Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-10/2022 30.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Gəncə XDTG-da müdir müavini vəzfəsində işləyən, ailəli, məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 143B, mənzil 5-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyun ayında, istintaq zamanı müəyyən edilməsi mümkün olmayan tarixdə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan ünvan 1 ünvanında yerləşən İnternat tipli X7 Gimnaziyanın arxasında olan dövlət mülkiyyətinə aid 150 kvadrat metr torpaq sahəsi üzərində əvvəlcə özül beton işləri, daha sonra 1 metr hündürlüyündə mişar daşından gələcəkdə evin zirzəmisi kimi nəzərdə tutulmuş hörgü hördürməklə, üzərinə isə beton pilitələr düzdürməklə özbaşına tikinti işləri aparmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tikinti işləri apardığı torpaq sahəsinin uzun müddət əvvəl dövlət tərəfindən atası Ələkbərə verilmiş, lakin həmin torpaq sahəsinin atasına verilməsi barədə Gəncə şəhər İcra Hakimiyyətinin qərarını 1994-cü il tarixdə evin təmiri zamanı itirmişdir.Həmçinin o, ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən ev 1967-ci ildə atası Ələkbərə verilmiş və həmin ərəfələrdə də, evin qarşısında olan boş torpaq sahəsindən 3 sot torpaq sahəsi atasına böyük vətən müharibəsinin iştirakçısı olduğuna görə verilmişdir. Bundan əlavə atasına avtomobil, həmçinin həmin yerin yaxınlığında avtomobil üçün qaraj da tikilərək verilmişdir. Həmin torpaq sahəsinə və qaraja aid sənədlər atasına verilsə də, təxminən 1994-cü il tarixdə evlərini təmir edərkən həmin sənədlər itmişdir. Bundan sonra o, həmin sənədlərin yenidən əldə edilməsi üçün heç bir iş görməmişdir. 1995-ci ildən etibarən isə Gəncə şəhər X7 Gimnaziyada işləməyə başlamış və hal-hazırda həmin gimnaziyanın müdir müavinidir. Yaşadığı ev gimnaziyanın yaxınlığında yerləşir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən barəsində edilmiş müraciətdə göstərilmiş torpaq sahəsi gimnaziyanın yaxınlığında olsa da, ondan bir qədər aralıda yerləşir. Belə ki, həmin torpaq sahəsi ilə gimnaziya arasında ümumi istifadədə olan yol, həmçinin dövlət tərəfindən tikilərək atasın verilmiş qaraj vardır. Həmin torpaq sahəsi böyük bir ərazini əhatə edir ki, həmin ərazidə də ondan başqa onların binasında yaşayan digər sakinlər tərəfindən qarajlar tikilmişdir. O da, atasına verilmiş 3 sot torpağın içərisində 2019-cu ilin iyun ayında ev tikməyə başlamışdır ki, tikinti vaxtı Əmlak Məsələləri Dövlət Komitəsindən nümayəndə yanına gələrək həmin torpağın Gimnaziyanın ərazisinə aid olduğunu ona bildirmiş və tikinti apardığı üçün akt tərtib etmişlər. O isə, onlara həmin torpaq sahəsinin Gimnaziyanın ərazisinə daxil olmamasını təsdiq edən, uzun müddət əvvəl Gəncə Şəhərsalma və Memarlıq idarəsindən verilmiş sxemin surətini təqdim etmişdir. Bundan sonra araşdırma aparmağa başlamış və o da, tikinti işlərini yarımçıq saxlayaraq həmin torpaq sahəsinin atasına verilməsi barədə sənədləri müvafiq dövlət orqanlarından almağa çalışmışdır. Lakin bu günə qədər həmin sənədləri o, əldə edə bilməmiş, eyni zamanda tikinti işlərini də davam etdirməmişdir. Bildiyinə görə həmin ərazi uzun müddət əvvəl, yəni, 1967-ci ildə atası Ələkbərə verilmişdir. Həmin torpaq sahəsinin hal-hazırda dövlətə məxsus olması barədə onun heç bir məlumatı yoxdur. Həmin torpaq sahəsində o, tikintini 2019-cu ilin iyun ayında adı yadında qalmayan və Gəncə şəhər fəhlə bazarından təsadüfi olaraq çağırdığı ustaya tikdirmişdir. Lakin tikintinin dəqiq günü onun yadında deyil. Torpağın atasına məxsus olması barədə olan sənədi, yəni, həmin torpaq sahəsinin atasına verilməsi barədə Gəncə şəhər İcra Hakimiyyətinin qərarını 1994-cü il tarixdə evin təmiri zamanı itirmişdir. Tikinti işlərinin aparılması üçün isə onun icazə sənədi yoxdur. İtirdiyi sənədi isə bu günə qədər o, əldə edə bilməmişdir. Onun hazırda yaşadığı ev 2 otaqdan ibarətdir və həmin evdə 8 nəfər yaşayırlar. Buna görə məcburiyyət qarşısında qalaraq həmin yerdə özünə ev tikməyə başlamışdır. Ailəsində yaranmış müəyyən çətinliklərə görə isə vaxt edib tikintiyə icazə sənədi almamışdır.Ona gör də ifadəsində göstərdiklərini nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi Şöbəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildən etibarən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi Şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Onunla birlikdə həmin şöbədə Şahid3, Şahid2 və Şahid1 da işləyirlər. 2019-cu ilin noyabr ayında ünvan 3 ünvanında yerləşən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansında olan Tədris binasına məxsus ərazidə söküntü işləri aparılmışdır ki, noyabr ayının 15-də yuxarıda göstərdiyi iş yoldaşları həmin ərazinin monitorinqini apararmışlar. Həmin vaxt gimnaziyanın, həmçinin yaxınlıqda olan dövlət torpaqlarının sərhədlərini müəyyən edərkən gimnaziyanın arxasında, dövlət mülkiyyətində olan 150 kv metr torpaq üzərində fərdi yaşayış evinin tikintisinə başlanıldığını və artıq hörgünün təxminən 1 metrinin hörüldüyünü aşkar etmişlər. Onlar orada özünü Təqsirləndirilən şəxs kimi təqdim edən və həmin tikintini tikdirən şəxsdən tikinti ilə bağlı hər hansı bir sənəd təqdim etməsini tələb etdikdə o, həmin tikintinin sənədini daha sonra ərazi şöbəmizə gətirəcəyini bildirmiş və daha sonra işçiləri orada tikinti ilə bağlı akt tərtib edərək tikintinin şəkillərini çəkmiş və tədbir görülməsi üçün aidiyyəti ünvanlara məktublar göndərmişlər. Rəsmi məlumata görə Təqsirləndirilən şəxs tərəfindən üzərində tikinti aparılmış həmin ərazi dövlət mülkiyyətindədir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2016-cı ildən etibarən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi Şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyir. Onunla birlikdə həmin şöbədə X4 və Şahid1 da işləyirlər. 2019-cu ilin noyabr ayında ünvan 3 ünvanında yerləşən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansında olan Tədris binasına məxsus ərazidə söküntü işləri aparılırdı ki, noyabr ayının 15-də o, yuxarıda göstərdiyi iş yoldaşları həmin ərazinin manitorinqini apararmışlar. Həmin vaxt gimnaziyanın, həmçinin yaxınlıqda olan dövlət torpaqlarının sərhədlərini müəyyən edərkən gimnaziyanın arxasında, dövlət mülkiyyətində olan 150 kv metr torpaq üzərində fərdi yaşayış evinin tikintisinə başlanıldığını və artıq hörgünün təxminən 1 metrinin hörüldüyünü aşkar etmişlər. Onlar orada olan və özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsdən həmin tikintinin kim tərəfindən tikdirdiyini soruşduqda Taleh həmin tikintini özünün tikdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tikinti ilə bağlı hər hansı bir sənəd təqdim etməsini tələb etdikdə o, həmin tikintinin sənədini daha sonra ərazi şöbəsinə gətirəcəyini demişdir. Buna görə onlar orada tikinti ilə bağlı akt tərtib edərək tikintinin şəkillərini çəkmişlər və tədbir görülməsi üçün aidiyyəti ünvanlara məktublar göndərmişlər. Rəsmi məlumata görə Təqsirləndirilən şəxs tərəfindən üzərində tikinti aparılmış həmin ərazi dövlət mülkiyyətindədir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi Şöbəsinin əməkdaşları Şahid2 və Şahid1 Şahid3 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastr və Reyestri 3 saylı Gəncə Ərazi idarəsinin yerquluşu üzrə mühəndis (ekpsert) X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ekspertiza baxış zamanı, naturada təqdim etdiyi 172.0 kv.m torpaq sahəsi, Gəncə şəhəri Nizami bələdiyyəsinin ərazi xəritəsinə istinadən, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Həmin torpaq sahəsi yaşayış məqsədləri üçün nəzərədə tutulmuş torpaq sahəsidir. Baxış zamanı torpaq sahəsi üzərində yarımçıq tikili mövcüd olduğu müşahidə olundu. Həmçinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidməti tərəfindən həmin torpaq sahəsi üzərində hüquq müəyyənedici sənəd qeydə alınmamışdır. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan 15 noyabr 2019cu il tarixli aktdan görünür ki, 15 noyabr 2019-cu il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi ətrafında monitorinq keçirilmişdir. Monitorinq zamanı ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliynin balansında olan tədris binasına məxsus ərazinin (internat tipli xarici dillər təmayüllü gimnaziya) arxasında heç br hüquqmüəyyənedici sənədləri olmadan, dövlət mülkiyyətində olan təqribən 150 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisi faktı aşkar edilmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 sentyabr 2020-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha yaşadığı evin qarşısında yerləşən torpaq sahəsində tikintini özünün tikdirdiyini təsdiq etmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan 14 fevral 2020-ci il tarixli “hadisə yerinə baxış” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tikilmiş ərazi onun yaşadığı evin qarşısında, yəni, ünvan 4 ünvanının qarşısında yerləşir və 150 kvadrat metr sahəni əhatə edir. Həmin torpaq sahəsi üzərində özü beton işləri aparılmış və 1 metr hündürlüyündə mişar daşından gələcəkdə evin zirzəmisi kimi nəzərdə tutulmuş tikinti işləri aparılmış, üzərinə isə beton pilitələr düzülmüşdür. Təqsirləndirilən şəxs həmin tikintini özünün tikdirdiyini, lakin ona xəbərdarlıq edildikdən sonra tikintini dayandırdığını bildirmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan 25 iyun 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işinn materillarında olan Təqsirləndirilən şəxs təqdim etdiyi və tikinti apardığı torpaq sahəsinin həmin sənəd əsasında atasına verildiyini iddia etdiyi sənədə tərəfimdən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin sənəd surət olmaqla üzərində heç bir dövlət idarə və ya müəssisəsinin möhürü, ştampı yoxdur, sənəd üzərində müxtəlif çizgilər, sxemlər və ölçülər əks etdirilmişdir. Sənədin qeyd hissəsində isə məktəbin şimali-şərq hissəsində 569 kvadrat metr sahənin zəbt olunması, cənubi-şərq hissəsindəki torpaq sahəsinin mağaza kimi istifadə edilməsi göstərilsə də, Təqsirləndirilən şəxs tərəfindən üzərində özbaşına tikinti işləri aparılmış torpaq sahəsinin onun atasına və ya başqa hər hansı bir şəxsə verilməsi barədə ümumiyyətlə heç bir qeyd edilməmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan 27 noyabr 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 188.3, 188.4.2 və 222-2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməl kimi qiymətləndirilməmiş,həmçinin Təqsirləndirilən şəxs sifarişi ilə torpaq üzərində tikintini birbaşa olaraq həyata keçirən və şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin xüsusat üzrə cinayət işinin istintaq materiallarının ona aid hissəsində material ayrılmış, və müəyyən edilmiş qaydada qeydiyyata alınaraq Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək öz müdafiəsi üçün tikinti işləri apardığı torpaq sahəsinin uzun müddət əvvəl dövlət tərəfindən atası Ələkbərə verildiyini, lakin həmin torpaq sahəsinin atasına verilməsi barədə Gəncə şəhər İcra Hakimiyyətinin qərarını 1994-cü il tarixdə evin təmiri zamanı itirdiyini bildirsədə məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusu ilə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin xususatlar öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi xüsastla bağlı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə ekspertiza təyin edilmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarına əsasən təyin edilmiş və məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli 26 nömərli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs ekspertiza baxış zamanı, naturada təqdim etdiyi 172.0 kv.m torpaq sahəsi, Gəncə şəhəri Nizami bələdiyyəsinin ərazi xəritəsinə istinadən, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Həmin torpaq sahəsi yaşayış məqsədləri üçün nəzərədə tutulmuş torpaq sahəsidir. Baxış zamanı torpaq sahəsi üzərində yarımçıq tikili mövcüd olduğu müşahidə olundu. Həmçinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidməti tərəfindən həmin torpaq sahəsi üzərində hüquq müəyyənedici sənəd qeydə alınmamışdır. Azərbaycan Respublikası MM-in 238.1-ci maddəsinə əsasən, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq üzərində mülkiyyət hüququ dedikdə, hüquqi və ya fiziki şəxsin ona mənsub torpağa öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Torpaq hüquqi və fiziki şəxslərin, dövlətin və bələdiyyələrin mülkiyyətində ola bilər. Torpaq üzərində bütövlükdə mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası və əsasları MMdə, AR Torpaq Məcəlləsində, Torpaq bazarı haqqında 7 may 1999-cu il tarixli AR Qanununda və başqa qanunvericilik aktlarında müəyyən edilmişdir. Torpaq Bazarı haqqından AR Qanununun 5-ci maddəsi torpaqla əlaqədar aşağıdakı əqdlərin mümkünlüyünü nəzərdə tutmuşdur: torpaq sahələrinin alqı-satqısı, torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi, torpaq sahəsinin girovu (ipotekası): torpaq sahəsinin dəyişdirilməsi, torpaq sahəsinin bağışlanması, torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi, torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi, torpaq sahəsinin rentası və s. Bundan başqa, Azərbaycan Respublikası MM-in 241-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Yuxarıda sadalanan müxtəlif növ əqdlər bağlandıqdan və qanunvericiliyə müvafiq olaraq rəsmiləşdirilərək dövlət qeydiyyatına alındıqdan sonra, habelə dövlət və ya bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin istifadəsinə ayrılması haqqında müvafiq sərəncamın verilməsindən sonra torpaq üzərində mülkiyyət hüququnun yaranması və ya dəyişməsi tam qanuni olacaqdır. Cinayətin obyektiv cəhəti torpaq üzərində mülkiyyət hüququnu torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə yolu ilə pozmada ifadə olunmasıdır. Azərbaycan Respublikası CM-nin 188-ci maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq üzərində mülkiyyət hüququnun pozulması dedikdə, təkcə bütövlükdə mülkiyyət hüququnun deyil, həm də onun ayrı-ayrı elementlərinin — torpağa sahiblik, ondan istifadə və ya onun barəsində sərəncam vermə hüququnun da ayrılıqda pozulması başa düşülür. Torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Torpaq sahəsindən istifadə onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin razılığı ilə, lakin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmə və dövlət qeydiyyatına alma olmadan həyata keçirildikdə təhlil edilən maddə üzrə məsuliyyət istisna edilir, bir şərtlə ki, razılığın özü qanuni olsun (məsələn, MM-in 242.2-ci maddəsinə əsasən, istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər). Beləliklə, Təqsirləndirilən şəxs tikinti işləri apardığı torpaq sahəsinin uzun müddət əvvəl dövlət tərəfindən atası Ələkbərə verilməsi ilə bağlı dövlət torpağının atasının istifadəsinə ayrılması haqqında müvafiq sərəncamın olmadığı üçün sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsi ilə yanaşı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, X5 yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, X2 atası X6 2-ci dünya müharibəsinin iştirakçısı olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını, atası X3 İİ dünya müharibəsinin iştirakçısı olmasının nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların, eləcə də cəzaının ağırlaşdıran halların müəyyən edilmədiyini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasının həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 sentyabr 2020c il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbir seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli, onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-10/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-10/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver