Məhkəmə qərarları › İş №1(044)-101/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-101/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-101/2021 14.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Bağbanlar küçəsi,ev 28Ada qeydiyyatda olan və Gəncə şəhəri,Bağbanlar küçəsi,1-ci dalan,ev 4B-də yaşayan,barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM-in) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 19 oktyabr 2020-ci il tarixdə saat 06 radələrində ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının qarşısında, küçədə quraşdırılmış “xxxx” MMC şirkətinin şəxsi mülkiyyətində olan 00625 saylı ödəmə terminalının təhlükəsizlik kəmərini, inkasassiya qapısını, inkasassiya qapısının daxili kilidini sındırıb qanunusuz olaraq içəri daxil olaraq oradan 1 ədəd 300 (üç yüz) manat dəyərində pul kasetini içərisində olan 2211 (iki min iki yüz on bir) manat nağd pulla birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 2511 (iki min beş yüz on bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında 01 dekabr 2020-ci il tarixədək anası Sevinc Qasımova ilə birlikdə yaşamışdır. Atası Qanuni nümayəndə isə cinayət törətdiyinə görə tutulmuş və 01 dekabr 2020-ci il tarixdə azadlığa çıxdıqdan sonra o da, onlarla birlikdə yaşamağa başlamışdır. 9-cu sinifədək Gəncə şəhəri, 2 nömrəli tam orta məktəbdə oxumuşdur. Atası azadlığa çıxanadək ehtiyaclarını özü ödəməyə çalışmışdır. Son vaxtlar fəhləlik etsə də, öz ehtiyaclarını ödəyə bilməmiş və maddi baxımdan sıxıntı çəkmişdir. 18 oktyabr 2020-ci il tarixdə yenə pulu qurtardığına görə oğurluq etməyə qərar vermiş, bu məqsədlə 18 oktyabr 2020-ci il tarixdən 19 oktyabr 2020-ci il tarixə keçən gecə saat 04 radələrində yaşadığı evdən çıxaraq piyada gəzə-gəzə Yeni Gəncə qəsəbəsi istiqamətinə getmişdir. O, saat təxminən 06 radələrində Yeni Gəncə qəsəbəsində H.Məmmədquluzadə küçəsində yerləşən “Yeni Market”in qarşısından keçərkən marketin sol tərəfində küncdə “Milliön” ödəmə terminalının yerləşdiyini görmüşdür. Əvvəllər bir neçə dəfə terminalın əməkdaşlarının onun alt hissəsinin dəmir qapısını açaraq içərisində pulların yığıldığı kapron qutunu götürdüklərini, yerinə isə yenisini qoyduqlarını görmüşdür. Həmin terminalı görərkən qərar vermişdir ki, terminalın qapısını qıraraq içərisində olan pulu götürsün. Əvvəlcə ətrafa nəzər yetirmiş və ətrafın sakitçilik olduğunu, onu heç kəsin görmədiyini dəqiqləşdirdikdən sonra “Milliön” ödəmə terminalına yaxınlaşmışdır. Terminalın alt hissəsinin qapsını ancaq dəmir alətlə sındıra biləcəyi üçün ətrafı gəzməyə başlamış və bu zaman yerdə qarşısına armatur parçası çıxmışdır. Həmin armatur parçasını götürərək dərhal terminala yaxınlaşmış və armatur parçası ilə həmin terminalın dəmir qapısına zərbələr endirərək sındırmışdır. Qapını sındırdıqda qarşısına kaprondan olan qutu çıxmışdır. Pulun həmin qutunun içərisində olduğunü düşündüyü üçün dərhal həmin qutunu da, yerindən qopardaraq oradan uzaqlaşmışdır. Olduğu yerə kiminsə gələcəyindən və onu kiminsə yaxalayacağından ehtiyat edərək oradan piyada “Totanlının dairəsi” deyilən yerə, oradan da, sol tərəfə yoxuşla aşağı düşərək Gəncə çayının sol sahilinə getmişdir. Həmin yerə çatdıqda əlində olan armaturla terminalın içərisindən çıxardığı qutunu sındırmış və içərisindən 2211 (iki min iki yüz on bir) manat nağd pul çıxmışdır. O, həmin pulu cibinə qoyaraq terminaldan çıxardığı kapron qutunu və armaturu çaya atmış, həmin əşyalar axıntıya qarışaraq gözdən itmişdir. Bundan sonra oradan çıxaraq yaşadığı evə qayıtmış və bu barədə heç kəsə bir söz deməmişdir. Sonrakı günlərdə həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və sadəcə 150 manat pulu qalmış, həmin pulu da, könüllü olaraq istintaqa təqdim etmişdir. Bundan əlavə o, bildirmişdir ki, oğurluqdan əvvəl dəqiq bilməmişdir ki, terminalın içərisində nə qədər pul var. Həmin hadisə zamanı onu heç kəs görməmiş və oğurluq etməyinin qarşısını almaq üçün hər hansı bir şəxs heç bir maneçilik etməmiş, heç kəs onu dayanması üçün səsləməmişdir. O, oğurluğu heç kəsin xəbəri olmadan gizlin olaraq törətmişdir. Sözügedən oğurluğu törətmək üçün hər hansı bir şəxslə razılaşması olmamış, bu barədə hadisədən əvvəl və sonra heç kəsə bir söz deməmiş, hadisədən əvvəl və ya sonrasında kimsənin, o cümlədən ailə üzvlərinin də, oğurluq etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Həmin cinayəti törətməyə onu heç kəs təhrik etməmiş, o özü oğurluq etməyə qərar vermişdir. Oğurladığı pulun 2061 manatını özünə ərzaq məhsullarına, geyim əşyalarına, bu kimi digər şəxsi ehtiyaclarına və borclarına xərcləmişdir. Cinayətin aləti kimi istifadə etdiyi armatur və oğurladığı pul kaseti Gəncə çayının axarında gözdən itdiyi üçün onların harada olmasını bilmir. Sözügedən cinayət hadisəsindən başqa hər hansı bir cinayət hadisəsi törətməmişdir. Odur ki, onun hərbi xidmətə çağırışçı olmasını, böyük maraqla hərbi çağırış yaşının bitməsini gözləməsini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, yeni məhlələrdə yerləşən fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. 2018-ci ildən “xxxx” MMC-nin Gəncə şəhərində yerləşən Gəncə regional xidmət mərkəzinin təhlüksəzilik üzrə əməliyyatçısı vəzifəsində işləyir. Vəzifəsi gündəlik olaraq şirkətin Gəncə regional xidmət mərkəzinin iş sahələri üzrə təhlükəsizliyini təmin etməkdən ibarətdir. Şirkətin ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının önündə çöl tərəfində 00625 saylı ödəmə terminalı quraşdırılmışdır. Sonuncu dəfə şirkətin texniki Şahid1 17 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində həmin terminala baş çəkib texniki qulluq etdikdən sonra şəhər ərazisində yerləşən digər terminallara gedərək onlara texiniki xidmət göstərmişdir. 19 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində “Yeni Market” mağazasının əməkdaşı ona zəng edərək ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının önündə çöl tərəfində quraşdırılmış 00625 saylı ödəmə terminalından oğurluq olmasını bildirmişdir. Bundan sonra o, dərhal şirkətin əməliyyat departamentinin texniki Şahid1 zəng edərək hadisə barədə məlumat verib ona həmin yerə getməsini bildirmiş, sonra özü də, həmin yerə getmişdir. O, həmin yerə getdikdə terminalın təhlükəsizlik kəmərinin, inkasassiya qapısının, inkasassiya qapısının daxili kilidinin, əskinzaqəbuledicinin və cash box cihazının sındırılaraq pul kasetinin içərisində olan pulla birlikdə oğurlandığını müəyyən etmişdir. Bundan sonra onlar şirkətin baş ofisinə zəng edərək terminalda sonuncu dəfə pul kasetində nə qədər pulun olmasını soruşmuş və müəyyən edilmişdir ki, terminalda sonuncu dəfə 2211 manat nağd pul olmuşdur. Həmin məbləği öyrəndikdən sonra şirkətin əməliyyat departamentinin texniki Şahid1 Gəncə şəhər Nizami RPİ-yə ərizə ilə müraciət etmiş və polis əməkdaşları hadisə yerində müvafiq sənədləşməni aparmışlar. Polis əməkdaşları müvafiq sənədləşməni aparıdıqdan sonra isə terminal bərpa edilməsi üçün oradan götürülmüşdür. Bundan sonra şirkət tərəfindən ziyan aktı tərtib edilmiş və müəyyən edilmişdir ki, sözügedən oğurluq nəticəsində dəmir alətdən istifadə edilərək ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının önündə çöl tərəfində quraşdırılmış 00625 saylı ödəmə terminalını aparatının 80 manat dəyərində təhlükəsizlik kəməri, inkasassiya qapısı, 30 manat dəyərində inkasassiya qapısının daxili kilidi, 700 manat dəyərində əskinazqəbuledici, 120 manat dəyərində cash box cihazı zədələnmiş və sındırılmış, aparatın üzərində quraşdırılmış təhlükəsizlik kəməri, inkasassiya qapısı sındırıldıqdan sonra terminalın içərisində quraşdırılmış 300 manat dəyərində pul kaseti daxilində olan 2211 manat nağd pulla birlikdə oğurlanmışdır. Ödəmə terminalı aparatının təmiri və bərpası üçün 200 manat vəsait istifadə edilmişdir. Həmin hadisə nəticəsində “xxxx” MMC-yə məxsus içərisində 2211 manat nağd pul olan 300 manat dəyərində pul kaseti oğurlanmış, 930 manat dəyərində əmlak isə zədələnmişdir. Ödəmə terminalı aparatının təmiri və bərpası üçün 200 manat vəsait istifadə edilmişdir. Yəni həmin hadisə nəticəsində ümumilikdə şirkətə 3641 manat dəyərində maddi ziyan dəymişdir. Qeyd edilən əmlakdan əlavə “xxxx” MMC-yə məxsus heç bir əşya oğurlanmamış, məhv olmamış və ya zədələnməmişdir. Odur ki, mülki iddianın təmin edilərək, təqsirləndirilən şəxsə müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2014-cü ildən “xxxx” MC-nin Gəncə RXM-nin əməliyyat departamentinin texniki vəzifəsində işləyir, vəzifəsi gündəlik olaraq ödəmə terminallarına nəzarət edərək baş verən texniki roblemləri yerində həll etməkdən ibarətdir. Şirkətin ünvan 3 ünvanında yerləşən “Yeni Market” mağazasının önündə çöl tərəfində 00625 saylı ödəmə terminalı yerləşir. O sonuncu dəfə 17 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində həmin terminala baş çəkib texniki qulluq etdikdən sonra şəhər ərazisində yerləşən digər terminallara gedərək onlara texiniki xidmət göstərmişdi. 19 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində şirkətin Gəncə regional xidmət mərkəzinin təhlükəsizlik üzrə əməliyyatçısı vəzifəsində işləyən Bəhman müəllim ona zəng edərək ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının önündə çöl tərəfində quraşdırılmış 00625 şaylı ödəmə terminalından oğurluq olmasını bildirdi. Bundan sonra o dərhal həmin yerə getdikdə terminalın təhlükəsizlik kəmərinin, inkasassiya qapısının, inkasassiya qapısının daxili kilidinin, əskinaz qəbuledicinin və cash box cihazının sındırılaraq pul kasetinin içərisində olan pulla birlikdə oğurlandığını müəyyən etdi. Bundan sonra o şirkətin baş ofisinə zəng edərək terminalda sonuncu dəfə pul kasetində nə qədər pulun olmasını soruşdu və müəyyən edildi ki, terminalda sonuncu dəfə 2211 manat nağd pul olmuşdur. Həmin məbləği öyrəndikdən sonra Gəncə şəhər Nizami RPİ-yə ərizə ilə müraciət etmiş və bundan sonra polis əməkdaşları hadisə yerində müvafiq sənədləşməni apardılar. Polis əməkdaşları müvafiq sənədləşməni apardıqdan sonra isə terminal bərpa edilməsi üçün oradan götürüldü. Bundan sonra şirkət tərəfindən ziyan aktı tərtib edildi və müəyyən edildi ki, sözügedən oğurluq nəticəsində ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının önündə çöl tərəfində quraşdırılmış 00625 saylı ödəmə terminalının içərisində olan pulu oğurlamaq üçün dəmir alətdən istifadə edilərək aparatın 80 manat dəyərində təhlükəsizlik kəmərini, inkasassiya qapısını, 30 manat dəyərində inkasassiya qapısının daxili kilidi, 700 manat dəyərində əskinaz qəbuledicini, 120 manat dəyərində cash box cihazı zədələnmiş və $ındırılmış, aparatın üzərində quraşdırılmış təhlükəsizlik kəmərini, inkasassiya qapısı sındırdıqdan sonra onun içərisində quraşdırılmış 300 manat dəyərində pul kaseti daxilində olan 2211 manat nağd pulla birlikdə oğurlanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsilə birlikdə yaşayır. 2018-ci ilin yanvar ayından 2020-ci ilin noybar ayınadək ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasında mühafizəçi işləmişdir. Qeyd etdiyi müddət ərzində axşam saat 22 radələrində işə gedib səhər saat 08 radələrində isə geri qayıtmışdır. Səhhətilə əlaqədar olaraq gecə boyunca hər 2-3 saatdan bir gedib mağazaya baş çəkib daha sonra isə geri qayıtmışdır. 2020-ci ilin sentyabr ayının 27-dən etibarən isə ölkə ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar olaraq, daha sonra isə erməni silahlı birləşmələrinin Gəncə şəhərinə raket atması ilə əlaqədar olaraq o, məcburi olaraq həmin mağazaya gecə saat 01 radələrindək baş çəkib evə qayıtmış, səhər saat 07 radələrində isə mağazaya qayıdıb yenə nəzarəti davam etdirmişdir. 19 oktyabr 2020-ci il tarixdə o, yenə adəti üzrə saat 01 radələrinədək mağazanın ətrafında fırlanıb təhlükəli hər hansı bir məqam olmadığını müəyyən etdikdən sonra yenidən yaşadığı evə getmişdir. Həmin gün səhər saat 07 radələrində yenidən mağazaya gəldikdə mağazanın ön sağ tərəfində, çöldə quraşdırılmış “Milliön” ödəmə terminalının ön dəmir hissəsinin qırıldığını, içərisinin isə boş olduğunu görüb anlamışdır ki, naməlum şəxs gecə həmin terminalın dəmir qapısını sındıraraq içərisindəki pulu oğurlayıb. Bundan sonra əvvəlcə mağazanın ətrafını dövr edərək qapılarını və pəncələrini yoxlamış, mağazadan hər hansı bir əşyanın oğurlanmadığını müəyyən etdikdən sonra dərhal marketin rəhbərliyinə məlumat vermiş, marketin rəhbərliyi isə öz növbələrində həmin “Milliön” ödəmə terminalının məsul şəxsinə məlumat vermişdir. Bir qədər sonra “Milliön” ödəmə terminalının əməkdaşı polis əməkdaşları ilə birlikdə hadisə yerinə gəlmiş, hadisə yerini müayinə edilərək müvafiq sənədləşmə aparılmış, həmin sənədləşmədən sonra “Milliön” ödəmə terminalının əməkdaşları sındırılmış həmin terminalı götürərək aparmışlar. 19 oktyabr 2020-ci il tarixdə saat 07 radələrində ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasına qayıdarkən sındırılmış terminalın ətrafında şübhəli heç kəsi görməmiş, həmin yerə çatarkən artıq həmin terminalın içərisindəki pul oğurlanmışdır. Sözügedən hadisə zamanı mağazanın heç bir əmlakı oğurlanmamış, məhv olmamış və ya zədələnməmişdir. Həmin oğurluğun kim tərəfindən edilməsini görmədiyi üçün həmin şəxsin qarşısını almaq üçün hər hansı bir tədbir görə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “xxxx” MMC-nin dəymiş ziyan barədə aktından görünür ki, 19 oktyabr 2020-ci il tarixdə gecə vaxtı naməlum şəxs ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının qarşısında küçədə quraşdırılmış 00625 saylı ödəmə terminalının içərisində olan nağd pulu oğurlamaq üçün dəmir alətdən istifadə edərək aparatın 80 manat dəyərində təhlükəsizlik kəmərini, inkasassiya qapısın, 30 manat dəyərində inkasassiya qapısının daxili kilidini, 700 manat dəyərində əskinazqəbuledicini, 120 manat dəyərində cash box cihazını zədələnmiş və sındırılmış, aparatın üzərində quraşdırılmış təhlükəsizlik kəmərini, inkasassiya qapısını sındırdıqdan sonra terminalın içərisində quraşdırılmış 300 manat dəyərində pul kaseti daxilində olan 2211 manat nağd pulla birlikdə oğurlanmışdır. Ödəmə terminalı aparatının təmiri və bərpası üçün 200 manat vəsait istifadə ediləcəkdir.Cinayət əməli nəticəsində “xxxx” MMC şirkətinə 3641 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat qeyd olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının qarşısında,həmin mağazanın ön sol tərəfində “Milliön” ödəmə terminaləndan ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək oğurluq etdiyi yeri göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının önündə çöl tərəfində quraşdırılmış 00625 saylı ödəmə terminalında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 04 dekabr 2020-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun təqdim etdiyi 5 ədəd 20 manatlıq,2 ədəd 10 manatlıq,4 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq əskinazlardan ibarət olan ümumilikdə 150 manat dəyərində nağd pul götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 19 yanvar 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 180-ci maddəsinin tərkib əlamətləri olmadığından əməl həmin maddəyə tövsif edilməmişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 186-cı maddəsi ilə ittiham elan edilməmiş,həmin əməli Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi kimi qiymətləndirilmiş və həmin xüsusat üzrə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün bu barədə material Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs aldatma,vədlər vermə,hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb edilməsi ilə bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığına görə həmin xüsusat üzrə Azərbyacan Respublikasının CM-nin 170-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş və bu barədə material ayrılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş 23.01.2021-ci il tarixli qəbzdən görünür ki, 150 manat dəyərində nağd pul saxlanması üçün zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 19 oktyabr 2020-ci il tarixdə saat 06 radələrində ünvan 1 ünvanında yerləşən “Yeni Market” mağazasının qarşısında, küçədə quraşdırılmış “xxxx” MMC şirkətinin şəxsi mülkiyyətində olan 00625 saylı ödəmə terminalının təhlükəsizlik kəmərini, inkasassiya qapısını, inkasassiya qapısının daxili kilidini sındırıb qanunusuz olaraq içəri daxil olaraq oradan 1 ədəd 300 (üç yüz) manat dəyərində pul kasetini içərisində olan 2211 (iki min iki yüz on bir) manat nağd pulla birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 2511 (iki min beş yüz on bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. CM-in 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21.12.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamışdır. CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə isə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə görə isə azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Qeyd edilən Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə görə isə cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən,150 manatının ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Bağbanlar küçəsi,1-ci dalan,ev 4B ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs artıq yetkinlik yaşına çatdığından barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, 150 manat məbləğində pulun zərərçəkmiş şəxsə saxlanmaq üçün verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış oğurluq hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə mülki iddianı cinayət işinin materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı 3641 manat məbləğində dəymiş ziyanın cavabdehdən tutulmasını xahiş edir. Cinahyət işi üzrə isə müəyyən edilmişdir ki, 2511 manat məbləğində zərərçəkmiş şəxsə maddi ziyan dəymiş, həmin ziyandan 150 manat məbləğində pul isə saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. Mülki iddiaya əlavə edilmiş ziyan aktında isə terminalın detallarının bazar qiymətinə dair rəy əlavə edilməmiş, çəkiləcək xərclər isə sadəcə ehtimallara əsaslanmışdır. Odur ki, qeyd edilən aktı məhkəmə sübut növü kimi qəbul etmir. Odur ki, məhkəmə hesab edir ki, 150 manat pulun zərərçəkmiş şəxsdə saxlanılması nəzərə alınmaqla mülki iddia qismən təmin edilməli, 2361 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq “xxxx” MMC-yə ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı məsrəf olunmuşdur. Eyni zamanda həmin vəkil istintaqda da hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş və 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Gəncə şəhəri, Bağbanlar küçəsi,1-ci dalan,ev 4B-də yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri o yetkinlik yaşına çatdığından ləğv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması, 150 manat məbləğində pul əskinaslarının zərərçəkmiş şəxsə saxlanca verilməsi nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin. 2361 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar