Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-1/2022 05.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, işləməyən, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.05.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1; 234.4.1; 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılarkən “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan edilmiş əşya sayılan 1 ədəd işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan tünd göy rəngli “Samsung-Duos” markalı, “BM310” modelli, “**********31969, **********31969” İMEİ kodlu mobil telefonu, bir ədəd elektrik qidalandırıcı naqili və bir ədəd qulaqcığı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış və 27 may 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində rentgen müayinəsindən keçirilərkən onun yoğun bağırsağında həmin qadağan edilmiş əşyalar aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, Gəncə şəhəri Nizami Rayon məhkəməsinin 18.05.2019-cu il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanada saxlanılır. 27 may 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində sonuncu məhkəmə prosesində iştirak etmək üçün Gəncə ŞBPİ-nin əməkdaşları tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə aparılmış, həmin məhkəmənin hökmü ilə CM-nin 228.1, 234.4.1, 234.4.3cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmdən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. 27.05.2021-ci il tarixdə təxminən 14:00 radələrində təcridxana əməkdaşları və hal şahidlərinin iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində Gəncə Ağır Cinayətlər Məhkəməsindən, Gəncə ŞBPİ-nin əməkdaşları tərəfindən təcridxanaya gətirilərkən rentgen müayinəsindən keçirilmiş və onun yoğun bağırsağından 01 ədəd işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan tünd göy rəngli “Samsung-Duos” markalı mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcı və 01 ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Bundan sonra təcridxana əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, mobil telefonu daxilində, yəni yoğun bağırsağında Gəncə Ağır Cinayətlər Məhkəməsinə istintaq təcridxanasından aparılarkən gizlətmişdir. Sonuncu məhkəmə prosesi olduğundan təcridxanaya qayıdanda saxlanıldığı kameranın dəyişdiriləcəyini bildiyindən və heç kəsə etibar etmədiyindən mobil telefonu özü ilə aparmaq qərarına gəlmişdir. Mobil telefonu ailə üzvləri ilə əlaqə saxlamaq üçün əldə etmiş, çünki təcridxanada telefon danışıqlarının dəqiqəsi ölkə daxili 1 manat, xarici ölkələrlə 2-3 manat təşkil etdiyindən imkanı buna əl verməmiş və bu səbəbdən mobil telefon əldə etmişdir. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının rejim nəzarət şöbəsinin rəisi Şahid9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təcridxanada həbs edilmiş şəxs kimi tanıyır. Onunla heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti yoxdur. 27 may 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində, Gəncə Ağır Cinayətlər Məhkəməsindən gətirilmiş və Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasına təhvil verilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.05.2019-cu il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs təcridxana əməkdaşları tərəfindən rentgen müayinəsindən keçirilməsi və onun yoğun bağırsağındakı 01 ədəd “Samsung-Duos” markalı mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcı, və 01 ədəd qulaqcıq aşkar edilərək götürülməsi barədə məlumatı olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2-3 gün öncə ondan 400 manat əvəzində mobil telefon almağı və hər ay 100 manat verəcəyini bildirməsi yalandır, şər böhtan xarakteri daşıyır. Təqsirləndirilən şəxs X5na riayət etməməyə meyilli şəxs kimi tanınır. O və digər əməkdaşlar təcridxanaya girərkən üzəriləri yoxlanılır və şəxsi mobil telefonları təhvil verilir, yəni mobil telefonun təcridxanaya daxil olması qeyri-mümkündür. Məhkəmədə şahid qismində dindirilmiş Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının əməliyyat bölməsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 27 may 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində, təcridxana əməkdaşlarının iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində Gəncə Ağır Cinayətlər Məhkəməsindən Gəncə ŞPBİ-nin əməkdaşları tərəfindən təcridxanaya gətirilmiş Təqsirləndirilən şəxs rentgen müayinəsindən keçirilmiş və onun yoğun bağırsağındakı 01 ədəd işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan tünd göy rəngli “Samsung-Duos” markalı mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcı və 01 ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Bundan sonra onlar tərəfindən aşkar olunaraq götürülmüş mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təcridxana əməkdaşları həbsdə saxlanılan şəxsləri təcridxanaya daxil olarkən “Cəzaçəkmə Müəssisəsində və istintaq təcridxanalarında saxlanılan şəxslər və ya məhkumlar tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi”-nə görə cinayət məsuliyyəti yaratması barədə xəbərdarlıq etmişlər, mütəmadi olaraq onlarla maarifləndirici söhbətlər aparmaqla qadağan olunmuş əşyaların siyahısı ilə tanış etmişlər. İstintaq Təcridxanasında həbs olunmuş şəxslərin təcridxandan aparılarkən və gətirilərkən tam olaraq yoxlanıldıqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları Şahid2 və Şahid3 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasının dükançısı Şahid5 ifadəsində göstərmişdir ki, o, məhkum Təqsirləndirilən şəxs təcridxanada həbs edilmiş şəxs kimi tanıyır, sonuncu ilə heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti yoxdur. 27 may 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində ona və Şahid4 hal şahidi olmaq təklif edilmiş, onlar razılaşdıqdan sonra hüquq və vəzifələri izah edilmişdir. Sonra əməliyyat bölməsinin rəisi Şahid1, əməliyyat bölməsinin böyük inspektoru Şahid2, axtarış otağının nəzarətçisi Şahid3 iştrakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində Gəncə Ağır Cinayətlər Məhkəməsindən Gəncə ŞBPİ-nin əməkdaşları tərəfindən təcridxanaya gətirlmiş Təqsirləndirilən şəxs rentgen müayinəsindən keçirilmiş və sonuncunun yoğun bağırsağından 01 ədəd “Samsung-Duos” markalı mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcı və 01 ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar olunaraq götürülmüş mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasının komendantı Şahid4 digər Şahid5 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin X4 mühafizəsi üzrə polis nəfəri Şahid6 ifadəsində bildirmişdir ki, 27 may 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində Gəncə Ağır Cinayətlər Məhkəməsindən gətirilmiş və Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs təcridxana əməkdaşları tərəfindən rentgen müayinəsindən keçirilməsi və onun yoğun bağırsağından 01 ədəd “Samsung-Duos” markalı mobil telefon aparatı, 01 ədəd elektrik qidalandırıcı və 01 ədəd qulaqcıq aşkar edilərək götürülməsi barədə sonradan məlumatları olmuşdur. Etap edilmədən öncə Təqsirləndirilən şəxs MSYnin əməkdaşları tərəfindən tam olaraq yoxlanılmış və PX-in 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. PX-in 2 saylı X1 Ağır Məhkəməsinə aparılan zaman Təqsirləndirilən şəxs hər hansı bir şəxslə görüşməmiş və ya sonuncuya sovqat verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin X4 əməkdaşları Şahid8 və Şahid7 digər Şahid6 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş: - 27.05.2021-ci il tarixli protokoldan məlum olur ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının əməkdaşları Şahid1, Şahid2, Şahid3, hal şahidləri Şahid5 və Şahid4, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatına əsasən 27 may 2021-ci il tarixdə saat 17:00 radələrində Gəncə Ağır Cinayətlər Məhkəməsindən, Gəncə ŞBPİ-nin əməkdaşları tərəfindən 2 saylı İstintaq təcridxanasına gətirilmiş, Təqsirləndirilən şəxs rentgen müayinəsindən keçirilmiş və onun yoğun bağırsağındakı bir ədəd işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan, tünd göy rəngli Samsung DUOS markalı mobil telefon aparatı, bir ədəd elektrik qidalandırıcısı və bir ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.07.2021-ci il tarixli, 5/617 nömrəli kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd Samsung Duos markalı proqram təminatında olan **********31969, **********31969 imei kodu arxa markalanma göstəricisinə görə BM310 modelli mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş Samsung Duos BM310 modelli mobil telefonun proqram təminatında olan imei kodla arxa tərəfindəki markalanma göstəricisində olan imei kod fərqlidir. Təqdim edilmiş Samsung Duos BM310 modelli mobil telefonun yaddaşında hər hansı bir məlumat müəyyən olunmamışdır.Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan Samsung Duos BM310 modelli mobil telefonun yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Təqdim edilmiş Samsung Duos BM310 modelli mobil telefonda foto və video çəkiliş xidmətləri mövcud deyildir. Təqdim edilmiş Samsung Duos BM310 modelli mobil telefonun texniki göstəriciləri whatsap proqram təminatı vasitəsilə məlumat mübadiləsinin aparılmasına imkan vermədiyindən qeyd olunan məlumatlar mobil cihazın yaddaşında müəyyən olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. - "xxxx" MMC-nin 26.08.2021-ci il tarixli məktubundan görünür ki, **********31969 İMEİ kodlu mobil telefon standartlara uyğun olmayan saxta cihaz olduğundan yoxlanılması texniki cəhətdən mümkün deyildir. - "xxxx" MMC-nin 03.09.2021-ci il tarixli məktubundan görünür ki, 27.02.2021-ci- 27.05.2021-ci il tarixlərində 504404102, 505183693, 506048329, 506457776, 507510421, 507772479, 507830962, 515706479, 517627050, 518412855, ********* saylı nömrələrdə qərarda göstərilən müddətdə SMS mətni qeydə alınmamışdır. - "xxxx" MMC-nin 08.10.2021-ci il tarixli məktubundan görünür ki, **********31969 İMEİ kodlu mobil telefon saxta telefon aparatı olduğundan Azerfon şəbəkəsində yoxlanılması texniki cəhətdən mümkün deyildir. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2020 saylı, 18.11.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-nin 228.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 15.05.2019-cu il tarixdən hesablanması qərara alınmışdır. - Gəncə Apellyasiya Məhkəməsinin 08.12.2021-ci il tarixli 1(104)-391/2021 saylı, qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətli təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 18/2021 saylı, 27 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi, Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğu üçün məhkəmə onun əməlini residiv kimi nəzərə almır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-18/2021 saylı, 27 may 2021-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş cəza hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, cəzasını həmin hökmlə müəyyən olunmuş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli həmin hökmlə təyin olunmuş qəti cəzanın başlandığı 15.05.2019-cu il tarixdən hesablanmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung-Duos" markalı, "BM310" modelli, "**********31969, **********31969" İMEİ kodlu mobil telefon aparatı və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 11 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 66 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-18/2021 saylı, 27 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 08 (səkkiz) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15.05.2019-cu il tarixdən hesablansın və onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung-Duos" markalı, "BM310" modelli, "**********31969, **********31969" İMEİ kodlu mobil telefon aparatı və bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 66 (altmış altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-1/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-1/2022
05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver