Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-103/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində ünvan 1 mənzil 53 ünvanında arvadı münasibətində olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əl zərbəsi ilə sonuncunun sifətinə və ayaq zərbəsi ilə bədəninə vuraraq ona – burun sümüyünün açıq sınığı, hər iki gözün alt qapaqlarının və sol bud nahiyəsinin qançırları kimi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” dərəcəli xəsarətlər xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, O, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuş, birgə nikahdan onların 2 uşağı doğulmuşdur. Onlar rəsmi nikahda olsalar da, 2018-ci ildən faktiki olaraq ayrı yaşayırlar. O, tez-tez uşaqlarını görmək üçün Nurlananın kirayə qaldığı evə gedərək uşaqlarını götürmüş və uşaqları ilə bir neçə gün vaxt keçirdikdən sonra geri qaytarmışdır. xx.xx.2021-ci il tarixdə o, qızı Fidana zəng edərək onları götürəcəyini anasına deməsini tapşırmış və gəlib qızı Fidanla oğlu Fərhadı götürərək şəhərdə gəzməyə aparmışdır. O, uşaqların onunla qalmaqlarını istədikdə, oğlu Fərhad razılaşmış, lakin qızı Fidan anasının yanına qayıtmaq istəmiş, buna görə də o, Fidanı Nurlananın yaşadığı evə aparmış, Fərhadla özü isə evinə getmişdir. xx.xx.2021-ci il tarixdə, saat 13 rdələrində o, oğlu Fərhadla Gəncə şəhərinə gəlmiş, qızı Fidanla telefonla danışıb sonuncunu da evdən götürərək yemək yeməyə aparmışdır. Sonra uşaqları Nurlananın yaşadığı evə gətirərək dəhlizdən yola salaraq sağollaşmışdır. Saat 15 radələrində o, yolda olarkən oğlu Fərhad ona zəng edərək anası Nurlananın onu incitdiyini, vurduğunu və pis rəftar etdiyini deyərək geri qayıtmaq istədiyini bildirmiş, danışıq zamanı Nurlananın Fərhadın üstünə qışqırdığını eşitmişdir. O, dərhal geri qayıdaraq Nurlananın yaşadığı evə gəlmiş, qapını döysə də, Nurlana qapını açmaq istəməmiş, bir müddət sonra qapını evdə olan tanımadığı qonşu qadın açmışdır. O, Nurlananın üstünə gedərək oğlu Fərhadla pis rəftar etdiyi üçün əsəbləşərək sol əli ilə sonuncunun sifətindən yumruq vurmuş, onun yumruğu Nurlananın burnundan dəymiş və sonuncu arxaya gedərək çarpayının üstündə otrmuşdur. Bundan sonra o, oğlu Fərhadı götürərək yaşadığı Şəmkir rayonu, Seyfəli kəndinə getmişdir. Hal-hazırda o, Zərərçəkmiş şəxs üzr istəyərək barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, onlar rəsmi olaraq ayrılmasalar da, faktiki olaraq ayrı yaşayırlar. Təqsirləndirilən şəxs uşaqları görmək üçün tez-tez onun kirayədə yaşadığı ünvan 1 mənzil 53 ünvanına gələrək uşaqları özü ilə yaşadığı Şəmkir rayonuna aparmışdır. xx.xx.2021-ci il tarixdə Əli onun evinə gələrək uşaqları Fidanla Fərhadı götürüb gəzməyə aparmış, bir müddət sonra geri qayıtdıq da, Fidanı evə qoymuş, Fərhadı isə özü ilə 3-4 günlük Şəmkir rayonunda evinə aparacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Əli oğlu Fərhadla birlikdə evə gələrək Fidanı da özləri ilə birlikdə yemək yeməyə aparmış, təxminən 30-40 dəqiqə sonra, saat 15 radələrində uşaqların ikisini də geri qaytarmışdır. Bundan sonra o, Fərhada bir neçə gün dərslərini buraxdığına və paltarlarını Şəmkirdə unudub gəldiyinə görə irad bildirmiş, Fərha ona sərt cavab qaytararaq atası Əliyə zəng edib onun incitdiyini və danladığını deyib ağlamışdır. Bir neçə dəqiqə sonra Əli onun mənzilinin qapısını sərt döyməyə başlamış, həmin vaxt onun evində olan qonşusu Fəridə qapını açdıqda, Əli onun üstünə gəlib söyüş söyərək yumruqla onun sifətindən bir dəfə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış, bu zaman Əli təpiklə onun ayaqlarına, qarın boşluğuna və sol qoluna zərbə vuraraq döymüşdür. Bundan sonra Əli oğlu Fərhadla birlikdə mənzili tərk edərək getmiş, qızı Fidan isə ağlayaraq atası ilə getməkdən imtina etmişdir. Əli getdikdən sonra o, qohumu Zenfiraya zəng edib məlumat vermiş, sonuncu onun evinə gələrək onu xəstəxanaya aparmışdır. Hal-hazırda o, uşaqlarının xatirinə təqsirləndirilən şəxsi bağışlayaraq barışmışdır, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, 82 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burun sümüyünün açıq sınığı, hər iki gözün alt qapaqlarının və sol bud nahiyəsinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qarşılıqlı surətdə barışmış, uşaqlarının xatirinə bağışlamışdır. Bu səbəbdən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ilə barışmışdır. Zərər çəkmiş şəxsdən üzr istəmiş, sonuncu onu bağışlamışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-103/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-103/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver