərək yaşadığı ünvana getmişdir. Saat təxminən 20 radələrində hasardan Heyran ona Minarənin onun qapısında işləməyinə görə onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, evdən çıxıb getmişdir. Bir müddət sonra evə qayıdan zaman məhəllədə Heyranın anası Fizzə ilə mübahisə etməsini görmüşdür. Heyran ona və ailə üzvlərinə nalayiq ifadələr işlədərək yaşadığı ünvana getmişdir. Buna baxmayaraq yenidən Heyran hasardan ona nalayiq ifadələr işlətmiş və oğluna qarğış etmişdir. O, Heyrana cavab verən zaman Heyran yaşadığı evin qarşısına gələrək qapını təpikləmişdir. O, qapıya çıxdıqda Heyran onu divara tərəf itələmişdir. Bu zaman o, əsəbləşərək Heyrana sillə, təpik zərbələri vuraraq saçından tutmuş və yerə yıxmışdır. Bu zaman onu anası Fizzə və arvadı Jalə aralamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi bu cür hadisənin baş verməsini istəmədiyini bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təxminən 3 ildir ki, qardaşı Vaqif, ailəsi və anası Fizzə onunla qonşuluqda yaşayır. Bir neçə ildir ki, qardaşı Vaqif və anası Fizzə ilə küsülüdür. Bu səbəbdən anası və qardaşı ilə danışmır. xx.xx.2021-ci il tarixdə saat təxminən 09 radələrində yaşadığı ünvandan çıxaraq “Dubay Bazarı” adlanan yerə evə ərzaq almaq üçün getmişdir. Saat təxminən 11 radələrində yaşadığı ünvana gəldikdə qızı Şahid1 evdə olmamasını görmüşdür. Qardaşı Vaqifin arvadı Jalədən qızı Günayın onlarda olub-olmamasını soruşmuş, Jalə ona qızı Günayın qardaşı Vaqiflə sahəyə kələm yığmağa getməsini bildirmişdir. O, əsəbləşmiş yaşadığı ünvanda qızı Günayı gözləmişdir. Təxminən saat 17 radələrində qızı Günay sahədən gəlmiş və paltarlarının çirkləndiyini görmüşdür. Saat təxminən 20 radələrində yaşadığı məhəlləyə çıxdıqda qardaşı Vaqifin səsini eşitmişdir. O, Vaqifə qızı Günayı sahəyə aparması barədə irad bildirmişdir. Bu səbəbdən Vaqiflə aralarında mübahisə olmuş, Vaqif ona nalayiq ifadələr işlətdiyindən küçəyə çıxıb Vaqifin yaşadığı qapı istiqamətində getmişdir. O, Vaqifin qapısının qarşısında çatan zaman Vaqif və anası Fizzə küçəyə çıxmışlar. Vaqif ilə aralarında mübahisə olmuş və o, Vaqifin sözlərinə cavab qaytaran zaman Vaqif onun saçından tutaraq onu yerə yıxmış, təpik və yumuruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxtı küçəyə Vaqifin arvadı Jalə və qızı Günay çıxmışdır. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək, təqsirləndirilən şəxsin ən ağır şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə qızıdır. Qızı Heyran onunla qonşuluqda az yaşlı qızı Şahid1 ilə birgə yaşayır. Təxminən 2 ildir, qızı Heyran ilə danışmır. Heyran mütamadi olaraq münaqişə yaratmış, bu səbəbdən oğlu Vaqif də Heyranla danışmır. xx.xx.2021-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı ünvandan çıxaraq nəvəsi Günay, oğlu Vaqif və digər sahədə işləyən şəxslərlə ilə sahəyə kələm yığmağa getmişlər. Saat təxminən 17 radələrində sahədən qayıtmışlar. Sahədən gətirdiyi kələmlərin təmizlənməsi üçün oğlu Vaqif qonşuluqda olan şəxsləri çağırmışdır. Nəvəsi Günay kələmi təmizləməkdən imtina etmiş, çünki onun yaşadığı evə gələcək qonşulardan biri ögey qardaşı Ülvünün keçmiş arvadı Minayə olmuşdur. Saat təxminən 20 radələrində qızı Heyran yaşadığı məhəlləyə gəlmiş və qızı Günayın onlarla birlikdə kələm təmizləməməsinə irad bildirmişdir. O, qızı Heyrana nəvəsi Günayın hansı səbəbdən onların yanında qalmamasını bildirmişdir. Həmin vaxt Heyran onun ünvanına nalayiq ifadələr işlədərək məhlədə olan qazanı onun baş nahiyəsinə vurmuşdur. Həmin vaxtı oğlu Vaqif və arvadı Jalə çıxmış və Heyrana mane olmuşlar. Vaqif ilə Heyranın arasında mübahisə olmuş və Heyran öz yaşadığı ünvana gedərək məhlədən Vaqifə nalayiq ifadələr işlətmiş, Vaqif Heyrana nalayiq ifadələr ilə qarşılıq verdikdə Heyran yaşadığı evdən çıxaraq onun yaşadığı evin qapısını təpikləmişdir. Vaqif əsəbləşib qapını açaraq küçəyə çıxmışdır. Heyranın nalayiq ifadələr işlətdiyinə görə Vaqif Heyranın saçından tutaraq yerə yıxmış və yumruq təpik zərbələri ilə döymüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Anası Heyran dayısı Vaqif ilə və nənəsi Fizzə ilə danışmır. Lakin o, ara-sıra dayısı Vaqifin yaşadığı evə getmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 09 radələrində anası Heyran yaşadığı evdən çıxaraq “Dubay bazarı” adlanan yerə evə ərzaq alması üçün getmişdir. Saat təxminən 10:30 dəqiqədə dayısı Vaqif onu çağıraraq sahəyə kələm yığmağa gedəcəklərini demişdir. O, dayısı Vaqif ilə sahəyə gedib evin açarlarını dayısının arvadı Jaləyə vermişdir. Sahədən saat təxminən 17 radələrində evə qayıtmışdır. O, evə gəldikdə əynində olan paltarlar çirkəlndiyindən və icazəsiz sahəyə getdiyinə görə anası Heyran onu danlamışdır. Saat təxminən 20 radələrində anası Heyran məhləyə çıxıb dayısı Vaqif ilə mübahisə etmişdir. Bir müddət sonra anası Heyranın küçəyə çıxdığını görmüşdür. Bu səbəbdən o, anası Heyranın arxası ilə küçəyə çıxmışdır. Küçəyə çıxdıqda anası Heyranın yerdə olduğunu və dayısı Vaqifin Heyranı təpik yumruqla bədəninin müxtəlif nahiyələrinə vurmasını görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin xx xxxx 2021-ci il tarixli, 307 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol gözaltı nahiyəsinin qançırı, şişkinliyi sağ, sağrı nahiyəsinin qançırı, sol dirsək nahiyəsinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "yüngül" zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxx 2021-ci il tarixli cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx xxxx 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, yəni zərər çəkmiş şəxsin onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsindən əsəbiləşərək onu vurmasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar