Məhkəmə qərarları › İş №1(044)-102/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-102/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-102/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X1 və X2, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 və X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 və X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 ilə aralarında olan mülki mübahisə ilə bağlı evə dair iddia ərizəsi birinci instansiya məhkəməsi sonra isə Gəncə Apellyasiya Məhkəməsinin qətnamələri ilə onların Tünzalə Əsgərovaya olan borcu tamamilə ödənilmişdir. Lakin buna baxmayaraq Tünzalə Əsgərova uzun məhkəmə araşdırmalarından və dövlətin adından çıxarılmış məhkəmə qətnamələrinin tam icra edilməsindən sonra yenə onların yaşadıqları evə gələrək səbəbsiz olaraq bəhanə gətirməklə qapılarını döyərək, onları qonşularının yanında təhqir etməklə rüsvay etmişdir. Bu hal artıq bir neçə dəfə təkrarlanmış və artıq onlar qonşuların yanında rüsvay olmaqdan təngə gəlmiş, bu barədə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişlər. Müraciətlərindən sonra Gəncə şəhər Nizami rayon Polis İdarəsində fakt üzrə araşdırma aparılmış və bütün sübut əhəmiyyət kəsb edən materiallar həmin Gəncə şəhər Nizami rayon Polis İdarəsinə təhvil verilmişdir. Sübutun əldə edilməsi üçün təmin edilməsini xahiş etmişlər, həmin materialda şahid ifadələri və onların zərərçəkən kimi ifadələri vardır. Həmin materialı əldə edib şikayətləinə əlavə etmək istəsələr də, bu materialın yalnız məhkəmə tərəfindən edilən sorğu əsasında məhkəməyə veriləcəyi onlara bildirilmişdir. Digər sübutları, şikayətə əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin AKT-larından görünür ki, X1 tələbkar, hazırki, təqsirləndirilən şəxsə olan borcu tam ödəmişdir. Digər sübut, şikayətə əlavə etdikləri Gəncə şəhər Nizami rayon Polis İdarəsinin cinayət işinin rədd edilməsi barədə qərardadından görünür ki, şikayət üzrə təqsirləndirilən şəxs tərəfindən əvəllərdə eyni xarakterli hərəkətlər təkrarlanmış və həmin qərarda bəhanə edilən 1100 manat pul şikayətə əlavə edilmiş Gəncə şəhər üzrə Aktlardan da görünür ki, ümumilikdə Tünzalə Əsgərovaya olan borc tamamilə ödənilmiş və icra işi üzrə icraata xitam verilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər şikayət ərizələrinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs ona qarşı olan ittihamın tam əsassız olduğunu, heç kəsi təhqir etmədiyini bildirmiş və xüsusi ittihamın icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsləri və təqsirləndirilən şəxsi dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməlin törədilməsi, bu əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Belə ki, ərizədə ümumi olaraq X3 şikayətçilərin ünvanına təhqir, nalayiq söyüşlər dediyi göstərilsə də, ərizədə təhqir, nalayiq söyüşün konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini qeyd etməmişdirlər. Digər tərəfdən xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, sonuncunun hansı əməlinə görə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından və şikayəti vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar