Məhkəmə qərarları › İş №1(044)-101/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-101/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-101/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X3, zərərçəkmiş şəxs Həsənova (Quliyeva) Zülfiyyə Surxay qızının, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 16 may 2019-cu il tarixdən başlayaraq, 05 mart 2006-cı il təvəllüdlü Günay, 30 iyul 2010-cu il təvəllüdlü Qüdrət və 21 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Həsənova (Quliyeva) Zülfiyyə Surxay qızına verilməsi barədə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 iyun 2019-cu il tarixli, 2(044)-2108/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən müddətdə icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, ona görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 3(044)-652/19 saylı qərarı ilə 10 (on) gün müddətinə, 23 dekabr 2020-ci il tarixli, 3(044)-926/2020 saylı qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilmiş, məsuliyyəti elan olunmuşdur. 25 yanvar 2021-ci il, 22 fevral 2021-ci il, 12 aprel 2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirmiş şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilmiş, yəni 13 iyul 2021-ci il tarixinə kimi cəmi 8870,00 manat məbləğində borcunu ödəməmiş, zərərçəkmiş şəxs Həsənova (Quliyeva) Zülfiyyə Surxay qızına maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü ona CM-in 306.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda işləmir. Zərərçəkmiş şəxs ilə qohumdur. Onlar 2005-ci ilin iyul ayının 8-də toy edərək evlənmiş və təxmini olaraq 7-8 ay sonra rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 05 mart 2006-cı il təvəllüdlü Günay, 30 iyul 2010-cu il təvəllüdlü Qüdrət və 21 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Zülfiyyə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə Zülfiyyə əsassız söz-söhbətlər yaratdığı üçün münasibətləri korlanmışdır. Bu səbəbdən ayrılmışlar və uşaqları Zülfiyyənin himayəsində qalmışdır. Övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün Zülfiyyə aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən ondan,16 may 2019-cu il tarixdən başlayaraq, yuxarıda adları qeyd olunan uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, borcunu uzun müddət keçməsinə baxmayaraq tam ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Bundan əlavə icra məmuru tərəfindən ona qətnamənin icra olunması barədə dəfələrlə xəbərdarlıq edilmiş, məsuliyyəti izah edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərarı ilə 10 gün müddətinə, 23 dekabr 2020-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə, eyni zamanda iş tapmaq üçün məşğulluq mərkəzində qeydiyyatda durmağı barədə ona təklif edilməyinə baxmayaraq, məhkəmə qətnaməsini imkanı kifayət qədər olmadığından tam icra etməmişdir. Əvvəllər videokamera vasitəsi ilə toy çəkilişləri edib pul qazanmış,sonradan isə həmin işi dayandırmışdır. Hazırda “fəhlə” kimi işləyərək, gündəlik çörək pulu qazanır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı ifadə vermiş zərərçəkmiş şəxs Həsənova (Quliyeva) Zülfiyyə Surxay qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 2005-ci ilin iyul ayının 8-də toy edərək evlənmiş və təxmini olaraq 7-8 ay sonra rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 05 mart 2006-cı il təvəllüdlü Günay, 30 iyul 2010-cu il təvəllüdlü Qüdrət və 21 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Zaur ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə Zaur əsassız söz-söhbətlər yaratdığı, içkiyə qurşandığı, ailəsi ilə maraqlanmadığı, maddi və mənəvi köməklik etmədiyi üçün münasibətləri korlanmışdır. Bu səbəbdən ayrılmışlar və uşaqları onun himayəsində qalmışdır. Övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs,16 may 2019-cu il tarixdən başlayaraq, yuxarıda adları qeyd olunan uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alsada Zaur 13 iyul 2021-ci il tarixə kimi yığılıb qalmış 8870,00 manat aliment borcunu ödəməmiş, övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs evli olduqları vaxtlarda kamera çəkilişi ilə məşğul olmuş, parniklərdə işləmiş, müxtəlif işlərdə fəhləlik ilə məşğul olmuşdur. Hazırda fəhləlik ilə məşğul olaraq kifayət qədər pul qazanır. Lakin alimenti ödəmək istəmir. Təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçi olmaqla ona həbslə bağlı cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X2 onun doğma qızıdır. Təqsirləndirilən şəxs xalası oğlu eyni zamanda keçmiş kürəkənidir. Qızı ilə Zaur 2005-ci ilin iyulun ayının 8-də toy edərək evlənmişlər. Birgə nikahdan 05 mart 2006-cı il təvəllüdlü Günay, 30 iyul 2010-cu il təvəllüdlü Qüdrət və 21 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Zaur ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Zaur əsassız söz-söhbətlər yaratdığı, içkiyə qurşandığı, ailəsi ilə maraqlanmadığı, maddi və mənəvi köməklik etmədiyi üçün münasibətləri korlanmışdır. Bu səbəbdən ayrılmışlar və uşaqları qızının himayəsində qalmışdır. Qızı övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs,16 may 2019-cu il tarixdən başlayaraq, yuxarıda adları qeyd olunan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin alınıb qızı Zülfiyyəyə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alsada yığılıb qalmış 8870,00 manat aliment borcunu ödəməmiş, övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda kamera çəkilişi ilə məşğul olmuş, parniklərdə işləmiş, müxtəlif işlərdə fəhləlik ilə məşğul olmuşdur. Hazırda Zaur fəhləlik ilə məşğul olaraq kifayət qədər pul qazanır. Lakin alimenti ödəmək istəmir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 iyun 2019-cu il tarixli, 2(044)-2108/2019 saylı qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 16 may 2019-cu il tarixdən başlayaraq, 05 mart 2006-cı il təvəllüdlü Günay, 30 iyul 2010-cu il təvəllüdlü Qüdrət və 21 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Həsənova (Quliyeva) Zülfiyyə Surxay qızına verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsində 05 iyul 2019-cu il tarixdə tərəfindən başlanılmış icraat zamanı tələbin könüllü icrasını təmin etmək məqsədi ilə borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmiş, lakin könüllü müddət ərzində tələb yerinə yetirilməmişdir. Həmçinin borcluya tələbin icrası barədə dəfələrlə xəbərdarlıq məktubları göndərilmişdir. Lakin, icra sənədi borclu tərəfindən yenidən yerinə yetirilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 3(044)-652/19 saylı qərarı ilə 10 (on) gün müddətinə, 23 dekabr 2020-ci il tarixli, 3(044)-926/2020 saylı qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla, yeni müddət vermiş, 25 yanvar 2021-ci il, 22 fevral 2021-ci il, 12 aprel 2021-ci il tarixlərdə xəbərdarlıq etmişdir. Lakin o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Tərəflərindən borclunun əmlakına baxış keçirilmiş, adına əmlakın və gəlirlərinin müəyyən edilməsi üçün sorğular verilmiş, lakin məcburi icra tədbirləri də heç bir nəticə verməmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi qalıq 8870,00 manat borcunu ödəməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Həmçinin borcluya iş tapması üçün Məşğulluq Mərkəzində qeydiyyatda durması təklif edilməyinə baxmayaraq, işaxtaran kimi qeydiyyata durmamışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 8(044)-564/2019 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tələbkar Həsənova (Quliyeva) Zülfiyyə Surxay qızı şöbəyə 23 iyun 2021-ci il tarixdə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını üçün təqdimat verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs hal-hazırda fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur, kifayət qədər pul qazanır. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Onun əməlində qərəzlilik elementləri vardır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün təqdimatla İcra Baş İdarəsinə müraciət edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid3, digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə 20.11.2021-ci il tarixdə CM-in 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilib istintaq aparılımışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs,16 may 2019-cu il tarixdən başlayaraq, yuxarıda adları qeyd olunan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin alınıb qızım Zülfiyyəyə verilməsi qət edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 29.06.2019-cu il tarixli, 2(044)- 2108/2019 nömrəli icra vərəqəsindən görünür ki, 05 mart 2006-cı il tarixdə doğulmuş X4, 30 iyul 2010-cu il tarixdə doğulmuş X5 və 21.11.2014-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 28 iyun 2019-cu il tarixdən başlayaraq, Təqsirləndirilən şəxs Həsənova (Quliyeva) Zülfiyyə Surxay qızının xeyrinə hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması barədə icra vərəqəsi icra edilməsi üçün 28.06.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. 05.07.2019-cu il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 iyun 2019cu il tarixli, 2(044)-2108/2019 nömrəli icra sənədinə əsasən icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10.10.2019-cu il tarixli, 3(044)-652/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 23.12.2020-ci il tarixli, 3(044)-926/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs borcunu vaxtında ödəməsi və əks halda barəsində CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 20.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 07.01.2019-cu il tarixli Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının SİƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və onun cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 24.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.01.2022-ci il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuş və Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 26.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 08.01.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs 24.01.2022-ci il saat 15:00-dan, 26.01.2021-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli şəxs qismində saxlanılmışdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 24.01.2021-ci il tarixdən, 26.01.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.01.2021-ci il tarixdən, 26.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş cəzanın əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar